Aydın Məmmədovsuz qırx gün
Aydın
Məmmədovun ölüm
xəbərindən gün-gün,
həftə-həftə ayrıldıqca,
dünya get-gedə öz axarına düşdükcə ötən
günlərə qayıdıram,
yaxın, doğma adamları, onu tanıyanlar və sevənləri ürəyimdəki
ağrıyla dindirməyə,
dəfələrlə danışdığım
xatirələri ağ vərəqlərə
köçürməyə başlayıram.
Aydın müəllimin son aylarında
keçirdiyi və çəkdiyi ağrıları
danışdığı adamlardan biri də mən olmuşam. Onun dilindən eşitdiyim
səmimi və böyük həqiqətlər
hələ də məndən ötrü dipdiridi. Bu uzaqgörən,
siyasətdə və
iqtisadiyyatda, ölkənin
və respublikanın vəziyyətiylə bağlı
verdiyi proqnozların dəfələrlə düz
çıxdığını görüb heyrətləndiyim
adamın birdən çaşıb bu siyahıya öz ölüm duyğusunu da qatması indi-indi mənə çatdıqca bir vaxt zarafata salıb
üstündən keçdiyim,
indi yadıma düşdükcə içərimi
göynədən sözləri
dipdiri məxluq kimi görürəm.
Tərcümə Mərkəzi yaranandan
dəfələrlə mənə
iş təklif etmişdi və həmişə də bu təklifin mənim üçün nə qədər dəyərli olduğunu anlasam da, etiraz
edirdim. Axırıncı dəfə ötən
ilin avqustunda yenə bu söhbətə
qayıdanda, etiraza heç bir yer qalmamışdı.
Təskinliyim odu ki, birgə işlədiyim bir neçə ay müddətində bizim onu tez-tez incitdiyimiz,
durduğu, dayandığı
yerdən, məşğul
olduğu işlərdən
çox-çox aşağı
şeylərlə başını
qatdığımız, vaxtını
aldığımız günlərdə,
həmişə, hər
dəqiqə Aydın
Məmmədovun böyüklüyünü
hiss etmişəm. Onunla işləmək
adamdan böyük daxili mədəniyyət,
qanacaq və ağıl tələb edirdi. Tərcümə
Mərkəzində heç
vaxt Aydın müəllimin sədrliyi
hiss olunmazdı, xırda
idarə işlərinə
o qədər də fikir verməzdi. Amma mən bir
neçə ay müddətində
müxtəlif təşkilatlarla
əlaqələrdə həmişə
onun adının Mərkəzə necə dayaq olduğunu hiss etmişəm. İşçilərinin orta yaşı
otuzdan da aşağı olan Mərkəzə Aydın
müəllim istedadlı
cavanları seçib
yığmışdı. Etimad göstərirdi, müstəqilliyə,
sərbəst düşünməyə
və işləməyə
yönəldirdi.
Otağının qapısı heç
vaxt bağlı olmazdı. Mərkəzin ən səsli-küylü
yeri də buraydı.
– Aydın müəllim, sən Allah, bu qapını ört.
– Darıxıram, tək qalanda darıxıram. Neynəyim ki, xasiyyətimi dəyişə bilmirəm.
Buradakıların çoxu
mənim dostumdu, yoldaşımdı... Mən onları
heç nəyə dəyişmərəm.
Təxminən dörd ay çəkən
seçki kampaniyasında
Aydın müəllimnən
birgə olmuşam. Seçkilər zamanı onun keçirdiyi sarsıntılarının,
çəkdiyi ağrılarının
şahidiyəm. Camaatın
seçkiqabağı görüşlərə
və seçkilərə
az gəlməyindən,
üzə vurmasa da, hiss edirdim ki, narahatdı. Əgər hamının tanıdığı, sevdiyi
Aydın Məmmədova
bu cür “etimad” göstərilirdisə,
o biri “namizədlərin”
vəziyyətini təsəvvür
edirəm. Görünür, sessiyadakı çıxışlarında,
“necə seçildiyimizi
axşamlar özümüzə
hesabat verək” deməyi də o seçkilərdə Aydın
müəllimin keçirdiyi
əzab və ağrılardan gəlirdi.
O əzabın yolu mənə tanış
idi. Seçkiqabağı görüşlərdə arabir ona qarşı
deyilən haqsız sözlərə dözməyəndə
bayaqdan təmkinlə
dinlədiyi adamlara öz həqiqətlərini
elə səmimiyyətlə
və ağrıyla deyirdi ki, hətta
o haqsızlığı deyən
kəs də tab gətirmirdi. Neçə belə hadisənin sonu həmin adamların üzrxahlığıyla
nəticələnmişdi.
Təskinlik tapdığım bir də odu ki,
seçkiqabağı günlərdə,
populyar siyasətçinin
onun rəqibinə səs verməyə çağıran məktubuna
əsəbiləşdiyi vaxtlarda
da onu tək
qoymamışam.
Deputat seçiləndən sonra Qarabağa getdik. Ağdamda, Ağcabədidə olduq. Bərk yorulmuşdu. Cabirlə çalışırdıq, əlimizdən
gələni edirdik ki, onu bu
haldan qurtaraq. Amma bizim bütün
cəhdlərimiz onun canına hopmuş uzun
illərin yorğunluğunu
çıxara bilmirdi.
Əslində, özü də
dinclik həsrətindəydi.
Amma görünür, dinclik onun üçün nəsə əlçatmaz
bir şey idi.
Təbiətin gözəlliklərinə aludə
deyildi, heyrətlənmirdi. Amma deyirdi
ki, təbiətin ən çox sevdiyim vaxtı otların təzə-təzə
göyərdiyi, ağacların
tumurcuqladığı çağlardı.
Elə istəyirəm, yazqabağı
gedəm, kürəyimi
söykəyəm tumurcuqlamış
ağaca və dincələm. Mənim yorğunluğum
ancaq o cür çıxar – deyirdi.
Neçə dəfə bu
barədə söhbətimiz
olmuşdu və çalışırdım onun
arzusunu ürəyində
qoymayam. Otların təzəcə
göyərdiyi, ağacların
təzəcə tumurcuqladığı
vaxtı, yəni aprelin axırlarını
gözləyirdim.
Rayonlara səfəri çox sevirdi. Dəfələrlə kefi yaxşı
olanda günün hər hansı bir vaxtında “çıxaq gedək” deyirdi. Gedirdik rayona, amma orda da dura
bilmirdi. “Mənimki yoldu” – deyirdi. “Ən
gözəli yolda olmaqdı, yol getməkdi”. İndi dəfələrlə
dilindən eşitdiyim
bu sözləri yolda faciəli ölümündən sonra
yadıma salanda tüküm ürpəşir.
Şuşada vertolyot qəzasından sonra bazar günü,
aprelin 7-si görüşdük,
oturub dərdləşdik. İşdən, Mərkəzdən hal-əhval
tutdu. Vertolyot qəzasına işarə
edib:
– Heç pis oldular, sən Allah? – soruşdu.
Cəmi
iki həftə sonra, o dəhşətli xəbərdən Tərcümə
Mərkəzində bir-birinə
dəyən işçilərin,
hönkür-hönkür ağlayan
qızların, kişilərin
sifətlərinə baxa-baxa,
gözümün yaşını
boğa bilməyib üzümü divara çevirəndə o söz
yadıma düşdü.
– Çox pis oldular, Aydın müəllim! – dedim.
O zamansa “Allaha şükür, salamatçılıqdı”
təskinliyilə bir-birimizi
ovutmağımızdan, onu
sevən adamlardan danışıb, “vallah, səni çox istəyirlər” demişdim.
Onu, doğrudan
da, çox istəyirdilər. Küçədə,
bazarda, rayonda, şəhərdə onun başına yığışan
camaatın “axırımız
necə olacaq!” suallarına bu “Allahı sevən”, yaxşı adam təmkinlə, müdrikliklə
cavab verirdi.
Mənim sözüm hələ qabaqdadır, – deyirdi. O nə
sözüydü görən?
Dəfələrlə ağrıyla danışdığı,
mənim tablaya bilmədiyim acı həqiqətlərdənmi, yoxsa,
insani münasibətlərdən,
səmimiyyətin yoxa
çıxmasındanmı? Jurnalist dostlarımıza dəfələrlə deyirdi:
“məndən həmişə
tənqidçi kimi, ədəbiyyatşünas kimi,
siyasi xadim kimi müsahibə götürmüsünüz. Bir insan
kimi, ata kimi ailədən, evdən-eşikdən danışmaq
istəyirəm”. Bunu Aqilə
də demişdi.
Mehmana da, lap sonda Mətiyə
də. Və hər dəfə
də o yazılmamış
müsahibədən danışırdı.
Hər dəfə də onun söhbətləri həmin müsahibəni sonraya saxlayırdı.
Görünür, bir insan kimi son müsahibəsini vermək qisməti deyilmiş.
Dünyada hər şeydən çox üç balasını sevirdi. “Öz balalarına rəva bilmədiyini başqalarına rəva bilmə” söyləyirdi.
Həmin o yeddi apreldə çox şeylərdən
danışdıq. Bayılda, gecəqondu
evdə yaşayırdı.
Tikdirmək, genişləndirmək istəyirdi. Deyirdim, Aydın müəllim, sənin bu hökumətdən
ev almağa
haqqın yoxdumu?
– Rəşad, mən deyə bilmərəm ki, mənə ev verin.
Desəm,
danışa bilmərəm.
Bir də ki, ölərəm,
yəqin yasıma gələcəklər, evimi
görəcəklər, onda
görərlər necə
yaşamışam, yadlarına
düşər. Barı balalarımçün
fikirləşərlər.
Bunu da aprelin 7-sində demişdi. Təxminən elə beləcə demişdi. 15-20 gün sonra, onun faciəli ölümündən bir neçə gün keçmiş gəlib şəhərin müxtəlif yerlərində Aydın müəllimin ailəsinə ev təklif eləyirdilər. Və mənim yadıma onun sözləri düşürdü.
Həmin yeddi aprel günü demək olar ki, bir yerdə olduq. Dəniz qırağına gəldik. Çox adamlarla görüşdü. Ağsaqqal Abdulla İbrahimov onu qucaqlayıb kövrək səslə: “Çox şükür, salamatsan” dedi.
Hamı “çox şükür, salamatsan” deyirdi və hamı da deyirdi, gözəlləşmisən (O doğrudan da gözəlləşmişdi). Və Aydın müəllim də neçə dəfə həmin o vertolyot qəzasının necə baş verdiyini hər soruşana danışırdı.
Deyirdi, vertolyotdan atılandan sonra bunu (cibindəki balaca, yaşıl cildli Quranı göstərirdi) cibimdən çıxardım və hamı bir-bir gəlib öpdü. Bizi Allah saxladı və nə yaşayırıqsa, qənimətdi – deyirdi.
Aprelin 18-i Bakıdan çıxanda həmin kostyumu, paltonu geyinməmişdi. Və mən indiyəcən də bilmirəm ayın 20-də o yaşıl cildli Quran Aydın müəllimin cibində olub, yoxsa yox.
Sonrakı günlərdə hiss edirdim ki, hələ o vertolyot qəzasının təsirindən tam ayrılmayıb.
Aydın müəllimin son saatlarının, son dəqiqələrinin şahidi olan dostum Arif Hacıyev bu günlərdə gəlmişdi. Və Aydın müəllimin sonuncu gecə gördüyü yuxusundan, sonuncu saatlarında elədiyi söhbətlərdən danışırdı. Həmin sözlərdən də ölümqabağı hisslərin ovqatı duyulurdu. Arif deyirdi ki, həmin gün danışmağa həvəsi yoxuydu.
Aprelin 20-də, dəfn günü qədim Kiş kəndinin başının üstündə gəzən tənha bulud da ağlayırmış. Onu torpağa qoyanda kəndin başının üstünü alan və dəfnə toplaşanların hamısını heyrətləndirən göyqurşağının çıxmağı da bəlkə Tanrı salamıydı.
Bu gün Aydınsızlığın qırxıncı günüdü. Şəkidə, qədim Kiş kəndində, artıq boy atan yaşıl otların, yarpaqlayan ağacların arasında, Aydının məzarı başındayıq. Və mən soruşmaq istəyirəm:
– Yorğunluğun çıxdımı, AYDIN müəllim?
1991
Rəşad MƏCİD
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.19.