Rabiyə
Sudanın əl içi boyda qəsəbəsində
doğulmusan Rabiyə
dərdin dünya
boyda...
yaşın 14 olar bəlkə də
hər gecə yuxuna
çörək, süd,
yumurta girir
bir də isti çörəyin qoxusu...
hər gecə yatağa ac girən birisi
başqa nə görə bilər yuxusunda
qara gözlərindən
süzülən yaşlarla
üzünün kiri getmir
min-min dərdin var Rabiyə
qoşulub sel olan göz yaşlarına
minindən biri getmir.
atan acından öldü
anan dərddən havalandı
qardaşını iş istəyir deyə güllələdilər
eviniz yandı
sən sağ qaldın dünyanın üzünə
tüpürməkçün...
qonşumuz Xeyransadan
soruşdum səni
həmən qızı
görsən tanıyarsanmı-dedim
nişanələrini saydım
əlləri, dizləri
yaralı
səsi qəhərə
məğlub
dodaqlarına gülüşü
yasaqlamış dərd-qəm...
Mən
o şəhərə getmirəm-dedi-
Dubaya gedirəm.
Təzad
xoşbəxtliklə bədbəxtliyin
görüşüb qovuşduğu
yer idi
Mehmangilin
küçə qapısının
ağzı
anası Kifayət
xala
əlləri qoynunda
arzularına dirsəklənib
daun sindromlu xəstə oğluna baxardı
taxta parçasından
düzəltdiyi avtomatla
qonşu uşaqlarını
sıraya düzərdi
Mehman
taxta avtomatıyla güllələyərdi onları
ölərdi uşaqlar
guya
yıxılardılar yerə
sevinərdi Mehman
elə sevinərdi ki
atılardı
düşərdi
oynayardı
anasının içində
kədər dirilərdi
bu zaman...
cəmi beş addım o yanda dayanıb
oğlunun sevincinə
baxıb-baxıb
ağlayardı
Kifayət xala...
xoşbəxtliklə bədbəxtliyin
görüşüb
qovuşduğu
yer idi
Mehmangilin
küçə qapısının
ağzı
05. 01. 14
Nə sən, nə vətən...
nə sən keçirsən ağlımdan
nə də vətən bu aralar...
qonşuda körpə
ağlayır
nə dil qanır, nə də ağız-
Allah bilir, nə dərdi var
iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
“Allah səni xoşbəxt
eləsin!”
bulvarda
bircə hava alanda
əlimin cibimə
ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı
hesablayıram
kredit borclarımızı
ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən
qaralır...
yolpulu qalxır deyirlər
birdilim çörək
az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan
yollar
yenə cibimizi sağır
yenə qanımızı
içir
addımlarım
daş kimi düşür
asfaltın başına
evə dönürəm
ağır-ağır
nə sən keçirsən ağlımdan
nə də vətən...
Hərdən xətrimə dəy...
Əllərimi sevirsən
incəliyi xoşuna
gəlir
bu dəqiqə baxışların
oğrun-oğrun üstünü
örtmür deyə
elə soyuqdur əllərim
bir bilsən...
gözlərimi sevirsən
isti sözlərinin
içərisində
ürəyimi əridən
bir də
“ceyran gözlüm”
deməyindi
ceyranın gözlərindəki
kədəri görməni
istərdim
kədərli olanda da bənzəyərmi
gözlərimə
saçıma
zakiranə
təriflər deyirsən
bəlkə qısaldam
ahım yerdə qalsın qoy...
hərdən xətrimə
dəy
küsməyi öyrənim
ara ver təriflərə
özümdən
bezməyi öyrənim
bunun yaşlaşmağı
qocalmağı var
təriflərin təsəlliyə
dönməsin
sonra...
Qadınsızcasına
Bəzən belə də olur
qapını çırpıb
gedirsən
arxanca boylanan
ümidin gözlərinin
kökü saralır
qayıdıb gəlmirsən
saçları tumara
qulağı xoş sözə həsrət qalan ümidin
adı
qadın olur
yalnız yataqda xatırlayırsan
o ümidi
ümidsizcəsinə
qadınsızcasına yəni...
Nankor
yağmadı
bitmədi
ayrıldıq...
sən
sevgisi dizinin üstdə olan
nankor birisi
mənsə sənin
tapdayıb əzdiyin
çiçəklərdən
şirə çəkən
bal arısı...
Sahildə
gəl bir az da özümüz
olaq
dənizə dərdimizi
danışmayaq
məsələn
axmaq olmayaq bir günlük
qağayılara
çörək atmayaq
sol tərəfdəki dilənçi
qıza bax
burnunu
koftasının qoluna silir
gözlərini sahilə...
Məni
bağışla
bilirəm qorxursan
məni itirməkdən
əllərimi unutmaqdan
çörəyinə zəhər
qatmaqdan
qorxursan
ayaq barmaqlarımın
ucunda
yerimişəm
qabarlı əllərinlə
ürəyinə doğru
əllərini incitdimsə
ağrıtdımsa
ürəyinə bağışla
günahlarımı
göz yaşınla yoğurduğun
çörəyinə bağışla...
indi qəzəbdən
yumruğa dönən
əllərimin
bir zaman daraq olub
tellərini oxşamağı
da vardı
unutma...
Təkliyin qonağı
qaçıb bu buz şəhərdən
atıb soyuq küçəni...
yazırsan yenə
təklik
qonaq çağırıb
səni
görən olmayıb
yenə –
hansı yolla getmisən
hansı ürəkdən
keçib
hansı gözdən
itmisən
orda yola verirsən
zamanı – ayı,
ili
yenə də tənha qalıb
gözlərinin sahili
yediyin öz içindi
içdiyin də gözyaşın
yazırsan ki göyərir
öz içində bu siqaret –
təkliyin süfrəsi
bol...
təklik udacaq səni
deyəmmirəm: yaxşı
yol!
oralar elə uzaq-
yazanda yaz bunu da
kaş nəvaxtsa təkliyin
özü səni
unuda...
Qara kağız
yenə qapıda
bir üzündə
işıqpulu yazılmış
kağız
kasıblığa təslimiyyət
bayrağı
kimi yellənir...
o biri üzünə gözlərimi siləcəm
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
mən zəif deyiləm
qaranlıqdan yox
qaranlığı aydınlatmaq
üçün
gələn ağ kağızlardan qorxuram
qaranlıq rəngində
zülmət rəngində
ölən ümid
rəngindəki
ağ kağızlardan...
Uşaqlar
uşaqlara baxıb
halını öyrənirik
dünyanın
dünyanı uşaqlarla tanıdır bizə
böyüklər...
məsələn
bilirik ki bir tərəfdə səfalət var
acından arıqlayıb çöpə dönür
yara-xora içində
ishaldan can verir uşaqlar
digər tərəfdə
qətlə yetirilir
göyərib şişmiş
üzlərində
xalqın azadlıq
sevgisinin donu açılır
qanlarından inqilab qoxusu gəlir...
dünya yupyumrudu
top kimi
alma kimi
şar kimi
fırlanır
karusel kimi...
bizim balaca Tunar
qlobusla futbol
oynamaq istəmişdi bir dəfə...
Xuraman Hüseynzadə
525-ci
qəzet.- 2014.- 11 yanvar.- S.29.