“Tanrı yazan şeirəm...”-
Yüz Gözəl Sevgi
Şeiri
PƏRVİNin təqdimatında
Əsl,
həqiqi sevgi “mən” duyğusunu üstələyir! Əlbəttə, sevgiyəbənzər hansısa
başqa, aldadıcı
hissdən söhbət
getmir. Ruhuna, fikirlərinə, qəlbinə
hakim kəsilmiş böyük
eşq... Təmənna
güdməyən, maddiyyat
ummayan, fayda gözləməyən məhəbbət...
O məhəbbət ki
düşüncələrinlə bərabər, zamanını
da alır! Rejimini tənzimləyir! Əgər doğrudan da sevirsənsə, “mən istəyirəm”, “mən edəcəyəm”,
“mən beləyəm”,
“mən... mən... mən” nəinki dilinə, heç ağlına da gəlmir. Axı daha tək deyilsən!
Yarına qovuşub qarışmısan.
Birləşməmisən, məhz qarışmısan...
Artıq
hansı cəhətin
kimə aidliyini, onun ya sənin
daha çox sevməyini, fərqlərinizi
və eyniliklərinizi
ayırd eləmək
çətinləşib. Ona görə də ən adi qərarından tutmuş, həlledici məsələlərə kimi
hər şeydə təkcə özünü
düşünmürsən... Heç düşünə
də bilməzsən,
çünki özün
yoxsan daha... İkiniz varsız! Yəqin sevənlər həm də buna görə
qəribə görünürlər
adamlara. Çünki ilk baxışdan məntiqsiz,
hətta əndrəbadi
təsir bağışlayan
əməllərin səbəbini
anlaya bilmirlər.
Qoy anlamasınlar! Amma sən ki
bilirsən, yediyin yeməklərdən tutmuş,
oxuduğun kitablara, baxdığın filmlərə,
dinlədiyin musiqilərə
kimi hər şeyin kimlə bağlı olduğunu, bütün zövqlərini
kimlə və nə üçün bölüşdüyünü dəqiq başa düşürsən! Və
o gün də, “mən”inlə vidalaşdığın
an da yaxşı
yadındadı. O vaxtdan
heç bir rahatlığı təkcə
yaşamaq istəmədin,
sevinci də onsuz dadmadın... Təklikdə olanda adicə, dinlədiyin gözəl musiqiyə, aldığın zövqə
görə də günahkar bildin özünü... Az qala qulaqlarını
yummaq da keçdi könlündən...
tez ona da
çatdırmaq, bəxş
etmək istədin bu paydan! Məhz
bəxş etmək! Almaq yox, əldə
eləmək, qazanmaq yox!
Məncə, “bəxş etmək”
duyğusu sevginin məhək daşıdı...
Onunla məhəbbətin dərəcəsini,
səviyyəsini, həqiqiliyini
ölçmək olar.
Əgər sevindirməkdən,
bəxş etməkdən
zövq almırsansa, hər an bu haqda düşünmürsənsə,
deməli sevmirsən.
Aldatma özünü!
Yəqin sevgiylə dostluğun fərqli cəhətlərindən biri
də budu... Dostunla hər şeyi, kədərini də sevincini də, uğurlarını
da, məğlubiyyətlərini
də bölüşürsən.
Və bunu çox normal, sakit qəbul edirsən. Sevdiyinə
isə yalnız xoş hisslər, zövq, nəvaziş,
səadət bağışlamaq
istəyirsən. Ən
ağır yükləri
də təkcə daşımağa, cüzi
rahatsızlıqları da
özün həll eləməyə çalışırsan!
Fədakar görünmək,
yaxşı adam
təsiri bağışlamaq
üçün yox, sadəcə sevdiyin üçün, sevgilini qorumaq üçün, onun əzablarına dözmədiyin üçün!
Azərbaycan poeziyasında daha
çox sevgi şairi kimi tanınan, əsərləri
ilə xatirə dəftərlərindən tutmuş
sosial şəbəkələrə,
müxtəlif eşq
forumlarına qədər
hamısını “zəbt edən” Nüsrət Kəsəmənli “İkimizin
yerinə” şeirində
insan hisslərinin məhz bu tərəfini
qələmə alıb.
Zənnimcə şeirin
elə ən böyük uğuru məhz “ikimizin yerinə” ifadəsidi. Bu da Nüsrət
Kəsəmənli lirikasına,
üslubuna xas cəhətdi. Bir qeyri-adi, poetik ifadə, söz ətrafında gəzişmələr,
oyunlar və s. Amma bu şeirdə
insanı təsirləndirən
əsas cəhət sadəcə söz oyunu, yerinə düşən lirik təsvirlər deyil... İnsanın sevdiyindən ötrü
eşqin əzabını,
ağrısını, dərdini,
cəzasını öz
boynuna götürməsidi.
Və pərişan, nigaran aşiqin zərifdən-zərif münasibəti...
Elə təkcə, “Gül deyirəm, gül qəlbinə dəyirəm...”
– misrasından şairin hisslərinin incəliyi, qəlbinin nazikliyi duyulur. Bu mənada
belə həssas, diqqətli aşiqin “İkimizin yerinə” deməsi, dərdləri, ağrıları təkcə
çəkməyə hazır
olması təbii görünür. Eyni ovqat
– fədakarlıq, bağlılıq,
kövrək duyğular
şeirin sonuna kimi davam edir
və müxtəlif poetik priyomlarla ifadə olunur.
... Son bəndi oxuyanda düşünürsən belə sevən adamın hətta ölümə də hazır olması, “Mən ölərəm ikimizin yerinə” deməsi təbiidi... Və burda aşiqin “mən” duyğusu insanı riqqətləndirir... Ölümü, əzabı, ağrını, nisgili – MƏNinin üzərinə götürür ona görə...
Nüsrət Kəsəmənli: “Mən
sevərəm ikimizin yerinə...”
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...
Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...
PƏRVİN
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.21.