O
İnsan yaranandan ta bu
günə kimi həmişə Onu görmək istəyib. Görmək,
görüşmək, salam vermək, əllə toxunmaq, kəlmə kəsmək,
sevgisini, çətinə
düşəndə, darda
qalanda istədiklərini,
dilədiklərini üzbəüz
demək istəyib.
İnsan hər yerdə Onu axtarıb, izlərinə rast gəlib, hənirini duyub, dualarla salamlayıb, sevinib, arxalanıb.
İnsan güzgüdə özünə
baxıb, üzündə
Allah kəlməsi oxuyub,
sevinib, vəcdə gəlib, güvənib. Sonra bu kəlməni hansısa kəpənəyin
qanadında, balığın
belində, böyük
təbii fəlakətlərdə,
göyüzündə – buludlarda
oxuyub, şəklini çəkib...
Bütün elm sahələrində, hər yerdə Onun nəfəsi, hökmü, dəsti-xətti var.
Bizləri riqqətə gətirəcək,
təkzib olunmaz möcüzələrindən biri:
Hər ilin müəyyən fəslində,
məlum vaxtlarda dağ təkələri cütləşirlər. İyirmi-otuz
ildən bir onların bala verəcəkləri fəsil
çox soyuq keçəcəksə, o soyuqlara
uyğun bir zaman kəsiyində öz “nigahlarını” gecikdirirlər!...
Van Qoq günəbaxanlarda Günəşi görüb,
Yaradanı görüb,
Van Qoqun günəbaxanları
elə Onun şəklidir, Onun gözümüzə görünən bir zərrəsidir. “Van Qoq effekti”nin mənası
Odur.
İndidən yaşı bilinməyən
uzaqlıqdakı babam
“Sarı gəlin”lə
nəğmə dilində,
şer dilində, sevda dilində, dua dilində danışanda öz böyük kəşfiylə Van Qoqdan çox-çox
əvvəl “Van Qoq effekti”ni pıçıldamışdı”.
Həyatın, günəşin, sarı
rəngin ilahi təlqini “Van Qoq effekti”nin söz- nəğmə şəklidir,
“Sarı gəlin” Onu görməyin, səcdəsində qalmağın,
heyrətin səs abidəsidir – Sarı gəlin.
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, –
misralarının mənasını
anlamayanlara səslənirəm.
Bu yerdə gözümüzün qarşısına
sapsarı, samanı sarı quzular, quzu sürüsü gəlir.
Sarı
rəng, əslində,
“Van Qoq effekti” dinləyiciyə fərqli
palitrayla təlqin olunur: günəş, həyat,
eşq!..
Bir qoca rus qadını faşizm taunu Moskvanın astanasında olanda, ümidsizliyə qapılmış Stalinə
şəhərdəki “Kazan Məryəm Ana” (Bojey Materi) kilsəsindəki ikonanı təyyarədə
Moskvanın sərhədlərindən
dolandırmağı məsləhət
görmüşdü. Tövsiyə
icra olundu!
Bu hadisədən az
sonra ağsaqqalların
məsləhəti ilə
Teymurləngin nəşi
SSRİ-nin sərhədlərindən
dolandırıldı. Deyilənə
görə, ikinci dünya müharibəsinin
uğurlu dönüş
anı həmin günlərdən başlandı...
O ikonanın önündəyəm!
İkonanın, Van Qoqun “Günəbaxanlar”ının
və “Sarı gəlin”in xəmiri bir yerdən yoğrulub, günəş
təndirində bişib
–Onun nəfəsiylə...
Onun nəfəsiylə gözümüzün
dibində bir
qələm nöqtəsi
boyda Günəş
– “Sarı ləkə”
dünyanı görməyimizə
məsul olub.
Mən işıq
cərrahıyam. İşığın nə olduğunu
işıqsızlar qədər
bilirəm. Allahın
ətəyi işıqdır!
İşıqdan tutmaq,
elə Allahın ətəyindən tutmaq deməkdir.
Mən darda qalanda, çətinə düşəndə Onun ətəyindən tuturam...
ONU
GÖRÜRƏM
Haqqım
tapdananda,
Haqq danılanda,
Uzaq, uzaq uzaqlardan
Yaxınlaşır bir Aləm!
Gözlərim böyüyür göyüzü
qədər
Onu görürəm!...
Dərd
və kədər
Məni
mismar kimi
Yerə
çalanda —
Mənə yaxın olur
Ürəyim qədər!...
Onu görürəm!...
İşıq ətəyiylə gözlərimi
siləndə,
Qaranlıqlar yarılır!..
Nur
Qanıma
yayılır...
Onu görürəm!...
O hər yerdə var olandır!
Hitler “ali rada”nı
təmizləmək üçün
ruhi xəstələrin
85%-ni fiziki cəhətdən məhv
etdirmişdi. “Mənim xalqımda ruhi xəstə olmayacaq”, – demişdi.
Amma 1990-cı illərin
əvvəllərində təmiz
alman millətinin şizofreniya xəstələrinin
sayı arta-arta o zamankı sayı bir az da keçdi...
Bu nə deməkdir??!
Onun işinə qarışmaq
olmaz! Onun əmrindən çıxmaq
olmaz!
Əslində zamanın gedişi sabaha yox, bu
gündən dünənədir. Onun əmriylə
atalar oğullardan ədalətli və böyükdürlər. Atalar
zaman sıralanmasında
da sabahdadırlar, oğullar dünəndə.
Əslində keçmiş
gələcəkdir!
Bizə
zaman etibarilə yaxın olanlardan bir neçə örnək: Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov, Arif Məlikov, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, min il əvvəl Nizami Gəncəvi. Bu böyüklərimizin
heç birinin çox-çox layiqli övladları atalarını
keçə bilmədi.
Zamanın inkişafı əgər
yüksələn xətdirsə,
onun istiqaməti oğullardan atalara, atalardan babalaradır.
Bu gündən dünənədir. Necə
ki, bu günün
rəssamı Leonardodan,
Rafaeldən, bəstəkarı
Hendeldən, Bethovendən,
filosofu Sokratdan, şairi Nizamidən böyük deyil.
Mənə etiraz edə bilərlər, elmi misal gətirib. Elmin inkişafı sivilizasiyalar daxilindədir. Hər bizdən əvvəlki sivilizasiya bizdən daha inkişaf etmiş olub. Bizdən əvvəlki yüksək inkişaf etmiş sivilizasiyalardakı həkimlər bizlərdən daha mükəmməl əməliyyatlar ediblər. (O dövrlərə aid tapılan bəzi cərrahi alətlər, əməliyyatlara məruz qalmış insan əzalarının hissələri, kəllə sümükləri, rəsm əsərlərində əməliyyatların təsvirləri və s.) Misir ehramları və başqa elm sahələrindəki təkzibedilməz sübutlar...
Onun əmriylə eyni zamanda qalaktikada müxtəlif sivilizasiyalar mövcuddur. Daha çox inkişaf etmiş belə sivilizasiyalardakı canlı varlıqların – yad planetlilərin xarici görünüşlərinin təsvirlərində həqiqətə uyğun olmayan çox böyük yanlışlıqlar var.
Şahid ifadələri və qəzaya uğrayan hava gəmilərindəki cəsədlərin foto-video görüntüləri. Hər iki mənbədən həqiqət təhrif olunub.
Şahidlərin onları görən andakı psixoloji durumları (bu vəziyyət yad planetlilər tərəfindən məqsədyönlü yaradılır) elə olur ki, duyğu üzvlərimiz bizə təqdim olunan irreallığı təsvir edir.
Foto-video görüntülərindəki cəsədlər çox böyük radiasiyaya məruz qaldıqlarına görə həyatdakı görünüşlərindən çox fərqlənirlər. (Xirosima, Naqasaki, Çernobıl faciələrində, atom sualtı qayıqlarındakı qəzalarda, şüa terapiyasının ilk dövrlərində elmi yanlışlıqlar səbəbindən həddindən artıq radiasiyaya məruz qalmış insanlarda və s.)
Yad planetlilərin böyük dozada şüalanmaya məruz qalan astronavtları ilə bizim planetdə yaşayıb eyni aqibəti yaşayan insanlar (cəsədləri) son nəticədə görünüşcə bir-birinə bənzəyirlər.
Həqiqət bizim biliklərimizin məcmuudursa, onu tapmaq mümkün deyil. Bəlkə Vicdan axtaraq, İnsaf axtaraq, İşıq axtaraq. Onlar ki, lap yaxındadırlar. Onları tapmaq asandır. Onun ətəyindən tutaq, Onun ətəyi işıqdır! İşıqdan tutaq, xilas olaq!
2013, Yanvar – 2014
Paşa QƏLBİNUR
525-ci qəzet.- 2014.- 11 yanvar.- S.16.