Ramiz Rövşən Aydın Məmmədovun
xatirəsinə yazır
TABUT
Hələ çiyinlərdə gedir tabutun,
qəbrinin
ağzı da açıqdı hələ.
Gözləyir o
qəbrin dilsiz sükutu;
sənin
sükut payın nə çoxdu hələ!..
Ən rahat, qorxusuz yoldasan indi,
dünyanın
ən təmiz, ağ donundasan.
Bircə Allah bilir hardasan indi;
ömrün
əvvəlində, ya
sonundasan.
Sən indi yumsan da
gözünü, bəlkə,
o sönən ağlınla nəsə qanırsan.
Beşikdə bilirsən özünü, bəlkə,
astaca-astaca yırğalanırsan.
Bəlkə, sən deyilsən tabutda gedən,
bəlkə, doğrudan da körpə uşaqsan.
Tabutun qəbrinə çatana qədər
təzədən böyüyüb dil açacaqsan.
Hamı quruyacaq getdiyi yerdə,
sən axı onlara nə deyəcəksən?!
Bəlkə, bu dünyayla bir ayrı dildə
Danışıb dərdləşmək istəyəcəksən.
Heç kəs qanmayacaq dilini onda,
danışıb, danışıb yorulacaqsan.
Təzədən çatacaq ölümün onda,
təzədən tabuta qoyulacaqsan.
Sus daha!.. Susmağı
öyrən bu başdan,
bəxtinə
yazılıb bu sükut axı.
Nəyinə lazımdı hansı ağacdan,
kəsilib-düzəlib
bu tabut axı.
Gedər əsə-əsə bu qara tabut,
qorxma,
səni yolda salıb itirməz.
Yüz il bar gətirsə
bu qara tabut,
bir
də səndən gözəl meyvə bitirməz
Ramiz Rövşən
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.19.