“Bələdçi”ylə 240 səhifə...
Gecə hava çönən təki sol ayağım sızıldayır.
Ovxalayıram – dincəlmir.
Bürüyürəm – səbbi alınmır.
Dilə tuturam, axırı.
Bax, deyirəm, qaqaşın yatıb, sən də yuxula.
Sağ tayına baxıb xumarlanır...
Axırıncı kərə qatarda
üç gün, üç gecə yol gedəndən sonra qaqaşların heç biri beş-altı gün çimir eləmədi.
Fikirləşdim, gör
bələdçilər nə
çəkir...
Onlardan birinin taleyini
Eyvaz Zeynalov yazdı. Bu, bələdçi haqqında
ilk romandı. Provadniki yəqin
hamı görüb.
Qatarda mələfə paylayan, biletsizlərə daha çox yarınan, sərnişin cibindən dəsmal çıxaranda
“vallah, nahaq əziyyət çəkirsiz,
passajirə qulluq borcumuzdu” deyib şirinlik uman, tanrısız, talesiz adamlarla mən də rastlaşmışam.
Eyvazın qatar bələdçisi onlardan
deyil. Rüstəm hüquqşünas olmaq istəyir, əsgərliyə də ona görə gedib ki, “yurfak”a
rahat girsin. Savadlı uşaqdı. Yəni azdan-çoxdan
orta məktəb məlumatı var. Ədalətə
inanır. Hüquqşünas olub cəmiyyətdəki naqisliklərə, rüşvətə
cihad eləmək niyyətindədi. Kəsilib qayıdır
kəndə. Bir küncə
qısılır. Evləri meşokla
doludu. “Yurfak” a isə cəmi
bircə meşok pul lazımdı. Meşoku götürüb rayondan çıxır. Pulla doldurub
qayıdasıdı. Yük vaqonu
bələdçisi işləyən
qohumu Nuruş ona daydayılıq eləyir. Rusiyaya konyak, çaxır
daşıyırlar. Kənddə eşşək növbəsinə
buraxılmayan Rüstəm
Sovet İttifaqının
adlı-sanlı şəhərlərində
qucaqdan-qucağa atılır.
Cibi qalınlayır. Alkaşları, işlədiyi dəmiryol idarəsini, öz ailəsini, milisi, hamını, hamını
aldadır. Əli harama
dəyəndən sonra
qanun tanımır.
Gələcəyin hüquqşünası
dönüb olur qanun pozucusu, cinayətkar...
“Bələdçi”
son aylar ən çox satılan kitablardandı. Mən oxuyanda
reytinq qırıb eləmirdi, açığı.
Eləcə müəllif isti-isti
birini bağışladı,
mən də yayın cırhacırında
birnəfəsə oxudum.
Eyvazın yaxşı hekayələri
var. Məsələn, “Əli
metroda işləyir”,
yaxud “Qarabağ hekayələri”. Romana təzə
girişib. İkisinə birdən. “Bələdçi”
və “Qisas”. Eyvazın dili rəvandı. Romanda da bunu qoruya
bilib. Amma yaradıcılığında
bəzi yeniliklər eləyib ki, düzü, ürəyimdən
olmadı. Kənd uşaqlarının
“ilk məhəbbətindən” belə uzun-uzadı danışmağa lüzum
yoxdu. Bu, Eyvaz Zeynalov estetikası deyil. Rus qızlarıyla eşq macəraları daha maraqlı idi. Eləcə də Sovet ölkəsindəki rüşvətin təsviri...
“Pripiska”, yalan, zorakılıq, qanunazidd hərəkətlər... Qatar irəlilədikcə sadaladıqlarımız
da artır. Rus insanının deqradasiyası...
bir şüşə
çaxır üçün
nələrə hazır
deyilmişlər?!
Onların xəbərləri yoxdu
ki, gizlətdikləri
çaxırın tərkibində
azərbaycanlı bələdçilərin...
təbii ehtiyacı da var...
Azərbaycanlı bələdçilərinsə ağlına gəlmir ki, Rusiyadakı soydaşlarımız “çaxırşünaslıqda”
yerlilərdən geri qalmırlar...
Kitabı
oxuyandan – avqustdan bəri ürəyimin başını yağır
eləmiş cümləni
yazmasam, deyəsən,
dincəlməyəcəm:
O
İLLƏR YÜK VAQONU BƏLƏDÇİLƏRİ
İÇİNİ BATIRDIQLARI (OXUCULARA HÖRMƏTİM
VAR) “AĞDAM”I RUSLARA SATIB ÖYÜNÜRDÜLƏR;
20
İLDİ RUSLAR İÇİNİ BATIRDIQLARI (OXUCULARA
HÖRMƏTİM TÜKƏNMƏZDİ) AĞDAMI
BİZƏ SATMAĞA DA RAZILAŞMIRLAR...
O ki qaldı Rüstəmə:
– qatardan düşüb
xalq hərəkatına
qoşulur,
– kənddə ev tikdirir,
– qazandığı pulu azadlıq aşiqlərinin qərargahına
təhvil verir...
Və 240 səhifəlik
səfər başa çatır. “Qisas”ı
özünüz oxuyub
alın. Mən 240 səhifəlik
yük qatarından düşmüşəm, ayaqlarım
keyiyib. Gecə solu dilə tutacam:
– Qaqaşın yatıb, sən də yuxula...
P.S. Eyvaz Zeynalovun romanı bir az uzun gəldi mənə. Təxminən 20 faiz. Müəllif əslən qarabağlıdı. O, itirdiyi 20 faiz torpağı romanda bu yolla kompensasiya eləyib...
Qulu Ağsəs
525-ci qəzet.- 2014.- 11 yanvar.- S.22.