Aydın surəti
Yanvarın 16-da mərhum ədəbiyyatşünas-alim,
türkoloq Aydın Məmmədovun anadan olmasının 70 ili tamam olur. Yubiley ərəfəsində
Aydın Məmmədovla
bağlı Xalq yazışısı Anarın
1992-ci ildə yazdığı
“Aydın surəti”, Rəşad Məcidin
1991-ci ildə yazdığı
“Aydın Məmmədovsuz
qırx gün”
(http://525.az/site/?name=xeber&duzelis=0&news_id=14776) yazilarını, eləcədə
sevimli şairimiz Ramiz Rövşənin Aydın Məmmədovun xatirəsinə həsr elədiyi “Tabut” şeirini
(http://525.az/site/?name=xeber&duzelis=0&news_id=14786)
“525”in oxucularına təqdim
edirik.
Parlaq, munis, unudulmaz insanlar – Dilarə Əliyeva və Aydın Məmmədovun faciəli
ölüm xəbəri
məni Türkiyədə,
əski Səlcuq şəhəri Bursada yaxaladı. Mən “yaşıl Bursa”, “gözəl Bursa”, “qədim
Bursa” da yaza bilərdim. Niyə kağıza qeyri-ixtiyari
məhz bu sözlər – “Səlcuq şəhəri” düşdü?
Assosiasiyaların – anımların, yada salmaların öz qanunları var və səlcuqların
da burda xatırlanması təsadüfi
deyil.
Bir neçə il
bundan qabaq Leninqradda (onda hələ Leninqrad idi) Azərbaycan günlərinin iştirakçıları
sırasında Aydınla
mən də vardıq. Sözləşib məşhur alim-türkoloq
L.N.Qumilyovgilə getdik.
Aydın onunla tanış idi, xahiş etdim ki, məni
də tanış etsin. Kommunal mənzildə yaşayan
bu böyük alimin gənc azərbaycanlı həmkarına
xüsusi bir hörmətlə yanaşdığını
görür, qürurlanırdım.
Qumilyov türk xalqlarının tarixindən, öz keşməkeşli taleyindən,
həbs düşərgəsində
Oljas Süleymenovun atasıyla bir barakda, üst-üstə taxçalarda yatmağından
danışırdı. Söhbət
Azərbaycan xalqının
mənşəyindən düşdü.
Qumilyov: “Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünü
müəyyənləşdirmək üçün ora-bura boylanırlar? – deyə
soruşdu: – Səlcuqların
əsl varisisiniz. Azərbaycan tarixində üç ulu Səlcuqun – Toğrulun,
Alp-Arslanın, Məlikşahın
həlledici yeri var. – Sonra diqqətlə Aydına və mənə baxdı – Səlcuq mənşəyiniz
hər birinizin zahiri görkəmində belə əks olunub, – deyə əlavə etdi.
Əlbəttə, zahiri görkəmdən daha vacib daxili
dünyanın quruluşu,
mənəviyyatın yönü,
ruhun gözəlliyidir. Və Aydının
Səlcuq ruhuna sədaqəti, türk mənəviyyatına, xalqımızın
həqiqi mənşəyi,
kökləri və tarixiylə bağlı sahələrə marağı
bununla əlaqədardır.
Aydın
əsl alim idi. Ciddi dilçi-alim kimi Azərbaycan dilinə aid araşdırmalar aparmaq, iltisaqi şumer
diliylə iltisaqi türk dilləri arasında müəyyən
bağları axtarmaq,
tələsik səthi
nəticələr yox,
inandırıcı dəlillər
tapmaq istəyirdi. Bu barədə dəfələrlə
etdiyimiz söhbətlər
zamanı “ayrı-ayrı
sözlərin bənzərliyinə,
oxşarlığına uymaq
olmaz, – deyirdi – “Xalq etimologiyası” deyilən məsələ
təhlükəli və
sürüşkən sahədir.
Başı çıxanın da, çıxmayanın da zahiri əlamətlərə
görə qəti hökmlər verməsi gülüncdür. Həqiqi elmi
etimologiyanı “ehtimalogiya”
ilə əvəz etmək olmaz”. Şumer dilinə ciddi marağı, bu sahədə tədqiqatları
onu görkəmli qazax şairi Oljas Süleymenovla yaxınlaşdıran, məhrəmləşdirən,
doğmalaşdıran ümdə
cəhətlərdən idi.
Səksəninci illərdə bir
neçə gənc dilçi-alimimiz, yəqin
ki, ədəbi tənqid sahəsində müəyyən kasadlıq,
xüsusən də, cavan nəsil tənqidçilərinin az olması səbəbindən, əzm
və həvəslə
ədəbiyyatımızın bu cəbhəsində fəaliyyət göstərməyə
başladı. Aydın da
onlardan biri, həm də ən dərin mühakimələrə, ən
dəqiq təhlilə
qadir olanlarından idi. İstər öz ədəbi
nəsli, istərsə
də daha yaşlı nəsillərin
nümayəndələri haqqında
yazıları, o cümlədən
mənim haqqımda yazdığı məqalə
o dövrki tənqidimizin
yeni, daha müasir səviyyəsini
müəyyənləşdirirdi.
1987-ci il “Ulduz”
jurnalının 6-cı nömrəsində
Aydınla mənim dialoqumuz çıxdı.
Bu dialoqda ilk dəfə
olaraq latın
əlifbası məsələsini
qaldırmışdıq və
həmin söhbətin
əks-sədası hətta
Orta Asiya respublikalarında da eşidilmişdi. Mən bu
söhbətdə bir
sıra vacib məsələləri “səsimiz
eşidilənədək” deyəcəyimizə
boyun olmuşdum.
Sonralar Aydın məqalələr kitabını
nəşr etdirdi, o kitaba həmin dialoqumuzu da saldı və kitabı həmin sözlərimlə adlandırdı:
“Səsimiz eşidilənədək”.
Ay keçdi, il dolandı. O vaxt qaldırdığımız
məsələlərin bir
çoxu keçmişdə
qaldı, bir sıra məsələlərdə
isə həyat bizim ən qabaqcıl
fikirlərimizi ötüb
keçdi. Yeni ictimai iqlim yarandı, yəni mənəvi ab-hava müəyyənləşdi, yeni
siyasi şərait təsdiq və bərqərar oldu. Və bütün bu sürəclərdə (proseslərdə)
Aydın yalnız alim-tənqidçi, publisist
kimi deyil, nüfuzlu siyasi xadim kimi də
böyük rol oynadı. Həm də o siyasətçi kimi çox tez bir zamanda
yetişdi, püxtələşdi,
sözü gözlənilən
və sözü eşidilən bir adam oldu.
Müxalifətin bu gün geniş tanınmış,
o vaxtlar isə siyasi meydanda hələ ilk addımlarını
atan xadimləriylə
Yazıçılar İttifaqında
təşkil etdiyimiz görüşlərin fəal
iştirakçılarından biri də Aydın
idi. Belə görüşlərdən birinin
lent yazısı məndə
durur. Bu kasetdə
indiki məşhur müxalifət liderlərinin
səsləriylə bərabər,
mənimçün çox
əziz olan iki nəfərin – faciəli aqibətə düçar olmuş Tofiq İsmayılovun və Aydın Məmmədovun da səsləri eşidilir.
Aydın ayıq siyasi təfəkkürə, nadir natiqlik
bəlağətinə, geniş
elmi və ədəbi erudisiyaya malik bir şəxsiyyət
idi. Odur ki, uzun səylərdən sonra Azərbaycan Yazıçılar İttifaqı
nəzdində Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzini
yaratmağa nail olduğumuz
zaman buranın rəhbərliyini mən məhz Aydın Məmmədova təklif etdim. Aydın bu təklifi
məmnuniyyətlə qəbul
etdi. O vaxtkı qaydalar üzrə “yuxarılar” da onun namizədliyini təsdiq etdilər. Aydın işə həvəslə,
səriştəylə girişdi
və qısa müddətdə peşəkar
kollektiv toplayıb, görüləsi işləri
planlaşdırdı. Bu çətin və
ciddi işlə bərabər Aydın siyasi fəaliyyətindən
də kənar qalmırdı, Azərbaycan
Ali Sovetinə deputat seçilmişdi. İstər
şəxsiyyətində, istər siyasi fəaliyyətində ziddiyyətli
cəhətlər də
vardı, siyasətin
“oyunlarından” və
“fəndlərindən” də
agah idi, yanıldığı məqamlar
da olurdu. Amma siyasi həyatımızda
Aydının öz əvəzsiz yeri vardı və bu yeri indi
də görünür.
Ali Sovet sessiyalarında onun parlaq, ağıllı, təmkinli çıxışları xalq tərəfindən böyük rəğbətlə qarşılanırdı. Xalq onun sözünə inanır, etibar edirdi. Parlamentimizin bugünkü çarpışmalarında Aydının müdrik sözünə, inandırıcı məntiqinə, konstruktiv təkliflərinə daha artıq ehtiyac duyulur. Azərbaycan Yazıçılarının IX Qurultayı ərəfəsində xəbər yayıldı ki, Aydın Tərcümə Mərkəzindən getmək istəyir. Bu xəbər müəyyən dərəcədə onun “Yol” qəzetinə verdiyi müsahibəsinə əsaslanırdı. Güman olunurdu ki, Aydın bütün fəaliyyətini yalnız Ali Sovetdəki işiylə bağlamaq istəyir. Axı o yalnız deputat deyil, həm də Ali Sovet komissiyasının sədri idi. “Türkologiya” jurnalı redaktorunun da birinci müavini, faktiki olaraq bu jurnalı çıxaran idi. Qurultayda Aydın Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü və o vaxt keçiriləcəyi güman edilən SSRİ Yazıçılar Qurultayına nümayəndə seçilmişdi. Azərbaycan Yazıçılar Qurultayından sonra, təşkilat plenumumuzdan bir gün əvvəl axşam Aydın mənə evə zəng elədi, bir qədər həyəcanlı səslə: –Anar müəllim, mən Tərcümə Mərkəzindən getmək istəmirəm, – dedi, – bütün başqa vəzifələrimdən, işlərimdən əl çəkərəm, hətta deputatlıqdan imtina etməyə də hazıram, amma Tərcümə Mərkəzindən ayrılmaq istəmirəm. –Aydın, nə söhbət ola bilər, – dedim, – Tərcümə Mərkəzinin ilk müdiri sənsən, kollektivi sən toplamısan və qalıb işləmək istəyirsənsə, çox gözəl. Deputatlıqdan imtina-filan da lazım deyil. Aydının bu telefon söhbətindən sonra bir qədər sakitləşdiyini hiss etdim, amma görünür, nədənsə nigaran idi, ya kimsə onu bu sarıdan nigaran salmışdı, çünki elə həmin gün gecəyarısına yaxın bir də zəng elədi və yuxarıda gətirdiyim dialoq demək olar ki, bir də təkrar olundu. Səhər plenumda Aydın Məmmədov Azərbaycan Yazıçılar Birliyinin katibi və Tərcümə Mərkəzinin müdiri seçildi. 1991- ci il mart ayının son günləri idi, kim bilərdi ki, Aydının ömür möhlətinə cəmi-cümlətanı bir aydan da az qalıb.
Türkiyədən dönən kimi Emin Sabitoğluyla birlikdə Şəkiyə, Kiş kəndinə, Aydının qəbri üstünə, sonra da ata evinə, valideynlərinə başsağlığı verməyə getdik.
İnsanlar bir-birinə bənzəmədikləri kimi, dərdi də müxtəlif cür çəkirlər. Dərdini içində, zahirən büruzə vermədən, mətanət və dözümlə çəkənlər adamı daha artıq sarsıdırlar. Aydının atasının nurani sifətinə, anasının məsum üzünə çökmüş kədər işığını heç bir vaxt unutmaram. Dözülməz oğul dağını, təsəllisi mümkünsüz övlad dərdini elə ləyaqətlə çəkirdilər ki, bu saatlarda Aydının hansı sağlam və əbədi köklərə bağlı olduğunu daha dəqiq duya bildim.
Aydın yaşayarkən o, atası Mirsaleh kişi üçün iftixar etdiyi, fərəhləndiyi oğul idi, balaca bir kənddən çıxıb Bakıya getmiş, orada peşəyə yiyələnmiş, alim olmuş, ad-san qazanmış bir ailə üzvü idi. Ölümündən sonra Aydını bütün xalq – Azərbaycan xalqı öz oğlu, istəkli, ağıllı-kamallı balası saydığını dərk etdi. Mirsaleh kişinin bizə dediyi sözlər çox adi, çox sadə, ona görə də çox təbii və səmimi sözlər idi: –Heç bilməzdim ki, Aydını bu qədər sevirlərmiş. Azərbaycanın hər yerindən adamlar axın-axın gəlir, məktublar, teleqramlar, güllər...
Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün Azərbaycandan axıb gəlmiş güllər, dəmətlər, çələnglərə qərq olub. Bir tərəfdə füsunkar gözəlliyə malik olan Marxal yaylağı – Aydın buranı çox sevərdi. “Marxal”ın qədim türk sözü olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri tərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmiş bir ev – itirdikləri oğlun dərdini səssiz-səmirsiz, içindən yanayana, yanıb qovrula-qovrula çəkən iki qoca ata-ana. Hər tərəfdə – qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın, Azərbaycanın hər yerində məhəbbətlə, hörmətlə, minnətdarlıqla, yanğıyla anılan bir ad – Aydın Məmmədovun adı. Aydının butün Vətən torpağımızı dolaşan ruhu. Yaddaşlarımızda, qəlblərimizdə, talelərimizdə yaşayan işıqlı surəti. Aydın surəti.
28 mart, 1992
ANAR
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.18