Zəngimi gözlə
Hekayə
Axır vaxtlar Ağamuradın işi elə bil tilsimə
düşmüşdü. Balaca bir vəzifə
tapıb, uşaqlarına çörək pulu qazanmaq
üçün açmadığı qapı,
yazmadığı yer qalmamışdı. Kim idi onun ağzına qurut verən?
İşsizliyin də ki, üzü qara olsun! Xeyli
vaxtdır, əli gətirmirdi. Kişi xəcalətindən
arvad-uşağın da üzünə dik baxa bilmirdi. Odur ki, sübh tezdən evdən baş alıb gedir,
səhərdən axşamacan orda-burda veyllənir,
günün qulağı batanda yorğun-arğın geri
dönürdü. Elə ki,
dost-tanışların biri ilə rastlaşdı,
qırsaqqız olub yapışırdı yaxasından. Sinəsini boşaltmamış əl çəkmirdi.
Yana-yana deyirdi ki, bu zəmanədə ki babat vəzifən
olmadı, yıxıl öl! Yoxsa kimdir səni
saya salan? Allahın o quruca salamını
da vermirlər. Vaxt-bivaxt cingildəyib
baş-qulağımızı dəng eləyən
tısbağa fasonlu, yastıyapalaq telefon da elə bil adamdan
üz döndərir. Gündə bir-iki dəfə ya
cingildəyə, ya cingildəməyə...
Qabaqlar
Ağamuradın qaraltısını görəndə: –
Papulya gəldi, – deyib hay-harayla atalarının qabağına
yüyürən doğma balaları da getdikcə ondan
soyuyurdular.
Ağamurad
toy məclislərində və ya bir qonaqlıqda qədəh
qaldıranda arada zarafata salıb:
–
Allah-taala adamın ömründən kəsib vəzifəsinə
calasın, – deyirdi. –İçək vəzifənin
sağlığına!
Bu sözə bəziləri pıqqıldayıb
gülürdü. Və məclisdəkilər bir-birinin qulağına əyilib
xısın-xısın deyirdilər ki, axır vaxtlar
Ağamuradın başı xarab olub, lap uşaq sözü
danışır.
Ağamuradın evdə eyni açılmırdı. Məlul-müşkül
bir küncə çəkilib, papirosuna dəm verib,
otaqları tüstü-dumana bürüyürdü. Həyat
yoldaşı Hüsniyyə xanım ərinin bu xasiyyətinin
üstündə hərdən onu məzəmmət eləyirdi:
– A kişi, qaşqabağını az tök,
dünyanın bac-xəracını səndən almırlar
ha! Təki ölüm-itim olmasın! Vəzifədir, verərlər
ta yaxşı, verməzlər, belə canın sağ olsun!
Allah uşaqları saxlasın! Yəni vəzifəsi
olmayanlar acından ölür?! Özünə fikir ver!
De! Gül!
Bu sözləri elə bil daşa deyirdin. Əzizi
ölübmüş kimi, Ağamuradın
qırışığı heç
açılmırdı.
lll
Ondan
çıxmayan iş! Gündüzlər hələm-hələm
ev-eşiyə yovuşmayan Ağamurad cümə günü,
günorta çağı həyət darvazasını şəstlə
açıb şən əhval-ruhiyyə ilə içəri
daxil oldu. Hüsniyyə ona baxıb –
görəsən gün hardan doğub? Kişinin
elə bil çiçəyi çırtlayıb – təəccüblə
öz-özünə düşündü.
Ağamurad şad xəbər gətiribmiş kimi
Hüsniyyənin qolundan yapışıb özü ilə
birlikdə orta otağa keçdi. Köhnə
stulların birini ayağının altına qoyub, dizləri əsə-əsə
yuxarı qalxdı. Divardan
asılmış vinetkanı ehtiyatla aşağı endirdi.
Ağamurad cib dəsmalını çıxarıb, neçə
il bundan qabaq divardan asılıb,
unudulmuş və saralıb-solmuş vinetkanın tozunu dönə-dönə
sildikdən sonra şəhadət barmağını axır
cərgədəki şəklin üstünə qoyaraq:
– Bunu
tanıyırsan?! – deyə vəcdlə
Hüsniyyədən soruşdu.
Hüsniyyə:
– Yox,
tanımıram, – deyib dodağını büzdü. Və ətrafına
sürmə çəkilmiş oynaq gözlərini
qıyıb həmin şəklin altında
yazılmış sözləri hecalamağa başladı:
–
Ta-hir-za-də. T... P...
Ağamurad
həyat yoldaşının dodağında
pıçıltı ilə deyilən T-ı, P-ını
aydınlaşdıraraq:
– Tahirzadə
Tacəddin Paşa oğludu, – dedi. – Beş il
bir skamyada oturmuşuq. Əlimizə bir qismət
çörək düşəndə, yarısını Tacəddin
yeyib, yarısını mən.
Hüsniyyə
tərəddüdlə çiynini çəkib və:
– Noolsun?.. Birdən-birə o hardan yadına düşdü?
– Çaş halda soruşdu.
Ağamurad
fəxrlə:
– Bu
gün Tacəddini rayonumuza katib qoydular. Özü
də birinci katib. Bundan artıq nə olsun ki?.. Onu mənim Allahım hərləyib-fırlayıb
bura gətirib. İndi başa
düşdün? – deyib sevincindən
Hüsniyyənin o üzündən, bu üzündən öpdü.
Sonra özünü yığışdırıb təmkinli
görkəm aldı və vinetkaya diqqətlə nəzər
salaraq: – Ey fani dünya! – dedi. – Yatsam, yuxuma girməzdi ki, Tacəddin
bizim rayona başçı gələr. Sən bir çərxi-fələyin
işinə bax ee!! Mən institutu fərqlənmə diplomu ilə
qurtardım, o isə sürünə-sürünə... pul
gücünə, telefon zəngləri hesabına güc-bəla
ilə üç alırdı...
Hüsniyyə
yanıqlı ah çəkdi:
–
Yaxşı və ya pis oxumağınan deyil ha, adamın gərək
bəxti gətirə...
Ağamurad:
– İnstitutu birtəhər qurtarmasına baxmayaraq,
çox diribaş adamdır. Onda bir dil var ki, gəl
görəsən, ilanı yuvasından çıxardar.
Dəyirmanın boğazından ölü sal,
diri çıxar. Elə ona halaldır.
Hüsniyyə
həyat yoldaşını danladı:
– Bax, elə
səni geri salan o dilindir! Dinc qoya bilmirsən.
Nəyinə lazımdır o institutda necə
oxuyub, nə xasiyyətin sahibidir. İstəməyənlərin
biri aparıb qoyar ovcuna. Neçə
aydır bekar-behdin idarələrlə evin arasında yol
ölçürsən. Allah
üzümüzə baxıb, tələbə
yoldaşın gəlib olub rayonumuzun böyüyü. Hər şeyin təzəsi, dostun köhnəsi.
Necə olsa, tələbəçilikdəki
haqq-salamı unutmaz. Saa dolanışıqlı bir vəzifə...
Ağamurad
həyat yoldaşının iradı qarşısında
özünü sındırmasa da, bir balaca qızardı və
zarafata salaraq:
– Sən
də boş-boş danışma – dedi. – Nə
danışdığımı özüm yaxşı bilirəm!
Onnan mənim aramdan su da keçmirdi. Sabah yanına gedərəm, onda bilərsən.
Hüsniyyə
xanım ona etiraz etdi:
– Hələ
tezdir, qoy kişi yerini isitsin, sonra. Sabah getsən, üzünə vurmasa da, ürəyində
deyər ki, məscid tikilməmiş kor əsasını
dayadı.
...Aradan
iki gün keçdi. Üçüncü gün Ağamurad
qıs-qıvraq geyinib iş vaxtının başlanmasına
bir neçə dəqiqə qalmış kəsdirdi Tahirzadənin
kabinetinin qapısını. Tahirzadə səhər-səhər
gözləmə otağından keçib, kabinetə daxil
olmaq istəyəndə gözü Ağamurada sataşdı.
Ağamurad ayağa qalxanda onların
baxışları rastlaşdı. Hər
ikisinin qəlbində köhnə xatirələr baş
qaldırdı. Qucaqlaşıb
öpüşdülər. Tahirzadə bir addım geri
çəkilib onu başdan-ayağa süzərək, ərklə
və həm də vəzifəsinə xas olan əda ilə:
–
Yaxşı, burda niyə oturmusan, keç içəri!
Hər ikisi kabinetə daxil oldu. Tahirzadə arxadakı istirahət
otağında papağını çıxardıb, gur
saçlarına daraq çəkə-çəkə
kabinetinə keçib stolunda əyləşdi və:
– Ay
Ağamurad, Ağamurad! – dedi. – Gör biz haçandan
görüşmürük e? İllər necə
də tez gəlib keçir?! Saç-saqqalı
da yaman ağartmısan?! Yəqin külfət
basıb?! İşin-gücün necədir?!
Ağamurad
qımışıb əllərini dizlərinin arasında
ovuşdura-ovuşdura:
– Sağ
olmuş, nə işim var, nə də ki sən görən
gücüm. – İncikli cavab verdi.
– Bu nə
sözdür? Bəs bir yerdə işləmirsən?
Ağamurad
əvvəlcə tutuldu, sonra qəddini düzəldib
udquna-udquna:
–
İşləməyə qoyurlar ki?! Neçə
ildir rayon kənd təsərrüfatı idarəsində
baş zootexnik işləyirdim. Çıxardıb
atıblar bayıra, yarım ildən də çoxdur ki,
bekaram. Kimə də ağız açıram...
Tahirzadə
hökmran, həm də mərhəm görkəm alaraq:
– Qələt
eləyib çıxardıblar! İndi biz də
qaytararıq yerinə, – deyib əl atdı telefona. Sonra nə
fikirləşdisə: – Yaxşı, Ağamurad, gəl belə
danışaq. Mən də bu işdə təzəyəm, vəziyyətlə
də tanış deyiləm. Sizə bir həftə möhlət verirəm.
Evdə yaxşı-yaxşı fikirləş.
Arvad-uşaqla da ağıllı-başlı məsləhətləş.
Sonra gələrsən yanıma.
Barmağını hansı vəzifənin üstünə
qoysan... – O, qaşlarının birini yuxarı dartaraq:
– De
görüm, rayon sovetinin deputatısan?-soruşdu.
– Xeyr,
deputat deyiləm. – Ağamurad cavab verdi.
Tahirzadə təəssüflə başını bulayıb
öz-özünə vaysındı:
– Ay
dadi-bidad, necə girəvəsiydi! – dedi. –
Əgər deputat olsaydın, çalmışdın. İspolkom sədrinin dalından dəymək istəyirəm,
səni elə günü sabahdan onun yerində oturdardım.
lll
Ağamurad tələbəlik dostunun kabinetini tərk edəndə
kefi doxsan doqquza qalxmışdı. Bayaq
könülsüz-könülsüz qalxdığı
daş pilləkənləri, indi qoşa-qoşa
addımlayırdı. O, evə çatanda, Hüsniyyə
xanım həyəcanla soruşdu:
– De
görüm nə oldu?! Səni necə
qarşıladı?!
– Belə
ürəyin istəyən kimi! – Ağamurad vəcdlə cavab
verdi – heç ondan gözləməzdim. Mənə bir üz göstərdi ki, gəl görəsən,
xəcalətimdən bilmədim nə eləyim?
Çox istiqanlı adamdır! Halal olsun! Tələbəçilikdə
azca həlləm-qəlləmliyi var idi, amma indi
yumşalıb, elə bil həmin Tacəddin deyil.
Özünü elə səmimi, ağıllı-kamallı
aparır ki, adam məəttəl
qalır. Bax, əsl rayon başçısı belə olar! Mən deyərdim ki, ona bu vəzifə də
azdır. Kişinin oğlu o qədər
yetkinləşib ki, respublikanı da versən, aparar. Kəsdiyimiz çörək ona halal olsun. Prosto Tacəddinə vuruldum.
Hüsniyyə xanım xeyli şad oldu. Və üzünü
göyə tutaraq:
–
Şükür tanrının dərgahına – dedi və əlavə
etdi: – Gördün, Ağamurad, maa inanmırdın! Neçə
dəfə dedim ki, a kişi, səbrin
olsun, əlini də o göydəkinin ətəyindən
üzmə. Mıxı mismar eləyən var. Su gəldiyi
arxdan bir də gələr. Amma sən o qədər
dar hövsələsən ki, fikrindən
büzüşüb acı almaya dönmüşdün.
Bizim də yediyimizi-içdiyimizi zəhrimara
döndərmişdin. İndi
gördün ki?!
Axşam əl-ayaq
yığışandan sonra ər-arvad üzbəüz əyləşib
məsləhət-məşvərətə
başladılar. Götür-qoy elədilər
ki, hansı vəzifənin üstündə dayansınlar.
Ağamurad birdən əlini əlinə vuraraq:
– Arvad, –
dedi, – günü sabahdan, ispolkomun yerində oturmuşdum, bircə
tük yazdı. Yəqin qismət deyilmiş! Deputat
olmamağım işləri korladı.
– Qismətdən
artıq yemək olmaz, – deyə Hüsniyyə dilləndi və
əlavə etdi: – Amma o ispolkomluq baş tutsaydı, nə
olardı, hər addımı puldur. Nə qədər
satışa maşın gəlir, torpaq sahəsi verilir, ev paylanır, kiçik müəssisələr,
kooperativlər yaranır... qazanc yeri birdir, ikidir,
hansını deyim? Saymaqla qurtaran deyil.
Hamısının xeyrini-bərəkətini ispolkom
görür..
Ağamurad:
– Ondan
keçib, arvad, Allah balasını saxlamış mənə
bir həftə möhlət verib. Gəl sənli,
mənli fikirləşək görək, hansı vəzifəni
götürüm?!
Hüsniyyə
dodağını əyib hikkəylə:
–
Yönlü ixtisas da qazanmamısan ki, onun müqabilində
yağlı bir vəzifə alasan, – həyat yoldaşına tənə
vurdu: – Odeyy, bank müdiri, yüz min manat pul buraxanda, on mini
özünündür. Qırmızı
papaqların, tərəzi dalında duranların dirəyi də
qızıldandır. Sən də ha gözlə ki,
hansı kolxozdasa beş qoyun öləndə
aktı yazıb qəpik-quruş qazanacaqsan. Sağ olmuş,
dünyanın gözünü töküb özünə
peşə tapmısan! – zootexnik!
Hüsniyyə lağ-loğazla manikürlü
barmaqlarını havada yellədi.
Onların
bir il bundan qabaq əsgərliyini
qurtarıb, rabitə idarəsində poçtalyon işləyən
böyük oğlu Bəhruz kənardan valideynlərinin
söhbətinə müdaxilə etdi:
–
İxtisas, bilik, bacarıq əsas deyil, guya ki, bura
Amerikadır, Avropadır?! Birini vəzifəyə
qoyanda yüz dəfə ələkdən-xəlbirdən
keçirib, yeddi arxa dönənini yoxlayırlar. Bizdə kimdir elə şeylərə əhəmiyyət
verən?! O vaxt məni vayenkomata çağıranda
yoldaşlarımızın birini neqodnı
çıxarıb geri qaytardılar ki, “debil”dir, onu əsgərliyə
aparmaq olmaz. İndi odey, böyük bir rayonun
başçısıdır. Deməyim
odur ki, yuxarıda oturanlardan asılıdır. Nə olsun ki, papam zootexnikdir, o Tahirzadənin
könlü olsa, dibdəkilərlə danışıb
papamı lap prokuror, məhkəmə də qoydura bilər.
Hamısı öz əlindədir!
Ağamurad
gördü ki, hərənin ağzından bir avaz gəlir, əsəbiləşib
baxışlarına sərt ifadə verdi.
Hüsniyyə ilə Bəhruz onun
qırımını görüb susdular. Ağamurad
yaranmış sükutu pozaraq:
–
Özlüyümdə çox
ölçüb-biçmişəm. Başqa
sahəyə getsəm, düz çıxmaz, söz-söhbət
yaranar. Belə qərara gəlmişəm
ki, daş düşdüyü yerdə ağır olar, elə
qayıdım köhnə yerimə.
– Yenə
zootexnik?! – Hüsniyyə tapança kimi açıldı.
Bəhruz da qurcalanıb
mızıldandı...
Ağamurad:
– Yoox,
canım! – dedi. – Həmin idarəyə rəis! Heç isbalkomdan balaca vəzifə deyil. Orda işləyəndə görmüşəm də,
səhərdən axşamacan ştamp-peçatlarından pul
yağır. Bütün kolxoz-sovxozlar da
ki, əlində.
Hüsniyyə ilə Bəhruzun iddiaları böyük
olsa da, çarəsizlikdən rəislik məsələsinə
etiraz etmədilər. Bununla da fikirlər eyniləşdi,
mübahisə kəsildi.
lll
Ağamurad bir-iki gündən sonra toya
hazırlaşırmış kimi dəlləkxanada
saçlarını qaydaya salıb, hamamlanıb,
geyinib-keçinib, boynunda da ağlı-yaşıllı qalstuk
Tahirzadənin dediyi vaxt, qapıçıdan icazə
almamış varid oldu onun kabinetinə. Tahirzadə
gözünün quyruğu ilə ona laqeyd nəzər
saldı, lakin bir söz demədi, qarşısında əyləşmiş
üç nəfər kənar şəxslə söhbətini
davam etdirdi. Onlar danışıb qurtarandan sonra Tahirzadə
üzünü bayaqdan kabinetin ortasında quruyub qalan köhnə
dostuna tutaraq:
– Hə,
səni eşidirəm, Ağamurad. Deyəsən sözlü
adama oxşayırsan, buyur, – dedi.
Ağamurad:
– Tacəddin
o danışdığımız məsələdən
ötrü...
– Tacəddin
yox, Yoldaş Tahirzadə! Tacəddin Paşayeviç! –
Küll-ixtiyar sahibi olan yeni rayon başçısı onun
sözünü ağzında yarımçıq qoydu: – Tələbəçilikdəki
kimi köntöy xasiyyətindən hələ də əl
çəkməmisən, bədbəxt oğlu! Bu yaşa çatmısan, adicə müraciət
qaydasını da bilmirsən?!
Əyləşənlərin istehzalı
baxışları Ağamurada tərəf yönəldi. Bəziləri
dişlərini ağardıb hırıldadı. Köhnə dostunun onun üzünə
qırmızıca dediyi bu söz, Ağamurada güllədən
də betər təsir elədi. Rinqdə
nokauta düşmüş boksçu kimi Ağamuradın
gözlərinə qaranlıq çökdü. Bütün kabinet, divardakı şəkillər
başına hərləndi. İndi
Ağamuradın qarşısında vaxtilə nərd
atdığı, çilingağac, dirədöymə
oynadığı canbirqəlb tələbəlik dostu yox,
sanki özgə planetdən peyda olmuş və hökmran
baxışları ilə onu təqib edən yad, əlçatmaz
məxluq dayanmışdı.
Tahirzadə
süni təbəssümü ilə, onun qəlbinə
vurduğu dil yarasına yumşaq məlhəm qoyurmuş kimi:
– Ağamurad, sizin vəziyyətinizi
başa düşürəm, – dedi. – Keçən dəfəki
söhbətimizdə nə demisən, hamısı
yadımdadır.-qarşısında əyləşənləri
işarə edərək- indi nazirlikdən yoldaşlar gəlib,
başım onlara qarışıqdır. Üç-dörd
gündən sonra gələrsən, məsələnizi həll
edərik.
Ağamurad dal-dalı geri çəkilib, kabinetdən
birtəhər çıxdı. Onun gözləri hələ
də tor görürdü. Özünü
evə çatdırıb papirosu papirosa caladı. Lakin bu gün Tahirzadə ilə olan söhbətini
heç kəsə açıb ağartmadı. Hüsniyyə xanıma da izah etdi ki, dünən
çiməndə özümü soyuğa vermişəm,
başım bərk ağrıyır. Tahirzadəni
də gördüm. Sağ olsun, məni pis
qarşılamadı. Ancaq işi çox
olduğu üçün ətraflı danışa bilmədik.
Əsas söhbətimiz sonraya qaldı.
Üç gündən sonra Ağamurad həmişəki
kimi yenə əynini-başını sahmana salıb Tahirzadənin
qəbuluna getdi. Fikirli-fikirli pilləkənlərlə
yuxarı qalxanda, birdən Tahirzadə ilə
qarşılaşdı. Tahirzadə
uçmağa hazırlaşan qartal balası kimi qoltuğunda
qovluq, keyfi kök, damağı çağ aşağı
enirdi. O, Ağamuradı görəndə ayaq saxladı:
– Salam,
Ağamurad! – dedi. – Yenə gəlmisən?! Tələsirsən
e, yaman tələsirsən! Gəlsən də,
gəlməsən də, sənin barəndə fikirləşirəm.
Bir aman ver, görüm sənə münasib nə iş
tapıram. İndi kəndə gedirəm, sabah
da Bakıya yola düşməliyəm. Qayıdanda
görüşərik, əlaqə saxla. Di xudahafiz...
Uşaqlara da məndən salam söylə.
Tahirzadə
binanın qarşısında onu gözləyən qara
“Volqa”ya əyləşib, Ağamuradın nisgilli, nigaran baxışlarının
müşayiəti ilə gözdən itdi. Tahirzadənin – “Sənin barəndə fikirləşirəm.
Uşaqlara məndən salam de!” – kəlmələri Ağamuradın qəlbində
neçə gündən bəri zəifləməkdə
olan ümid işığını bir qədər
şölələndirdi. Bu axırıncı
görüşdən sonra onun rəngi durulmuşdu. Əhval-ruhiyyəsi də yaxşılaşmışdı.
Darvazadan içəri girəndə Hüsniyyə səbirsizliklə
soruşdu:
– Nə
oldu, düzəldi?
– Tələsik
işi vardı, harasa gedirdi. – Ağamurad cavab verdi.
– Ancaq dedi ki, yadımdasan. Danışığından belə
başa düşdüm ki, mənə yaxşı iş
axtarır. Sizə də salam göndərdi:
– Allah
onun balasını saxlasın! Heylə deyibsə, böyük
şeydir! – Hüsniyyə xeyli şad oldu: –Rayonda bir kişi varsa, o da Tahirzadədir! Əlinin
üstündə əl yoxdur ha! Dediyi qanundur! Yəqin
sənə layiq olan vəzifə axtarır. Bəlkə elə o ispolkomun yerinə qoymaq istəyir.
Ona görə də işi bir az ləngidir.
– Mən
də elə başa düşürəm, – Ağamurad həyat
yoldaşının dediyini təsdiq etdi.
lll
Gecə
yarı Hüsniyyənin qulağına kal və boğuq səs
gəldi:
–
Vicdansız! Vicdansız! Ərizəni yaz! Ərizəni yaz,
get! İşləyə bilmirsən! Rədd ol burdan!
Hüsniyyə
ərini dümsüklədi:
–
Ağamurad, Ağamurad!
Ağamurad:
– Həh!
Həh! – deyib qan-tərə batmış halda yuxudan
ayıldı, çarpayısında dikəldi və gözlərini
ovuşdura-ovuşdura:
– Sən
bir işə bax ey! – dedi. – Əla yuxu
görürdüm. Gördüm ki, ispolkom
sədriyəm, müavinimin ərizəsini alıb işdən
qovuram.
– Axmaq
yuxudur! – Hüsniyyə dilləndi.
– Niyə?
– İspolkom sədri olmaq-olmamaqdır – Hüsniyyə
onun yuxusunu yozub, özü də dilxor oldu.
lll
Ağamurad evdə oturub günlərini sayırdı. İki həftədən
sonra yenə Tahirzadənin yanına getdi. Ancaq
bu dəfə şəstlə qapını açıb
içəri girmədi. Başqaları
kimi gözləmə otağının bir küncündə
məlul-müşkül boynunu büküb sakitcə oturdu.
Katibə içəri bir stəkan çay apardı və
qayıdanda Ağamurada belə bir cavab gətirdi:
– Tacəddin Paşayeviç deyir ki, onu tanıyıram. Gözləsin,
özüm çağıraram.
Katibəni saya salmadan Tahirzadənin kabinetinə icazəsiz-filansız
girib-çıxan meyvə-tərəvəz, pambıq,
tütün qəbulçuları, ticarət adamları
biri-birini əvəz edirdi, Ağamuradın başı hərdən
sinəsinə enib-qalxırdı. Ötən gecə
yaxşı yatmadığından hərdən
mürgülüyürdü.
Günorta
fasiləsi çatanda Tahirzadə kabinetindən
çıxıb, əlindəki açarla kabineti
bağlaya-bağlaya:
– Ağamurad!
Sağ olmuş, sən də elə vaxt gəlirsən ki,
baş qaşımağa macal tapmıram – dedi və
soruşdu:
– Həftənin
neçənci günüdür?
– İkinci günü.
Tahirzadə:
– Gəl
belə danışaq, – dedi. – Bazar günü düz səhər
saat onda səni gözləyirəm. Onda gəlib-gedən də
az olur. Bu məsələni
biryolluq həll eliyək, qurtarıb getsin. Etirazın yoxdur ki?!
Ağamurad
boynunu çiyninə tərəf əyərək:
– Siz məsləhət
görəndən sonra...
Onlar vədələşdikləri vaxt
görüşdülər. Tahirzadə rəsmi qaydada:
– Bilirsən
nə var, Ağamurad – dedi. – Düzdür, haçansa tələbə
yoldaşı olmuşuq, sizə də böyük hörmətim
var. Ancaq bunların idarə işlərinə dəxli
olmamalıdır. Bu rayon dedi-qodusu çox olan
yerdir. Yəqin ki, sizin bura tez-tez gəlib-getdiyinizi
başqa cür başa düşənlər də var.
Özümüzü dilə-dişə salmamaq
üçün gəl belə edək. Sizi
bir daha bu aralarda görməyim.
Tahirzadə
tələm-tələsik soruşdu:
– Evdə
telefonun var?!
– Bəli, var.
– Nömrəsi neçədir?
– 5-38-41.
Tahirzadə tələm-tələsik cibindən əl boyda kağız çıxarıb həmin telefonun nömrəsini, Ağamuradın adını və familiyasını qeyd edib, qabağından da iki sual işarəsi qoydu. Sonra ikrahla üzünü Ağamurada tutaraq:
– Bir də buralara üzükmə,-dedi,-lazım olanda özüm zəng vurub çağıraram.
Ağamurad dillənmədi. Matdım-matdım köhnə dostunun üzünə baxdı. Tahirzadə onun əlini sıxaraq:
– Get işində ol, – dedi. – Ürəyinə də başqa şey gəlməsin. Zəngimi mütləq gözlə. İki yaxşı vəzifə olsa, biri sənindir...
Ağamurad bir aydan artıq olardı ki, küçəyə-bayıra çıxmırdı. Telefonun yanını kəsdirmişdi. Həyətə enəndə, dükan-bazara gedəndə və ya hamamlananda mütləq onu bir adam əvəz etməli idi.
lll
İstilər başlananda qonum-qonşu qapını bağlayıb sərinləmək üçün köçlü-külfətli dağa-bağa çəkildi. Ağamuradın arvad-uşağı isə yayın cırhacırında yanıb qovrulsa da, telefon zənginin dərdindən bir yana tərpənə bilmirdi. Onlar bürkülü yay axşamlarının birində, dəhlizdəki televizorun qabağında əyləşib boyun-boğazlarını sancan ağcaqanadları ora-bura qova-qova konsertə baxırdılar. Musiqi proqramı başa çatandan sonra diktor qız xoş təbəssümlə belə bir məlumat verdi:
– Tahirzadə Tacəddin Paşa oğlu başqa işə keçməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir...
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2014.- 11 yanvar.-
S.28;31.