Ömrün poeziya ətri
, YAXUD ASİM
YADİGARIN 60 İLLİK YUBİLEYİNƏ ÜRƏK
SÖZÜ
Hər kəsin həyatında mütləq ona köməklik
edən, dəstək olan, ən azından imkanı daxilində
qarşılıqsız hörmət gördüyü
yaxşı insanlar olub. Bəlkə də Tanrı bu dünyaya elə
həmin yaxşı insanların üzü suyu hörmətinə
dəyib toxunmur.
Mən də həyatım boyu, xüsusilə poeziya
yollarında həmişə yaxşı insanlara tuş gəlmişəm. İlk qələm
təcrübələrimi (bəli, məhz qələm təcrübələri.
Bu ifadəni ona görə çox sevirəm
ki, burda qələm və təcrübə sözləri qəribə
bir təyin yaradır) hələ uşaq vaxtlarında, ötən
əsrin 90-cı illərinin əvvəllərində
kağıza köçürəndə evimizdə sözdən
anlayan vardı. Atam həmişə yazdıqlarımın dəyərindən
çox toxunduğum mövzuların mahiyyətini qiymətləndirməklə
mənə qol-qanad verib. 1994-cü ildən isə
Qubada türk liseyində oxuyanda məktəbimizdəki poeziya
dərnəyinə sevimli şairimiz Ramiz Qusarçaylı rəhbərlik
edib. Universitetin ilk iki kursunu isə Qazaxda
oxumuşam. Burda da Barat Vüsal
qarşıma çıxıb. 2000-ci ildən
Naxçıvan Dövlət Universitetinə
köçürüləndən isə Asim Yadigarla qarşılaşmışam.
Həmin vaxt bir qrupda oxuduğum tələbə
yoldaşlarımdan biri də Asim Yadigarın qızı
Günay xanım idi. Beləliklə də
Asim müəllimlə tanışlığım, ünsiyyətim,
o vaxtdan bugünədək isə yaradıcı əlaqələrim,
yaradıcı dostluğum yarandı.
Asim müəllim o vaxt Naxçıvan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində Ədəbi-Bədii
Proqramlar redaksiyasının baş redaktoru idi. İlk dəfə
televiziya ekranlarına da Asim müəllimin sayəsində
ayaq açdım. Yaxşı
xatırlayıram, 5-6 şeirimi səsləndirdim, özüm
haqqında danışdım. O görüşdən
sonra şeirlərimə yüksək qiymət verən Asim
Yadigar mənə ilk kitabımı çıxarmağı məsləhət
gördü. Nəşriyyat, çap vərəqi,
redaktor, korrektor sözlərini belə təsadüfi hallarda
eşitdiyim bir vaxtda şeir dəftərçəmi
götürüb yollandım Asim müəllimin yanına.
Elə onun ilk dəfə “Yolun uğurlu olsun”
ön sözü ilə ədəbi ictimaiyyətə qədəm
qoydum.
Bütün bunları yazmağıma səbəb Asim
Yadigarın bu yaxınlarda, daha dəqiq desəm, yanvar
ayının 5-də 60 yaşının tamam olmasıdır. Asim Yadigar 5
yanvar 1954-cü ildə dünyaya gəlib.
Ömrünün daha bir yubileyini qeyd edən, hazırda
Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı, Naxçıvan Muxtar Respublikasının əməkdar
mədəniyyət işçisi, bütün bunların
fövqündə isə dəyərli söz adamı,
şair Asim Yadigar haqqında ürəyimdəki sözləri
qələmə almaq keçdi könlümdən.
Onunla bir dəfə Türkiyənin Gümüşhanə
şəhərinə bir həftəlik mədəniyyət
günlərinə yollanmışıq. Bir otaqda
qalmışıq. Yol təəssüratlarımdan
da deyə bilərəm ki, Asim Yadigar həm də
yaxşı yol yoldaşıdır. Xalqın
uzunömürlü təcrübəsi də göstəriri
ki yol yoldaşlığı edə bildiyin biriylə
ömrün sonuna kimi yanaşı addımlamaq olar. Bu mənada Asim Yadigar yaxşı şair, olmaqla
yanaşı, yaxşı insan, yaxşı yol yoldaşı,
sirdaşdır. Məmməd İsmayılın
yaddaşımda yurd salmış iki misrasını
xatırlayıram:
Şair
ki, sevilən şair olmadı,
O, insan
kimi də hörmətdən düşər.
Asim Yadigar şeirləriylə ürəklərə yol
tapmış şairlərdəndir. Onun şeirlərində
poeziyamızın bir çox janrlarında qələmə
alınmış o qədər gözəl nümunələr
var ki, istər-istəməz ruhunu riqqətə gətirir,
ovqatını təzələyir, oxuduğundan heyrətlənib
yenidən oxumaq istəyirsən.
“Zirvə
yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin
sonu var”, “Midiyanın süqutu”, “Kalba Musa çeşməsi”,
“Bahar”, “Sənətinin vurğunu”
adlı 8 kitabın müəllifi olan Asim Yadigar
Naxçıvanda yaşasa da sözüylə, şeirləriylə
Azərbaycan boydan-boya dolaşıb. Qonşu
ölkələrdəki mötəbər kürsülərdən
onun şeirləri ürəklərə yol tapa bilib. O,
həm də məhsuldar fəaliyyəti ilə seçilən
biridir. Təkcə elə sadalayacağım
faktları 60 illik ömrə sığdırmağın
özü də böyük istedad, qabiliyyət və zəhmət
tələb edir. Belə ki, Asim Yadigar 6
pyesin, 20-yə yaxın poemanın müəllifidir.
Onlarla şeiri fransız, rus, fars, türk
dillərində nəşr olunan qəzet və jurnallarda, ədəbi
almanaxlarda çap olunub. 20-yə yaxın
almanaxda 70-dən artıq şeiri, poeması, pyesi dərc
edilib. Bir vaxtlar işlədiyi “İki sahil” və “Şərq
qapısı” qəzetlərində eləcə də ölkənin
digər mətbuat orqanlarında yüzlərlə məqaləsi,
resenziyası işıq üzü görüb. Naxçıvan Dövlət Televiziyasında və
radiosunda son 25 ildə minə yaxın veriliş hazırlayaraq
tamaşaçı və dinləyicilərlə
görüşüb.
Bütün bunların hamısını göz
önündə canlandıranda sözün həqiqi mənasında
bir yaradıcılıq heykəli qarşısında
dayandığını zənn edirsən.
Asim müəllimin yazdığı şeirlər
içərisində yaddaşımda həkk etdiyim bir
çox nümunə var. Amma tarixçi alimə
ünvanlanmış şeirində bir vətəndaş,
milli təəssübkeşlik duyğusunu aydınca görmək
olur.
Tarixin toz
basmış cığırlarında
Bəzən seçmək olmur qaradan ağı.
Min ildən
o yanda qalan tarixi
Sonradan başqa cür yazırlar axı.
Xalqalar
var qələmdən tutur qılınctək,
Qələmlə döyüşüb zəfər
çalırlar.
Elə
tarix yazır tarixyazanlar,
Tarixin özünü çaş-baş salırlar.
Minillik
tarixlər qələmə möhtac,
Tarix də qələmin quludur demək.
Kimin
güclüdürsə qələm tutanı,
O
xalqın tarixi uludur demək.
Bir neçə bəndini nümunə gətirdiyim bu
şeirdə şair nə qədər gözəl ifadə
edib qələmin qüdrətini. Kimin qələm
tutanı güclüdürsə o xalqın tarixi də
güclüdür ifadəsi təkcə zamnının yox, məncə
bütöv bir zamanın ifadəsidir. Və
zaman bunu şairdən alacaq, xalq bunu şairdən alaraq
özünün folklor genefonduna daxil edəcək, minilliklər
boyu yaşadacaq. Atalar sözü, məsəllər
səviyyəsində qoruyacaq. Çünki
bu iki misranın daşıdığı məna
yükündə böyük mətləblər ifadə
olunur. Şair həm də bütün
zamanlarda qələm sahiblərinin qılınc sahiblərindən
daha güclü olduğunu göstərib. Bu gün dünyaya vaxtı ilə sahiblik edən,
hakim olan hökmdarların hökmü dara çəkilib.
Amma sözün qüdrəti həm də
ondadır ki, o əsrləri də, nəsilləri də geridə
buraxaraq zamana yoldaşlıq edə bilib.
Bu şeirdə Asim müəllimin demək istədiyi
bir başqa mətləb isə tariximizi həmişə
düzgün və dəqiqi yazmalı, təbliğ etməliyik. Yəni qələmimiz həqiqəti,
doğrunu zamanında yazdıqca nə bu xalqı, nə də
onun tarixini heç kim dana bilməyəcəkdir.
Sözlərində öz kədərindən daha
çox xalqının kədəri hakim kəsilən bir
şairin şeirlərində millət yanğılı, Vətən
sevdalı, xalq eşqi ilə döyünən o qədər
şeirlərə rast gəlirik ki.
“Bir
nağıl de”, “Səni döyüşə göndərirəm”,
“Azərbaycan bayrağı”, “Azərbaycan dünyaya günəş
kimi doğacaq”, “Hücum əmri ver mənə”,
“Döyüş havaları çaldırmalıyıq”,
“Darıxan məzarlar” və bu qəbildən olan yüzlərlə,
bəli yüzlərlə şeirində Asim Yadigar təkcə
şair deyil, həm də vətəndaşdı, əsgərdi,
şəhiddi.
Asim müəllim bəzən bir misra üstündə
ağlamağı bacaran şairdi. Sözün qədrini
bilənlər, sözə tapanlar, sözə xidmət edənlər
nə o sözü dəyərdən düşməyə
qoyarlar, nə də onu havayı sərf edərlər. Bu mənada Asim Yadigar da sözə ən qiymətli
varlığı kimi yanaşır. Ona görə də
şeirlərinin birində deyir ki:
Söz
üstündə əriyirəm, yanıram şam tək,
Elə bil ki, oturmuşam köz üstündə mən.
Ağlayıram
için-için, bir kimsə bilmir,
Ağlayıram bircə misra söz üstündə mən.
Sözə bu cür həssas yanaşan şairin
yaradıcılığında istədiyiniz qədər
maraqlı şeirlərə, misralara rast gələ bilərsiniz.
Belə ki, “Muğam”, “Qızımın “üsyanı”,
“Mən böyük adamam”, “Özümlə söhbət”,
“Darıxan məzarlar”, “Hər şeyin sonu var”, “Unut bu
sevdanı”, “Bir damla yaş kimi” və sair şeirlərin
siyahısını o qədər artırmaq olar ki. Mən bu şeirlərdəki bir neçə
nümunəni də oxucuların nəzərinə
çatdırmaq istəyirəm.
“Muğam
çalınanda susur bu aləm,
Səslərə qarışıb inləyirəm mən.
Muğam
çalınanda elə bilirəm
Min illik dərdimi dinləyirəm mən.
(Muğam)
lll
Bilmədik
bahardı, bilmədik qışdı,
Kədər qəlbimizdə şırımlar
açdı.
Cəbhəyə
nişanlı gedən oğlanı
Güllələr təzədən
nişanlamışdı.
(Qara
kağızlar)
lll
Vətəndir
dünyada hər şeydən əzəl,
İlk
sevgim, son sevgim bu yurd,
bu
torpaq.
Məndən
inciməsin sevdiyim gözəl,
Vətəni
sevmişəm mən ondan qabaq
(Vətən
sevgisi)
lll
Sevgi od kimidi yanada közü,
Sönəndə adamı külü yandırır.
(Unut bu
sevdanı)
Bu cür
bədii poetik nümunələrlə dolu olan poeziya aşiqi,
söz vurğunu Asim Yadigarın həm də qeyri-adi
yaddaşı var. Onun hafizəsində xalqın söz xəzinəsinin
yüzlərlə nümunəsindən əlavə, Xaqanidən,
Nizamidən, Həsənoğludan, Nəsimidən, Füzulidən,
Xətaidən, Vaqifdən, Dədə Ələsgərdən,
Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən, Məmməd
Arazdan, ən müasir Azərbaycan poeziyasının dəyərli
şairlərindən, eləcə də Türkiyə və
Şərq poeziyasının tanınmış onlarla
şairindən, rus və dünya kalssiklərindən yüzlərlə,
yaddaşını silkələsən bəlkə də minlərlə
nümunə hifz olunub. Bütün bunlarla
yanaşı o özünün qələmə
aldığı, həcmcə kiçik yaxud
böyüklüyündən asılı olmayaraq
bütün nümunələrini əzbərdən bilir.
Hətta bəzən şair dostlarının
öz şeirlərini söyləyərkən yadlarından
çıxan misralarını Asim müəllim onlara
xatırladır.
Yuxarıda
söz açdığım Gümüşhanə səfərimizdə
o Türkiyə vətəndaşları ilə söhbət
zamanı Türkiyənin bir çox şairindən, Mehmet
Akif Ersoydan, Tofiq Fikrətdən, Yəhya Kəmal Bəyatlıdan,
Nəcif Fazıl Kısakürəkdən, Nazim Hikmətdən,
Fazıl Hüsnü Dağlarcadan ard-arda o qədər
nümunələr söylədi ki, ətrafımıza
toplaşanların hamısı bu mənzərədən
valeh olmuşdular.
Bu gün də təkcə şair və
yazıçılar yox, bəzən ayrı-ayrı sahələrdə
çalışan ziyalılar belə hər hansı bir
misrada, şeirdə dara düşəndə mütləq
Asim müəllimin zəngin yaddaşına üz tuturlar.
Asim Yadigar həm də Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin sədridir. 2007-ci ildə
Birliyin növbəti konfransında sədr seçiləndən
sonra blokadada olan bu bölgədə ədəbi mühitdə
xeyli canlanma yarandı. Demək olar ki, hər
ayda 3 dəfə burada ayrı-ayrı ədəbi dərnəklər
keçirilir. Ayda bir dəfə gənc ədəbi
qüvvələrin yığıncağı keçirilir.
Burada şeirlərini oxuyan, hekayələrini səsləndirən
yeniyetmə yaradıcılara Asim müəllim öz məsləhətlərini
əsirgəmir.
Hazırda
nəşriyyatda Asim Yadigarın şeirlər, poemalar və
dram əsərlərindən ibarət yeni kitabı çapa
hazırlanır. Bundan əvvəlki
kitablarında olduğu kimi bu yeni nəşrdə də biz
sevilən şairin bir-birindən maraqlı şeirlərini
oxuyacağımıza əminik.
60 il bir insan ömür üçün zaman etibariylə bəlkə də yetərli deyil. Lakin 60 illik bir ömürdə bu qədər işlərin görüldüyünü düşünəndə Asim Yadigarın bu ömürdən səmərəli şəkildə istifadə etdiyini görmək olar.
İnsan arzuları isə qətiyyən tükənmir. Asim müəllimin də hələ arzusunda olduğu çox şeylərin var olduğuna əminəm. Bu mənada mən Asim müəllimi 60 illik yubileyi münasibətilə təbrik edirəm.
Asim müəllim, yeni-yeni poeziya nümunələri qəlblərində yurd saldığınız oxucularınızı bundan sonra da öz sevilən poeziyanızla riqqətə gətirəcəyinizə əminəm. Bunun üçün isə sizə uca Tanrıdan uzun və sağlam bir ömür arzulayıram.Bir də ki, şair qəlbi kövrək olur deyirlər. “Qurd oğlu, qurd olasan gərək bu zəmanədə, yaşamaz canım gözüm, çiçək bu zəmanədə” desəniz də, nə qədər ki, şairlər var, ürəklərə yol tapan şeirlər var, o şeirlərdə hələ çox çiçəklər ətir saçacaq. Poeziya ətriniz heç zaman tükənməsin.
Elxan
YURDOĞLU, şair
525-ci qəzet.-
2014.- 11 yanvar.- S.25.