Ədalət Əsgəroğlunun onsuz keçən ilk doğum gününə...
Sığınıb Tanrı eşqinə,
Hürr olan, hürr
olum necə?
Könül, odun bəs eyləmir,
Bu odnan,
kül olum necə?
Cana məlhəm sözü yoğur,
Ələ düşməz belə uğur.
Olumdan bir ölüm doğur,
Ölümdən bir ölüm necə?
Əsgəroğlum çox yanası...
Tikansızdı gülxanası.
Eşqin dəli-divanası,
Deməz ki, pir olum necə?
Yaşasaydı, yanvarın 7-də 56 yaşı
tamam olacaqdı. Amansız
ölüm bir neçə ay əvvəl
yaxaladı gözəl
şair, səmimi dost
və qayğıkeş
insan Ədalət Əsgəroğlunu. Özü cismən
aramızda olmasa da, işıqlı xatirəsi qəlbimizdə,
şeirləri dilimizdə,
ürəyimizdədi.
Ədalət Əsgəroğlu 80-ci illərdə ədəbiyyata gələn nəslin nümayəndəsidir. O nəsil bəxti gətirməyən nəsil sayılmasına baxmayaraq, Ədalət daima şeirlə, ədəbiyyatla nəfəs alan bir qələm adamı idi. İlk kitabı “Yaz ilə gələn sevda” 1989-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Göyçaydan başlayan ömür yolu”( 1999), “Mən sənə aşiqəm, dünya!” (1997), “Özüm qürbətdə, gözüm vətəndə” (2000), “Sabahını itirməyən adamlar” (2003), “Məmləkətim canım mənim...” (2005), “Dərdimizin qan rəngi” (poema: 4 dildə, Bakı, “Mütərcim”, 2009) kitabları çap olunub.
Ədalət Əsgəroğluna “Ruhun şad olsun!” və “56 yaşın mübarək” deyirik. Sən bizim qəlbimizdə daim yaşayacaqsan əziz dost, gözəl şair!
Dayandur SEVGİN
525-ci qəzet.- 2014.- 11 yanvar.- S.22.