Ağalar Bayramov səsinin sehri və yanğısı
Onun haqqında düşünəndə
həmişə ilk olaraq
ağlıma gələn
Həzrət Əlinin
(s) bu mübarək kəlamları olur: "Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir".
Ağalar Bayramov Allahın
ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən
onun adının önündə titullarını
yazmadım. Çünki onu hamı sadəcə
Ağalar Bayramov kimi tanıyıb sevib - titulsuz-filansız.
O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq
olmur: "O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur".
Mən Ağalar
müəllimi əvvəlcə
səsiylə tanımışam. Səsinin sehrinə,
ovsununa düşən
yüz minlərin, milyonların biri də mənəm. O
səsi dinləyəndə
adamın dünyanın
dərdi-səriylə baş-başa
qaldığı anlar
da olur, sevincdən aşıb-daşan,
cavanlıq eşqiylə
çağladığı vaxtlar da.
Mən onun səsini sadəcə eşitmirəm, həm də o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın və məcburi köçkünlərin ah-naləsini də çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir də çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs.
Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi də bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm də ona görə verib ki, bizə qələbə sevincini də çatdırsın. Və onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var - Qələbənin rəngi... Qələbənin dadı... O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti də nəsib olar Ağalar müəllimə... İnşallah, o gün uzaqda deyil.
Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri də çox olub, dərdlə baş-başa qaldığı
anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər
onu sındırmayıb.
Dostoyevski bu
kəlamları sanki onun üçün deyib: "Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə
borcludurlar".
60 yaş ömrün
həm də bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə
hesabat vermək zamanıdır. Bu yubiley
isə Ağalar müəllimin təkcə
özünə yox, həm də Vətənə, millətə
hesabat məqamıdır.
Şükürlər olsun ki, bu hesabatda üzqarası
olacaq, dilgödəkliyi
gətirəcək səhifələr
yoxdur. Şərəfli
hesabat məqamın mübarək olsun, qardaş!
60 il Ağalar
Bayramovun fiziki ömrünün, cismani varlığının zaman
ölçüsüdür. Onun sənətinin, ecazkar səsinin
yaşı isə çox-çox qədimlərdən
başlayır. Və
hərdən mənə
elə gəlir ki, o elə 30-40 il bundan əvvəl
də 60 yaşındaydı
- müdrikliyi və əzəmətiylə, səsindəki
şirinlik və ağayanalıqla, dərdi
dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin
dilində danışdırmasıyla,
öyüd-nəsihətləriylə. Bu gün
isə o mənim üçün də həm də 30 yaşındakı gəncdir
- şuxluğu, gənclik
təravəti və enerjisi, qurub-yaratmaq həvəsiylə.
Sənətkar ömrünə ölməzlik
möhürünü çoxdan
vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı
və Tanrının qismətinə yazdığı
ömür payını
ağrı-acısız yaşamasını
arzu edirəm.
Bu günlər onu
təbrik edənlər
saysız-hesabsızdır. Mən də öz təbrikimi sosial şəbəkələrin birində
ona ünvanlanmış
təbriklərdən bir
cümlə ilə bitirmək istəyirəm:
"Ağa, bu qədər yanırsan, görəsən biz sənə
yana biləcəyikmi?"
Musa Nəbioğlu
Azərbaycan Aşıqlar Birliyinin
katibi, "Ozan dünyası" jurnalının
baş redaktoru525-ci qəzet.- 2014.- 14 yanvar.- S.8.