Mənim bu şəhərdə nə işim vardı?!..- şeir

 

 

 

Yaman sıxır məni, yaman bu şəhər,

Havası bir şəhər, suyu bir şəhər,

Qoxusu bir şəhər, iyi bir şəhər,

Mənim bu şəhərdə işim vardı?!..

 

Bağlı qapıları aça bilmirəm,

Yaxşını yamandan seçə bilmirəm,

Özümdən o yana qaça bilmirəm,

Mənim bu şəhərdə işim vardı?!..

 

Qorxulu dalanlar, tinlər varımış,

Cürbəcür adamlar, dinlər varımış,

Allah, görmədiyim günlər varımış,

Mənim bu şəhərdə işim vardı?!..

 

Ürəyim içimdə hey əsim-əsim,

Mən hara yubanım, hara tələsim?!

Qapısın açası yoxdu bir kəsim,

Mənim bu şəhərdə işim vardı?!..

 

Hardan gəldim, hara getdim, bilmədim,

etdimsə, özüm etdim, bilmədim,

İlim-ilim elə itdim, bilmədim,

Mənim bu şəhərdə işim vardı?!..

 

Özüm öz əlimdən tutub yeridim,

Böyüdüm, özümlə böyüdü dərdim.

Ağlıma gəlməyən şeyləri gördüm,

Mənim bu şəhərdə nə işim vardı?!..

 

Birisi başımı tovladı mənim,

Birisi evindən qovladı məni,

Birisi könlümü ovladı mənim,

Mənim bu şəhərdə nə işim vardı?!..

 

İçimdə haray var, içimdə savaş,

İtirəm burada mən yavaş-yavaş.

Axırı nə deyim, nə deyim, qardaş,

Mənim bu şəhərdə nə işim vardı?!..

 

Yaman sıxır məni, yaman bu şəhər,

Havası bir şəhər, suyu bir şəhər,

Qoxusu bir şəhər, iyi bir şəhər,

Torpağı bir şəhər, göyü bir şəhər,

Mənim bu şəhərdə işim vardı?!..

Bakı 1972

 

 

Zahid ŞAHSUVAROV

 525-ci qəzet.- 2014.- 14 yanvar.- S.8.