Şamil Əhmədov: "Ömrün hesabat
yaşındayam indi"
"Həyatdan da, sənətimdən də
zövq almağa, sənəti sevənlərə,
dəyərləndirənlərə isə zövq verməyə çalışmışam"
Bugünlərdə muğam ifaçısı, şair,
tanınmış el sənətkarı
Şamil Əhmədovun
60 yaşı tamam olur. Yubilyarla söhbətimizdə sanki
onun uşaqlıq, gənclik aləminə, keçdiyi ömür və sənət yoluna səyahət etdik. Şamil Əhmədov da yaşadığı ömrü
yola bənzədir, sonu haça bir yola... Bu ömür yoluna nəzər salmaq yəqin ki, oxucularımıza da maraqlı olacaq.
Sənət taleyimdə çox
uğurlu hadisələr
olub
- Atam da, anam
da əslən Cəbrayıl rayonundandır.
Atamı o vaxt Füzulinin Qaradağlı kəndinə
ferma müdiri göndəriblər. Buna görə
də ailəliklə
köçüb orada
yaşayıblar. Mən
də 1954-cü il, yanvarın 16-da həmin kənddə dünyaya göz açmışam.
Amma orada çox qalmamışam.
6-7 yaşım olanda indiki Beyləqan rayonunun Şahsevən kəndinə köçmüşəm.
Ora köçməyimin də
səbəbi bu olub ki, məndən
böyük olan rəhmətlik qardaşım
institutu qurtarandan sonra təyinatını ora veriblər, o da orada torpaq
alıb yurd salıb, mən də onun yanında
qalıb orta məktəbi başa vurmuşam. 1970-ci ildə orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və Ümumi Texniki Fənlər fakültəsinə daxil olmuşam. Sənət yolum da oradan
başlayıb. Elə
ali məktəbə daxil olduğum il institutun ansamblına
yazılmışam, konsertlərdə
çıxış eləmişəm. Ali məktəbə
daxil olmaq da məndə bir azar idi.
Deyirdim, elə instituta girim. Əslində sənədlərimi
riyaziyyata vermişdim,
balım çatmadı
deyə, Fizika və Ümumi Texniki Fənlər fakültəsinə daxil oldum. Tələbəlikdə pisdən-yaxşıdan
oxuyurdum, sonra 7 il də müəllim işləmişəm.
Amma müəllimlikdə özümü tapmadım.
İnstitutu bitirdikdən sonra uzun illər Cəbrayılda mədəniyyət
şöbəsində "Çinar" mahnı və rəqs
ansamblında solist olmuşam. Sənət taleyimdə çox
uğurlu hadisələr olub. 1972-ci ilin sonu,1973-cü ilin əvvəli
Berlində keçirilən Ümumdünya Tələbə
Festivalında iştirak etmişəm. Azərbaycanın ali məktəblərinin
içərisindən yeganə xanəndə tələbə
kimi mən çıxış eləmişəm və həmin
festivalın laureatı olmuşam. Bir az təvazökarlıqdan
uzaq olsa da, qeyd eləməliyəm ki, Azərbaycanda Ümumdünya Tələbə
Festivalının yeganə laureatıyam.
Sonralar Cəbrayılda ziyalılardan ibarət
"Arazbarı" ansamblı yaratdım.
"Arazbarı" Azərbaycan Dövlət Televiziyasında
dəfələrlə canlı konsert proqramı ilə
çıxış edib. "Arazbarı" indiki Heydər
Əliyev Sarayında da dəvətlə məxsusi
çıxış edirdi. Onda fonoqram-zad yox idi, canlı
oxuyurduq. "Arazbarı" ilə çox uğurlarım
olub. 1987-ci ildə, Oktyabr İnqilabının 70 illiyi
münasibətilə
dünyanın əksər dövlət və hökumət
başçılarının iştirak etdiyi Kremlin qurultaylar
sarayında Azərbaycanda dəvət olunmuş yeganə xanəndə
kimi mən çıxış etmişəm. Jak Şirak,
Fidel Kastro, Marqaret Tetçer, Reyqan kimi liderlərdən ibarət
auditoriya qarşısında çıxış etmək də
böyük məsuliyyət idi.
İfa
etdiyim muğamları vaxtında
yazdırmadığım
üçün peşmanam
Mənim
dayım aşıq Surxay Qarabağın ən məşhur
aşıqlarından olub. Böyük Vətən müharibəsinə
getdi, gəlmədi. Qarabağda köhnə kişilərin
hamısı onu tanıyırdı. Qarabağda məni toylara
da aşıq Surxayın bacısı oğlu kimi
çağırıblar. Mən toylarda, toyxanalarda
böyümüşəm. Tələbə olanda bəlkə
1-2 ay ata çörəyi yemişəm. Ondan sonra toylarda
oxumuşam, bu sənətlə dolanmışam, valideynlərimin
üstünə yük salmamışam.
Bizim Cəbrayıl
camaatı çox tələbkar idi. Bəzən həftənin
4 -5 günü Cəbrayılda toylarda oxuyurdum. Hər məclisi
bir dəsgah muğamı ilə başlayırdım, adətim
idi. Bu gün "Şur" oxumuşamsa, sabahkı toyu
"Çahargah", ya "Bayatı-Şiraz", ya
"Rast", ya da "Mirzə Hüseyn"lə
açırdım. Qəzəli
də təkrarlamazdım. İstəmirdim desinlər ki, Şamil
müəllim dünən filan muğamın arasında bu qəzəli
oxumuşdu. Qəzəllərin seçiminə diqqətlə
yanaşmışam, istəmişəm hər dəfə təzə
nəsə seçim ki dinləyicini yormayım. O vaxt mərhum
Əliağa Quliyev rəhmətlik Sabir Mirzəyevlə bizim
rayona konsertə gəlmişdi. O konsertdə mən
"Çahargah" oxudum. Sizi inandırıram, onlar məni
3 gün dilə tutdular, amma Bakıya gətirə bilmədilər
ki, o "Çahargah"ı yazdıraq.
Cavanlığımda ifa etdiyim muğamlarını
vaxtında yazdırmadığım üçün
peşmanam. Buna çox təəssüflənirəm.
Başım toylara qarışdı, o rayondan bu rayona, Gəncədən
Lənkərana toya gedirdim. Lənkərandan gəlirdim
Ağdama, oradan Bakıya... Ümumiyyətlə, fəxri ada,
yaxud şöhrətə marağım olmayıb. Xeyli
nüfuzlu festivallarda çıxış eləmişəm. Nə qədər diplomlarım,
orden- medallarım vardı, indi bir dənəsi yoxdur ki, 60
illiyimdə çıxarıb ortalığa qoyam
(gülür). Həvəs olmayıb. Amma indi
düşünürəm ki, əslində səhv eləmişəm.
Sənətimi
çox sevmişəm və
həmişə
məsuliyyət hiss eləmişəm
İndi
müasir oxuyanların bəziləri mətbuatda deyirlər
ki, konsertlərdə, el şənliklərində
çıxış edirəm. Nəsə toy adı çəkməyə
utanırlar elə bil. Baxırsan ki, müasir oxuyanların əksəriyyəti
yaşadığı evi də, mindiyi maşını da
getdiyi toyların hesabına alıb,
dolanışığı da toy hesabınadır, amma toy
adı çəkmirlər. Adam bu qədər
naşükür olmaz. Toyun nəyi pisdir ki? Bu da el adətidir.
Mən belə hesab edirəm ki, xanəndə
üçün ən böyük məktəb toyxanadı.
Görkəmli muğam ifaçılarımız da elə
toylarda püxtələşməyibmi? Mən min nəfərlik
toyxanada oxuduğum eyni həvəslə də 5 nəfər sağıcıya inəklərin
arasında konsert vermişəm. Sənətimi çox
sevmişəm və həmişə məsuliyyət hiss eləmişəm.
İndi
çox da toylara getmirəm. Nə yaş o yaş deyil, nə
də həvəs o həvəs... Amma 60 illik yubileyim
münasibətilə bu yaxınlarda "Arazbarı"
yazdırdım. Səs öz kökündə, öz yerindədir.
70-ci illərin səsiylə oxumuşam. Göz
qabağındadır. Azərbaycanın
Yaqub Məmmədov kimi sənətkarı olub. Rəhmətlik
Yaqubla Məmmədovla xeyli müddət çiyin-çiyinə
çalışmışıq. Hazırda da Alim Qasımov və
digər çoxlu sənətkarlar, muğam
ifaçıları var. Hamısına da böyük hörmət
bəsləyirəm. Amma Yaqub Məmmədovdan sonra "sənətkaram"
deməyə çətinlik çəkirəm. Alim
Qasımovdan sonra hansısa dəsgahı oxumağa adam utanar.
Sənətdə Yaqub, Alim deyiləm deyə,
düşünürəm ki, xanəndəlikdə
özümü tapmamışam. Hərdən hisslərimi qələmə
alıb şeirlər yazıram. Yazdıqlarımı gizlədirəm,
nə qədərini də cırıb atmışam. Fikirləşirəm
ki, Ramiz Rövşəndən sonra ağıllı adam
şeir yazmağa xəcalət çəkər.
Bir
şeyə təəssüflənirəm ki, bizim müasir
oxuyanlarımız, xüsusilə də estrada müğənnilərinin
bəziləri öz sənətlərinə məsuliyyətsiz,
biganə yanaşırlar. Efirdə mahnı oxuyurlar, sözlərin
mənasına fikir vermirlər, mətni səhv deyirlər.
Cavan bir ifaçı oxuyur ki, "Hər səhər tarladan
qayıdanda biz..." Ay anam balası, səhər-səhər
tarladan qayıtmırlar, tarladan axşam qayıdırlar. O qədər
belə "nümunələr" var ki... Hansını deyəsən?
Baxırsan cavan oxuyandı, az-çox istedadı da var, amma
sözü səhv oxuyanda dözə bilmirəm, durub
söndürürəm televizoru. Vallah, əlim çatsa deyərəm,
ay filankəs, bu sözlər kitabda başqa cürdü,
şair belə yazıb, sən oxuyan kimi yox...
Getdi, bir
də gələn deyil...
Bizim
muğam sənətində sevdiyim, ideal bildiyim çox sənətkarlar
olub. Onlardan biri də Qədir Rüstəmovdur. Rəhmətlik
Qədirlə elə də yaxın münasibətim
olmayıb. Amma səsinə vurğun idim. O səsdən yox
idi, olmayacaq da... O, vəfat edəndə Bakıda deyildim. Efirdən
cənazəsinin götürülməsini izləyəndə
sinəmdən ağı kimi şeir qopdu:
Evləri
köndələn deyil,
Bizə
gül göndərən deyil,
Getdi, bir
də gələn deyil,
Bu nə
xəbər, bu nə kədər?,
Sona
bülbüllər, bülbüllər...
Dəryada
bir gəmi qaldı,
Biçilmədi
zəmi, qaldı..
Getdi, bizə
qəmi qaldı,
Gərək
dözək biz birtəhər,
Sona
bülbüllər, bülbüllər...
Bu nə
toydu, bu nə vaydı,
Fələk
saydığını saydı.
"Segah"ı
lap yetim qoydu,
Sizi
"Segah"dan beşbetər,
"Sona
bülbüllər", bülbüllər...
Bu həm
də itirdiyimiz cənnətməkan Qarabağa çəkdiyim
ağıdır...
"Qarabağ
şikəstəsi" oxuya -oxuya
Qarabağı
verdik...
Məlum
hadisələr yeni başlayanda rayonda mitinq olurdu, Şamil
oxuyurdu, Xudafərin körpüsündə mitinq olurdu,
Şamil üzünü Arazın o tayına tutub oxuyurdu...
Başısoyuqluq elədik, düşmənimizi olduğu kimi
qiymətləndirmədik, "əşi, ermənidi də,
neyləyə bilər?"-dedik. "Erməni qələt eləyir"-deyə-deyə
didərgin düşdük Qarabağdan... 1990-cı ildən
Bakıdayam. Amma rayonla sıx əlaqəm vardı.
Yaxınlarımla, doğmalarımla,
dostlarımla tez-tez görüşürdüm. Mingəçevirdə
bir dostum var: İsmayıl İmanzadə.
Qaçqınlığın 10-cu ilində bir şeir
yazmışdı:
Kürü
Araz bilir, Bozdağı Diri,
İtibdi
haçandı qibləsi, piri...
Ağlaya-ağlaya
10 ildən bəri,
Bir
şair yaşayır Mingəçevirdə..
Mən də
Qarabağsız, Cəbrayılsız o şairin günündəyəm...
( göz yaşlarını gizlədə bilmir) Bəzi sənətkarlar
deyirlər ki, Qarabağ alınsa, sürünə-sürünə
o torpaqlara gedərəm, oxuyaram... Qarabağa sürünə-sürünə
deyil, döyüşə -döyüşə getmək
lazımdır. Gedib orada dədə-babalarımızın
dağıdılan məzarlarını, uçurdulan məscidlərimizi,
yerlə-yeksan olmuş yurdlarımızı görəndə
oxumaq olar? Onda qan ağlamaq olar ancaq.(kövrəlir)
Haçadı
sonu bu yolun...
Yaşadığım
ömrü yola bənzədirəm. "Yol" şeirlər
silsiləsində yazdığım kimi:
Bu yolun
yolu haradı?
Ümidim
para-paradı..
Bu yolun rəngi
qaradı,
Qara yolun
sonu qara...
Bu yolun
yolları daşdı,
Bu yol
bütün yoldan başdı.
Bu yolda
lap ağlım çaşdı,
Ağlım
hara, başım hara?
Bu yollara
gələn bilməz,
Bu
yolları gəzən gülməz,
Bu yolları
gedən gəlməz,
Gəldim
hara, gedim hara?
Quruyub
yolu bu yolun,
Açılıb
qolu bu yolun,
Haçadı
sonu bu yolun
Ölüm
hara? Qalım hara?
Mən bu
yolda saç ağartdım, gəlib altmışı
haqladım. Ömrün hesabat yaşındayam indi.
Yaşadığım həyat boyunca hər yeri gəzib
dolanmışam. Həyatdan da, sənətimdən də
zövq almağa, sənəti sevənlərə, dəyərləndirənlərə
isə zövq verməyə çalışmışam. Həyatım
özü sanki mahnı olub, "Mahnılar" şeirimdəki
kimi:
"Yar
bizə qonaq gələcək",
Açılmaq
bilmir "Bu səhər".
"Günəş"
"Şirin-şirin" yatıb,
"Gəlmir
ki gəlmir" bu səhər.
"Bağçada
güllər" "Ay çiçək",
"Gül
açdı" "Sən gəlməz oldun".
"Dur gəl,
nazlana nazlana"
Dünya gülsün, "Bahar
olsun"
"Küçələrə
su səpmişəm",
"Dön
geri bax", bir dön, geri.
"Sudan
gələn sürməli qız"
Gəl,
"Yeri, dam üstə, yeri".
"Qaşın,
gözün zil qaradı",
"Sənin
kimi yar hanı"
"Əsmə
külək", "Yağma yağış"
"Apardı
sellər Saranı".
"Bu
gecə" də "Gülə-gülə",
"Gəldi",
"Yar gəldi, yar gəldi".
"Bir
aləm" "Var gülüşündə",
"Dünya
gülür", "Nədəndi".
Düşünürəm
ki, buracan yaxşı yaşamışam. İnşallah,
bundan beləsi də Tanrının qisməti ilə
yaxşı olar...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 14 yanvar.- S.7.