Meşənin payız nəğməsi
Xalq yazıçısı Elçinin "Bülbülün nağılı" hekayəsindən təsirlənərək...
Payız
təbiətimizə min bir rəngli donla gəlir. Al-əlvan rəngə
boyanan meşələrin ayağında şəlalələrin,
dağ çaylarının coşğun gurultusu eşidilir. Saysız-hesabsız
səs tonlarının yaratdığı əsrarəngiz
simfoniyada heç bir xariclik yoxdur. Möcüzədir! Sayı -hesabı bilinməyən bu səs çələnginin
heç birində qəlbə xoş gəlməyən,
insanı nəvazişlə oxşamayan bir səs belə
yoxdur. Nəhəng çayların da,
kiçicik arxların da daşaraq, qaçaraq
daşıdığı səs, səsləndirdiyi musiqi
ancaq və ancaq insana səbr, dinclik, cənnət zövqü
bəxş edir. Bulaqlar son nəğmələrini
payızın vidasına həsr ediblər. Bulaq üstə tökülən hər
qızılı yarpaq sanki isti ana əllərinin üstünə
düşür. Bəzən bu axarlı -
baxarlı bulaqların isti qoynundan axan sular kədərli
göz yaşlarına dönür. Avazımış
yarpaqların vida günündə üstündən axır.
Onların ömrünü suların əbədi
ömrünə qatır. Gələn
baharadək. Yenidən su ömründən,
torpağın təkindən misqal-misqal, damla-damla ağacın köklərindən
budaqlarına sovrulacaq. Tumurcuq-tumurcuq,
çiçək-çiçək, qönçə-qönçə
yeni həyata qayıdacaq ağacların çətir-çətir
yarpaqlarında bulaq ömrü.
Bir qədər
aralıdakı talada - böyürtkən kollarının
qalın yerində ara-sıra payız meyvələrinin
ürkək-ürkək, gizlin-gizlin, al-əlvan rəngləri
görünür. Kasıblaşan təbiətin
bu xırım -xırda, muncuq-muncuq meyvəcikləri
solğun tikanlıqların, alabəzək yarpaqların
içində baş qaldırır. Yarpaqlar
xəsis bağban kimi bu qış meyvələrini gizlətmək,
üstünü örtmək istəyir. İlin bu vaxt-vədəsində
barını heç kimə qıymaq istəmir.
Kollar, tikanlıqlar
ana qədər əzizləyir mer-meyvəsini. Ani olaraq alacəhrə
kolluğa girir. Tikanlığın sıx
yerini eşələyir. Başa
düşdüm ki, bu tikanların yarpaq - yarpaq ovucları nə
üçün meyvəsini gizlədirmiş. Bir-birindən
yaraşıqlı balaca meşə quşlarının
civiltisi ətrafdakı
səssizliyi pozur. Sarıköynək,
qaratoyuq ağacdan-ağaca uçduqca meşənin sükutu
şux nəğmə ilə əvəzlənir. Ağaclar yorğun-arğın başlarını
yellədir, bəzən də budaq-budaq əlləriylə
uzaqdan ötən buludlara meydan oxuyan qüdrətli
quşları salamlayırlar. O quşlar isə uzaqlara,
gözlə görünməyən sonsuzluqlara uçurlar. Ürəyi
qalıb bu ağacların o quşların ardınca. Bu meşə də, bu ağaclar da sanki qanad
açıb köçəri quşların dalınca
uçmaq istəyir. Fəqət təbiət
onlara uçmaq səxavətini bağışlamayıb.
Bir azdan külək səngiyir. Ağaclar sakit-sakit yuxuya gedirlər. Ayaq üstə mürgüləyirlər. Taleləri ilə barışırlar. Elə
sürbəli, qatarlı quşların naz-qəmzəli zümzümələri artıq uzaqlaşıb esidilməz
olmuşdu. Düz gələn yazadək. Meşə yenə balaca perik quşlarıyla gecələməyə
hazırlaşır. Uzaqlarda qəfil çöl xoruzunun qəlb
oynadan nəğməsi eşidilir. O nə soyuqdan, nə də
qardan qorxur. Gah ağacların sıx
budaqları, gah da tikanlıqların qoynu onun oylağı
olur. Nə nəfəsi
tıncıxır, nə təntiyir. Aramsız
büsatındadır.
Dərinliyə getdikcə bildirçinlərin fərəh
dolu səsi uzaqlaşan bulaq səsinə qarışır. Heç bir
qorxu-hürkü hiss etmədən cığır boyu fərəhlə
ninni vuran bu cəld quşlar özlərini qorumağın da
qayğısına qalmağı unutmurlar. Daldalanacaq
kimi sıx tikanlıqların dibindəki qalın otların
içində ani yox olurlar. Payız
hamını imtahana çəkir. Canlıları,
cansızları qış sınağına
hazırlayır. Bir az qabaqda kolların, ağacların dərəyə əyildiyi
yerdə yarğan görünür. Yarğanın
tən ortasında alabəzək quşlar
atılıb-düşür. Bədəni
qırmızıya çalan çəhrayı rəngli
quş otlarla oynaqlaşır. Başı, qanadları isə
bir az yaşılbaş ördəyin rənginə
oxşayır. Ancaq tündlükdən qaraya
çalır. Bu al-əlvan quşun zərif ayaqları,
qaratoyuğun dimdiyinə oxşar dimdiyi var. Buralarda az olur. Yəqin yem dalınca gəlib. Yarğandakı
koma-koma otlar, lopa-lopa tikanlıqlar və ətrafındakı
cır meyvəli kollar
quşlara-sığırçınlara, meşə sərçələrinə
gəl-gəl deyir. Qara
sığırçın lap qaratoyuğa oxşayır.
Kolun şax qanadına qonub, özünə
sığal verir. Yem dalınca gəlsələr
də, bəzən özləri də yemə çevrilirlər.
Axı buralarda çalağanların,
qırğıların da tez-tez qıyıltısı
eşidilir.
Az qala
adam kimi ağacları döyəcləyən ağacdələnin
qorxmaz inadı çalağanları belə heyrətləndirir.
Quşların bəhsə-bəhsi
yolçuları, ovçuları ovundurur. Dağ çayının yaratdığı su dəryaçası
boyu qamışlıq hələ tam saralmayıb. Qamışların ədalı-ədalı yellənməsi
şıltaq gözəllərin nazlanmasına oxşayır.
Qamışlıq boyu çox da iri olmayan su
quşları oynaqlaşır. Hava
çox da soyuq deyil. Qamışlığın
içində quşlar hər cür yem tapa bilirlər.
Qamışcıl quşlar meydan tutur. Lap sözün həqiqi mənasında meydan
sulayırlar. Meşə talaları,
çaysahili, gölsahili kolluqlar bu quşların
oylağıdır. Ən azı quşlar
bu qış da yemdən çətinlik çəkməyəcəklər.
Qamışlığın lap içində isə sanki
quş bazarı fəalliyyətdədir. Qamışların
üstündə uçan quşların büsatı qurulub.
Qamışa sarılıb yorulmadan, var səsləriylə
qışqırışırlar. Səslərində
bir az hikkə, bir az qorxmazlıq var. Hələ
lovğalığı demirəm. Axı iri-iri su quşları bu balaca
uçağanların ayaqları altındadır. Su quşları nə qədər olsa da, cüssəli,
bədənli olmalarına baxmayaraq, qamışlara sarıla
bilmirlər, qamışlara qona bilməzlər. Hələlik meydan bu balaca şən
quşlarındır.
Avazlarından
qalmayan lovğa quşlardan bir qədər aralıda, suyun dərinliyində , bir az uzaqda gömgöy
suların zümrüd qoynunda daha iri su quşları-ördəklər,
qazlar üzüşür. Onlar elə də
çox deyillər. Həmişə də
bu balaca dağ gölünə qonaq gəlmirlər. Bərk boran olanda, külək qəfildən qalxanda
arabir onları burada görmək olur. Onlar
gölün qoynunda rəqs edir, özünəməxsus
fiqurlar cızırlar. ... Sanki kənardan sehrli bir əl
Səttar Bəhlulzadənin qələmi ilə "Kəpəzin
göz yaşları" nı burada -
Göy gölün balaca bacısının qoynunda yaradır.
Lacivərd suların inci dalğaları elə
bil rəssam əli ilə qırçınlanıb.
Bir-birini qovan kiçik ləpələr gah su quşlarını cinlədir,
gah da qayıdıb sevinclə
quşların qoynuna atılırlar.
Kollara əl uzadıb yetim uşaqlar kimi
başını sığallamaq istəyərkən balaca
cik-cirik qəfildən pırıldayıb uçur. Təbiətin bir
görümlü lövhəsi ilə üz-üzə gəlirsən:
quru, boz, sıx tikanların qoynunda xırdaca bir quş
yuvası.Bəli, ömrünü yaşamış quş
yuvası aydın görünür. Bir daha təbiətin
gözəlliyinə, möhtəşəmliyinə heyran
oluram. Təbiət hər şeyi
vaxtında və yerində bəxş edir. Dünən
o sıx yarpaqlar içində gizlənən quş
yuvasına gizlinlik, pünhanlıq üçün sıx
yaşıl yarpaqlar
lazım idi. Yaşıl örtük kimi
quşların balaca evlərini, rəngarəng
yumurtalarını bürüyən yarpaqların möcüzəsinin
bir daha şahidi olursan. Artıq bu boş
yuvanın daha gizlənməyə ehtiyacı yoxdur. Axı indi orda nə yumurtalar var, nə də quş
gecələyir.Aylar ötər, fəsillər dönər
yenidən dünyaya gəlmək istəyən canlılar
üçün təbiət yeni bir canlı güşə-zümrüd,
lacivərd pərdələr yaradacaq yarpaq-yarpaq. Ah, təbiət,
təbiət! Hər yarpağın altında
bir sirr, hər damlanın içində bir nəğmə
gizlənir.
Nəğmə deyib bu balaca arxın üstündən
qədəm basıram. Pırıltı ilə uçan meşə cüllütü
məni diksindirir. Ayağımın altından
sanki qanadlandı bu quş. Necə sayıqlıqla, necə
cəldliklə! Ən müasir təyyarələrin
belə həsəd apardığı manevrlə sanki təhlükədən
yayınaraq dərəaşağı qaragilə və
şingilə kollarının arasında yoxa
çıxdı. Ayağının altında,
sağında-solunda bir an bundan əvvəl uçub
canını qurtaran
cüllütün didik-didik edib eşdiyi qara
torpağın hər tərəfində sanki dəmirağac
adlı bir ananın səpdiyi xırda, sarı buğdaya
oxşayan toxumlarını görürsən. Bu
toxumlar həm gözəldir, həm də təbiətin
kasıblığında onu varlandıran ən dəyərli
nemətdir. Başımı
qaldırıb qollu-budaqlı dəmirağacın kövrək
qamətinə göz gəzdirirəm. Donunu
soyunmuş, yarpaqlarını tökmüş bu meşə
gözəli bəzən lap utancaq gəlinə
oxşayır. Qıpqırmızı rəngə
boyanmış son yarpaqlar dəmirağacını
qırmızı duvaqlı gəlinə bənzədir.
Bir -birinə sarılmış ağ
gövdələr sevən ürəklərin ayrılmaz
birliyindən, ağaca pərçimlənmiş
vüsalından soraq verir. Düşünürsən
ki, dəmirağac elə dönməz sevgisiylə əbədiyaşardır.
Altdan yuxarı bu iki qəlbin həsrətinə
baxdıqca gövdə-gövdəyə sarılan,
budaq-budağa qovuşan bu dilsiz ağaca hopmuş zərifliyi,
zənginliyi...qaynaqlığı heyrətsiz seyr etmək
olmur. Belə cazibə hiylə nə
olduğunu bilməyən, səmimiyyətinə şübhə
olmayan, ömrünü daim ayaq üstə keçirən dəyanətli
canlılara xasdır. Baxın sal
qayanın oyuğundakı zərif, çəlimsiz gülə.
Məgər o, yumşaq, qara torpağın
qoynunda naz-nemət içində böyüyə, şellənə
bilməzdimi? Özünü qart qayalara pərçim
edən bu mətin güllərdən, qaya sinəsində yellənən
yabanı otlardan çox şeylər öyrənmək olar.
İnsan iradəsiylə, dözümüylə,
səbriylə və ən çətin anlarda nikbinliyiylə
bu qaya üstündəki zərif çiçəklərə,
məhrumiyyətlərə baş əyməyən boz otlara
borcludur. Elə bil bizi gözləyirmiş
kimi, balaca qayaquşu özünü yırğalanan otlara
çırpır, yavaşca oyuğa
sığışır. Otların dibini
eşələməyə başlayır. Nə çalağanın, nə də sincabın
diqqətini cəlb edir. Günəşin
solğun şüalarından belə bərq vuran mərmər
qaya daşları sanki bir ustanın məharətiylə
oxvarlanıb, cilalanıb. Burdakı quşlar isə sehrli səsləriylə
sanki bir-birinin bostanına daş atır.
Cığırın yarpaq örtmüş kəsiyindən yuxarı boylandıqca yerə döşənmiş xəzəllərin hardan töküldüyünün şahidi olursan. Xəzan heç kimi bağışlamaq istəməsə də, arabir ağaclardakı zümrüd yarpaqlar var gücləriylə, təkəbbürlə özlərini nümayiş etdirirlər: mən hələ varam, yamyaşılam, solmamışam. Kiçik lianalardakı həyatın gücü, əzmkarlığı "Həyat eşqi"ndəki ruh mənbəyini bizə nişan verir. Bu mənbə elə qoca, həmişəcavan təbiətdir. Bu yaşıl yarpaq heç bu ağacın da deyilmiş. Ağacın budaqlarından uşaq kimi yapışıb burula-burula başına qalxan, xırdaca qırmızı-qırmızı giləmeyvələriylə qaratoyuqlara, qış bülbüllərinə qida olan bu hikkəli bitki gilgildir. Onun mərciməyə oxşar xırda, girdə və qırmızı meyvələri sanki qovrulub. Quşlar onu həvəslə dimdikləyir. Yamyaşıl yarpaqlarından isti havaların toxtaqlığını alırlar. Qırmızıdöş civildəşə-civildəşə, bir az da təntiyə-təntiyə özünü qırmızı, sirələnmiş gilələrə çatdırır. İştahla ağzını açır. Bir az üstdəki budaqlarda meşə sərçələri haray-həşir qoparır. Qırmızıdöş əvvəl çəkinsə də, sonra bu bazar gur-guruna alışır. Sərçələr həyatsevər, mübariz quşlardır. Ən çətin vaxtlarda belə onlar qaratoyuqlar kimi alışdıqları yurd-yuvanı tərk etmirlər. Onlara sədaqətli quşlar da demək olar. Cılızlığına görə yox, sədaqətinə görə onlara qiymət verilməlidir. Yazın xoş gününü də, qışın sərt şaxtasını da bizimlə bir keçirirlər. Daha çox insanlara yaxın ətrafda, yabanlıqda yaşayırlar. Həyat-baca da onların yaşam yeridir. Yedikləri bu cır meyvələr, xırda cücülərdir. Ev həndəvərində olanda toyuqların dəninə də şərik çıxırlar.
Meşə boyu yuxarı qalxdıqca cır xurma ağaclarının salxım-salxım sallanan meyvələrinin xoş ətri uzaqlardan adamı cəlb edir. Meşədəki xurma ağacları payızın bu son güzarında qonaqlıq süfrəsinə oxşayır. Xıpxırda, çəhrayı, tünd - qırmızı, bəzən şirəli, bəzən suyu qaçmış xurmalara qonan qaraquşlar, qaratoyuqlar, sağsağanlar bəh-bəh deyirmiş kimi qışqırır. Şaqraq və gür səslərindən hiss edirsən ki, quşların qış azuqəsi bu meşə xanəndələrini tam qane edir. Mən də qeyri-ixtiyarı olaraq quşların sevincinə qoşuluram. Necə də qoşulmayasan! Yaxınlaşan qışın sorağı, ayazı quşları qorxutmursa, onların şən nəğmələrini susdura bilmirsə, bu əyilməzliyin qarşısında necə baş əyməyəsən? Arabir yerə tökülən meyvələrin də öz qonaqları var. Sakitlik düşəndə, ya ala-qaranlıqda çaqqallar, tülkülər, porsuqlar, kirpilər... bu ağacların böyür-başına dolanacaq, yerə tökülən meyvələri bir-bir yeyər, ətrafına boylanar,üzüyuxarı baxar, barlı budaqları diqqətlə nəzərdən keçirərlər.
Baş-başa verən torağaylar, sığırçınlar çox da uzağa uçmazlar. Onları çöl, çölətrafı meşələr cəlb edir. Ancaq çöl göyərçinləri üçün məsafə çətinliyi yoxdur. Onları daha çox palıd meşələri maraqlandırır. Axı palıd ağaclarının çox qidalı meyvələri var. Palıd qozası bir vaxt ölkəmizdə on min tonlarla toplanar, başqa respublikalara dəyər-dəyməzinə yollanardı. Onda meşələrdə vəhşi heyvanların, quşların yem balansı pozulardı. Xüsusilə, çöl qabanlarının ən sevimli qidası palıd qozasıdır. Elə çöl göyərçinlərinin də. Nə yaxşı ki, yavaş-yavaş qabanlar əvvəlki yerlərinə qayıdır. Ətək boyu palıd ağaclarının ətrafındakı eşim-eşim olmuş torpaq da, çalalarda qarışmış lildəki ayaq izləri də qabanların əvvəlki-unudulmuş cığırlarla geri qayıtmasından xəbər verir. Göyərçinlər isə qorxmadan, rahat-rahat palıd qozalarını dimdikləyir, dimdikləyirlər. Başqa quşlardan fərqli olaraq, bunların dəstəsi daha böyükdür. Qəfil açılan atəş məni bu seyrəngahdan ayırır. Pərən-pərən olub uçuşan quşların rahatlığına rəxnə düşür. Aramsız ötdükləri zümzümələr qaratoyuqların zil zəngulələrinə qarışır və birdən bu sehrli səslər quşların özləri kimi yoxa çıxır.
Deyirlər, ovçu ovu əldən salır, ov ovçunu. Heç hiss etmədən saatlar keçir, gün başa çatır. Haralardasan, özün də bilmirsən. Ancaq onu bilirsən ki, yorulmusan, lap əldən düşmüsən, amma meşənin füsunkar həyatı, qəlbə-gözə sığmayan bir məlahətlə sinirlərinə bir sakitlik, rahatlıq gətirib. Ona görə təbiətə, eləcə onun bir parçasına , hətta bir fəslinin bir gününə belə baş əyirsən.
Bəxtiyar HÜSEYNOV
Ekoloq-jurnalist
525-ci qəzet.-
2014.- 14 yanvar.- S.4.