Havalar soyuyanda

 

 

 

Bu gün tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist Səyyad Aranın doğum günüdür. O, müstəqil Azərbaycanın birinci və ikinci çağırış deputatı, 2006-2010-cu illərdə Azərbaycanın İstanbulda Baş konsulu, hal-hazırda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir. YAP-ın yaradıcılarındandır. Partiya yaranan gündən (21 noyabr 1992) 07 iyun 2013-cü ilə qədər Siyasi Şuranın üzvü olub. YAP funksioneri kimi ən müxtəlif tədbirlərlə, KİV-də, televiziya debatlarında fəal iştirakı hələ də yaddaşlardadır.

Məlumdur ki, Səyyad Aran siyasətə, diplomatiyaya, məmurluğa ədəbiyyatdan, jurnalistikadan gəlib. Bir televiziya verilişində dediyi kimi, məlum səbəblərdən peşəkar yazıçı ola bilmədi. Baxmayaraq ki, ilk kitabı "Körpü" 31 yaşında çıxıb, Azərbaycanda və Türkiyədə 10-a yaxın bədii və publisistik kitabları nəşr olunub. Fakt budur ki, ürəyindəki yaradıcılıq eşqi sönməyib. Qəzetimizdə ara-sıra bədii və tənqidi yazıları ilə çıxış edir, filologiya elmləri namizədidir (2004). 2012-ci ildə "Park Bulvar"da "Qanun" nəşriyyatında çapdan çıxmış "Sandıqda qalan muştuluq" kitabının uğurlu prezentasiyası oldu. Elə həmin ilin noyabrında AYB-də 60 illiyi layiqincə qeyd olundu.

Səyyad Aranı doğum günü münasibətilə təbrik edir, ona yeni-yeni uğurlar, cansağlığı və yaradıcılıq nailiyyətləri arzulayırıq.

"525-ci qəzet" və dostları.

Səyyad ARAN

... bu dəfəki zənginin də nəticəsi olmadı. "Baş üstə... çatdırarıq... deyərik..." Həmişəki soyuq səs... rəsmi ton... açıq-aşkar hiss olunan laqeydik mehi və sükut - telefonun o başında. Yəni trubkanı qoy yerə. Qurtardıq da... Başa düşmədin?..

Başa düşdü. Heyrətlə dəstəyi

asdı. Allah, yəni bunlar o dostlardı?.. "Bilsəm ki, səni sıxırlar, yerində deyilsən dünyanı dağıdaram. O binanın altını üstünə çevirərəm. Bu mübarizə yolunu biz birlikdə keçmişik. Bir-birimizin təəssübünü çəkməsək, namını versək, arxasından qaçsaq, onda nə kişiyik, nə adamıq, şair demişkən, sən kimə gərəksən, mən kimə gərək?"

Qucaqlaşıb öpüşmüşdülər, hələ gözləri də yaşarmışdı...

Üstündən çox keçməyib axı. Bəs onda bu nə üzüdönüklükdür? O gün Samirə elə-belə də dedi: - Qardaş, doğrudan sənsən? - Samir qolunu yüngülcə dartmış, üzünü azca yana çevirmişdi. Fuad əl çəkməmişdi, yana dartılan qolunu sərt hərəkətlə özünə sarı dartıb: - Ayə, sənnənəm ey! Üzün niyə dönüb? Mənim vəziyyətimi bilmirsən? Mən boyda dəvənin ovsarını bağlamısınız bir eşşəyin quyruğuna. Mən heç! Mən cəhənnəm! Axı hamı bilir ki, sizin dostunuzam. Necə rəva bilirsiniz. O quyruğa mən bağlanmış, siz bağlanmış. Silə bilməzsiniz həyatınızdan məni, ay birgə mübarizə yoldaşlarım, dostlarım, qardaşlarım...

- Yaman darıxdırırsan, e...

Guya incimiş kimi avtomobilinə minib getmişdi. Əvvəllər belə deyərdi: - Gəl ikimiz mənim maşınımda gedək, dərdləşək. Sən maşınını burax. - İndi heç soruşmadı ki, Əbdül, eşşəyin harda qaldı... "Deməli belə"...

Laqeydliyin səbəbini heç cür anışdırıb tapa bilmirdi. Dostları ondan cüzam xəstəliyinə tutulmuş birisi kimi gen gəzirdilər. Açıq-aşkar görməməzliyə vurulduğunu, qəfil qarşılaşanda onunla görüşməmək üçün bilərəkdən yollarını dəyişmələri, qabaqlarına çıxan dükana, bərbərə, restorana girdiklərini görəndə başı hərlənirdi, ürəyi sıxılırdı. Bunlara noolub görən? Niyə belə eləyirlər.

Sifətinə qonan yağış damcıları qəribədir ki, onu əsəbiləşdirmirdi, əksinə üzündən-gözündən süzülüb üst dodağından düşmək istəyən damcıları uşaqlıqdakı kimi dilini çıxarıb udurdu, od tutub yanan içi sakitləşirdi. Bir az duzlu, bir az tozlu damçılar içini sərinlədirdi. Arvadı yanında olsaydı çımxıracaqdı: - Neynirsən? Bakının havasından xəbərin yoxdur? Zəhərdi e, zəhər! Heç televizora baxmırsan? Ekoloqların saç-yoldusunu görmürsən? - arvadı milçəkdən fil düzəldməyi yaxçı bacarırdı. - Bax, bir şey olsa, özün günahkarsan.

O da: - Bunlar xırda şeylərdi, sən ürəyə düşən xaldan danış. - İkibaşlı danışığı arvadını hövsələdən çıxaracaqdı. - Hə, yenə sarı simə köklənmisən. Belə gəlib belə də gedəcək. Fikir eləmə, kişi!

Doğrudan e! Allah sənə rəhmət eləsin, Füzuli! Əşi, sən nə gözəl sözlər demisən: "Bir dəm fələk rəyimcə dövran etmədi". Ürəyində dedi və qəfil ürəyini tutdu. Həkiminin sözü yadına düşdü. "Bir şey yoxdu. Sadəcə stresdəsən, öz-özünlə çox danışırsan".

Yenə də arvadı eşitsəydi belə deyəcəkdi: "Onnan başqa nə bilirsən. Sən bütün günü kitab oxuyub şeir əzbərlə. Gözlə, pul axacaq cibinə".

Murtəd oğlunun qızı lap beynimi qazıyır haa...

Bax beləcə həm özünün, həm də arvadının əvəzindən danışa-danışa yeriyirdi. Həkim düz diaqnoz qoymuşdu. Fikir-xəyaldan bomja oxşatdığı adam ayıltdı onu.

Səhər də işə gedəndə görmüşdü onu. Xatırladı ki, son iki-üç gündə dalbadal rastlaşıblar. Fikirli olduğundan sadəcə fərqinə varmayıb.

Yox, bomja oxşamırdı. Əməlli-başlı adam idi, kişi xeylağıydı. Əlini uzadıb çörəkpulu istəyirdi.

Dilənçi ağacın kölgəsində durmuşdu, deyəsən tanış gözlərə tuş gəlməkdən çəkinirdi. Səsi titrəyirdi, göz qapaqları utancaq-utancaq örtülüb açılırdı. Şəxsiyyətinin, ləyaqətinin alçaldığını, sındığını bilirdi, amma əl açmaq, istəmək zorunda olduğu da ap-aydınıydı. Şər qarışmışdı, günün sonuydu, evə çörək aparmalıydı, gecikə bilərdi. Əl uzatdığı adam yaxşı geyinmişdi, vəzifəli şəxs olar yəqin, bazburutundan bilinir, hər halda "xozeyindir". Adam oğlu olsa çıxardıb bir əllilik verər, o da gedib əməlli-başlı bazarlıq edər, evdəkiləri sevindirər, arvadın yanında şeşələnər, son illər elə hey üşüdüyü yatağa ürəklə girər, bəlkə arvadağa da insafa gəlib əlini itələməz, "yox, bircə o qalmışdı, hansı üzlə..." - deyib bozarmazdı. "Allah, axırıncı dəfə..." - yadına düşmədi.

Kasıblıq bütün vücudundan tökülürdü. Biçarə görkəmi ürək dağlayırdı. Yaman yerdə axşamlamışdı. Ona verəcək pulu vardı, amma o gözlərdəki yazıqlıq, utancaqlıq, ürkəklik Fuadı tutdu. Qəribə bir oxşarlıq duydu özüylə həmin adam arasında. O da neçə vaxtdır naəlac gündədir, işsizdir, mayadan yeyir, onun da dibi quyuda deyil ki. Bayaq məgər telefonla ağız-əl açmırdı? O gün dostuyla danışanda işlə bağlı əl-ağız açmadı? "Keçəl Həsən, Həsən keçəl". Belə mövqe, yalvarış, xahiş bütün hallarda adını nə qoyursan qoy, dilənməkdir dəə... Duxun çatır başqa söz de. Düzdü, o günə qalmamışdı, amma başqalarının arşınında o da elə həmin adamın səviyyəsindəydi - dilənirdi, amma öz ranqında.

Bir də diqqətini nə çəkmişdi? Adamın əl açmaq üçün seçdiyi uğurlu məkan. Ətraf işıqlıydı, iki küçənin kəsişməsiydi. Hər iki tərəfdən gələn adamı "nablyudat" eləmək olardı. Ağacın qatı kölgəsində isə əl açan şəxsin üzü düz-əməlli görsənmirdi. Həm də hansı tərəfdən gəlməsindən asılı olmayaraq pul versəydi də, verməsəydi də tez ötüb-burulub keçəcəkdi, pul verən, dilənçinin sifətini tam görməyəcəkdi. Bu nyuans Fuadı tutdu. Onsuz da evə getsəydi ənənəvi sorğu-sual zəhləsini tökəcək, könlünü daha da küsdürəcəkdi. İşin tərsliyindən bu gün futbol da yoxdur ki, o biri otağa keçib azca toxdasın. Futbol belə gərgin və küskün anlarında onun xilas kəməriydi, ləzzətlə baxıb sevdiyi komandanın oyununu izləyib rahatlanırdı. Onun üçün futbolun özəlliyi oydu ki, orda sunilik, ikiüzlülük, güzəşt, ad-sandan çəkinmək, qorxmaq yoxuydu. Kişi kimi açıq mübarizə vardı. Güclü olan özünü sübut edə bilirdi. Burda hər şey komandanın öz əlindəydi. Vahid bir can kimi, ürək kimi oynayanda nəyəsə qadir olursan. Odeyy, gözünə döndüyüm "Qalatasaray"! Ayə... axırıncı dəqiqələrdə "Yuventus"un qapısından neçə qol keçirdi!

Komanda... Bir vaxt onlar da bir komanda idilər. Necə mehribanlıq, istiqanlılıq varıydı. Birinin xırda bir problemi hamının idi. Hamının olduğuna görə də hər şey necə tez həll olunurdu. Bir nəfərin xəbəri olunca bir də görürdün dostların sənin əvəzindən problemi həll ediblər. Evdə arvad-uşaq pərvanə kimi fır-fır başına fırlanırdı:

-Sənin nə qeyrətli dostların varmış, - arvadı razılıq edərdi.

- Ata, Samir əmi direktora dedi ki, bilirsən bu kimin oğludur. Gözünü aç, yaxşı-yaxşı bax. Bir də uşaqdan şikayət eşitsək, hesab et ki, şələ-küləni yığıb getmisən.

Necə sevinmişdi, fəxr etmişdi. Aclıq, susuzluq, əhvalının pərişanlığı yox olmuşdu. Özünü elə ürəkli, arxalı, qollu-budaqlı sanmışdı ki... İndisə söykənə biləcəyi bir qarğı belə yox idi. Kürəyini nəyəsə söykəmək istəsəydi boşluğa yuvarlanacaqdı, gurum-gurubbaz gedəcəkdi dərənin dibinə. Allah, insan haralardan gəlib haralara düşür. Özün həyan ol, ilahi!

Adam əlini aşağa salmışdı. Qarşısındakı kişinin dərin fikrə getdiyini, duruxduğunu, nəyi isə kəsdirə bilmədiyini görürdü. "Deyəsən, məndən də betəri var. Buna noolub görən. Kasıb adama oxşamır axı. Pul vermək istəməsəydi, eləcənə çıxıb gedərdi, ya da dodağının altında söyüb keçərdi. Yox, nəsə başqa şeydi. Görək noolur, Allaha təvəkkül".

- Buralıqda, dalda bir yerdə yeməkxana - filan harda olar?

Həmişə yemək yediyi Yadullanın tindəki yastı-yapalaq yerini nişan vermək istədi, amma həm əl açdığı adama qıymadı, həm də özü kimilərin atmacasına, lağlağılarına tuş gəlmək istəmədi. "Xozeyni" hirsləndirib verəcəyi beş-üç manatdan da olardı. Həm də kişiyə bu bazburutla layiq deyildi axı ora...

İndiyə qədər bir dəfə də girmədiyi, həmişə yaraşıqlı xanımların, bahalı maşınlarından düşən kişilərin girdiyi küçənin başındakı işıqlı restoranı göstərdi:

- Ora babat olar.

- Onda getdik.

Ömründə belə şey görməmişdi. "Bu nədi əə?! Məni yeməyə aparır? Yəqin dərdləşməyə, içməyə adam axtarır. Pay atonnan! Adamın heç inanmağı gəlmir".

İçəri çox dəbdəbəliydi, onun kimisini heç kandara buraxmazdılar, amma kimlə gəldiyini görüb dinmədilər. Bir an özünü itirdi, sıxıldı, heç əl açanda belə utanmamışdı. Onun geyimində içəridə kimsə yox idi. Uyuşmazlığını, artıqlığını, yöndəmsizliyini o saat gördü. Yox, bura onun yeri deyildi. Dönüb çıxmaq istəyirdi ki, "xozeynin" səsi gəldi.

- Getdik o küncə.

Doğrudan da, burda onun oturası ən münasib yer elə oraydı. Sütunun arxasıydı, əcəb daldey bucaqdı. Məxsusi gəlib baxan olmasaydı səhərəcən görən olmazdı. Afərin. Əşi, görüb-götürmüş adamdır. Gör nə bildi halımı. Oturum e, görüm noolacağ bu işin axırı. Zalım oğlu axırda bir dənə də əllilik cibimə bassa, bu gün dünyada məndən xoşbəxt adam olmayacaq:

- Nə yeyəcəksən, nə içəcəksən?

Ofisiantdan qabaq "xozeyin" soruşdu. Çaşıb qaldı. "Allah sənə kömək olsun, daşdan yumşaq nə olsa. Birdən ikiyə belə yerdə sifariş vermişəm?". Ədəbli görünmək üçün belə dedi:

- Bir dənə pervi bəsimdi.

Fuad gülümsədi, əlbəttə onu başa düşürdü. Sifarişini verdi, "pervi" gətirməsini də tapşırdı. - Arağı tez gətir.

Qəlyanaltı gəlincə qarnının neçə dəfə quruldamasından özü də xəcalət təri tökdü. Bu vaxtı o evdə Allah verəndən nəsə yeyib həmişə çox oturanda yanını yağır eləmiş divanda əyləşib yarım litrlik fincanda dişləmə qəndlə çay hortdadardı. Arvadı acığından ona o boyda fincanda çay verirdi ki, təkrar gedib gəlməsin. O da nəfəsi təntiyə-təntiyə, özü demişkən, bir saata içərdi. Son qurtumlar soyuq olardı, ləzzət eləməzdi, heyf deyil armudu stəkanda təzə-təzə içib nuş edəsən. Arvadını acıqlandırmaq üçün deyərdi:

- Yenə bu vedrəni doldurub gətirmisən. Stəkan yox idi?

- Stəkan qazanıb gətirən mədəni kişilər üçündür, day sənin kimi əzvaylar üçün yox. Binəva... bunun zakazına bax.

Eh, bir yana baxanda düz deyir. Son vaxtlar evə düz-əməlli pul gətirmir. Daha doğrusu dilənə bilmir - bunu özü dedi. Qolunu irəli uzadıb ovcunu açıb "bir çörək pulu..." demək çiyni ilə "Kamaz" maşınını qaldırmaq kimi bir şeydi. Həmişə elə sızıldayanda içində hansısa bədən orqanı qırılırdı. Ol səbəbdən də içi dağım-dağım idi.

Axır macallar heç o yarımçıq cümləni də demirdi. Eləcə üzünə yazıq və çarəsiz görkəm verib əlini uzadırdı. Sakit və səssiz. Hər dəfə sifətinə məxsusi məzlumanə görkəm verib xüsusi poza almağa ehtiyac yox idi. Nə gündəydi ki... Xalxın bəxtəvər kişiləri kimi yanağından qan dammırdı, ütülü, baha yox, heç ortabab əyin-başı da yox idi. Özünü tanıyan gündən beləydi. Atası öldüyündən orta məktəbi 8-ci sinifdən atdı, küçələrdə böyüdü. Əl-ayağını yığmağa anasının gücü çatmadı. Beləcə illər keçdi. Heç nəyin yiyəsi olmadı. Orta yaş dövründə - ikinci qız uşağı da dünyaya gələndən sonra zəmanə, tale, qismət və s. məsələlərdə çox etirazları, üsyanları oldu, amma içində. Hərdən həmin mövzuda danışan dəstələrə o da qoşulurdu. Əlacsızcasına deyilənləri ya təsdiq edərdi, ya da yüngülcə etirazını bildirərdi, ümumiyyətlə, həmişə kiminsə ağzına baxardı, kiminsə kölgəsi olardı... Bu neçə illərdə özü ola bilmədi, öz sözü, öz qərarı olmadı. Onun əvəzindən son qərarları həmişə özgələri verirdi. Evlənəndən sonra isə arvadı... Bu da axırı.

Belə baxanda bugünkü müştərisi çim yağ olmalıydı, beş-on manat qapazlayıb evə rahat dönə bilərdi. Dilənməyini arvadı bilmirdi. Kişidi də, haradansa qazanıb gətirir, fəhləlik eləyir, belə bazarda yük daşıyır, kimə nə borcu? Ayıb deyil ki! Balalarını, ailəsini saxlayır da a... Əsas odu ki, kişi daşdan da pul çıxarsın. Bə nə!

- İşləmirsən?..

- Heç bir yeri qurtarmamışam. Savadım yoxdur.

- Dilənmək çox çətindir?

- Ölüm ondan yaxşıdır.

- Bəs niyə ölmürsən?

- İxtiyarım yoxdur. Balalarım var. Onları böyütməliyəm.

- Gələcəkdə bilsələr ki, sən onları dilənərək böyütmüsən, səni ata kimi qəbul edib sevəcəklər? Utanmayacaqsan?..

- Qoy həyat, cəmiyyət, dövlət utansın. Bir də ki, əlləri iş tutandan sonra özləri özlərini, həm də bizi dolandıracaqlar.

- Bizi...

- Arvadla özümü deyirəm.

- Uşaqların yaxşı oxuyurlar?

Fuad az qaldı stuldan yıxılsın, əməlli-başlı diksindi. Dilənçinin sifəti par-par parıldadı. Elə bil projektorla üzünə işıq saldılar. Bu nə sevinc idi, Allah!

- Dördü də əlaçıdır! Bu dünyada ən xoşbəxt, bəxtəvər olduğum yer məktəbdir. Müəllimlər hər məni görəndə tərifləyirlər. Dədəm-bobamın yuxuda da getmədiyi ölkələrə... nədiyo... olimpiya yox... olimpiyadalara gedib midallar gətirirlər. Evim midalla doludur. Valideyn iclaslarına getmək üstündə evdə arvadla qırğına çıxırıq. O deyir mən gedəcəm, mən deyirəm yox e, özüm gedəcəm. Arvada deyirəm ki, murtədin qızı, bilmirsən ki, atalar iclasıdır, sənin nə işün var. İclaslar qabağı bir az puldan qırıb-qırtıb atıram üstünə ki, sən atovun gooru, qəmişini çək, get özünə dondan-koftadan bir şey al, zəhləmi tökmə. Özüm gedəcəm.

- Niyə belə inadkarlıq edirsən?

- Çünki o iclaslarda məni adam hesab edirlər, hörmətlə qarşılayıb lap deputat kimi yola salırlar. Hamı uşaqlarımın yaxşı oxumağına görə - müəllimlər başqa cürə deyillər, mən elə deyə bilmirəm - mənə böyük ehtiram göstərir. Deyirlər gələcəkdə Azərbaycanda sənin uşaqlarını barmaqla göstərəcəklər... Alayı vaxtlarda məni söyürlər, dolayırlar. O gün bir dəstə cavan uşaq manatlığa tüpürüb alnıma yapışdırdı. Sonra məzə qurdular. Sifətimə, çənəmə, qulağıma yapışdırdılar. Sonra biri dedi, dilini çıxar... o bir az insaflı oldu... dilimə beşlik yapışdırdı...

- Niyə etiraz etmirdin?.. söymürdün?

- Çörəyimdən olum?.. Söyməyə duxum çatmaz, xozeyin! Axşama evə çörək pulu aparmalıyam.

Fuad diqqətlə qarşısındakı dilənçiyə baxırdı. Hər gün qürurunun sınmasına, alçalmasına baxmayaraq içdən toxtaq görünürdü. Gələcəyə ümidli idi. Həmin ümid onu ayaq üstə durmağa, yaşamağa, sabaha inamla baxmağa vadar edirdi. Fuadın ürəyində isə boş və boz çöllükdən başqa heç nə yox idi. Sabah isə qatı dumana bürünmüşdü. Heç nə görünmürdü... Kabab boşqabını irəli itələdi.

- Ye... ye...

Dilənçinin iştahı küsmüşdü, nə yemək. Bayaq acından ayaq üstə dura bilmirdi, bir parça quru çörəyi gözünə təpərdi. Masanın üstündə həmişə həsrətində olduğu yeməklər düzülmüşdü: balıq, tabaka, kabablar. Adam oğlu səxavətini əsirgəməmişdi. Heç özü də düz-əməlli yeməmişdi. Bu arada əsas işi rumkasını xozeynin rumkası ilə cingildədib "fora" vermək olmuşdu. İçmirdi. "Çörək pulunu gücnən qazanıram". Söhbət vaxt aparmış, xörəklər soyumuşdu. Pervidən iki-üç qaşıq ağzına aparmışdı. Sonrakı danışıq dananı qurda vermişdi. Söhbət əsnasında bircə onu bilmişdi ki, xozeyin butulkanın dibinə çatıb.

Fuad durhadurda bir stəkan da araq sifariş verib gül kimi təamları qoyub xiyar turşusunu ortadan dişləyib əvvəl dişlərinin altında xartıldatmış, sonra suyunu dişlərinin arasından sümürüb sanki yanan ocağa su səpmişdi. Sonra dərindən nəfəs alıb dolmuş gözlərini salfetlə silmişdi. Dilənçi bunu arağın təsirindən bilmişdi.

Çölə çıxanda xozeyin səntirlədi, tez qoluna girdi. Küçələr seyrəlmişdi, soyuq hava deyəsən millətin əl-ayağını yığıb hamını evə soxmuşdu. Cibindən bir dəstə pul çıxarıb xışmalayaraq dilənçinin köhnə və yıpranmış cibinə soxmaq istəyirdi, amma dilənçi götürmədi, xeylaq para idi - bəlkə də aylıq "qazancı". İçindən bir əllilik seçdi:

 

- Halal eləyirsən?

- Adə, görmürsən hamısını halal eləyirəm?..

- Yox, çox olar, quduraram. Öyrəşməmişəm.

Zorla pulları xozeyinin cibinə dürtüşdürdü.

- Harada olursunuz?

- Cuhudlar məhəlləsində.

 

Taksi saxlatdırdı. Mindilər. Ünvanı dedi. Xozeyin yuxulayırdı. Bir azdan çatdılar. Qapını açan deyəsən arvadıydı. Hər ikisini nifrətlə süzüb üzünü evə tutdu: - Seva, gəl atanın gününə bax...

Deyəsən xozeynin də evdəki vəziyyəti onun evindəkindən fərqli deyildi. "Yooo, Allah tərəfi, məni belə qarşılamıllar, lap əliboş gəlsəm də. Bu nə baxmaqdı, alə?". Fuadın arvadı ərinə qapının ağzında qoyulmuş uzun dəmir dabankeşə baxan kimi baxırdı.

Durmaq yeri deyildi. Allah bilir, qızı gəlib nə deyəcəkdi. Yenə ürəyinin közü qopmuşdu. Ona küçə itinə, şikəst, tükü tökülmüş pişiyə, mundar bir şeyə, baxan kimi ikrahla, iyrənə-iyrənə baxırdılar.

- Bacı, soruşsa ki, kim gətirdi, deyin... Mən elə yenə köhnə yerimdə olacam.

- Nə?!

Qadın elə qışqırdı ki, elə bil ətini kəsdilər. Allah bilir nə söyüşlər söyəcəkdi. Ağzı dolub boşaldı, hirsindən sir-sir silkələndi. Qarşısındakını bir də təpədən dırnağa süzüb deyəsən qatı söyüşləri də ona çox gördü.

- Von! Yesirin, dilənçinin biri! - Qapını üzünə elə zərblə çırpdı ki, yelindən yazıq yerə yıxıldı. Qalxıb üstünü çırpa-çırpa götürüldü.

Yolda rahat, arın-arxayın addımlayırdı. Bugünkü zor qazancı cibindəydi. Düzdür, bazarlıq edə bilməyəcəkdi, gecdir. Neynək, əvəzində əlliliyi çıxarıb şəstlə arvadının üstünə atıb deyəcəkdi:

- Get sabah nə istəyirsən, al özünə. - Babat pul gətirəndə həmişə belə edirdi, arvad da razı qalıb evi başına götürmürdü.

Xozeyni yada salıb pərişan oldu, ürəkdən halına acıdı, ürəyi göyüm-göyün göynədi. Elə bil bir ovuc istiotu səpmişdilər ürəyinin başına. İşə bax, e! Dilənəndə ürək heç yada düşmür. İndi niyə belə oldu?

Addımlarını yeyinlətdi ki, tez evə çatsın. Yenə yanını yağır eləmiş köhnə divanda oturub televizora baxa-baxa arvadının gətirdiyi "vedrə"dəki çayı hortadsın.

...Amma bilmək olmaz, bəlkə bu gün çayı stəkanda gətirdilər.

 

Səyyad Aran

525-ci qəzet.- 2014.- 15 yanvar.- S.8.