Vəfa xəzinəsi
Onların şəkillərini ilk dəfə kəndimizdə
bacımın albomunda görmüşdüm. Kitabxanaçı
bacım universitetdə qiyabi oxuyurdu. Sessiya
vaxtı Bakıda Qulu Xəlilovgildə qalırdı. Xəlil
Rza ilə Qulu müəllim yaxın dost idilər, ailəvi
get-gəlləri var idi. Bu səbəbdən
bacım da Xəlilin ailəsini yaxşı
tanıyırdı. Firəngiz xanımla Xəlilin
qoşa şəklinə baxaraq ilk sözüm belə
olmuşdu: "Bir-birlərinə necə
oxşayırlar". Əslində, uşaq
ağlı ilə söylədiklərim sonralar onları daha
yaxından tanıyanda başqa bir həqiqəti təsdiqlədi.
Firəngiz xanımla Xəlil Rza bütün daxili aləmləri,
arzuları, düşüncələri, amalları, əqidə
və məsləkləri ilə eyni varlıq, eyni adam idilər.
Xəlil Rza Ulutürkü ilk dəfə ötən əsrin
70-ci illərindən tanıyırdım. Rəfimdə
avtoqraf yazdığı kitablarını hərdən vərəqləyəndə
yadıma nələr düşmür. Ruhumuzda, xatirələrimizdə
əbədiləşən böyük şair, azadlıq və
istiqlal aşiqi Xəlil Rza Ulutürk! Vəfatından
sonra bütün mehrimi Firəngiz xanıma saldım. Gözəl münasibətimiz yarandı. Bir daha Firəngiz xanımın mərdliyinə, sədaqətinə,
yorulmazlığına, dəyanətinə, həssaslığına,
dostsevərliyinə, dürüstlüyünə və nəhayət
səbrinə, dözümünə məftun oldum. Doğmama, əzizimə çevrildi.
Xəlil Rza Firəngiz xanımı həyatının
Günəşi adlandırmışdı. "Sən mənim
ömrümdə olmasan, dünyam zülmətə dönər"-
demişdi. Və bu gün Xəlilin gəzdiyi
cığırlarda, yollarda Firəngiz xanımı görəndə
istər-istəməz fikirləşirsən ki, bir vaxt Xəlil
üçün yanan bu Günəş, indi
ömür-gün dostunun arxivindəki yazılarının
taleyinə nur saçır. Heç Xəlilin
sağlığında bu qədər kitabı işıq
üzü görməmişdi. Məhz Firəngiz
xanımın fədakarlığı, cəfakeşliyi sayəsində
Xəlil Rza Ulutürkün 50-dən çox kitabı nəşr edilib.
Firəngiz xanım Xəlil Rza ilə bağlı xatirələrini
də qələmə alıb. Öz
ömür-gün dostları haqqında xatirələr yazan
çox xanımların kitabını oxumuşam. Firəngiz xanımın yazı üslubu tamam
bambaşqadır. Təbii, səmimi, ən
başlıcası da olmuş gerçəkliyin
güzgüsüdür, yaşanmış həyatın
kağızlara sıxılmış qəlb harayıdır.
Bu haraydan boylanan Xəlil Rza divanəliyi, amalı, bir həqiqəti
də təsdiq etdi ki, böyük şairimizə həyatın
ağrı-acılarına sinə gərməkdə
arxası, köməyi onun mərd və hünərli
ömür-gün dostu Firəngiz xanım olub. İstər
yazılarında, istərsə də söhbətlərində
Xəlil Rzanın əqidəsi, vətəndaşlığı,
etibar və məhəbbəti önündə səcdə
etdiyini bildirsədə, bu həqiqəti
dərindən duyursan ki, qarşısında əyilməli
olacaqlarımızdan biri də şəhid Təbrizin anası, böyük
şairin könül yadigarı Firəngiz xanımdır.
Şeirlərinin birində Xəlil Rza vəfadarına
görün necə müraciət edib: "Sən günəşli
bir dənizsən, körpələrin-ləpələrin".
Təkcə övladları deyil, bu ləpələrdən
biri də elə Xəlil bəyin özü idi. 20-ci il dönür ki, Xəlil haqq dünyasına
qovuşub. Bu illərin acılığı,
ağır qüssəsi Firəngiz xanımın sinəsində
ovunmaz dərdə çevrilsədə, səhhətində,
ovqatında problem yaratsada, evində yeri boş görünsə
də bir gün də Xəlilsiz olmayıb. Bu məhəbbətin, yanımlığın, pərvanəliyin
ahəngində həyat yoldaşından çox bir ana
sevgisi, ana qayğısı, ana təşnəliyi, ana nəfəsi
duyulur.
Xəlil Rza
Ulutürkün "Eşqim, vəfadarım mənim"(Bakı-2013)
adlı yeni nəşrdə Firəngiz xanım xatirələrini
elə hiss və duyğularla qələmə alıb ki, indiyə
qədər oxuduğum məhəbbət və qəhrəmanlıq
dastanları nəfəsimi belə kəsməmişdi. Ürək döyüntülərimin, göz
yaşlarımın səbəbini onda tapdım ki, yaxından
tanıdığım bu iki şəxsin əslində,
dastanlara sığmayan sevgiləri olub. İmtahanlardan,
sınaqlardan, maneələrdən, qadağalardan keçən,
iki oğul övladı ilə bəhrələnən bu məhəbbətin
sonda ağır tənhalığını yaşayan, xiffətini
dilə gətirməyən, dərdlərinin üstünə
xəfif nikbinlik sığalı çəkən Firəngiz
xanım bir örnəkdir. Xəlil Rza məcnunluğundan,
Firəngiz xanım təmkinliyindən biz hələ çox
şey öyrənməliyik.
Müasir Azərbaycan poeziyasında ikinci elə bir
şair tanımıram ki, bütün məhəbbət
şeirlərinin ünvanı ancaq öz xanımı olsun. Bir dəfə sözarası
zarafata salib Firəngiz xanımdan bu barədə soruşan da
eşitdiyim cavabdan həm heyrətləndim, həm də qəribə
bir mənmunluq duydum: "Yazanda nolar, şair gözəllikdən
ilham alıb vəsf
edər..." Sifətinə yayılan gileyli təbəssümdən
sonra titrəyən səsindən aldığım sözləri
məni xeyli düşündürdü: "Kaş ki,
yüz mininə şeir qoşardı,amma
bu gün yaşayardı..." Yadıma özbək şairəsi
Zülfiyyənin ömür-gün yoldaşının
olümünə yazdığı şeiri düşdü:
"kaş sən məni atıb gedəydin, amma biləydim
ki, sağ-salamatsan".
Sevdiyi insanın naminə hər cür əzaba
razı olmaq, acılıqlara sinə gərmək hər
qadının da hünəri deyil. Bu mənada Firəngiz
Ulutürk həm
hünərli, həm də təpərli xanımdır. Xəlil Rza da kimi seçdiyini, kimi sevdiyini gözəl
bilirmiş. Hələ gənclik illərində öz
aşiqliyini, əbədi vurğunluğunu belə etiraf edib:
Tutub
gözlərimi məhəbbət mənim,
Heç
kimi görmürəm səndən savayı,
Gecəyə
nur salan bir afət mənim,
Bəxtimin
ən böyük səadət payı,
Heç kimi görmürəm səndən savayı.
Köksümüzü
yaralayan 20 Yanvar müsibəti! 1990-cı il
yanvarın 26-sı şəhidlərin yeddisi günündə
Xəlil Rza DTK əməkdaşları tərəfindən qəflətən
həbs edilib. Bununla da Firəngiz xanımın
qara günləri başlayıb. Azərbaycanın o
vaxtkı rəhbərlərinə ərizə yazaraq Xəlildən
xəbər tutmaq, yerini öyrənmək istəyib. Dövlət
orqanlarının başçıları isə susmaqda davam
ediblər. Firəngiz xanımın
döymədiyi qapı qalmayıb.Nəhayət fevralın
ortalarında Xəlil Rzanın Moskva televiziyası ilə
çıxışını verirlər. Firəngiz
xanım o günləri belə xatırlayır: "Xəlili
ekranda görəndə elə bil dünyanı mənə
verdilər. Sifətindən pis
görünmürdü. Lakin onun
çıxışı bir çoxlarını narazı
salmışdı ki, nə üçün Silva xanım
deyir. Böyük bir millətin oğlu
kimi İttifaq, dünya
qarşısında çıxış edən Xəlil ona
necə müraciət edə bilərdi? O, qadın
haqqında danışırdı. Hər bir
davranışı millətin səviyyəsini göstərirdi.
Düşmənə qalib gəlmək
üçün ağıl və fərasət lazım idi.
Təəssüf ki, bunu çoxları dərindən
dərk etmək istəmirdi. Bəla
burasında idi ki, bunu aşağı kütlə desəydi,
o qədər də narahat olmazdım. Ziyalılardan
bir neçəsi belə düşünəndə təəccüb
qaldım onların ziyasına".
Bir ömrün qoşa qanadı nəhayət ki, uzun
çək-çevirdən, yoxlama və yazışmadan
sonra Lefortovo zindanında görüşüb. "Xəlillə
ilk dəfə görüşəndə ağladım.
Onun görkəmi məni çox
sarsıtdı. Xəlil dağ
qartalıydı, zindanda yaşaya bilməzdi axı?!"
Dolmuş
gözlərini məndən gizlətmək, ya bəlkədə
məni kövrəltməmək üçün, araya
başqa söz salmaq istədi. Amma
alınmadı. Hər ikimiz də Xəlil
Rza Ulutürkə köklənmişdik. O dar qəfəsdəki
ilk görüşdən sonra Xəlil bəy Firəngiz
xanım üçün "Sənin göz
yaşların" adlı şeir yazıb:
Mən səni
ömrüm boyu təbəssümlü görmüşəm,
Gülümsər gözlərindən sevinc, fərəh
dərmişəm.
Sənin
səadətinə həyatımı vermişəm,
Bəs nədir bu hıçqırıq? Göz yaşın
almaz-almaz,
Canavarlar
önündə, gülüm, ağlamaq olmaz!
Qəza-qədərlə dolu yollarda Firəngiz xanım
geri çəkilmir. Bir dəfə
Xəlil Rza deyir ki, bəlkə azuqəni poçtla göndərəsən,
özün gəlməyəsən. Firəngiz xanım
qəti etiraz edir: "Səninlə beş dəqiqəlik
görüş məni bir ay saxlayır". Xəlilin
məhkəməsinin Bakıya keçirilməsi ilə
bağlı Firəngiz xanımı növbəti
görüşə buraxmayıblar. Şair bundan xəbər
tutduqda çox mütəəssir olaraq etiraz və
harayını misraların ömrünə bağlayıb:
Nə
zindan, nə
zəncir, nə dəmir qəfəs,
Bizi öz hökmündə saxlaya bilməz.
Sən ey
pıçıltısı toplar susduran,
Naləsi
tankların döşündən vuran,
Pakizə,
müqəddəs, əbədi, ölməz,
Fəryadım, əfqanım, neyçün gəlmədin?
"Xəlilim Lefortovadan özü ilə üç
bağlama gətirmişdi. Bunların biri zindanda
yazdığı şeirlər, ikincisi Puşkindən,
Lermontovdan etdiyi tərcümələr,
üçüncüsü dustaq həyatından bəhs edən
gündəlikləri idi".
Bir məsələni
də mütləq qeyd etməyi lazım bilirəm ki, Xəlil
bəyin zindanda yazdığı şeirlərin ruhundakı
mübarizlik, qətiyyət, xüsusilə də Firəngiz
xanıma ünvanladığı poetik müraciətlər o
qədər mündəricəli, təsirli,
düşündürücü və
çağırış doludur ki...
Haqqın
daş məhbəsi sökən gücü var,
Ahımdan əriyir beton divarlar.
Sən
şair qadını, çələngin - vüqar
Bükmə
qanadını, aya, Marsa var,
Yoxdu qeyrətinə
son, Firəngizim!
Ayağım
qandallı, içərim azad,
Yetim bir
dürrəm ki, sədəflə təzad,
Mənə
bir kağız ver, bir qələm uzat
İldırım
qələmi yon, Firəngizim!
Zülmət
kamerada arslan bürcüyəm,
Göyün
dayağıyam, yerin gücüyəm,
Yarsam bu zindanı , el sevinciyəm.
Dustaqlıq
mann deyil, mann, Firəngizim!
Qorxma, mən
sarsılmaz dağ qalasıyam,
Min-min ölüm gəlsə sağ qalasıyam.
Sabah azad
olub hayqırasıyam:
-Canım
ey Azadlıq! Can Firəngizim!
Firəngiz
xanım kimi ilahi
bir ananın südü ilə böyüyən, Xəlil
Rza kimi cəngavər bir kişinin qanını damarlarında
gəzdirən Təbriz Xəlilbəyli torpağımız
uğrunda qəhrəmancasına
həlak oldu.Bu acı xəbər bütün eli
sarsıtdı.Yadımdadı, yazıçı Əzizə
Cəfərzadə necə dərin kədərlə mənə
dedi: " Xəlil necə dözəcək, düşünə
bilmirəm..." Firəngiz ana Xəlilə
görə hönkürtüsünü içində
boğaraq özünü tox tutmağa
çalışdı. Xəlil Rza Ulutürk isə
oğlunun dəfni günü daha bir böyüklük
göstərdi: "Gözün aydın, Firəngiz, oğlun
Azərbaycan uğrunda şəhid olub!" Bu
sözlər hamını kədər qarışıq heyrət
içində qoymuşdu. Bu dəyanəti
yalnız Xəlil Rzadan gözləmək olardı. Zəlimxan
Yaqubun ağılarından da bu etiraf boylanır:
Dərdi
yalqız çəkə-çəkə
Saldın
bizi dərdə Xəlil!
Min
kişinin gücü vardı
Sənin
kimi ərdə Xəlil!
Əslində, Təbrizin həlak olması Xəlil
Rzanı çox satsıtmışdı. Firəngiz
xanım yenə də dəyanətli tərpənir,
"içəridən sökülsəm də, Xəlilimə
Təbrizimdən danışmırdım". Elə Xəlil
bəy də dərdini
sinəsinə salmışdı.Günlərin birində isə
gücünü toplayaraq "Qaytar mənim qüdrətimi!"-deyə
hayqırıb:
Qaytar, mənim
qüdrətimi,
Odlar
yurdu, Od torpağı!
Varım,
yoxum, cismim, qanım,
Canım Təbrizimi itirmişəm.
Bağ-bağçamı, gülşənimi itirmişəm.
Böyük insanların həyatı həmişə
qayğılarla, eləcə də çəkilməz dərdlərlə,
xəstəliklərlə dolu olur. Uzun illər şəkər
xəstəliyindən, ürək ağrılarından əziyyət
çəkən şairimizi son zamanlar təngənəfəslik
də çox incidirdi. "Gecələr demək olar
ki, yatmırdı.Uzanan kimi boğulma tuturdu onu"-deyə Firəngiz
xanım susur...
Xəlil Rzanı müalicə etdirmək məqsədilə
bu qoşa ömrün Türkiyə, Almaniya, Fransa həyatı
başlayıb.Cərrahiyyə əməliyyatları,
müayinələr, müalicələr...Təəssüf
ki, heç nəyin köməyi olmadı. Xəlil
ağrılar içində boğulurdu. Bununla belə
şairin ruhu həmişə yüksək idi.Firəngiz
xanım söyləyir: "Onun sarsılmaz iradəsi məni
heyran edirdi". Elə bu heyrəti də duyaraq Xəlil Rza
Ulutürk deyirdi:
Qorxma, mən
sarsılmaz dağ qalasıyam,
Minbir ölüm gəlsə, sağ qalasıyam.
Ruhumuzda, könlümüzdə, məsləkimizdə, əqidəmizdə,
xatirələrimizdə sağ qaldı Xəlil Rza. Özü isə... "Xəlilimə görə Təbrizim
üçün ürək dolusu ağlamamışdım.
İndi isə tək qalmaq, Xəlilimi
oxşamaq, hönkürmək istəyirəm". Firəngiz xanım onu da etiraf etdi ki, Xəlildən
sonra onu yaşadan xalqın öz şairinə olan
güclü məhəbbətidir.
Gəncədə yaşayan, Xəlil bəyin köhnə
dostlarindan olan professor Bağır Bağırovun Firəngiz
xanıma yazdığı bir məktub məni yaman
duyğulandırdı. Açığı, həm kövrəldim, həm də
qürurlandım: "Siz bir Milli Qəhrəman anası kimi də,
Xəlil Rza beşiyi başında mərd sədaqətli bir İnsan olaraq
dayanmağınızla sağlığınızda
özünüzə möhtəşəm abidə
ucaltmısınız. Elə bir məclis, elə bir söhbət olmaz ki, mən
sizi nümunə göstərməyəm".
Qeyri-adi ifaları ilə qəlbimizə hakim kəsilmiş
Xumar Qədimova şairin bir şeirini öz avazında elə
xəfif və qəribə ahənglə oxuyur ki...Sakit ürəklə
qulaq asmaq mümkün olmur. Səsin zərifliyində duyulan həsrətin
çalarları könlümüzə tuşlanır:
Mənim
o yerlərdə ayaq izim var
Səadət aynası beş dənizim var.
Vəfa xəzinəsi Firəngizim var.
Onun ağ üzünə həsrət qalmışam.
Xəlil Rzanın təkcə elə Lefortovo zindanında Firəngiz xanım üçün yazdığı şeirləri əsl məhəbbət dastanıdır. Uydurma və nağıllardan çox uzaqda dayanan, amma əfsanəyə bənzəyən bu eşqin bütün fəsillərindən vüsalla, min xatirəli görüşlə bərabər hicran, ayrılıq, həsrət, etiraz və etiraflar boylanır. "Firəngizin məktubu" adlı şeir bu mənada dağlardan tökülən şəlalər kimi yanar qəlbimizə bir sərinlik, qarışıq halımıza sakitlik, ruhumuza coşqunluq gətirir:
Qüdrət dağı, qeyrət seli, min candı bu könlüm,
Ey sal
qaya, dinlə, yatan ümmandı bu könlüm,
Coşsam,görəcəksən,dəli tufandı bu
könlüm,
Sussam, demərəm
bəxtimə bir dəm kimi gəldin,
Ölməz, əbədi şairə həmdəm kimi gəldin.
Bu həmdəmsə bu gündə Xəlil Rza
Ulutürkün yazılarının başına pərvanə
kimi fırlanır. Xəlil Rza Firəngiz xanımı həyatının
Günəşi adlandırmışdı. Elə həyat da təsdiqlədi ki, böyük
şair haqlı idi. Bu Günəş indi
də nur saçır...İşığının selində
isə Xəlil Rza Ulutürkün vəfatından sonra
çap edilən kitabları sıralanıb.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalıst
525-ci qəzet.-
2014.- 15 yanvar.- S.7.