Milli Kitabxanada teatr xadimləri ilə görüş
ƏDALƏT VƏLİYEV:
"AZƏRBAYCAN REGİONDA VƏ MDB-də
İLK DƏFƏ OLARAQ BEYNƏLXALQ TEATR FORUMLARININ KEÇİRİLDİYİ MƏKANA
ÇEVRİLİB"
Ötən gün M.F.Axundov
adına Milli Kitabxanada tanınmış teatr xadimləri və gənc rejissor, bəstəkar, aktyor və musiqiçilərlə
görüş keçirilib.
Tədbiri açan mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev teatr və teatrətrafı məsələlərdən söhbət
açaraq ötən
ilin 140 illiyini qeyd edən milli teatrımız üçün uğurlu
olduğunu bildirib:
"Bildiyiniz kimi, Azərbaycan teatrı özünün 140 illiyini
qeyd edir. Bu yubiley münasibətilə
istər ölkədə,
istərsə də ölkə hüdudlarından
çox-çox kənarda
ölkə başçısının
məlum sərəncamı
ilə silsilə tədbirlər keçirilib.
Ötən il
Azərbaycan teatrının
140 ildə keçdiyi
yola bir baxış ili idi, hesabat məqamı
idi. Keçən il keçirilən
tədbirlər də
bunu sübut edir. Sonda Heydər Əliyev
sarayında möhtəşəm
bir tədbir keçirildi. İnsanların
yaddaşında il həm də, nəhayət ki, 140 ildən sonra Azərbaycanda teatr sahəsində çalışan insanların
peşə bayramının
təsis olunması ilə əbədiləşdi.
10 mart ölkə başçısının məlum
sərəncamına uyğun
olaraq 2013-cü ildən
başlayaraq artıq Azərbaycanda teatr işçilərinin milli
peşə bayramı
kimi qeyd olunmağa başladı".
Ədalət Vəliyev son dövrlərdə
milli teatrımızın
inkişafı istiqamətində
atılan addımlar barəsində tezis xarakterli çıxışını
tədbir iştirakçılarının
diqqətinə çatdırıb:
"2006-cı ildə Azərbaycanda
ilk dəfə olaraq
"Teatr haqqında qanun" qəbul olunub. Bu istər
sovet dönəmində,
istər müstəqillik
əldə etdiyi 20 ildən artıq dövr ərzində mədəniyyət sahəsində
dövlət tərəfindən
qəbul olunmuş qanunlar içərisində
ən son və diqqətçəkən qanunlardan
biridir. Bu vaxta qədər mədəniyyətin bu və ya digər
sahələri ilə
bağlı qanunlar qəbul olunub. Amma uzun illərdən bəri haqqında söz -söhbət gedən və nəhayət, 2006-cı ildə
reallaşan teatr haqqında qanun qəbul olundu. Elə həmin də bu qanundan irəli
gələn ölkə
başçısı tərəfindən
qanunun icrasını həyata keçirməklə
bağlı sərəncamlara
imza atıldı.
2007-ci ildə Azərbaycan teatrının
maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı prezidentimiz böyük bir sərəncam imzaladı. O sərəncamdan
bir qədər sonra Azərbaycan teatrının 2009-2019-cu illərdə
inkişaf strategiyasını
müəyyənləşdirən 10 illik dövlət proqramı qəbul olundu. Həmin qanundan irəli
gələn məsələlərin
2007-ci ildən başlayaraq
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən köklü
şəkildə həyata
keçirilməsi ilə
bağlı addımlar
atıldı. Birinci
növbədə, bizim
son 30-40 il ərzində dağılmış
mənəvi və fiziki cəhətdən bütün mənalarda köhnəlmiş və yenidən qurulmağa ehtiyacı olan teatr binaları köklü şəkildə
yenidən quruldu. Milli Akademik Dram, Rus Dram, Kukla, Gənc Tamaşaçılar, Musiqili Komediya, Mingəçevir
Dram, Şəki, Ağdam
teatrları da bu sıraya aiddir. Bu yaxınlarda Edinburqda
bir neçə tamaşaya baxası olduq. Bizim təmir olunmuş
teatrlarla müqayisə
etmək üçün
bütün parametrlərə-
akustikasına, isti -soyuq hava axınının
tənzimlənməsinə və sairə görə Avropada 5 ya 6 bina tapmaq
olar.
Ötən il nəhayət, Sumqayıt
teatrı binayla təmin olundu. Dövlət
statusu almış Pantomim Teatrı müstəqil bina ilə həm təmin olundu, həm də Mədəniyyət və
Turizm Nazirliyinin daxili imkanları hesabına orada təmir işləri aparıldı. Bu gün Pantomim Teatrı tamaşaçılarını
öz binasında qəbul edir. “Yuğ” teatrına
hüquqi ünvan verildi. Milli Akademik Teatrının
mülkiyyətində olan
bina “Yuğ”a verildi. Bina əsaslı şəkildə
təmir olundu.
Dünyada analoqu olmayan 4 qaçqın teatrına malik olan Azərbaycanda
onların maddi-texniki bazasının yaxşılaşdırılması
ilə bağlı misilsiz işlər görüldü. Ağdam teatrı üçün
fövqəladə gözəl
bina tikilib. Füzuli teatrına da həmçinin. Bakı şəhərində
fəaliyyət göstərən
139 yaşlı İrəvan
Dövlət Dram Teatrına
da prezidentin sərəncamı ilə
gözəl bir bina ayrılıb. Güman edirəm ki, 2015-ci ildə orada təmir-bərpa işlərinə
başlayacağıq. Hazırda Bakıda fəaliyyət göstərən
Şuşa Dövlət
Musiqili Dram Teatrına
da Bakıda müvəqqəti həm
bina, həm də ünvan ayrılıb, "Savalan"
kinoteatrı bu teatrın ixtiyarına verildi və bu il də
bu keçmiş kinoteatrın teatra çevrilməsi ilə bağlı, onun maddi- texniki bazasının möhkəmləndirilməsi,
yenidən qurulması
və təmiri ilə bağlı ölkə başçısı
bir neçə gün öncə sərəncam imzalayıb.
Opera və Balet
Teatrının 2015-ci ildən
sonra əsaslı təmir məsələsi
gündəlikdə durur.
Gəncədə gələn
il teatr
üçün yeni binanın inşasına başlanması nəzərdə
tutulur. Bu istiqamətdə
işlər aparlır.
Qanundan və dövlət proqramından çıxış
edərək onların
maddi- texniki bazasının və nəqliyyat təminatından,
ta dövlət sifarişləri ilə tamaşalar hazırlanmasına
qədər çox böyük yüzilliklər
ərzində olmamış
məsələlərə imza atılıb".
Nazir müavini qeyd edib ki, son 10 ildə Azərbaycan teatrlarında 983 tamaşa hazırlanıb. Bunun 287-si dövlət sifarişi vəsaiti hesabına həyata keçirilib: "Bu müddət ərzində Azərbaycana yüzə qədər xarici ölkənin tanınmış sənət xadimləri, xüsusilə də son üç ildə ölkəmizin müxtəlif teatrlarında tamaşalara quruluş verməyə, rəssamlıq, dirijorluq etməyə və sair istiqamətdə fəaliyyət göstərməyə dəvət edilib. 50-dən artıq xarici ölkədə-Amerikadan Çinə qədər Azərbaycan teatrları qastrol səfərlərində olub. 2013-cü ildə 17 ölkədən Azərbaycan teatrının sorağı gəlib ".
Ə.Vəliyev bildirib ki, Azərbaycan regionda və MDB-də ilk dəfə olaraq beynəlxalq teatr forumlarının həyata keçirildiyi bir məkana çevrilib: "2010-cu ildən başlayaraq Bakı Beynəlxalq Teatr Forumuna ev sahibliyi etməyə başladı. 2012-ci ildə ikincisi oldu. Bu il də noyabrın birinci ongünlüyündə 70-dən artıq dövlətin 100-dən yuxarı dünya çapında tanınan məşhur rejissor, dramaturq, tənqidçilər və teatr menecerlərinin iştirakı ilə 3-cü Bakı Teatr Forumu reallaşacaq".
Nazir müvaini bu gün Azərbaycanın teatr xadimlərinin dünyanın nüfuzlu teart təşkilatlarında rəhbər vəzifələrdə və xüsusi statusla ölkəmizi təmsil etməsini, Bakıda beynəlxalq əhəmiyyətli teatr festivallarının keçirilməsini də milli teatrımızın inkişafı kimi dəyərləndirib.
Ə.Vəliyev teatr sahəsində gənclərin irəli çəkilməsi məqsədilə də bir sıra layihələrin həyata keçirildiyini və bundan sonra da keçiriləcəyini vurğulayıb: "Bir neçə il əvvəl mərhum Vaqif İbrahimoğlunun kursundan 7 istedadlı gəncə 7 dövlət sifarişi verilib. Bu, çox böyük bir hadisə idi. Nəsə uğurlu oldu, nəsə uğursuz oldu, amma reallıq ondan ibarət idi ki, bu 7 gəncin özünü təsdiqi üçün belə bir imkan yaradıldı. Və bunun davamı olaraq biz 2 il öncə Gəncə və Mingəçevir Teatrına, daha sonra Lənkəran Teatrına, hesab edirəm ki, Azərbaycan teatr tarixində olmayacaq yaş həddində gəncləri baş rejissor vəzifəsinə təyin etdik".
Ə. Vəliyev dünya praktikasında geniş yayılan dövlət sifarişi olmadan müstəqil, sərbəst rejissor kimi fəaliyyət imkanının artıq Azərbaycanda da tətbiq olunmağa başlandığını deyib: "Əslində bu yeniliklər, eksperimentlər davam edir və edəcək. Mən ümidvaram ki, gün gələcək, Azərbaycan teatrında çalışan hər kəs, nəinki peşəkar rejissorlar, hətta hər bir peşəkar aktyor da, rəssam da və sair peşə sahibləri də gördüyü işin müqabilində layiq olduğu əməkhaqqını alacaq. Bizim də əsas çabamız, əsas vəzifəmiz işi bu istiqamətə yönəltməkdir".
Görüşdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, professorlar- Məryəm Əlizadə, İlham Rəhimli, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət də fikir və düşüncələrini bölüşüb. Tədbirdə həmçinin gənc teatr mütəxəssisləri təkliflərlə çıxış ediblər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 15 yanvar.- S.7.