Bütövlük
Quliyev
Vasif Xosrov oğlu (17.I.1954, Şuşa
rayonunun Malıbəyli kəndi) - yazıçı-jurnalist,
tərcüməçi, naşir. SSRİ
Jurnalistlər İttifaqının (1985) və Azərbaycan
Yazıçılar Birliyinin üzvü (2001). S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin
Jurnalistika Fakültəsini bitirib (1982). Əmək
fəaliyyətinə Stepanakert Elektronika Zavodunda
yığıcı-çilingər vəzifəsində
başlayıb (1971-1974), sonra Bakı Soyuducular Zavodunda işləyib
(1974). Moskva şəhərində Sovet
Ordusu sıralarında hərbi xidmətdə olub (1974-1976), tərxis
edildikdən sonra universitetin hazırlıq şöbəsində
oxuyub (1976-1977) və Jurnalistika Fakültəsinə daxil olub.
Ali təhsilini başa vurub, bir müddət Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində əməkdaşlıq edib
(1982-1984), sonra "Pioner" (indiki "Günəş")
jurnalında işləməyə başlayıb.
1973-cü
ildən Vasif Quliyev mətbuatda çıxış etmiş,
ilk yazıları Azərbaycan Kommunist Partiyası Şuşa
rayon Komitəsinin və rayon Zəhmətkeş Deputatları
Soveti İcraiyyə Komitəsinin orqanı
"Şuşa" qəzetində dərc olunmuş, sonralar
respublikanın bir çox qəzet və jurnallarında
("Kommunist", "Sovet kəndi", "Azərbaycan
müəllimi", "Ədəbiyyat və incəsənət",
"Azərbaycan gəncləri", "Bakı",
"Bakinskiy raboçi", "Vışka",
"Molodyoj Azerbaydjana", "Ulduz", "Qobustan",
"Mədəni-maarif", "Azərbaycan təbiəti"
və sair) çıxış edib.
1992-ci ildə
o, "Şuşa" adlı şəxsi nəşriyyat
yaradıb, burda Azərbaycanın, xüsusilə də,
Qarabağın tarixinə, mədəniyyətinə, ədəbiyyatına,
etnoqrafiyasına aid onlarla kitab (A.Ziyadxanov, "Azərbaycan";
M.A.Dağlı, "Səslən, tarım";
N.Şeyxzamanlı, "Azərbaycan istiqlal mücadiləsi
xatirələri"; "Hacı Zeynalabdin Tağıyev"
və sair) nəşr edib, üç yüzə yaxın
kitabın (Ç.Qacar, "Staraya Şuşa" (rus dilində),
P.Semnani, "Fətəli şah"; M.M.Nəvvab, "1905-1906-cı
illərdə erməni-müsəlman davası";
A.Əliverdibəyov, "Rəsmli musiqi tarixi" və sair
redaktoru, tərtibçisi və rəyçisi olub. Bir neçə kitabı (S.Qlinka, "Ermənilərin
Azərbaycana köçürülməsi" (1995);
V.Veliçko, "Qafqaz" (1995); V.Mayevski, "Qafqazda erməni-tatar
qırğını erməni məsələsinin mərhələlərindən
biri kimi" (1995); O.Kaçaznuni, "Daşnaksütyuna bir
iş qalmadı" (1995) və sair) ruscadan Azərbaycan dilinə
tərcümə edib. "Ucalığa gedən
yol" (1988), "Maarif fədaisi" (1992), "Enək
İsa bulağı"na..." (1993), "Əgər
şuşalısansa..." (1995), "Vətən
bağı al-əlvandır" (1998), "Dünənə
uzanan cığır" (2000), "Ən yaxın dost"
(2001), "Ötən günlərimi qaytaraydılar"
(2001)"Mənim babam kim olub?" (2001),
"Biz gedəsiyik, dünya qalası..." (2001),
"180 yaşlı Şuşa məktəbi" (2010),
"Yad et məni" (2014) kitablarının müəllifidir.
Vasif Quliyev SSRİ Jurnalistlər İttifaqının
"Qızıl qələm" mükafatına layiq
görülüb (1989) və bir neçə dəfə Fəxri
Fərmanla təltif edilib. Hazırda "Şuşa" nəşriyyatının
direktoru (1992-ci ildən), "Günəş" jurnalının
baş redaktoru (1995-ci ildən) və "Şuşa" qəzetinin
redaktorudur (2005-ci ildən).
Adam var, ilk dəfə onu görən kimi sir-sifəti,
oturuşu, duruşu, baxışı və ümumi
qırımıyla səni özündən
uzaqlaşdırır. Adam da var ki, elə ilk görüşdən
sənə xoş təsir bağışlayıb,
özünə çəkir. Dostum Vasif
Quliyev dediyim bu ikinci qisim adamlardandır. Onunla
rastlaşdığım vaxt yəqin ki, mərhum
yazıçı dostum Nəriman Süleymanovun
"Pioner" (indiki "Günəş")
jurnalının baş redaktoru olduğu vaxta təsadüf
edib. Çünki həmin dövrdə
ara-sıra adını çəkdiyim jurnalda öz
yazılarımla çıxış edirdim. Lakin Nəriman
Süleymanov vaxtsız vəfat edəndən sonra
"Pioner" jurnalının redaksiyasına bir-iki il getmədim. Əslində,
heç bilmirdim ki, orda baş redaktor kimdir. Bir gün ürəyimdə özümü məzəmmətlədim
ki, belə etibarsızlıq olmaz. Dostumun
ruhu məndən inciyər. Onun ruhu xatirinə
ora baş çəkməliyəm. Və
bu düşüncəylə də bir gün redaksiyaya getdim.
Həm də bilmək istəyirdim ki,
jurnalın baş redaktoru kimdir. Elə
redaksiyada birinci Vasif Quliyevlə rastlaşdım. Onunla salamlaşıb-görüşəndə məndən
soruşdu ki, bizə niyə yazı vermirsiniz?
Jurnalımızın qonorarı da var. Mən gülə-gülə
dedim ki, mən qonorar üçün
yazmıram. Cavab verdi ki, mən o mənada
demirəm. Siz vaxtaşırı
jurnalımızda çıxış eləyən müəlliflərdənsiniz.
Bəs niyə indi çıxış eləmirsiniz?!
Vasifin sarı simə toxunmasına görə dedim:
"İnşaallah, yazım olanda gələrəm...
Bu
söhbətin üstündən bir, ya iki il
keçdi, deyə bilmərəm. Yalnız onu deyə bilərəm
ki, Vasif ilk sözüylə mənim ürəyimə qarmaq
atmışdı... Bilənlər bilir ki, mən
uşaq şairi deyiləm. Uşaqlar
üçün həmişə yaza bilmirəm. Uşaq şeri, uşaq hekayəsi yazmaq mənim
üçün elə də asan deyil. Ancaq
Vasif Quliyevin dediyi sözlər daim məni hərəkətə
gəlməyə məcbur edirdi. Mən onu da bildirim ki,
uşaqlar üçün yazanlarımız az
da deyil. Başa düşürdüm ki, Vasif
müəllimin mənə hörməti olduğuna görə
məndən yazı istəmişdi. Mən
başqa cür edə bilməzdim, hörmətə hörmətlə
cavab verməliydim. Belə də elədim.
Və mənim "Günəş"
jurnalının redaksiyasına ayağım
açıldı. O vaxtdan etibarən yazım
oldu-olmadı Vasif Quliyevlə görüşməyə
başladım. Bunun bir səbəbi də odur
ki, onun üz-gözündən işgüzarlıq
yağır. Onu hər görəndə
görkəmi, əhval-ruhiyyəsi məni hərəkətə
gətirirdi. Və nəticədə yeni
şeirlər yazmağa başladım. Bununla
da, Vasiflə görüşlərim rəvan oldu. O
vaxtdan da onun bir çox insani keyfiyyətləri mənim
üçün üzə çıxdı. O, zəhmətkeşliyilə
yanaşı, sözübütöv adamdır,
sözünün ağasıdır, sözünün
üstündə durandır. Yalan
danışmağı xoşlamır, heç belələrini
də sevmir. Kişi adamdır. Boş vədlər verən deyil. Onda xoşuma gələn bütün cəhətlər
olduğu üçün həmişəlik ona
bağlanmışam. O, şuşalı köhnə
adamlar haqqında deyilmiş cəhətləri özündə
cəmləşdirən əsl köhnə kişilərdəndir.
Vasif müəllim mənim dostum olduğu
üçün bunları demirəm. Məni tanıyanlar
yaxşı bilirlər ki, heç vaxt vəzifəsinə
görə və ya dostluğa, qohumluğa görə
heç kəsi layiq olmadığı halda tərifləyən
deyiləm. Elə Vasif Quliyev haqqında
dediklərim də tərifdən çox yüksək insani
keyfiyyətlərdir ki, onda var.
Dediklərimi
sübut üçün bir neçə misal:
"Vasif Quliyev sözübütöv, əməli-saleh
adamdır. Əsl mənada azərbaycanlı, zəhmətkeş,
mərd bir kişidir..." - Mirabbas Aslanov - akademik. "Belə tanış olmuşuq" məqaləsindən.
"Mən
yaradıcı insanlarla çox rastlaşmışam,
oturub-durmuşam, lakin Vasif Quliyev kimi qələm əhli
görməmişəm..." - Pərviz Axundov iqtisad elmləri
namizədi .
"Mən Vasif Quliyevi həm də doğma yurdu
Qarabağı sözlə yox, əməldə sevən tək-tük
qələm sahiblərindən biri kimi tanıyıram..."
- Mustafa Çəmənli - yazıçı-publisist.
Misal çəkdiyim bu üç müəllifin onun
şəxsiyyəti və yaradıcı insan kimi hansı
keyfiyyətlərə malik olması barədə dedikləri
kifayətdir.
Onlarla ayrı-ayrı qələm və elm
sahiblərindən misal çəkə bilərdim. Lakin məncə, elə bu da kifayətdir. Bu, o vaxt olardı ki, haqqında deməyə söz
tapa bilməyəsən.
Vasif Quliyev neçə-neçə kitabın müəllifidir,
özü də necə kitabların?!
Kitabları və ayrı-ayrı tarixi oçerklərin
adlarını çəkməmişdən onu deməliyəm
ki, Vasif Quliyev özü şanlı bir "Qarabağnamə"dir.
Bunu istər qarabağlı olsun, ya qeyri-qarabağlı, ona
yaxından bələd olanlar çox gözəl bilirlər. Çap olunmuş
kitablarından "Əgər Şuşalısansa...",
"Vətən bağı al-əlvandır...",
"Ötən günlərimi qaytaraydılar",
"Dünənə uzanan cığır", "Ən
yaxın dost", "Enək İsa bulağına",
"Mənim babam kim olub?", "Biz gedəsiyik, dünya
qalası..." və sair kitabları Qarabağ
yanğısı ilə yazılmış kitablardır. Onların hər cümləsində, hər sətrində
Vasifin odlu ürəyi döyünür. O, Qarabağa məhəbbətlə
döyünən ürəyinin odunu, hərarətini də
elə bu eşqlə yazılmış kitablara, oçerklərə
sərf edir. Çoxlarına məlum olmayan
Qarabağın tarixi şəxsiyyətlərini, onun
üçün az-çox xidmətləri olmuş
insanlarını üzə çıxarıb, oxucuların nəzərinə
çatdırılmasında yorulmaq bilmədən, əzmlə
çalışır. Bəzən
günlərini nəinki Azərbaycanın, hətta
Gürcüstanda, Rusiyadakı arxivlərdə də
keçirir. O, daim axtarışdadır. Doğma
Qarabağ, Azərbaycan naminə sərf etdiyi vaxt,
keçirdiyi günlər səmərəli əmək fəaliyyətini
daha da artırır.
Vasif Quliyev vətənpərvər, bütün
varlığı ilə Vətənini, xalqını sevən
qeyrətli bir azərbaycanlıdır. O, sözünə xilaf
çıxanlardan deyil. Dediyini eləyəndir.
Bu keyfiyyətlər onun canında və
qanındadır. Onu heç kim,
heç nə dəyişə bilməz. Neçə
ildir mən onunla dostluq edirəm, hələ ki, onda bir
xılt görməmişəm. İnşaallah,
bundan sonra da görmərəm. Bunun
üçün bir şəkk-şübhəm də yoxdur.
Ümumiyyətlə, zəhmətkeş-ziyalı adam hər cəhətdən saf olur. Yuxarıda dediyim kimi işgüzarlıq onu
yaşadan amillərdən biridir. Onun bu
keyfiyyəti, işgüzar münasibətdə olduğu
insanlara da öz təsirini göstərir. Bunu mən özümdə görmüşəm.
Bir dəfə o, mənə dedi: - Şuşa
haqqında şeiriniz var?! Cavab verdim ki, yoxumdur.
Qarabağ haqqında şeir verə bilərəm.
Dedi ki, yaxınlarda Şuşa ilə
bağlı "Şuşa" qəzetində səhifə
verəcəyəm. Şuşa ilə
bağlı şeiriniz olsaydı, verərdim. Mən bilirdim ki, bir neçə ildir Vasif
"Şuşa" nəşriyyatını idarə edir.
Ancaq Şuşa rayon İcra Hakimiyyətinin
orqanı "Şuşa" qəzetinin baş redaktoru
olduğunu bilmirdim. Bunu biləndə bir daha yəqin elədim
ki, dostum Vasif Quliyev doğma yurdu Şuşa
ilə nəfəs alır.
Belə
insan heç vaxt yarımçıq ola
bilməz. İstər xoş gündə, istər dar gündə
də öz elinə-obasına bağlı olmayan, onu
canında, qanında yaşatmayan, nəinki ziyalı, heç
böyük imkan sahibi də bütöv ola
bilməz. Elə bunun nəticəsiydi ki, Vasif müəllim mənə
Şuşa haqqında şeir yazdırmamış
məni sakit buraxmadı. Biz hər
görüşəndə o, Şuşanı mənim
yadıma salırdı. Şuşa
bütün azərbaycanlılar kimi, mənim də yaralı
yerim idi. Çünki tələbə
dostum Həbib Allahverdiyev şuşalı idi. Çoxdan ondan xəbərim yox idi. İki dəfə
cəhd etmişdim onunla görüşüm
alınmamışdı... Sən demə, həm
də Vasif Quliyev onu yaxşı tanıyırmış.
Mən bunu sonra bildim...
Nəhayət, hər görüşümüzdə
Vasif müəllim "Şuşa" deyə-deyə məni
hərəkətə gətirdi. Mən bir dəfə onunla
görüşəndən sonra avtobusa minənədək Şuşa ilə bağlı misralar axıb-gəlməyə
başladı. Evə çatanacan fikrimdə
iki şeir artıq hazır idi. Qələm-kağıza
cumdum. Beləliklə, o gün və səhərisi
gün Şuşa ilə bağlı
beş şeirim yarandı.
Redaksiyada
həmin şeirləri Vasif Quliyevə təqdim eləyəndə
Həbib Allahverdiyev haqqında xatirə yazmaq istədiyimi ona
dedim. O, razılıq verdi. Mən
həmin gündən sonra tələbə dostumla
bağlı xatirələrimi və bir şeir yazdım.
Bununla demək istəyirəm ki, Vasif müəllim
öz işgüzarlığıyla da adama təsir eləyərək
onu işləməyə sövq edir. Bəli, o, istedadlı
yazıçı-jurnalist olmaqla bərabər, həm də
çox maraqlı insandır. Dediklərimdə
onun maraqlı insan olduğunu gördünüz. Daha əlavə şərhə ehtiyac yoxdur.
Mən indiyəcən onu, yəni, Vasif Quliyevi tədqiqatçı-alim
bilirdim. Çünki onun söhbətləri,
danışıqları bunu mənə diqtə edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, nəinki
onun doktorluq dərəcəsi, hətta namizədlik dərəcəsi
də yoxmuş. Bunu yubileyi münasibətilə
yazdığım məqaləyə
hazırlaşdığım vaxtda bildim. Lakin
yenə də dostumun tədqiqatçı-alim bilməyimdə
israrlıyam. Bunun üçün onun
bazası var, sadəcə dərəcəsini rəsmiləşdirməyib.
İnşallah, çox keçməz, onu da eləyər.
Ancaq ləngiməsi vacib işlərinin
çox olması ilə bağlıdır.
Görünür, ondan da vacib işləri var... Bir var
çox danışıb, az iş görən,
bir də var, az danışıb, çox iş görən.
Dostum ikincilərdəndir. Bunu
neçə ildə dəqiq bilmişəm. O,
danışdığı adamı da axıracan səbrlə
dinləməyi xoşlayır. Qarşısındakı
adamı dinləmək bacarığı da böyük mədəniyyətdir.
İşinin çoxluğundan asılı
olmayaraq, o, bunu bacarır. Danışanda
da çox sakit, həzin, səbr və təmkinlə
danışır. Ucadan danışan adam
olanda Vasif müəllimin astadan
danışdığını görəndə öz səsini
yavaşıtmağa məcbur olur və uzun müddət onu xəcalət
hissi tərk etmir. Görünür, bu,
özü də Vasif müəllimin tərbiyə
üsuludur. Bu yolla da o, ətrafındakılara
təsir etmək qabiliyyətinə malikdir. Elə ziyalı belə də olmalıdır. Elə dostumun sevdiyim cəhətlərindən biri də
budur.
Baş
redaktoru olduğu "Günəş" jurnalı həcmcə
çox kiçik, yəni, cəmi on altı səhifədən
ibarət olmasına baxmayaraq, Vasif Quliyev maraqlı şeirlər,
publisist yazılarla yanaşı, hekayələr də
çap eləyir.
Mən "Uşaqlıq hekayələrim" adlı avtobioqrafik romanımın xeyli hissəsini yazıb-qurtarandan sonra qərara gəldim ki, romanımın bəzi hissələrini "Günəş" jurnalında çap etdirməyə başlayım. Fikrimi Vasif müəllimə deyəndə o, razılıq verdi. Elə o gün də jurnalın ayrı-ayrı nömrələri üçün altı-yeddi kiçik hekayə verdim. Onlar jurnalın bir-iki səhifəsi qədər olardı. Dostum böyük ürək sahibi olduğu üçün nəm-nüm eləmədən, tərəddüdsüz onları çap elədi. Bunun üçün mən ona çox borcluyam.
Vasif Quliyev etibarlı və dəyanətli insandır. İndiki dövrdə belələri az-az olur. "Azərbaycan" nəşriyyatının binasında ayrı-ayrı qəzet və jurnalda çalışan üç-dörd dostum var. Onlardan biri də Vasif Quliyevdir. Ora hər gedəndə onların hansı birisinəsə baş çəkməli oluram. Bu dəfə növbədə Vasif Quliyev idi. Vasiflə görüşüb, söhbətdən bildim ki, yaxın günlərdə onun 60 yaşı tamam olacaq. Yazıçılar Birliyində ona özü haqqında yazı yazdırmağı tapşırıblar. Çəkinə-çəkinə, əslində, bəlkə də, utana-utana dedi: - Bilirəm, ağır xəstələnmişdin, sənin üçün ağır olar. Görəsən, kimə desəm, yaxşıdır...
Qardaşım, mən dura-dura sən kimə deməlisən?! - gülə-gülə dedim. O da gülə-gülə sənin üçün ağır olar axı. Cavab verdim ki, narahat olma, hər şey yaxşı olacaq. Sən mənə o qədər yaxşılıq eləmisən ki, yataqda olsam belə, imtina eləyə bilmərəm. Çünki buna haqqım yoxdur. Bircə sən mənə öz kitablarını ver. - O, yenə bax, ha! - dedi.
El arasında bir söz var, qeyrəti, kişiliyi hər şeydən üstün tutana - filankəs qannı adamdı, - deyilir. Bu, Vasif kimilərə aiddir. Qarabağ hadisələrindən hələ çox-çox əvvəl Vasif müəllim öz tutarlı faktlarıyla dolu sərt, kəskin publisist əsərlərilə mənfur erməni yalanları, qarayaxmalarıyla mücadiləyə qalxmışdı. Erməni yalanlarını ifşa eləməyi bir publisist, tədqiqatçı kimi o, özünə vətəndaşlıq borcu bilir. Çünki bu yalanlar vətəndaşı, ziyalısı, əli qələm tutanı olduğu onun Vətəninə - Azərbaycana qarşı yönəlmişdir. Belə bir döyüşdən Vasif Quliyevi saxlamaq qeyri-mümkündür. Bu mübarizədə təkcə öz əsərlərilə deyil, məşhur tərcümələrilə də yaraqlanmışdır. O, Vasil Veliçkonun "Qafqaz", Sergey Qlinkanın "Ermənilərin Azərbaycana köçürülməsi", İlya Çavçavadzenin "Erməni alimləri və fəryad edən daşlar" və sair kitabları vaxtında dilimizə çevirmişdir. Bunların özü də az və balaca iş deyil. Əslində, böyük əzmkarlıq və cəfakeşlikdir. Rəhmətlik Məmməd Araz nahaq yerə deməyib ki, "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı".
Mərhum şairimiz elə bil ki, bu məşhur kəlamını elə Vasif Quliyevin şərəfinə deyib...
Vasif Quliyev adi yazıçı-tədqiqatçı deyil. Öz prinsipial mövqeyi, mübarizliyilə həm də həqiqi Qarabağ mücahididir. O, gəncliyindən ömrünü bu mücadiləyə həsr eləyib. Öz milli təəssübkeşliyi ilə erməni yalanlarına, erməni saxtakarlığına qarşı əzmlə mübarizədədir. Vasif Quliyev Qarabağ - ümumilikdə Vətəni Azərbaycan üçün çox iş görmüş, lakin yaddan çıxmış layiqli insanları axtarıb, xidmətlərini üzə çıxarmaqda, əslində, onları "diriltməkdə" lap çox iş görmüşdür. Və bu gün də bunu davam etdirməkdədir. Vətən üçün az-çox iş görmüş adamların yaddaşlarda itib-batmasına yol vermədən öz tədqiqat yazılı işlərinə köçürməklə çoxlarını həyata qaytarıb. Nəticədə həm el arasında, həm də arxivlərdə axtarışlar apara-apara özü də canlı arxivə çevrilib. Yorulmaq bilməyən, əvəzsiz tədqiqatçı-yazıçı Vasif Quliyev həyatını şərəfli bir işə sərf etməklə məşğuldur. Bu yolda ona uğurlar və cansağlığı arzulayıram.
Hafiz ƏLİ
525-ci qəzet.-
2014.- 16 yanvar.- S.8.