Allahın bəxtəvər bəndəsi
XX əsrin 70-ci illərində Azərbaycan
teatrlarının səhnəsində öz nəfəsi, ifa
tərzi ilə seçilən yeni aktyor nəsli meydana gəldi. Onların əksəriyyəti
indi həyatda olmasalar da, Azərbaycan Akademik Milli Dram
Teatrının səhnəsində, kinoda və televiziyada
yaratdıqları rollarla xalqımızın yaddaşına
hopub şirin xatirələrində yaşamaqdadılar.
Səməndər Rzayev, Hamlet Qurbanov, Hamlet Xanızadə,
Əliabbas Qədirov, Mikayıl Mirzə, Vəfa Fətullayeva,
Telman Adıgözəlov, Yaşar Nuri və daha kimlər ...
O nəslin səhnədə, kino və televiziya ekranlarında
yaratdıqları müxtəlif rəngarəng obrazlar yeni əsrin
mədəniyyət tarixində öz layiqli yerini tutacaq. Rafiq
Əzimov, Fuad Poladov, Hacı İsmayılov, Arif Quliyev, Valeh Kərimov,
Cəfər Namiq Kamal, Şəfiqə Məmmədova, Amaliya
Pənahova, Nuriyyə Əhmədova, Firəngiz Mütəllibova
və adlarını çəkmədiyimiz onlarla istedadlı
aktyor və rejissor nəsli ...
Sizə
bu nəslin zəngin səhnə və ekran təcrübəsinə
malik, öz parlaq istedadı, çoxşaxəli
yaradıcılıq nailiyyətləri ilə seçilən
nümayəndəsi, sənətkar ömrünün
müdriklik çağını yaşayan, Azərbaycan
Respublikasının Xalq artisti "Şöhrət"
ordenli, Prezident mükafatçısı, "Qızıl Dərviş"
mükafatı laureatı professor, rejissor və aktyor, ictimai
xadim İlham Namiq Kamal oğlu Əhmədov haqqında
söhbət açmaq istəyirəm.
İctimai
xadim, rejissor, pedoqoq - professor kimi də tanınan İlham Namiq
Kamal Azərbaycanın müxtəlif teatrlarında bir aktyor
kimi çalışarkən orada iz qoyub, yaratdığı
obrazlara öz ştampını, damğasını vurub - desək
yanılmarıq. Vaxtilə İsmayıl
Osmanlı, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli
kimi müqtədir aktyorların dublyoru (əvəzedicisi)
olubsa da, onların ifa etdikləri rolları özünəxas
ştrixlərlə, yeni interpretasiyada tamaşaçılara
sevdirməyi bacarıb. Teatr aləmində
öz mənini, öz dəst-xəttini tapıb.
İlham Namiq Kamal peşəkar teatr səhnəsinə
qədəm basdığı ilk gündən
yaradacağı obrazı dərindən öyrənib mənimsəməyi,
qəhrəmanının bütün məziyyətlərini
öz təxəyyülünün süzgəcindən
keçirərək cilalamağı bacaran aktyordur. Bu gün onun
teatrda, kinoda, teletamaşalarda yaratdığı obrazları
göz önünə gətirəndə,
çoxyönümlü virtuoz aktyorun necə zəngin bir irsə
malik olduğuna heyrətlənməyə bilmirsən. Öz-özünə sual verirsən ki, belə
qısa zaman kəsiyində o, cilddən-cildə girməyi,
dramatik, tragik, komik və yumoristik çalarlarda yaratdığı
personajları yaddaqalan, diqqətçəkən və rəngarəng
etməyi necə bacarır?!
O, Azərbaycan
teatr sənətində öz dəst-xətti ilə
seçilən bir aktyor olmaqla yanaşı,
dövrünün ən bəxtəvər gənci kimi də
həmişə teatrda olduğu kimi, ölkə ictimaiyyətinin
də diqqət mərkəzində olub. Sanki, kiçik
qardaşı Cəfər onu ilk dəfə dram dərnəyinə
apardığı gündən bu adam
öz həyatını teatra bağlayacağına qəlbində
sədaqət andı içib. Sonra Lütfi Məmmədbəyovun
xalq teatrına və xalqın ürəyinə yol
tapmağı bacaran gülərüz İlham Namiq Kamala,
çoxu Allahın bəxtəvər bəndəsi deyir.
Doğrudan da İlham Namiq Kamal özünü
xoşbəxt insan hesab edə bilər, çünki o bu
haqqı qazanıb.
Elə
ilk cəhddən indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Dram və Kino
Aktyorluğu Fakültəsinə daxil olması, Adil İsgəndərov,
Mehdi Məmmədov, Rza Təhmasib, Tofiq Kazımov kimi
dövrün ünlü rejissorlarının diqqətini
çəkməsi və onu tamaşalara cəlb etmələri
onun aktyorluq məharətinə verilən qiymələ
yanaşı, şanslı
olmasına da dəlalət edirdi.
Tədris teatrında hələ tələbəykən
aktyorluğa cəlb edildi. İlhamın bu
teatrın səhnəsində ifa etdiyi biri - birindən fərqli
obrazlar Akademik Dram Teatrının baş rejissoru Tofiq
Kazımovun da diqqətini çəkdi. Beləliklə,
bu istedadlı gənc 1971-ci ildə ölkənin bir nömrəli
tearına dəvət aldı.
O vaxtlar belə xoşbəxtlik hər məzuna nəsib
olmurdu. Gənc İlhamın Akademik Teatrda ilk
rolu da adi rol olmadı. O, Tofiq Kazımovun quruluşunda
Uilyam Şekspirin "Fırtına"sında Adrian rolunu
oynadı. Sonra A. Safronovun
"Daşqın" pyesində Çekan, Mirzə Cəlilin
"Ölülər"ində Hacı Kərim, M. F.
Axundovun "Müsyö Jordan və Dərviş Məstəli
Şah" əsərində həm Müsyö Jordan, həm
də Məstəli Şah obrazlarını yaratdı.
Bu teatr məbədində
çalışdığı illər ərzində onlarla
bənzərsiz obraz yaratmaqla yanaşı, Azərbaycan teatrının
əsl sultanları olan, SSRİ Xalq artistləri Hökumə
Qurbanova, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov,
Azərbaycanın Xalq artistləri İsmayıl Osmanlı,
Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov,
Əliağa Ağayev, Möhsün Sənani, Məmmədrza
Şeyxzamanov, Məlik Dadaşov və adlarını çəkmədiyimiz
neçə - neçə sənət korifeyləri ilə tərəf
müqabili olub. Təkcə bu faktor onun görkəmli
sənətkar taleyinin bir nümunəsidir.
Onun
özünün də etiraf etdiyi kimi Akademik Dram Teatrına gəlişi,
burada pərvəriş
tapması ustad rejissor Tofiq Kazımovun adı və
yaradıcılığı ilə nə qədər
üzvi surətdə bağlı olsa da, İlham Namiq
Kamalın bir virtuoz aktyor kimi yetişib şöhrət
tapması Adil İsgəndərov, Rza Təhmasib, Lütfi Məmmədbəyov,
Hüseynağa Atakişiyev və Mərahim Fərzəlibəyov
kimi rejissorları bu teatrda
quruluş verdikləri, yaratdıqları neçə-neçə
sənət inciləri ilə də yaddaşlara hopub.
İlham
Namiq Kamalın Azdramada deyil, Dövlət Gənclər
Teatrının, hazırkı Dövlət Musiqili
Teatrının da səhnələrində oynadığı
rollardan, yaratdığı obrazlardan söhbət açası
olsaq, bu nə bir məqaləyə, nə də bir kitaba
sığar. Onun səhnə həyatı
verdiyi personajları və oynadığı tamaşaları
sadalamaq fikrindən uzağam. İnanıram
ki, zamanı gəldikcə Azərbaycan teatr sənətinin
tarixçiləri, araşdırmaçıları bu
görkəmli şəxsiyyətin təkcə aktyorluq fəaliyyətindən
bəhs edən onlarla monoqrafiyalar və cild-cild kitablar
yazacaqlar. Dramatik rollarından ziyadə "əntərzadə"lər,
"dadaşbala"lar kimi onlarla komik və
yumoristik obrazları hələ öz
araşdırmaçılarını gözləyir.
Öncə də qeyd etdiyimiz kimi, İlham Namiq Kamal bəxtəvər
və xoşbəxt sənətkardır. O, təkcə teatr
rejissorlarının deyil,
kinematoqrafçılarımızın da nəzər - diqqətindən
yan keçməyib. C. Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının istehsalı olan "Qaynana", "Qəribə
adam", "Arvadım mənim - uşaqlarım mənim",
"Uzun ömrün akkordları", "Qızıl
qaz", "Bəyin oğurlanması" kimi neçə-neçə
bənzərsiz obrazlar qalereyası yaradıb. Təkcə
"Mozalan" satirik kino jurnalında yüzə yaxın bədii
süjetdə bir-birindən fərqli rollar oynayıb. "Azərbaycantelefilm"
istehsalat birliyinin, eləcə də, Azərbaycan televiziyasinin
araya-ərsəyə gətirdiyi filmlərdə və
teletamaşalarda da yaddaqalan obrazlar yaradıb. Onların
bir çoxu ilə tanış olmaq
üçün, eləcə də, İlham Namiq Kamal
yaradıcılığına marağı və rəğbəti
olan hər bir oxucu www.ilhamteatr.az saytına daxil olmaqla onun sənət
aləminə ekskurs edə bilərlər. Qırx
illik zəngin peşəkar aktyor həyatının
müdriklik çağını yaşayan görkəmli sənətkar
ölkəmizin ictimai-siyasi həyatında da öz fəallığı
ilə seçilir.
Azərbaycan teatr tarixində ad-san qoymuş onlarla sənətkarlar
olub ki, onların çoxunun nə adı, nə sanı, nə
də izi qalıb.
Belələri
ilə müqayisədə bu gün teatr sənətimizin son
40 ilinə nəzər salsaq, yaddaşlarda qalan, fondlarda
saxlanan onlarla teatr tamaşasında, teletamaşalarda, kinofilmlərdə
mahir sənətkar İlham Namiq Kamalın milli mədəniyyətimizdəki
rolunu və xüsusi çəkisini açıq-aşkar
görərik. İnanıram ki, bu qüdrətli
səhnə ustasının keçdiyi zəngin
yaradıcılıq yolu gələcək nəsillərə
də layiqli nümunə, örnək olacaq.
Mən bir aktyor kimi onu heç kəslə müqayisə
etmək istəmirəm. Çünki İlham Namiq Kamal öz səhnə
həyatında heç kəsi yamsılamayıb, heç kimə
bənzəmək istəməyib. Öz yolunu seçərək
şərəfli bir aktyor - sənətkar ömrü
yaşayıb, yaşayacaq da...
Özünün yaratmış olduğu "İlham Miniatür Teatrı"nın fəaliyyətinin qızğın çağlarında məskunlaşdığı digər teatrın adını, ünvanını unudan tamaşaçılar oranı "İlhamın teatrı" kimi tanıyırdılar. Bax budur əsl sənətkarın qüdrəti.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada və Musiqili Teatr Aktyorluğu" kafedrasının müdiri kimi, professor İlham Namiq Kamal oğlu Əhmədov gələcəyin estrada ustalarının və musiqili teatr aktyorlarının yetişməsi işində də öz bilik və bacarığını əsirgəmir. Milli Teatr məktəbimizin sabahkı nəslinin teatr biliklərinin, dünyagörüşlərinin zənginləşməsi istiqamətində əzmlə çalışır. O, paralel olaraq Azərbaycan Dövlət Musiqili Teatrında həm aktyor, həm də rejissor kimi öz yaradıcılıq fəaliyyətini davam etdirir. Müasirlərimiz və gələcək nəsil hələ bundan sonra İlham müəllimin yeni-yeni personajlarını görəcək, tamaşalarını heyranlıqla seyr edəcəklər.
İlham Namiq Kamal 1949-cu ilin 9 yanvarında Bakıda doğulsa da, həmişə iftixar hissiylə deyir ki, mənim ata yurdum Şamaxının "Sarıtorpaq" məhəlləsidir. O torpaq Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abas Mirzə Şərifzadə, İmamverdi Bağırov, Əzizə Cəfərzadə kimi görkəmli şəxsiyyətlər yetişdirib. Biz bu siyahıda böyük məmnuniyyətlə onun, İlham Namiq Kamalın da adını çəkirik.
İnsanlar doğulduğu yeri, valideyni, milləti, məmləkəti özləri seçmirlər. Bəzən elə olur ki, onlar sadalananların iftixar qaynağına çevrilərək ölkə, dünya miqyasında şöhrət tapırlar. İlham Namiq Kamal oğlu Əhmədov da belə bəxtəvərlərdəndir.
Ölkə rəhbərliyi onun fəaliyyətini layiqincə qiymətləndirib. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti adına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə isə "Şöhrət” ordeninə layiq görülüb. İnanırıq ki, İlham Namiq Kamal kimi bənzərsiz sənətkar hələ bundan belə neçə-neçə beynəlxalq mükafatlara da layiq görüləcək.
Saleh Salehzadə
Teatrşünas
525-ci qəzet.- 2014.-
16 yanvar.- S.7.