Professor Ramiz
Əsgərin 60 illiyi
elmi sessiya ilə qeyd edilib
Yanvarın 10-da AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun
zalında Folklor İnstitutunun təşkilatçılığı
ilə, tanınmış
türkoloq, professor Ramiz
Əsgərin 60 illiyinə
həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov)
açıb, yubilyarın
elmi uğurları haqqında danışıb:
"Ramiz Əsgərin
müxtəlif qəzetlərə
redaktorluğu, Türkiyənin
"Hürriyyət" kimi
nüfuzlu mətbu orqanında Azərbaycanı
təmsil etməsi, məfkurə, əqidə
jurnalistikasını ortaya
qoyması, türk mədəniyyətinin ən
nadir nümunələrini dilimizə
tərcümə etməsi,
sanballı elmi əsərlər yazması
bu tədbirin bayram səviyyəsində
qeyd olunmasına əsas verir. Onun jurnalistikası Azərbaycançılıq,
dövlətçilik, türkçülük
jurnalistikasıdır. Elmə gəldiyi qısa müddətdə R.Əsgər
özünü görkəmli
türkoloq kimi tanıda bilib. O, böyük bir əziyyətə qatlaşaraq
təkcə "Divani-lüğət-it-türk"ün
tərcüməsi ilə
məşğul olmayıb,
həm də onun biblioqrafik göstəricisini, tənqidi
mətnini hazırlayıb.
O, heç birimizin bacarmadığımız, Sabir
Rüstəmxanlının ifadəsi ilə desək, dərvişvari bir gediş elədi: kitablardan haqqında oxuduğumuz, şəkillərini gördüyümüz
Orxon-Yenisey abidələrinin
izi ilə getdi. Monqolustana, Xakasiyaya, Tuvaya səyahət elədi. Türk məmləkətlərini qarış-qarış
gəzib, öz gözləri ilə gördüyü qədim
abidələri yenidən
tədqiq etdi, bu haqda kitab
yazdı. R.Əsgər 40 tərcümə kitabının
müəllifidir. Bunların bir
hissəsi türkmən
ədəbiyyatını əhatə
edir. Xalq yazıçısı Anar
bu barədə belə deyir: "Heç kəs türkmən ədəbiyyatından
Ramiz Əsgər qədər tərcümə
etməyib".
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli R.Əsgərin yaradıcı
insan olaraq özünəməxsus keyfiyyətlərini
belə xarakterizə edib: "O, ömrünün
bütün mərhələlərini
ləyaqətlə keçmiş
ziyalımızdır. Xatırlayıram, R.Əsgər "Vətən"
Cəmiyyətinin nəşri
olan "Odlar Yurdu" qəzetinə rəhbərlik edirdi.
O illərdə bu qəzet həqiqətən
Azərbaycanla dünya
arasında bir mətbuat körpüsü
idi. Ramiz Əsgər dünyanın
bir çox ölkələrində yaşayan
azərbaycanlıları kəşf
etdi. "Divan"ı Azərbaycan
dilinə çevirib çap etdirmək tarixi bir işdir,
Azərbaycan türkologiyasına
şərəfli bir xidmətdir. R.Əsgər
"Oğuznamə"ni, "Kutaqdu bilik"i, türkmən, Krım-tatar,
Orta Asiya ədəbiyyatından nümunələri
dilimizə çevirməklə
çap etdirib. Bu və başqa
işlərdə Ramiz
Əsgərin izi, böyük zəhməti
var. O, bütün həyatını
bu şərəfli işə - Azərbaycan türkologiyasının, ictimai
fikrinin, milli məfkurəsinin inkişafına
həsr eləmiş görkəmli ziyalımızdır.
Türk Dünyasında onu yalnız tanımırlar,
həm də qəbul edirlər. Ramiz həmişə Azərbaycan
türkologiyasını dünyada
ləyaqətlə, böyük
elmi səviyyədə
təmsil edib".
Türkoloq-alim, professor Firidun Cəlilov R.Əsgərin türkologiyadakı xidmətlərini
yüksək dəyərləndirib,
bildirib ki, o, müxtəlif elm sahələrində
öncül olmaqla alim vətəndaşlığını
təsdiq edib: "Ramizin tərcümə etdiyi M.Kaşğarlının
"Divan"ı stolüstü
kitabımdır. O, həm
də ciddi redaktordur".
Professor Əzizxan Tanrıverdi R.Əsgəri dilçi-türkoloq,
ədəbiyyatşünas, ensiklopedist alim kimi xarakterizə edib: "O, "Divan"ın
tərcüməsini ləyaqətlə
başa çatdırdı".
AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi, fil.ü.e.d. Paşa Əlioğlu da alimin əsərlərinin əhəmiyyətindən, türk xalqları ədəbiyyatının qarşılıqlı şəkildə öyrənilməsində mövcud boşluğun doldurulmasına nail olduğunu söyləyib: "R.Əsgərin ortaya qoyduğu mətnlər çox ciddidir. Əsas məsələ insanın məqsədinin aydınlığıdır. Ramizin aydın vətəndaş mövqeyi var".
Araşdırmaçı Ədalət Tahirzadə bildirib ki, sovet dövründə ADR haqqında ilk dəfə sistemli şəkildə yazan Ramiz Əsgər olub: "Onun kitabları onlarla dissertasiyaya qaynaq olacaq".
Professor Tərlan Quliyev bildirib ki, R.Əsgər "Divan"ı tərcümə etməklə adını Azərbaycan mədəniyyəti tarixinə həmişəlik yazdı. Profesor Çingiz Abdullayev vurğulayıb ki, o, türk dünyasının əsgəridir.
Şair, manasşünas alim Adil Cəmil tələbəlik dostuna yeni-yeni uğurlar arzulayıb: "Qoy Ramiz Əsgərin ürəyi həmişə beləcə türk sevdası ilə döyünsün. Mən türk dünyasının mənəvi mədəniyyətini Ramiz Əsgərsiz təsəvvür etmirəm".
İlham Abbasov bildirib ki, R.Əsgər kitablarını yuxusuz gecələrinin hesabına yazıb. Şair, alim İslam Sadıq R.Əsgərin jurnalist və alim kimi ictimai fikrə gətirdiyi yeniliklərdən danışıb.
Sonda Ramiz Əsgər çıxışçılara, iştirakçılara təşəkkürünü bildirib, yeni yaradıcılıq planları haqqında danışıb.
FİRƏNGİZ
525-ci qəzet.- 2014.- 16 yanvar.- S.7.