Yazıçılar Birliyində Aydın
Məmmədovun 70 illik yubileyi qeyd edilib
Ötən gün Azərbaycan Yazıçılar
Birliyində (AYB) türkoloq-alim, ədəbiyyatşünas
Aydın Məmmədovun 70 illiyinə həsr olunmuş tədbir
keçirilib.
Tədbirin
aparıcısı, AYB-nin katibi Rəşad Məcid
çıxışında mərhum yubilyarın həyat
yolundan söz açıb:
"Görkəmli alim, böyük türkoloq Aydın
Məmmədov Şəkinin qədim Kiş kəndində
dünyaya gəlib. Bəlkə gənclərdə Aydın Məmmədov
haqqında bilgilər o qədər də çox deyil. Amma Aydınla eyni proseslərdə iştirak edən
adamlar, onu tanıyanlar Aydını heç vaxt unuda bilməzlər.
Aydının işıqlı obrazı, nurlu
xatirələri hamımızın qəlbində
yaşayır. Uşaqlıqda bu ifadəni
eşidəndə düşünürdüm ki, insanın
işıqlı obrazı bu qədər yaşaya bilərmi?
Amma indi bu ifadənin şablon yox, həqiqət
olduğunu bilirəm. Çünki Aydının
ölümündən 23 il keçib, amma
onun xatirəsi yaşayır, elə bil canlıdır, bizimlə
bir yerdədir. Bu gün onun işlədiyi binada
çalışan onun dostları, "525-ci qəzet"in,
eləcə də Tərcümə Mərkəzinin əməkdaşları,
demək olar ki, hər gün Aydını yad edirlər. Aydın Məmmədov həm görkəmli
türkoloq alim idi, həm də "Sovetskaya
türkoloqiya" jurnalının Azərbaycan üzrə rəhbəri
idi. O, ədəbiyyatşünas alim idi, Azərbaycan ədəbi
prosesinin yönləndirilməsi ilə bağlı
çıxışları, müsahibələri,
yazıları həmişə geniş əks-səda
doğurardı.
Azərbaycanın
müstəqillik qazandığı illərdə Aydın Məmmədov
sözünün dəyəri və kəsəri olan ictimai
xadim kimi , siyasətçi kimi
tanındı. Aydın çox nadir natiqlik
istedadına malik idi. Çox xoşbəxtəm
ki, Aydının ömrünün son səkkiz ayını
onunla bir yerdə çalışmışıq, bir yerdə
işləmişik, bütün o proseslərə şahid
olmuşam. Aydının
şöhrətin pikində, bütün küçədə-bazarda
hamının tanıdığı vaxtı da olub, həbsxanada
dustaqlara ərəb əlifbasını öyrətdiyi
vaxtı da. Aydının uzun cümlələr
deyib insanları öz nitqi ilə heyrətə
saldığı vaxtlarını da görmüşəm, kədərli
anlarında eyni cümlələri təkrarlaya-təkrarlaya,
rabitəsiz danışdığı məqamlara da şahid
olmuşam. Aydının obrazı heç
vaxt yadımdan çıxmır. İki il
öncə 48 yaşım olanda fikirləşdim ki, Aydın
48 yaşı olanda rəhmətə gedib. Amma
biz Aydını 48 yaşında bilmirdik ki. O bizim təsəvvürümüzdə
müdrik, qocaman, dünyagörmüş bir insan idi. Bu
yaxınlarda Səudiyyə Ərəbistanından qayıdanda
onun oğlu Arazla bir az söhbət elədik,
uşaqlarını soruşdum. Dedi ki, uşaqlar ikisi də
yüksək balla universitetlərə qəbul olublar. Böyüyü, babasının adını
daşıyan Aydın 655 balla Bakı Dövlət Universitetinə,
kiçiyi Ümid isə 600-dan yuxarı balla Neft
Akademiyasına daxil olub. Düşünürəm
ki, nəvələri istedadda, savadda babalarına çəkiblər.
Onların bu gün bu tədbirdə iştirak etməsini istədim
ki, görsünlər babaları kim olub. Aydın mənim həyatımda gördüyüm
qeyri-adi, iti zəkaya malik nadir adamlardan idi. İndi də onun haqqında danışanda hadisələri
dünən olmuş kimi xatırlayırıq. Aydını əbədiləşdirən bədii
nümunələrdən biri də Ramiz Rövşənin ona
yazdığı "Tabut" şeiridir, onu çap etdik,
internetdə onu Ramizin ifasında yaydıq. Hesab edirəm ki, bütün bunlar Aydının o
işıqlı xatirəsinə hörmət əlamətidir.
Biz Aydını bu gün də çox sevirik.
Aydın bu gün də dipdiridir".
AYB-nin sədri,
Xalq yazıçısı Anar Aydın Məmmədovu həyatında
rast gəldiyi ən istedadlı, ən ağıllı, ən
savadlı insanlardan biri kimi qyimətləndirib: "Onun
istedadı hərtərəfli idi. O ədəbiyyat aləminə
dilçi kimi, türkoloq kimi gəlmişdi və bu sahədə
də çox nailiyyətləri vardı. O dövrdə ədəbi
tənqiddə bir zəiflik hiss olunurdu. Daha doğrusu, bizim nəslin
tənqidçiləri az idi. Ona görə də dilçi alimlər tənqidə
girişdilər. Dilçi alim kimi
Aydın Məmmədovun həmin vaxt yazdığı məqalələr
ən yaxşılardan idi. Sonra Aydın
siyasətlə məşğul oldu. Bu sahədə
də parlaq şəkildə, natiq kimi, təşkilatçı
kimi, parlamentin üzvü kimi özünü göstərdi.
Çox təəssüf ki, həyatının
ən qaynar çağında faciəvi qəzanın qurbanı
oldu. Aydının çoxillik səyləri
ilə biz Tərcümə Mərkəzini yarada bildik,
oranın birinci sədri kimi də Aydını təklif elədik.
Onun faciəli ölümünü Türkiyədə
eşitdim. Qayıdandan sonra mərhum Emin
Sabitoğlu ilə Kiş kəndinə getdik, məzarını
ziyarət elədik, valideynləri ilə
görüşdük.
Aydının çox maraqlı kəlamları olub. Amma bir sözünü həmişə
xatırlayıram: "Bizim xalqın bir xüsusiyyəti var
ki, sevdiyi insanları ya dar ağacında görmək istəyir,
ya da tribunada. Doğrudan da belədir.
Aydın elə bir insandı ki, vaxtında da biz onun qədrini
bilirdik, vaxtında da onun qiymətini verirdik, indi,
ölümündən çox illər keçəndən
sonra da eyni şəkildə o bizim qəlbimizdə
, yaddaşımızda yaşayır. Çox sevinirəm
ki, onun övladları da, nəvələri də özünə
layiq insanlar kim yetişiblər. Ruhu şad olsun".
AYB-nin
katibi Arif Əmrahoğlu Aydın Məmmədovla münasibətindən
danışıb: "Aydınla mənim
tanışlığım 1973-cü ildən başlayıb.
Həddindən artıq yaxın olmuşuq,
bir-birimizə "can qardaş" deyə müraciət
edirdik. O mənim taleyimdə
müəyyən xidməti olmuş bir insandır. Aydın insanı qiymətləndirməyi
bacarırdı. O, deyilən sözdən daha çox,
deyilməyən sözü tutmağı bacarırdı. Hər söhbəti, hər
çıxışı bir məqalə idi. Xalqın
taleyi ilə bağlı məsələlərdən söz
düşəndə Aydının gözündə od parlayırdı. Aydın hər cəhətdən
özünə qalib gəlmiş bir adam
idi".
Şair
Ramiz Rövşən Aydın Məmmədovu 1978-ci ildən
tanıdıcını, ancaq ona qədər haqqında
çox eşitdiyini önə çəkərək, fikirlərini
bölüşüb: "Dilçilər həmin vaxt ədəbi
tənqidə gəlirdilər. Yadımdadır, Kamil Vəli,
Kamal Abdulla, sonralar Nizami Cəfərov kimi maraqlı imzalar
tanınırdı. Aydın Məmmədov da
belə maraqlı imzalardan idi. O bir dəfə mənim
yaradıcılığımdan yazanda demişdi ki, Ramiz
Rövşənin yazdıqları fikrin sərgüzəştidir.
"Fikrin sərgüzəşti" ifadəsi
o vaxt məni çox tutmuşdu. Onda hiss elədim ki,
Aydında poetik düşüncə var. Ağıllı
adamlar çoxdu, eləsi var, ağlını vəzifə
kimi gəzdirir, eləsi var, xəzinə kimi gəzdirir. Aydının ağlı isə istedad səviyyəsində
idi. Aydına elə bil bu ağlı vermişdilər
ki, hamıya ondan pay versin, o istəyirdi ki, onun bildiklərini
hamı bilsin.
Aydın qədim yunan filosofları kimi yazmaqdan çox,
deməyin tərəfdarı idi. O, dediyinin təsirini o dəqiqə
insanların üzündə görmək istəyirdi. Aydın həddindən artıq təsirli bir natiq
idi.
Vaxtilə,
Aydının ən şöhrətli vaxtında bir professor mənə belə
bir əhvalat danışmışdı: "Moskvada bir
simpozium var idi. Üç məruzəçidən
biri də mən idim. Aydın da o simpoziuma
gedirdi. Təyyarədə məndən
soruşdu ki, o simpoziumun mövzusu nədir? Mövzunu danışdım. Getdik.
Birinci gün hamımz məruzə elədik.
İkinci gün məruzələr
başladı. Birinci Aydına söz verdilər,
durub danışdı. Sonra bizim məruzələr
qaldı bir kənarda, hamı bir gün ancaq onun
çıxışını müzakirə elədi".
Aydında bədii istedad vardı. Aydın
çox yaxşı, səmimi şeirlər də
yazırdı. Bizdə qılınc və
qələm anlayışı var. Aydın hər ikisinə
malik insanlardan idi. Onun həm sözü kəsərli
idi, alim idi, söz adamı idi. həm
də qəhrəman idi. Yəni alimlər,
şairlər haqqında demək olar ki, vaxtsız getdi, amma qəhrəman
haqqında "vaxtsız getdi" demək olmur. Çünki qəhrəmanın elə
ölümü də onun qəhrəmanlığıdır.
Hansı məqamdasa mən Aydını tale
baxımından Şıxəli Qurbanovla yan-yana qoyardım.
Aydınla dost olanda onu çox istədiyimi bilmirdim, Aydın rəhmətə
gedəndə çox sarsıldım, yalnız onun
ölümündən sonra hiss elədim ki, Aydını nə
qədər çox istəyirəmmiş. Onu təkcə
mən yox, bütün xalq çox istəyirdi".
Sonra Ramiz Rövşən yubilyara həsr etdiyi
"Tabut" şeirini oxuyub.
Şair Çingiz Əlioğlu Aydın Məmmədovu çox istedadlı tənqidçi kimi səciyyələndirib: "Onun şeirə, sözə çox fərqli münasibəti vardı. Müəllifin çox dəqiq portretini yarada bilirdi. Aydının 25-30 il bundan qabaq poeziya haqqında səsləndirdiyi fikirlər bugünün özündə də nə qədər müasirdir, dəqiq və nə haqda danışdığını bilən bir adamın müşahidələridir. Aydın o vaxt kabinetində mənə "Manas"dan etdiyi tərcümələrindən parçalar oxumuşdu. İndi də düşünürəm ki, görəsən, o tərcümələr necə oldu?"
Millət vəkili, yazıçı Aqil Abbas Aydın Məmmədovun çox işıqlı şəxsiyyət, prinsipial insan olduğunu deyib: "Aydın nə müxalifətçi idi, nə də iqtidarçı. O, qəhrəman idi, dünyadan da bir qəhrəman kimi getdi".
İctimai xadim Həmid Cəfərov mərhum yubilyarı çox böyük şəxsiyyət , görkəmli alim kimi səciyyələndirib.
Tədbirdə Nəriman Qasımzadə, şair Əlisəmid Kür də xatirələrini, düşüncələrini dilə gətirib.
Aydın Məmmədovun ailə üzvləri adından oğlu Araz Məmmədov çıxış edərək atasının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 17 yanvar.- S.7.