Söz sənəti məbədinin yubileyi
-möhtəşəm elm, ədəbiyyat hadisəsi!
"İnsanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə
yoxdur. Bu vasitədən
xalqımız keçmişdə də istifadə edibdir. Bizim mütəfəkkir
insanlarımız, şəxsiyyətlərimiz, böyük
alimlərimiz, yazıçılarımız məhz bununla fəxr
edirlər ki, onlar xalqın içərisindən
çıxaraq böyük mədəniyyət, ədəbiyyat,
şeir nümunələri yaradaraq xalqı oyadıblar,
qaldırıblar, ruhlandırıblar, mübari-zəyə dəvət
ediblər"(Heydər Əliyev)...
"...Ədəbiyyat
İnstitutu Azərbaycan filologiya elminin mərkəzinə
çevrilmişdir. Bu elm ocağında xalqın şifahi və
yazılı abidəsinin, zəngin klassik irsinin, müasir ədəbiyyatının
və milli ədəbiyyatşünaslığın tədqiqi,
nəşri və təbliği sahəsində tarixi əhəmiyyətli
işlər görülmüşdür".(AMEA-nın
prezidenti Akif Əlizadə.)
Söz, iki sonsuzluq arasında bir
çırpınış. Həyat kimi sıcak və dost. Quşlara bənzər kəlmələr,
otağına dolarlar bir axşam. Haradan gəldikləri
bilinməz. Gah hayqırarlar, gah da heç
səsləri eşidilməz. Çiçəyə bənzər
kəlmələr: narıncı, çəhrayı, ağ. Bir rüzgar aparır
hamısını. Buludlara güvənmək olmaz,- deyirdi Türkiyənin ünlü
ziyalısı Cemil Meric... O, haqlıydı, təbii ki,
buludlara güvən olmaz, bir də gördün bircə
göz qırpımında göy üzünü
bürüdülər və şıdırğı
yağan leysan yağışa döndülər... Aləmi tərtəmiz
yuyub parıl-parıl etdilər... Küləklərin
qovalayıb apardığı narıncı, çəhrayı,
ağ çiçəklərə bənzər
kəlmələr də belədir, əksər hallarda xəbər-ətərsiz
peyda olarlar söz sənəti xiridarlarının təfəkküründə
və oradan da usul-usul süzülərlər ağ
kağızlara... Quş qanadlı sözlər,
fikir donlu kəlimələr tədricən epik və lirik əsərlərə
dönüşərlər. Bu əsərlərsə
öz növbəsində ədəbiyyat deyilən geniş,
intəhasız bir dünyanın təməlini qoyarlar... Qəribədir, bu dünyaya bələdçilik
etmək, yol göstərmək, istiqamət vermək zərurətindən
də söz sənətinə əbədi könül verən
elm adamları-ədəbiyyatşünaslar yaranar. Məhz
ədəbiyyatın qaynaqlarını, təşəkkül
mərhələlərini, tarixini və inkişaf
qanunauyğunluqlarını öyrənmək, müəyyənləşdirmək
üçün...
2013-cü
ilin sonunda bu prosesi öyrənən, yəni, "ən qədim
dövrlərdən başlayaraq bu günədək
xalqımızın mifik-şifahi və yazılı ədəbiyyat
nümunələrini toplayıb araşdıran, milli filoloji
elmi-nəzəri düşüncəmizi ümumdünya ədəbi-bədii
fikri ilə qarşılıqlı əlaqədə tədqiqata"
cəlb edərək Azərbaycan humanitar-filoloji fikrini
formalaşdırmış möhtəşəm alim-tədqiqatçılar
nəslinin cəmləşdiyi elm ocağının, Azərbaycan filologiya elmi mərkəzi
kimi özünü təsdiqləmiş Nizami adına Ədəbiyyat
İnstitutunun 80 yaşı tamam oldu...
"AMEA-nın
Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi
haqqında" AMEA Rəyasət Heyətinin 17 oktyabr
2013-cü il tarixli qərarına əsasən
yubiley mərasiminin keçirilməsi müəyyən səbəblər
üzündən 2014-cü ilin ilk ayına-yanvarın 17-nə
təsadüf etdi. Əslində isə söz sənəti məbədinin
bu qutsal gününün qeyd olunması mərasiminə
hazırlığın təməli İnstitutun mərhum
direktoru, bu gün hər birimizin rəhmətlə
andığı akad.Bəkir Nəbiyevin iş başında
olduğu 2011-ci ilin sonundan qoyulmuşdu. Lakin dönərgələr
döndü, Bəkir müəllim dünyasını dəyişdi
və direktor vəzifəsini düz bir il
layiqincə icra edən AMEA-nın müxbir üzvü,
direktor müavini Teymur Kərimlinin dövründə də bu
məsələ məlum, "bir daş altda, bir daş da
üstdə qaldı..."
Nəhayət,
bu missiyanı yerinə yetirməyi AMEA Rəyasət Heyətinin
qərarı ilə elm ocağımıza rəhbər təyin
olunan vitse-prezident, akademik, millət vəkili, gerçək
bir ədəbiyyat adamı İsa Həbibbəyli öz
üzərinə götürdü... Bu qutsal
törənin icrasının onun qismətinə
yazılması, sanki Uca yaradanın cəfakeş alimə daha
bir lütfü, ərməğanı idi. İsa müəllim əsl ədəbiyyat
xiridarı olduğunu, qədim ənənələrə
malik institut üçün, filologiya elmi üçün necə
böyük miqyaslı işlər görmək əzmi, məramı
ilə bu elm məbədinə gəldiyini Elmi Şuranın
ilk iclasında etdiyi geniş və əhatəli
çıxışındaca göstərdi. Ədəbi
taleyində mühüm rol oynayan bu institutun, elm aləminin
qapısını açmaqda ona yol göstərən,
qolundan tutan böyük ədəbiyyatşünas-tədqiqatçı
alimləri - Vəli Xuluflu, Heydər Hüseynov, Mirzə
İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev,
Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov,
Məmməd Cəfər Cəfərov, eləcə də
Yaşar Qarayev və Bəkir Nəbiyevi və b.
şükranlıqla anaraq məxsusi qədrdanlıq
nümayiş etdirən İ.Həbibbəyli institutun prioritet
məsələlərindən də danışdı".
Qeyd edək
ki, İnstitutumuz
uzun bir təşəkkül yolu keçmişdir. 30-cu illərdə SSRİ EA-nın Azərbaycan
filialı tərkibində fəaliyyət göstərən
Ədəbiyyat İnstitutu bir qrum kimi 1932-ci ildə
yaranmışdır. Lakin "SSRİ EA Zaqafqaziya
filialının Azərbaycan Bölməsində əvvəlcə
13 fevral 1933-cü ildə Salman Mümtazın rəhbərliyi
ilə "Ədəbi irs"
seksiyası yaradılmış, 22 mart 1933-cü ildən isə
Ədəbiyyat sektorunun yaradılması haqqında qərar qəbul
olunmuşdur. Beləliklə, 22 mart 1933-cü
ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin
rəhbərlik etdiyi SSRİ EA Zaqafqaziya filialı Azərbaycan
Bölməsinin Ədəbiyyat sektoru Akademiya sistemində
Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər
(Akademik İsa Həbibbəyli). 1945-ci ildə Azərbaycan
SSR EA yaradıldıqdan sonra isə onun tərkibinə daxil
olunmuş, 40-cı illərin sonundan etibarən Dilçilik
İnstitutu ilə birləşdirilmiş, 1969-cu ildən
etibarən isə Azərbaycan EA Nizami adına Ədəbiyyat
İnstitutu adı ilə fəaliyyət göstərməyə
başlamışdır.
Azərbaycan
filologiya elminin mərkəzi adını şərəflə
daşıyan institutda Azərbaycan şifahi xalq ədəbiyyatı
və ədəbi abidələr, Qədim dövr Azərbaycan
ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı,
Yeni dövr (XIX əsr-XX əsrin əvvəlləri) Azərbaycan
ədəbiyyatı, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı,
Müasir Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan
ədəbiyyatı, Türk xalqları ədəbiyyatı,
Xarici ölkələr ədəbiyyatı və ədəbi
əlaqələr, Ədəbiyyat nəzəriyyəsi,
İnformasiya və biblioqrafiya şöbələri fəaliyyət
göstərir.
Bu gün
dahi Nizaminin adını daşıyan elmi-tədqiqat
institutunda 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən
çox fəlsəfə doktoru çalışır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından
3 nəfəri Dövlət Mükafatı laureatı, 2 nəfəri
isə əməkdar elm xadimidir.
Müstəqillik
dövründə Nizami adına Ədəbiyyat
İnstitutunun fəaliyyətinin yeni mərhələsi
başlanmışdır. Azərbaycançılıq
ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi,
dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin
genişləndirilməsi, ədəbiyyat tariximizdə
açılmamış səhifələrin tədqiqata cəlb
olunması İnstitutun müasir mərhələdə də
əsas istiqamətlərindəndir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" Sərəncamının həyata
keçirilməsində əməkdaşlarımızın
müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə
klassik və müasir ədəbiyyatın bir çox dəyərli
nümunələri institut əməkdaşlarının tərtibçiliyi
və müqəddiməsi əsasında latın
qrafikası ilə çap edilmişdir. Hazırda
Ədəbiyyat İnstitutunda fundamental tədqiqat işi olan
VII cildlik Azərbaycan ədəbiyyatı tarixinin IV cildinin nəşri
artıq başa çatdırılıb. V, VI və VII cildlər üzərində isə
ciddi elmi-tədqiqat işləri davam edir. Bütün
yaradıcılığında sərgilədiyi mövzular
müstəvisində müasirimiz olduğu apaydın
yansıyan böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə nəşr edilmiş "Molla Nəsrəddin"
jurnalı VIII cilddə, Əli bəy Hüseynzadənin
"Füyuzat" jurnalı isə I cilddə transliterasiya
edilərək çap edilmişdir ki, İnstitutumuzun bu
monumental nəşrləri çağdaş
dövrümüzün elmi-ədəbi hadisələri
sırasında layiqli yeri vardır.
İnstituta
yeni təyinatından sonra keçirdiyi ilk Elmi Şurada
akademik İsa Həbibbəyli elm ocağında ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı istiqamətlərini araşdıran, cəmiyyətin
müxtəlif çağırışlarına cavab verən,
yeni ideyalar və onları icra edən konkret bölmələrin,
həmçinin ədəbi tənqid bölməsinin
yaradılmasının, institutun dünyaya inteqrasiyası, gənc
nəslin elmə marağının artması
üçün xeyli işlərin görülməli
olduğunu xüsusilə vurğuladı: "Ədəbiyyat
İnstitutu ədəbiyyat haqqında elm institutudur. Ədəbi tənqid ədəbiyyatın müstəqillik
dövrünün tələblərinə uyğun gəlib-gəlmədiyini
müəyyən etməlidir. Təəssüf
ki, 80 illik tarixi olan institutun heç bir ölkə, heç
bir təşkilatla müqaviləsi yoxdur. Çalışacağam
ki, xarici ölkələrlə yeni əlaqələr qurulsun.
Görüləcək işlər çoxdur.
Çünki Ədəbiyyat İnstitutunun
böyük potensialı var. Təəssüf ki, bizim
institutda gənc nəsil azdır. Gənc
nəslin elmə marağının artırılmasına
çalışacağıq".
Nə
xoş ki, həmin vaxtdan çox qısa bir müddət-6 ay
keçməsinə baxmayaraq (2 ay məzuniyyət olub) onun
söylədikləri əsasən gerçəyə
çevrildi... Və bu zaman çərçivəsində
bir çox ilklərə imza atdı...
AMEA-da olduğu kimi, elmi-tədqiqat yönümlü
İnstitutumuzda da yeni islahatlar aparılmağa başlandı. Həyata
keçirilən yeniləşmə və dəyişikliklər
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elminin daha dərindən və əsaslı şəkildə,
ölkənin milli maraqları və dünya elmi-ədəbi
mühitində gedən proseslərlə əlaqəli şəkildə
öyrənilməsinə geniş şərait yaradır.
2013-cü ilin 6 ayı ərzində ədəbiyyatşünaslıq
elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar
açan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı",
"Azərbaycan mühacirət ədəbiyyatı",
"Ədəbi tənqid" şöbələri,
"Nizamişünaslıq" və
"Füzulişünaslıq" sektorları
yaradıldı. Eyni zamanda ədəbiyyatşünaslıq
elmi sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə
çatdırılması, tərcüməsi, nəşrə
hazırlanması istiqamətlərində səmərəli
iş aparmaq üçün "Elmi informasiya və tərcümə",
"Elmi nəşrlər və proqnozlaşdırma"
köməkçi şöbələri, "Mətbuat xidməti
qrupu" aktiv fəaliyyətə başladı..
Professor Asif Rüstəmlinin müxtəlif arxivlərdən
topladığı çoxlu sayda yeni arxiv materialları əsasında
İnstitutun 80 illik yubileyinə həsr olunan sanballı bir
kitab hazırlandı. Elm ocağında 1946-cı ildən dərc olunan və
respublikada filologiya elmləri üzrə əsas elmi nəşrlərdən
biri kimi qəbul edilən "Ədəbiyyat məcmuəsi"
jurnalının 24-cü sayı-"Xüsusi
buraxılış"ı (282 s.) bütövlükdə
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə
həsr edildi. İnstitutda aparılan yeni tədqiqatların
elmi dövriyyədə yer alması imkanlarını
genişləndirmək məqsədilə "Poetika.izm"
və "Ədəbi əlaqələr" jurnalları
yeni təsis olundu.
2013-cü ildə Elmi-tədqiqat işlərinin yerinə
yetirilməsilə bağlı yekun iclasında elmi katib
professor Bədirxan Əhmədovun məruzəsində əks
olunan nəticələr ilk dəfə olaraq slaydlarda göstərildi. Beynəlxalq əlaqələrin
genişləndirilməsi sahəsində də bir sıra
mühüm addımlar atıldı. İlk dəfə
olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə
yaradılan əlaqələr Nizami adına
Ədəbiyyat İnstitutunun ölkə hüdudlarından kənarda
da iş aparmasına, qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsində yaxından iştirak etməsinə
yeni imkanlar yaratdı. Almaniyanın Humboldt Universitetinin "Azərbaycan
tarixi kafedrası" (02.11.2013), Qazaxıstanın paytaxtı
Astana şəhərində fəaliyyət göstərən
"Türk Akademiyası" ilə (06.11 2013) imzalanan
müqavilələr, Türkiyənin Yunus Əmrə Vəqfi,
Polşa EA-nın Ədəbiyyat İnstitutu, Ukrayna EA-nın
Taras Şevçenko adına Ədəbiyyat İnstitutu,
Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat
İnstitutu (19.12. 2013) ilə əldə olunan
razılaşmalar elmi-tədqiqat institutları arasında əlaqələrin
inkişaf etdirilməsinə böyük meydan açdı.
Elm məbədimizdə 09 dekabr 2013-cü ildə
keçirilmiş "Yaşayan Yunus Əmrə" Beynəlxalq
simpoziumu elmi-tədqiqat yönümlü institutumuzun türk
dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə
yeni bir təkan oldu. 2013-cü ildə əməkdaşlarımızın
Türkiyədə, Rusiyada, İran İslam Respublikasında,
Polşada, Rumıniyada, Ukraynada, Yunanıstanda, Qazaxıstanda
və Türkmənistanda keçirilmiş beynəlxalq
konfranslarda elmi məruzələrlə çıxış
etmələri Azərbaycan ədəbiyyatşünaslıq
elminin hüdudlarının genişləndirilməsi istiqamətində
atılmış yeni addımlardır.
Yubiley
münasibətilə institutun fotosu əks olunan kağız
torba, avtoqələm, qeyd dəftərçəsi
hazırlanmış, prof.Teymur Əhmədovun yazıb nəşr
etdirdiyi "Nizami adına Ədəbiyyat İnstitutu-80"
kitabı, "Ədəbiyyat məcmuəsi"nin xüsusi
buraxılışı, "Annotasiyalı biblioqrafik göstərici"
ilə birlikdə qonaqlara və əməkdaşlarımıza
hədiyyə ediləcəkdir. Əminik ki,
Ədəbiyyat İnstitutunun yubiley təntənəsi
yaddaşlarda əbədi qalacaqdır.
Sözardı:
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin
keçirilməsi elmə göstərilən diqqətin, elm
adamlarına qayğının, təbi daha bir təzahürü
olması İsa müəllimin son Elmi Şurada söylədiklərində
də öz təsdiqini tapırdı. Yubiley münasibətilə
görülən işləri, institut əməkdaşlarından
50 nəfərinin AMEA daxilində müxtəlif qiymətləndirmələrə
layiq görüldüyünü qeyd etdikdən sonra məsləkdaşlarına
bir rəhbər deyil, dost, qardaş tövsiyəsində
bulunması hər kəsin qəlbində qürur, fərəh
hissi, bir istilik yaratdı: "Hər birinizdən xahiş edirəm,
yubiley mərasimimizdə bütün institut bir nəfər
kimi iştirak eləsin, səliqə-səhmanınıza
xüsusi fikir verin, ən gözəl paltarınızı, ən
şıq kostyumunuzu geyinin və yanvarın 17-si saat 11-30-da
dairəvi zalda olun. Bu gün elmin, Azərbaycan ədəbiyyatının
bayramıdır. Bizim üçün, elm
adamları üçün bu gündə baş verənlər
çox önəmli və əzizdir".
Bu gün elm hadisəsi, ədəbiyyat hadisəsi
baş verir, İnstitutumuzun 80 yaşı qeyd olunur. Bayramın qutlu olsun, əziz
qələmdaşlarımız, 81 yaşına xoş gəldin
ulu elm məbədimiz!!! Başının üstündən
heç vaxt soyuq küləklər əsməsin, qara buludlar
ötməsin!
Esmira Fuad
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi
525-ci qəzet.-
2014.- 17 yanvar.- S.8.