"Cənnətdən yuxarı"da nələr
var...
Gözəldir!-dedim və kitabdakı "İntihar"
hekayəsini oxuyandan sonra gənc həmkarım Təranə
Vahidə bu məktubu yazmağa başladım. Bəlkə də bu son
illər mətbuatda,
radio və televiziyarda
hər gün milyonlarla insanın əsəbini və səbrini tarıma çəkən hadisələrin
xəbər adı ilə çox zəif və səriştəsiz qiyafədə
auditoriya təqdimatından
yorulub bezdiyimdən irəli gəlirdi. Çünki o hekayəni
oxumağa sərf etdiyim 2-3 dəqiqə ərzində mən qoltuğunda bir topa ip nənəsigilə
yollanan oğlan kimiydim və düşünürdüm ki,
bu qız da həyatın ilk sınağına dözə
bilməyib təslim olmağa qərar verən gəncin o evin çardağındakı
qətranlı tirdən
asılmış kəndirdə yellənən cəsədini təsvir və tərənnüm edəcəksə, heç
nə...deməli, bu dünyanın bizi gələcəyə,
həyata bağlayan bütün ümid bağları qopub... Əgər, müəllif
öz qətlinə fərman verən o cavan oğlanın qarşısına balıqçı
Həşimin qızını
çıxarmasaydı və
o qonur gözlü qız bütün ədəb-ərkan, mentalitet,
müsəlmançılıq, kənd psixologiyası anlayışlarını cəsarətlə
sındırıb: "Səndən
elə xoşum gəlir ki...balıq yemək istəsən, utanma, nənəmgilə gəl"-
sehri ilə bir insanı inadından döndərməyi
bacarmasaydı, bu kitabı da kitabxanamdakı sayı-hesabı bilinməyən
kitabların cərgəsinə
qoyub unudacaqdım! Ancaq nə yaxşı ki, belə olmadı
və nə yaxşı ki, Təranə Vahid hekayəsini işıqlı
bir sonluqla tamamlaya bildi: "Kəndiri kənara atdı, kətilə bir təpik ilişdirdi, yuxarıdakı
tirə tərs-tərs
baxıb çilli qızın nənəsigilə
yollandı..." Vəssalam,
həyat bütün çətinliklərə rəğmən
davam edir, deməli, yaşamağa və yenidən sevməyə dəyər!
Sonra kitabın arxasında yazılan tanışlıq
təqdimatını oxudum:
"Təranə Vahid
qızı Məmmədova,
1971-ci ildə Laçın
rayonunun Mişni kəndində doğulub,
1996-cı ildə Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirib. 1990-cı ildən
ədəbi dərgilərdə
hekayə və esselərlə çıxış
etməyə başlayıb".
Və sonra kitabı vərəqlədim, gənc
yazıçının AYB və "525-ci qəzet"in
birgə layihəsi çərçivəsində "Mütərcim" nəşriyyatında
çap olunmuş
"Cənnətdən yuxarı"
kitabındakı hekayələri
elə ilk dəfə
oxuduğum hekayədən
aldığım ləzzət
duyğusu ilə oxumağa başladım.
Təbii ki, hekayə bədii janrlar arasında ən çətini və ən mürəkkəbidir. Az-az nasir tapılar ki, bu janrda
ustalığını və
bu janra sədaqətini yaradıcılığının
sonunadək qoruyub saxlaya bilsin, fikrini daha yığcam
və lakonik ifadə etsin, roman, povest..trilogiya
və s. yazmağa meyl göstərməsin. Deyirlər bütün müqayisələr qüsurludur
və mən bu məqamda bizim gənc yazarımıza Rabindranat Taqor uğuru, Taqor populyarlığı
arzulamaqla bu dahi insanın və söz ustasının kiçik miniatürlərini xatırladım
və düşündüm
ki, nə yaxşı ədəbi aləmdə hələ hekayə janrına maraq göstərən gənclər var və onlara dəstək olmağın
vacibliyini duyan sənət sərrafları
da yetərincədir.
Bu kitaba ön söz yazan hörmətli dramaturqumuz Əli Əmirlinin yazısını oxuyandan
sonra əvvəlki cümləmi dəyişmək
istəsəm də sonradan bu fikirdən
vaz keçdim. Deməli, ədəbiyyata
məhz iri həcmli əsərlərlə
gələn Təranə
günlərin bir günü bu kiçik, amma insanın içini titrədən hekayələr
yazmağa başlayır
və məncə, bu onun yaradıcılıq
həyatının, hələlik,
ən düzgün qərarı sayıla bilər. Çünki
hər kəsin başı əlindəki,
evindəki, iş yerindəki telefon, kompüter ekranlarına qarışdığı bir
dövrdə çətin
ki, iri həcmli
roman oxumaq həvəsində
olan tapıla. Yəni bu etiraf
nə qədər ağır olsa da, reallığın lap yekəsidir.
Qayıdaq yenə Təranənin yaradıcılıq dünyasına, kiçik həcmli gözəl hekayələrinə.Çox xoşuma gələn bir məqamı da mütləq qeyd etməliyəm. Gənc yazıçı hekayələrinin böyük əksəriyyətində oxucusuna qəribə epiqraflar ünvanlayır. Və bu bir cümlə onunla virtual əlaqənin astanasında dayanan insanlar-oxucular arasında bir səmimiyyət və ünsiyyət qapısı rolunu oynayır və sən rahatca bu qapıdan içəri girib, özünü, öz hiss və duyğularını, arzu və istəklərini axtarmağa başlayırsan. Məsələn: "Quş dili" hekayəsində olduğu kimi : "Külək Yer üzünə sürgün olunmuş insanlar haqqında qəmli nəğmə oxuyurdu..." Bax, budur o qapının şifrəsi, açarı və bundan o yana başlayacaq gerçək həyatların bədii inikası barədə yaradıcı bir təxəyyüldən süzülüb gələn bəyaz ay işığında harasa tələsən insan fikirlərindən yerdə qalan, ətrafı öz zərif və zəif işartısına bələyən zərrəciklər...may böcəklərinin, işıldaquşların işığı kimi ümid və inam dolu...Və mənim üçün bədii ədəbiyyatın heyrət doğuracaq bir məqamı hakimdir bu yazılara; novellavari sonluq. Yəni oxucu bəlkə də hekayələrin nə ilə yekunlaşacağını öz aləmində dəqiqləşdirdiyi an səhifəni çevirir və iki-üç cümlədən sonra hekayənin tamamlandığını, özü də onun düşündüyündən fərqli bir nəticə ilə bitdiyini görür.
"Vağzaldakı adam" hekayəsinin epiqrafını oxumağa başlayanda müəllifin kitabının üz qabığındakı yazıdan əvvəl boy verən şəkli gözlərim önünə gəldi və düşündüm ki, bu yurd-yuvasından didərgin düşən, hər gecə ancaq doğma evlərini yuxuda görsün deyə yatmağa məcbur olan bir insanın taleyi, yaşantıları ilə tanış olacam. Hər halda o epiqraf bunu vəd edirdi: "O, hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi". Oxudum və Təranənin əlini sıxıb gözlərinin içinə baxıb da o Qarının və o Əlil kişinin gümanını qırmadığı üçün təşəkkür etmək istədim:
"O gündən əlil hər dəfə qarını görəndə içində ümid göyərirdi. İnanırdı ki, bir gün qarının gözlədiyi Ağdam qatarı gəlib çıxacaq, onlar birlikdə qatara minib biri Qarabağa da itirdiyi ömrünü, o biri orada basdırdığı ayaqlarını axtarmağa gedəcək. Əlil əmin idi ki, ayaqlarını tapan kimi... başını da o torpaqda basdırıb diriləcək..." Əlavə şərhə ehtiyac varmı, məncə, yox!
"Cənnətdən yuxarı"da dayanan bircə Tanrı var! Tanrının seçdikləri insanlar var! Söz var! Və Ulu Yaradanın bu Sözü yerdəkilərin bir çoxundan fərqli demək bacarığı və xoşbəxtliyi verdiyi insanlar var! Təranə Vahidi mən də bu seçilmiş söz sahiblərindən biri sayıram. Çünki onun Bəsirət gözü açıqdır və o görür ki: "Yağışın damcılarından tuta-tuta yuxarı qalxdı. Dırmaşıb buludların üstündə oturdu. Oradan yuxarı boylandı. Göylərin təmizliyi onu qorxutdu. Damcılardan yapışa-yapışa Yerə- Günahların içinə qayıtdı..."-demək o qədər də kolay məsələ deyil.
Bu yerlə göy arasında yaşamağın asan olmadığını bildiyi üçün Təranəyə billur damlalı gürşad bir yağış arzulayıram, onun kiçik hekayələrinin gülşəni heç vaxt quraq qalmasın deyə...
Telli Pənahqızı
525-ci qəzet.-
2014.- 17 yanvar.- S.8.