AYRILIRAM
(2013-cü ilin
son şeiri)
Qocaldım, sonra bildim ki, mən tənimdən
ayrılıram,
Vətənimdə qürbətdəyəm, Vətənimdən
ayrılıram.
Qızılı göyə sovrulan
yaralı torpaq kimiyəm,
Zəngin idim, fəqət indi - mədənimdən ayrılıram.
Gör hardan hara gəlmişəm,
hara gedirəm, kim bilir,
Cavab tapa bilmədiyim nədənimdən
ayrılıram.
Ağır idim, yumuluram, zərif ruha çevrilirəm,
Məni sıxan dar hücrəmdən, bədənimdən
ayrılıram.
Bağban
oldum bağ becərdim, ağac əkdim, nübar dərdim,
Bitməyənə əlim çatmaz, bitənimdən ayrılıram.
Dənizə batmış kimiyəm,
oyaqkən yatmış
kimiyəm,
Yaxınım məni unudub, ötənimdən ayrılıram.
Qalın
dünya ormanında qərib, aciz quş kimiyəm,
Gör nə gündü, həm suyumdan, həm dənimdən ayrılıram.
Ömür təsbeh daşlarıdı,
təsbeh daşları
- tale tək
Şaqqaqla şaqqıldayan ötənimdən ayrılıram.
Hər daşı bir döngə-dalan, əvvəl
dünən, sonra bugün,
Sabahına ümidim yox, dünənimdən ayrılıram.
Dekabr,
2013
BU
DÜNYADA
Canlıya vermədi macal,
Ehya qaldı
bu dünyada.
Cansıza qıymadı əcəl
Teyxa qaldı
bu dünyada.
Çox
da inanma həyata,
Hanı sənin anan, atan?
Bir də gördün, sən yoxsan ta,
Ah-vay qaldı bu dünyada.
Hər birimiz bir qətrəyik.
Pərakəndə, dərbədərik.
Dünyaya gəldik, gedərik.
Dərya qaldı bu dünyada.
Zaman çapdı qoşa atlı.
İnsanı ümid yaşatdı.
Mən gömüldüm sərt
daş altda,
Qaya qaldı
bu dünyada.
Bu yaşda donmuş nisgiləm,
Sönüb gözü yaşlı giləm.
Mən kaşı olmamış giləm,
Xülya qaldı bu dünyada.
Baş aldatdı hər növrağı,
Gəldi axır, vida çağı.
Daşları ağlatdı ağı,
Röya qaldı bu dünyada.
Qocaldım, qardaş, xəbərdar.
Bir cümlədə iki "ya" var:
Bir "ya"
mən idim, gəl apar.
Bir "ya"
qaldı bu dünyada.
İti çayda axıb getdim,
Bir şimşəyəm
çaxıb getdim.
Bu dünyadan çıxıb
getdim,
Dünya qaldı bu dünyada.
Yanvar,
2014
BU, BİR ATA XEYİR-DUASIDIR
Keçən əsrin 80-ci illərində
bir hekayə yazmışdı: "Özgə
atı". İdarə maşını sürən sürücü
bir gün öz uşaqlarını
həmin maşına
mindirib gəzdirmək
istəmişdi (əlbəttə,
istirahət günündə).
Birdən qonşusu onu
telefona çağırdı
(öz evində telefonu da yox
idi). Müdir telefonda dedi ki, bəs, bu
gün təcili idarəyə gəl, işim var.
Bu da "özgə
atı". Sürücü pərt, uşaqlar
pərişan.
İstər hekayə yazsın, istər yazmasın, onlu da, onsuz
da Orxan mənim övladımdır.
Amma bu hekayədəki sürücünün
taleyi onu düşündürürsə, mən sevinirəm. Çünki adi adamların, sadə adamların dərdi-sərindən yazmaq
- xalqdan yazmaq deməkdir.
Orxan bunu ilk hekayələrindən bilirdi. Axırda gəlib
Xeybəri tapdı.
Biri-birinin davamı olan "Borc", "Qurban", "Qırmızı
köynək", "Tarixi-cibi",
"Xas igid",
"Neft Dadaş",
"Əbdüləzim kişinin
taygöz atı" və daha sonralar
povestləri, kinossenariləri.
Eşidən deyər ki, oğlunu tərifləyir. Burada mən,
bir oxucu kimi deyirəm. Orxan o adamlardan yazır ki, onlar heç
kəsin yadına düşmür.
Bu - onun qəlbinə düşən ilk haqq işığındandır. İlk oxuduğu,
öyrəndiyi kitablardan.
Dədə Qorquddan, nağıllardan,
Mirzə Cəlildən,
Sabirdəndir.
Hekayətlərindəki həqiqətlərdən
biri də budur ki, Orxan kənddə
yaşamadığı halda, yazanda kəndi məndən yaxşı görür. Bu - onun qeyri-adi fəhmidir. Bu - tarixi yaddaşdan,
qandan gəlir. Uzaqdan
gəlir, gendən gəlir. Kim bilir, bəlkə bu
müşahidələri kimsə onun
qulağına pıçıldayır. Kim bilir?!
O adamların da, Orxanın da dili xalq dilidir.
Yığcam, sadə və
aydın. Duzludur, şirəlidir.
Eynən
folklor dili kimidir. Hərdən bir şeirə
də bənzəyir.
Sözlərini butalar bəzəyir. Butalar xalçalarımızdan
gəlir. Ta qədimdən.
Rəmzlər, naxışlar, ilmələr.
İnci kimi sapa düzülmüş
kəlmələr. Heç oxuyan
varmı, görən
bu hekayələri?!
Vaxtında, elə indi də
(indiki təbirlə desəm) onun "reklamı" olmayıb. Bəlkə
də çox adam oxuyub
bu hekayələri. Bəlkə də çox adam
oxumayıb bu hekayələri. Gözümün qabağında bir
kitabı var.
Bu kitabın adı
"Vaxt"dır. Niyə
"Vaxt"? Ona görə
ki, müasirdir. Vaxtında yazılmışlardır. Bugünün hekayələridir. Uydurma deyillər!
Orada yazılıb
ki, kitabın rəssamı mənəm. Mən rəssam
deyiləm. Amma, üz
qabığının dizaynı
mənim fikrimdir.
İndi,
hər şey vaxtla ölçülür.
Mənim vaxtım qurtarır. Amma bir xatirəm var, deməsəm, ölləm.
Orxan 9-cu sinifdə
oxuyanda bir gecə yuxudan ayılıb, birdən gözü mənim stolumun üstündəki
vərəqə sataşıb. Oxuyub, görüb
ki, yarımçıq
qalmış şeirdir.
Şeiri
bitirmək istəyib.
Bacarmayıb. Və şeirin altında
öz dəsti-xəttilə
bu sözləri yazıb. "İstədim atamın qələmi ilə atamın yarımçıq
şeirini tamamlayım,
bacarmadım. Sabah gedib özümə qələm alacağam.
Bu sözə fikir verin, "özümə qələm
alacağam". Mən bu
cümləni onun ilk hekayəsi sayıram.
Həqiqətən də ondan sonra o,
yazmağa başladı.
Orxan təkcə
yazıçı, ya
telejurnalist deyil. Həm də
yaxşı övladdır.
Ata-ana, bacı-qardaş
qədri biləndir.
Hər axşam bizdən xəbər tutmasa, yata bilməz.
Mən bütün
ata-analara belə bir oğul arzulayıram.
Orxan xeyirdə-şərdə
mütləq qohumlarının-dostlarının
yanında olur. Allah adamıdır.
Bizi də, xalqını da, o bircə balasını da haqq işığından
aldığı mehr-məhəbbətlə
sevir.
Bu qədər! Mən bir o qədər
də mahir ədəbiyyatşünas deyiləm.
Bütün bunları bir
ata fəxri, ata qüruru ilə deyirəm.
İnsan zəhmətlə ucalır. Mən göz açandan, mən yox, Orxan göz açandan oxumağı, yazmağı və haqqı sevib. Bu - əl boyda yazıya son söz demək vaxtı çatıb. Bu cür hekayələrin müəllifi qızıl illərini teleaparıcılığa həsr eləyib. El-oba arasında hörmət qazanıb. O, haqqsevən insandır. Qoy haqq da onu qorusun! Bu - bir Ata xeyir-duasıdır.
Fikrət
Sadıq
525-ci qəzet.-
2014.- 17 yanvar.- S.7.