Vətəndaş cəmiyyətinin inkişafında dövlət qayğısının müstəsna rolu

 

 

Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, iqtisadi çətinliklər gəlir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki QHT sektorundan, yaxud yüksək hüquqi pilləyə ucalmış vətəndaş cəmiyyətindən danışmaq mümkün idi. Bu zaman ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldi və nəticədə dövlətçiliyin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsi də prioritet istiqamət kimi diqqətə alındı. Təbii ki,güclü vətəndaş cəmiyyətinin qurulması üçün ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, QHT sektoru cəmiyyətə daşınmalı və bir sıra digər zəruri adımlar atılmalı idi. Heydər Əliyevin bu sektorun strateji planda inkişafı üçün planlı şəkildə atdığı addımlar qısa zaman kəsimində müsbət nəticələrini verməyə başladı.

Heydər Əliyev 1993-cü ilin avqustunda ilk olaraq vətəndaş cəmiyyəti institutlarının ən fəal təbəqəsi olan gənclər təşkilatlarını bir araya gətirərək onlarla birinci görüşünü keçirdi. Bunu tarixi görüş kimi də qiymətləndirmək olar. Çünki bu addımla gənclərə vətəndaş cəmiyyəti quruculuğu prosesində öncül yer verilərək,  mühüm əhəmiyyət kəsb edən ictimai münasibətlərə start verildi. Nəticə olaraq ölkəmizdə vətəndaş cəmiyyəti təmsilçilərinin sərbəst, aşkar çalışma imkanının, fəaliyyətlərinin stimullaşdırılmasının, gənc, bacarıqlı, dövlətinə sadiq yeni liderlərin meydana çıxmasının əsası qoyuldu. Ulu Öndər tərəfindən atılan mühüm addımlardan biri də Konstitusiyanın qəbulu oldu. Bu ali qanunda milli niyyətlərdən olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" müddəası ölkəmizin sivil gələcəyinə hesablanmış məqsədyönlü dövlət sisteminin qurulmasından xəbər verirdi. Sözün həqiqi mənasında bu Konstitusiya həm dövlətçiliyin əsaslarının güclü sütunlar üzərində formalaşdırılması, həm də vətəndaş cəmiyyətinin geniş dairədə təşəkkül tapması üçün mühüm tarixi sənəd oldu. Çünki buna qədərki bütün hüquqi-normativ aktlarda və sənədlərdə insan hüquq və azadlıqları, o cümlədən insanların birləşmək hüquqları çox məhdud çərçivələr daxilində şərtləndirilirdi. 1995-ci il Konstitusiyasının 58-ci maddəsində təsbit edilmiş birləşmək hüququ QHT-lərin yaranması üçün ilkin hüququ baza rolunu oynadı. Təsadüfi deyil ki, bu gün beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərən müasir QHT-lər məhz Azərbaycanın müstəqillik əldə etməsindən, xüsusilə 1995-ci il Konstitusiyasının qəbulundan sonra yaranmağa başladı. Ölkədə QHT fəaliyyətinin böyük populyarlıq qazanması məhz bu zamana təsadüf edir. Ulu öndər tərəfindən vətəndaş cəmiyyəti qurumları üçün yaradılan münbit şərait çoxlu sayda yeni QHT təsis olunmasını stimullaşdırdı. Bu proses 1995-ci ildə gənclər təşkilatlarının ilk konfedarativ birliyi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəkkül tapması ilə nəticələndi.

1997-ci ildə bilavasitə H.Əliyevin təşəbbüsü ilə BMT və Azərbaycan hökuməti arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihənin həyata keçirilməsi haqqında saziş imzalandı. Layihənin icrası üçün yaradılmış "QHT-lərin Resurs və Təlim Mərkəzi" 1998-ci ilin iyun ayından etibarən ictimai sektorun inkişafı istiqamətində fəaliyyətə başladı. QHT-lərin institusional inkişafı və praktiki fəaliyyətinin beynəlxalq standartlara doğru istiqamətləndirilməsi müəyyən ictimai-siyasi gərginliklər dövrünü yaşayan Azərbaycan üçün çox cəsarətli addım idi. Bu, keçmiş sovet məkanı ölkələri arasında qəbul edilmiş ilk tarixi qərar idi.

"QHT-lərin Resurs və Təlim Mərkəzi" qarşısında duran əsas vəzifələrdən biri də ayrı-ayrılıqda və pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri birgə fəaliyyətə cəlb etmək, onların fəaliyyətini əlaqəndirə bilən çevik bir mexanizm yaratmaq və bununla da ölkənin III sektor təmsilçiləri arasında ümumi məsələlərdə həmrəyliyi və iş birliyini təmin etməkdən ibarət idi. Həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi, hökumət strukturları, beynəlxalq və donor təşkilatlar, eləcə də ictimaiyyətlə effektiv əlaqələrin qurulması, onların bürokratik əngəllərdən və təzyiqlərdən birgə müdafiə olunması, ictimai sektorun inkişafına hərtərəfli yardım göstərilməsi üçün onların koalisiyasının yaradılmasına böyük ehtiyac vardı. Dünya təcrübəsinə əsaslanan belə bir əlaqələndirmə və III sektorun ehtiyaclarını qarşılamaq mexanizmi kimi Forumun yaradılması ideyası QHT-lər tərəfindən böyük dəstək aldı. Beləliklə, vətəndaş cəmiyyəti quruculuğu sahəsində özünəməxsus təcrübə sayılan, fəaliyyəti ilə ona olan ümidləri doğruldan, QHT ictimaiyyətinin güc mərkəzinə və güvənc yerinə çevrilən Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF) təsis edildi. Sözügedən qurumun yaradılması ilə QHT hərəkatı ölkə üzrə geniş vüsət aldı, ictimaiyyət arasında anlayış olaraq bütün dairələrdə qəbul edilməyə, ən vacibi isə paytaxtdan regionlara yayılmağa başladı.

Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsinə və inkişafına yönələn ən mühüm addımlardan biri vətəndaş cəmiyyətinin aparıcı elementlərindən olan qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığının azaldılması və dövlətin bu təşkilatlar üçün əsas donora çevrilməsi üçün mexanizmin formalaşdırılması idi. Belə ki, son bir neçə ilə qədər Azərbaycanda fəaliyyət göstərən QHT-lər öz təşəbbüslərini həyata keçirmək üçün ancaq xarici donorlardan, beynəlxalq təşkilatlardan və fondlardan maliyyə dəstəyi ala bilirdilər. Dövlətlə QHT-lər arasında tərəfdaşlıq o qədər də inkişaf etməmişdi. QHT-lərin xarici donorlardan asılı olması həm də milli təhlükəsizlik  nöqteyi-nəzərindən müəyyən narahatlıqlar meydana çıxarırdı. Geniş ictimai müzakirələrdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən sonra Azərbaycanda da bir çox inkişaf etmiş Avropa ölkələrində olduğu kimi dövlət-QHT tərəfdaşlığı üçün mexanizmin yaradılması məsələsi həllini tapdı. Azərbaycanın iqtisadi qüdrətinin artması QHT-lərin təklif etdikləri layihələrin, sosial-ictimai həyatın ən müxtəlif aspektlərinə dair faydalı təşəbbüslərin dövlət tərəfindən maliyyələşdirilməsinə də imkan yaradıb. "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiqlənməsi və Dövlət Dəstəyi Şurasının yaradılması ilə ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi.

Dövlət büdcəsindən QHT-lərin dəstəklənməsi üçün ayrılan vəsaitlər qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ilbəil artırılması da dövlətin vətəndaş cəmiyyətinin inkişafına dair uzunmüddətli strategiyasına xidmət edir. Vəsaitin həcminin ildən-ilə artırılması ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.

Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında KİV-lərin rolunun nə dərəcədə mühüm olduğunu nəzərə alaraq bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlər formalaşdırıb. Prezident İlham Əliyev dəfələrlə öz nitqlərində bəyan edib ki, ölkədə inkişaf etmiş, peşəkar və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsi Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən biridir. Bu prinsip daxilində cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan tədbirləri həyata keçirmək üçün 2008-ci ildə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondu (KİVDF) yaradılıb.  2009-cu ildən fəaliyyətə başlayan  Fondun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-lərin mühüm rolu nəzərə alınmaqla ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək kimi vacib vəzifələrin həllidir. Bu sahədə dövlət dəstəyi siyasətinin başlıca prinsiplərindən biri KİV-lərin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsidir. Bu prinsip KİVDF-in fəaliyyətinə dair ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş konsepsiyada rəsmən əksini tapır. Yaradıldığı vaxtdan etibarən 2012-ci ilə qədər KİVDF-yə dövlət büdcəsindən 10 milyon manata yaxın vəsait ayrılıb. Həmin vəsait hesabına ölkədə fəaliyyət göstərən qəzetlərə, informasiya agentliklərinə həm birbaşa, həm müsabiqəli əsasda konkret layihələrin həyata keçirilməsi üçün vəsaitlər ayrılıb. Bu vəsaitlərin ayrılması KİV redaksiyalarının müasir texnologiyalarla təmin olunmasına, jurnalistlərin iş şəraitinin yaxşılaşdırılmasına və peşəkarlıqlarının artırılmasına dəstək verib.

Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına yönələn siyasət çərçivəsində ölkədə insan haqları və azadlıqlarının müdafiəsini də gücləndirir. Bu məqsədlə 2011-ci ilin dekabrında prezident tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Milli Fəaliyyət Proqramı insan haqlarının daha etibarlı müdafiəsi üçün qanunvericilik, məhkəmə-hüquq sistemi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində islahatları nəzərdə tutan əhatəli, uzunmüddətli sənəddir. Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biri olduğunu təsdiqləyir. Milli Fəaliyyət Proqramının qəbul edilməsi Azərbaycanın Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində yaxın tərəfdaşlıq etdiyi Avropa İttifaqı, habelə ATƏT tərəfindən insan haqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilib. Bu bir faktdır ki, vətəndaş cəmiyyətinin, KİV-lərin, siyasi partiyaların dəstəklənməsinə yönələn siyasət Azərbaycanın mütərəqqi sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəmlənmiş mövqeyi olan müasir və demokratik ölkəyə çevrilməsinə dair ölkə prezidentinin seçdiyi strateji xəttin həyata keçirilməsinə xidmət edir.

 

AQİL

525-ci qəzet.- 2014.- 17 yanvar.- S.6.