Vətəndaş cəmiyyəti
institutları dövlətin başlıca tərəfdaşı
kimi
Azərbaycan dövlətinin inkişaf
strategiyasında hüquqi
dövlət quruculuğuna,
vətəndaş cəmiyyətinin
inkişafına xüsusi
önəm verməsi
danılmaz faktdır. Əsası ulu
öndər Heydər
Əliyev tərəfindən
qoyulan bu siyasət hazırda dövlət başçısı
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Dövlət
başçısı demək
olar ki, əksər çıxışı
zamanı, eləcə
də atdığı
addımlarda vətəndaş
cəmiyyəti institutlarının
inkişaf etdirilməsinə,
hüquqi dövlət
quruculuğuna böyük
önəm verdiyini göstərir.
Müstəqil Azərbaycan dövlətinin
hüquqi dövlət
quruculuğu sahəsində
atdığı addımlardan
biri də ölüm hökmünün
ləğvi idi. 1998-ci ilin 10 fevral tarixində ölüm cəzasının ləğv
olunması ilə əlaqədar “Azərbaycan
Respublikası Cinayət,
Cinayət Prosessual və İslah-Əmək
Məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi
haqqında” Qanun qəbul edildi. Qanuna əsasən ölüm hökmü cəza sistemindən çıxarılaraq,
ömürlük azadlıqdan
məhrumetmə cəza
növü ilə əvəz olundu. Bu qanunun qəbulu
ölkəmizin hüquq
sisteminin sivil normalara uyğunlaşdırılması
baxımdan nə qədər mühüm hadisə idisə, bir o qədər də insan hüquq
və azadlıqlarının
qorunması yönündə
vacib humanist akt kimi dəyərləndirilməlidir.
Bununla Azərbaycan dövləti
hüquqi dövlət
quruculuğuna böyük
əhəmiyyət verdiyini
bir daha nümayiş etdirmiş oldu.
İlk dəfə insan hüquqları üzrə
müvəkkil institutunun
təsis edilməsi, həmçinin 18 iyun
1998-ci il İnsan hüquqlarının
müdafiəsinə dair
Dövlət Proqramının
təsdiq edilməsi haqqında sərəncam imzalanması da hüquqi dövlət quruculuğu sahəsində
mühüm addımlardan
idi. 30 noyabr 1998-ci il Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev tərəfindən İnsan
Hüquqları üzrə
Elmi-Tədqiqat İnstitutunun
yaradılması haqqında
sərəncam verildi.
2001-ci il dekabr ayının 25-də
Avropa İnsan Hüquqlarının və
əsas azadlıqlarının
müdafiəsi haqqında
Konvensiyasını təsdiq
edilməsi Azərbaycanın
bir daha sivil standartların, vətəndaş hüquqlarının
təminini sahəsinin
dəyişilməz istiqaməti
olduğunu sübut etdi.
Vətəndaş cəmiyyəti institutlarının
inkişafı sahəsində
atılan digər addım senzuranın ləğvi idi. Məlum olduğu
kimi müasir dövrdə cəmiyyətə
təsir imkanı baxımından ən üstün imkanlara malik institutlardan biri də kütləvi
informasiya vasitələridir.
Məhz bu baxımdan adıçəkilən sektorun
inkişaf səviyyəsi
həm də o dövlətdəki ümumi
yüksəliş səviyyəsinin,
demokratik durumun göstəricisi sayılır.
Ölkəmizin uzun illər totalitar sovet cəmiyyəti daxilində yaşamasına
baxmayaraq, müstəqilliyimizi
bərpa etdikdən cəmi beş
il sonra milli lider Heydər
Əliyev tərəfindən
8 avqust 1998-ci ildə
“Qlavlit”in – Senzura idarəsinin ləğv olunması kimi cəsarətli və vətəndaş cəmiyyəti
quruculuğu yönündə
mühüm qərar qəbul edildi. 7 dekabr 1999-cu ildə
isə Azərbaycan Respublikasının prezidenti,
cənab Heydər Əliyev tərəfindən
“Kütləvi informasiya
vasitələri haqqında”
Azərbaycan Respublikasının
Qanunu imzalanaraq qüvvəyə mindi.
2003-cü ildə isə beynəlxalq təcrübənin daha bir öncül nümunəsindən yararlanılaraq
cəmiyyət, dövlət
orqanları və kütləvi informasiya vasitələri arasında
münasibətlərin ictimai
tənzimlənməsi mexanizmi
kimi Mətbuat Şurası (MŞ) yaradıldı.
MŞ keçən dövr ərzində
KİV-in bütün əlaqəli
institutlarla münasibətlərinin
ictimai mexanizm olaraq tənzimlənməsi
yönündə mühüm
orqana çevrildi.
Müstəqilliyimizin ilk on ilinin reallığı ondan ibarət idi ki, “qeyri-hökumət
təşkilatı” ifadəsi
bəzi hökumət
rəsmiləri tərəfindən
ehtiyatla qarşılanır
və ya dövlət əleyhinə
olan qurumlar kimi qəbul olunur və bu səbəbdən də onlarla hər hansı bir ciddi əməkdaşlıqdan
imtina edilirdi. Bütövlükdə Azərbaycan cəmiyyətinin
geniş təbəqələrinin
həyatımızın ən
müxtəlif sahələrini
əhatə edən çoxşaxəli QHT fəaliyyəti
haqqında təsəvvürləri
çox məhdud idi. Təbii ki, belə şəraitdə effektiv şəkildə çalışmaq,
cəmiyyət üçün
zəruri olan işləri, tələbləri
uğurla icra etmək çox çətin idi. Ümummilli lider Heydər Əliyev digər bütün sahələrdə olduğu
kimi, ictimai sektorla bağlı da ilkin vacib
qərarı qəbul
edərək, arada olan buzu sındırmaq
və QHT-lərə münasibətdə formalaşmış
ədalətsiz sterotipi
aradan qaldırmaq missiyasını öz üzərinə götürərək
3 nəfər QHT rəhbərini
(Qadın və İnkişaf Mərkəzinin
sədri Elmira Süleymanova,
SECA beynəlxalq fondunun
prezidenti Rövşən
Xəlilov və Milli QHT Forumunun prezidenti Azay Quliyev) 1999-cu ilin noyabr ayında
ATƏT-in İstanbul Sammitində
iştirak edən nümayəndə heyətinin
tərkibinə daxil etdi. Bu missiyanın
davamı olaraq, İstanbul Sammitinin yekununa həsr edilmiş müşavirədə
Heydər Əliyev QHT
nümayəndələrinə çıxış etmək
imkanı da yaratmaqla dövlət başçısı kimi
onlara öz müsbət münasibətini
bir daha bəyan etdi. Bu addım eyni
zamanda mövcud olan şəffaf dövlət-QHT münasibətlərinin
hakimiyyət ierarxiyasında
ən yüksək səviyyədə zəminin
formalaşdırılması demək idi.
1998-ci ildə “Qrant
haqqında”, 2000-ci ildə
“QHT-lər (ictimai birliklər və fondlar) haqqında” yeni qanunun qəbul
edilməsi Heydər Əliyevin yaradıcı dühasının məhsullarından
sayılır. 2003-cü ildə “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” qanunun qəbul edilməsi QHT-lərin qeydiyyatında vahid sistemin tətbiqini təmin etdi. Sonrakı mərhələlərdə də
bu sahədə yeni qanunların qəbulu daim uğurla davam etdirilir.
Birbaşa demokratiyanın ən uğurlu modellərindən
olan yerli özünüidarəetmə institutunun
yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır. Belə
ki, 2 iyul 1999-cu il tarixdə
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının
Qanunu qəbul edildi. Həmin tarixdə eyni
zamanda “Bələdiyyələrə
seçkilərin qaydaları
haqqında” qanun da qəbul olundu.
Bu da vətəndaş
cəmiyyətinin formalaşması
sahəsində mühüm
addım oldu.
Heydər Əliyevin böyük müdrikliklə, uzaqgörənliklə
on illər öncə
müəyyənləşdirdiyi siyasi kurs nəticə
etibarilə hazırda
ölkə QHT-lərini
cəmiyyətin ən
fəal, dinamik və çevik ictimai qüvvəsinə çevirib. Heç şübhə yox
ki, İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək, ölkədə
vətəndaş cəmiyyətinin
inkişafı üçün
zəruri tədbirləri
həyata keçirilməsi
istiqamətində mühüm
irəliləyişlərə nail olub. Bu, bir
faktdır ki, bu sırada ən mühüm hadisə 2007-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının yaradılması
oldu. Bununla da QHT-lərin
inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.
Şuranın simasında Azərbaycanda
çevik, cəmiyyətə
açıq milli donorun yaradılması, ona ayrılan vəsaitin ilbəil artırılması İ.Əliyevin
vətəndaş cəmiyyətinin
inkişafına nə
dərəcədə böyük
önəm verməsinin
bariz göstəricisi
sayılmalıdır. Keçən 5 illik fəaliyyəti
ərzində Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
1800-dən artıq QHT layihəsinin
reallaşdırılmasına ümumilikdə 12 milyon manata yaxın vəsait ayırıb.
Hazırda nəinki ölkəmizdə,
hətta əcnəbilərin
də etiraf etdiyi kimi dünyada
yeni normalar sistemi-Azərbaycan standartları
yaranmaqdadır. QHT sektorunda
da Azərbaycan modelinin yaranması özünü bir sıra ölçülərdə
göstərir ki, onlardan da biri
artıq Azərbaycanın
ölkə xaricində,
beynəlxalq camiyədə
fəaliyyət göstərən
institutlara yönəlik
yardım konsepsiyasıdır.
Sevindirici haldır ki,
ötən müddət
ərzində Azərbaycan
vətəndaş cəmiyyəti
sektorunun qazandığı
təcrübə örnək
kimi göstərilməkdədir.
2011-ci ildə Budapeşt şəhərində
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası nümunəsi,
ən nümunəvi
model kimi Avropa vətəndaş cəmiyyəti
strukturlarına tövsiyə
edilib ki, bu da qısa
zaman kəsimində ölkəmizin sözügedən
sahədə xeyli uğurlar qazanmasının
sübutudur.
Sevindirici
haldır ki, Azərbaycanın artıq
qrant alan
ölkədən qrant
verən ölkəyə
çevrilib. İ.Əliyevin
bu fikirləri onun ölkədə güclü vətəndaş
cəmiyyəti qurmaqda
çox qərarlı
olduğunu göstərir:
“... Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə
prosesinin möhkəmlənməsi,
hüquqi dövlətin
qurulması sadəcə
olaraq bir şüar, yaxud da bir niyyət
deyil, Azərbaycanın
hərtərəfli inkişafı
üçün başlıca
şərtdir”. Dövlət başçısının bu
fikirləri eləcə
də onun birbaşa dəstəyi ilə qəbul olunan “İctimai iştirakçılıq haqqında”
yeni qanun ölkədə vətəndaş
cəmiyyətinin inkişafında
yeni-yeni uğurların
hələ çox olacağının işartılarıdır.
AQİL
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.30.