Köhnə tanışlar: Aydın Məmmədov-( 70)- 3
İllər
öncəsi trafik qəzasında faciəli vaxtsız
dünyasını dəyişən görkəmli
türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi
binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş
başlayır demək.Bura Tərcümə Mərkəzidir
və həm də burada XƏZƏR jurnalı da
hazırlanır.İş öz ahəngi ilə davam
edir,ötənlər yada düşür və
yavaş-yavaş xatirələr qımıldanır. Hərə öz bildiyindən danışır.
Bu danışıqlar zamanı həqiqətən rəhmətlik
Aydın müəllim hər dəfə xatırlanır və
onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev
adında. Onun da yavaş-yavaş
qırışığı açılır və
Aydın müəllimlə işlədiyi günləri açıb çözələyir.
Mən hər dəfə ona deyirəm ki :
kişi bunları qızmaqara elə, ardını mən
düzüb qoşaram.Bax neçə illərdi bu beləcə
davam edir.Amma ay danışır ha Aydından.
Danışmağa nə var ki... Danışmağa hamı pərgardır.Di
gəl yaz e...Keç
kompüterin arxasına yaz ey...
Və günlərin birində
İlham rəhmətlik Aydın müəllimin bir yazısı
haqqında danışdı və onu da dedi ki, bu yazı ya
çap olunmayıb, ya da çox az məlumdur oxuculara.
Bu gün həmin
yazını və üstəlik də şair Ramiz Orsərin
Aydın Məmmədovun xatirəsinə yazdığı
şeiri də çap edirik.
Aydın
Məmmədov
“ƏHDİ
KƏSİLMİŞ ATLARI GÜLLƏLƏYİRLƏR,ELƏ DEYİLMİ?”
Elə
hey yadıma bir Amerika filmi düşür.O filmin adı belədir:
“Əhdi kəsilmiş atları güllələyirlər, elə
deyilmi?”.
Görənlərin
yaxşı yadındadır: bu filmdə müəyyən pul
məbləgi, prizdən ötrü müxtəlif təbəqələrə
məxsus, həyatda artıq bütün arzu və ümidlərini
itirmis, bəlkə də gündəlik yeməyə belə imkanı olmayan adamlar – qadınlar,
yaşlılar, cavanlar səhərdən-axşama kimi
dayanmadan rəqs edirlər. Get-gedə onların
sıraları seyrəkləşir, gücsüzlər aradan
cıxır, axıra təkcə bir cüt qalır: əhdi
kəsilmiş bir cüt. Və filmin
axırında belə bəlli olur ki, həmin elan olunmuş
prizin özü də müəyyən mənada illüziya
imiş. Bu filmə mən dəfələrlə
baxmışam və bu film çoxdan nümayiş etdirilsə
də keçən uzun vaxt ərzində dəfələrlə
onun üzərinə
qayıtmışam. Son vaxtlar isə
o, demək olar ki, hər gün, hər səhər, hər
axşam yadıma düşür. Və mənə
belə gəlir ki, illüziyadan, xəyaldan başqa bir
şey olmayan hansısa bir zaman uğrunda, hansısa bir
uduş ugrunda səhərdən-axşama kimi rəqs edən
o zavallılara bənzəyirik.
Bizə nə
vəd olunub! Biz nə istəyirik! Bizə vəd olunan
şeyin mahiyyətini, qiymətini, dəyərini
özümüz ücün düzgünmü müəyyənləşdirmişik!
Və yaxud dəli kimi hayqıra-hayqıra,
qışqıra-qışqıra, bir-birimizi itələyə-itələyə,
dümsükləyə-dümsükləyə gah yavaş,
gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə,
sürünə-sürünə işığına
getmiş olduğumuz o arzu deyilən bir şeyin özü
bizim ücün tam aydınlığı ilə bəllidirmi!
Mahiyyətini bilirikmi! Bilirikmi ki, bu bizim doğrudan da həyatımız
boyu
arzuladığımız, gözlədiyimiz o
böyük arzudur, yoxsa bu da milyon-milyon arzularımız kimi
bir yol dolanbacında, bir dalanda qismətimizə
çıxandan sonra dişimizə vurub
ayaqlarımızın altında tullayacağımız və
üstündən adlayıb keçəcəyimiz arzulardan
biridir! Yüz minlərlə suallarımız
var. Və bu sualları elə bil dünya bir dərd kimi, bir
şər kimi, bir yağışı kimi atıb bizim
üstümüzə. Biz də bu Allahın bir
insaflı bəndəsi də yoxdur desin ki, ay İnsan, bu qədər
sualları dağ anbarı yığmısan üst-üstə,
bəs onların hansı birinin cavabını tapmısan! Və
yaxud cavabını tapmağa iqtidarın, ağlın və
gücün var!
Dünyanın materialist dərginin təbliğində
aldığımız dərslərimizi,
inamlarımızı və ümidlərimizi, günlərin
bir günü yolun ortasında qoyduq, nə idealistə
çevrilə bildik, nə materialist təlimindən
uzaqlaşa bildik. Həmin yolun ortasında
Allahsızlığımız da davam edir, yeni peyda olmuş
münəccimlərin yüz min cadugərliyinə, qabiliyyətinə
inamımız da. Nə dünəndəki
kimi dünənik, nə sabahdakına adlayıb keçə
bilirik, yolumuzun ortasında daş kimi qıvrılıb
qalmışıq, arxadan gələn itələyir, irəlidə
gedən isə dabanı ilə vurub yenə fırladır
bizi yolun ortasına. Beləcə quruyub
qalırıq, qaldıqca da sualların qalağı artır,
cavabını tapa bilmirik, başımıza döyüb
Allahımızdan ümid istəyirik. Ulu
Tanrı da deyəsən gücsüzlüyümüzü və
qüdrətsizliyimizi görüb bizim başımızın
üstündəki göy nahiyyəsindən
çıxıb gedib hansısa bir yerə ağıllı
başları, səmimi ürəkləri, öz qiymətini
bilənləri idarə eləmək, onların
arzularını yerinə yetirmək üçün.
İçimizdəki
bu tufanla, bu tuğyanla evimizdən çıxıb işə
gəlir, işimizdə özümüzə qərar tuta bilmirik.
İşimizdən də işin axırı başılovlu,
dünyanın bütün dərdləri ilə, həmkarlarımızın
ürəyimizə vurmuş olduğu xəncər yarası
ilə, dil yarası ilə,intriqa yarası ilə mübahisəsi
ilə, davası ilə içimiz-çölümüz
dolu, belimiz bükülmüş halda qayıdırıq
evimizə, evimizin qapısını açıb içəri
keçirik, bir mənzilin qayğısı sual olub
sualların dalına düzülür: “Paltar aldınmı!
Çörək gətirdinmi! Bazara getdinmi! Həkimdən dərman
tapdınmı! Rayona zəng elədinmi” və
ilaxır. Bir təhər bu sualların hər birindən
yaxa qurtarıb, birinə “hə”, birinə “yox” cavabı verib
bir səbət, bir zənbil çualın əlindən əsəbiləşib,
kəlləmizə vura-vura süfrəmizə qoyulan
alayarımçıq, yarısoyuq-yarıisti çörəyimizi
yeyib, yerimizə uzanıb dünyanın bütün
yükü beynimizdə qəribə bir yuxuya gedirik. İlahi, yuxuda da hiss edirik ki, bu dünyada insan
üçün ən böyük rahatlıq və nemət
olan yuxu kimi bir şeyin də dadı qaçıb. Yuxumuz elə bil ki, narkoz altında yatan xəstənin
uyumasıdır, özündən getməsidir. Bir insan yuxusu da yata bilmirik, İlahi. Bir insan yuxusu da gözlərimizi elə bil ki,
qamarlayıb özünün ağuşuna ala bilmir. Beləcə
özündən getmiş yarıbihuş halda
qarmaqarışıq yuxularla sabah adlanan
üzüntülü bir dünya qapısını
açır, ayağa durur, tələm-tələsik yenə
də dünyanın mənzil boyu suallarını çiynimizə alıb,
qapımızdan çıxıb, şəhər adlı
böyük bir dünyanın, qalmaqalın, qələbəliyin
içindən keçib dünənki iş yerimizə,
dünənki intriqaların, sözlərin, söhbətlərin
yuvasına qayıdırıq. Başımız o qədər
qatılır ki, içimiz o qədər göynəyir ki,
burulğanlar o qədər bizi sağdan-sola, soldan-sağa,
yuxarıdan-aşağı, aşağıdan-yuxarı
fırlayır ki, bir an da, bir dəqiqə də olsun
düşünə bilmirik ki, eyvah, axı bu qədər gedən
anlarımız, dəqiqələrimiz, saatlarımız
üst-üstə yığılıb Allahın bizə
vermiş olduğu qısaca bir ömrü təşkil edir.
Axı bu ömür OLUMLA başlasa da, onun ÖLÜM
adlı bir nöqtəsi var. Və bu qalmaqalla, bu qeylüqalla
biz əslində hər gün, hər saat, hər dəqiqədə
ölüm nöqtəsindən ölüm nöqtəsinə
sarı yaxınlaşırıq. Ölümdən
sonra isə hələlik bizim üçün bəlli
heç nə yoxdur. Bəlli nə isə var, amma
bildiyimiz odur ki, ölümdən o yana nə
olacağı bizim üçün qapqaranlıqdır. Bizcə
saniyələrlə, dəqiqələrlə, günlərlə,
aylarla, illərlə əlüstü vidalaşa-vidalaşa, əhdi
kəsilmiş atlar kimi sürünə-sürünə,
qalxa-qalxa, yıxıla-yıxıla, dura-dura OLUM adlı
çıxış nöqtəsindən ÖLÜM adlı bir
nöqtəyə hey yaxınlaşırıq. Amma
bunu nə ağlımız dərk edir, nə ürəyimiz
hiss edir. Bircə hansısa nöqtələrin birində
nəfəsimiz kəsilib, əlimiz sancılı ürəyimizin
üstünə qeyri-ixtiyari toxunanda canımızdan bir qorxu
keçir: “Nə verəsən?”, “Nə verəsən?”, bir şair demişkən, nə verəsən,
kəsib yolumuzu o bədheybət varlıq deyəcək:
“Salamməleyküm, gəlmişəm, çatmışam, sən
də artıq mənzil başındasan”.
DİRİLİK
NƏĞMƏSİ
(Aydın
Məmmədov üçün)
Bütöv
Azərbaycan boyda
bir sevgi
gəzdirirdi
bir
yumruq ürəyində,
Adı
kimi aydın idi
əməli də, diləyi də.
Arzularına
yol gedirdi
oğlanlarının qayğılarıyla qol-boyun.
Yol gedirdi
yuxularında,
yol
gedirdi səhərə kimi,
lap elə
son səfərə kimi...
Qəribə
oğlanıydı Aydın,
Gərək
onu yaxından tanıyaydın!..
Zarafatcıl,
doğrucul,
Elə
şəkili zarafatlarıyla
Əcəli
aldatmışdı,
Əzraili
də çaşdırmışdı bir neçə yol...
Hansısa
ilin bir yaz çağında
Getmişdi
ata ocağından
Bakıya-elm, təhsil dalınca.
Yarımçıq
elmini
yarımçıq
ömrünün alıb çiyninə
...91-ci
ilin
yenə
o yaz çağında
Qayıtdı
ata ocağına
ölüm
dalınca.
Yarımçıq ömür nədir?
Öz
ömrünü yaşadı,
Kövrək
çiyinlərində
Min-min Aydın ömrü daşıdı.
Donuz
sürüsü kəsməsəydi yolunu
Arzularının
zirvəsini aşardı...
Nahaqqın
önündə
coşardı,
dalğalanardı,
daşardı.
Boğazdan
yuxarı
deyilən sözə yad idi,
Özü,
sözü, söhbəti də
alov idi,
od idi,
ocaq idi,
Xəzəri
yandıracaqdı...
Dostdan,
tanışdan da çox,
Yardan
yoldaşdan da çox
Anası
bilib sevdiyi torpaq
çəkdi onu özünə
gözlənilən bəlalardan qoruyaraq.
İndi
bu ürək sızıltısına-
Bu
Aydınsızlığa,
Ay məni
məndən edən,
divanə
gəz indi !
Donuz
sürüsünün dalınca gedən,
kişisən, adamsan,
özün boyda dərdə döz indi!
Bütöv
Vətən boyda
bir sevgi
yaşayırdı
onun bir
yumruq ürəyində,
Adı
kimi aydın idi,
əməli, istəyi, diləyi də.
Üzü
arzulara yol gedirdi...
Son səfərində-
“Ölüm
kəhərində”
Könül
quşumu qondu, mehirmi saldı
Bir
göz qırpımında
bir qız ağacına?
Yox, yox,
qız ağacını yanıldım dedim,
Bir nərmənazik qoz ağacına?!
Arxası
olmadı qardaşdan, bacıdan,
Yandı,
elə yandı !
Oturdu,
durdu
belə
yandı !
Yoxsa, mənzilsizlik
ehtiyacından
Son səfərə yollandı?
Qonşudan, dostdanmı bezdi,
yardanmı yaralandı?
Bilən olmadı, olmadı...
Dostu da, məsləkdaşı da
yarı da, yoldaşı da
lal oldular önündə.
Yoxluğu boyda suala döndü,
eli, günü,
yeddi arxa dönəni də!
Son səfəri günündə
Bütöv Azərbaycan boyda sevgisini
Adı kimi aydın olan
nifrətini, əməlini, istəyini
Yığıb bir yumruq ürəyinə
üzü arzulara yol gedir,
Yol gedir yenə.
Tofiq ABDİN
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.23.