Təhsil strategiyası
və milli dövlətçilik
Təhsil Azərbaycanın davamlı inkişaf
strategiyasının ən
öncül istiqamətlərindən biridir.
İlham ƏLİYEV
Azərbaycanın vüsətli sosial-siyasi və iqtisadi
tərəqqisində təhsilin rolu misilsizdir. “Yeniləşən Azərbaycana
yeni məktəblər” şüarı altında yeridilən siyasət ölkəmizdə
intibah səviyyəli bir maarifçilik hərəkatı
doğurmuşdur. İndi təhsil sözün
həqiqi mənasında dövlətçilik
strategiyasının əsas istiqamətini müəyyən
edir. Formalaşmış,
ehkamlaşmış Şərq ənənələri ilə
bərabər yeni Avropa təhsil metodlarının – Boloniya
sisteminin tətbiqi milli təhsilimizi qloballaşma
dövrünün tələbləri ilə
uzlaşdırmağa imkan verir. Yeni
texnologiyaların tətbiqi müasir Azərbaycan təhsilinin
intellektual səviyyəsini və inteqrasiya imkanlarını
artırır.
Təhsil hər bir dövlətin və onun idarə
etdiyi cəmiyyətin dayağıdır. Ulu Peyğəmbərə
aid olunan kəlamlardan birində deyilir: “Elmi beşikdən məzara
qədər öyrənin”. “Alimin mürəkkəbi
şəhidin qanı qədər qiymətlidir” deyimində də
elmin, təhsilin dəyəri uca tutulur. Şeyx Nizaminin qəhrəmanı
Fateh İskəndər ölkəsinə qayıdan kimi belə
bir fərman verir:
Əmr
etdi verildi belə bir fərman:
“Alimdir gözümdə ən əziz insan!
Elmlə,
hünərlə! Başqa cür heç kəs
Heç
kəsə üstünlük eyləyə bilməz!
Rütbələr
içində seçilir biri –
Hamıdan ucadır, alimin yeri!”
Bu, dahi Nizaminin arzusu idi, ona görə də “İskəndərnamə”
epopeyasında kamil insan cəmiyyəti – xoşbəxtlər
ölkəsi yaratmışdı. Mövlanə
Füzuli “Şeir fəziləti də ayrı bir elmdir və
kamal növlərindən mötəbər bir növdür”
deyirdi. Dünyanın nəhəng adamlarından biri I
Pyotr üzüyünə bu sözləri
yazdırmışdı: “Mən şagird rütbəsindəyəm
və həmişə özümə müəllim
axtarıram...”. Savadsız həkim
bir adamı, savadsız müəllim isə bir milləti
öldürür. Yaxşı müəllim
milli sərvətdir. Tarixi mənbələrin
bizə verdiyi bu qiymətli örnəklər belə nəticəyə
gəlməyə imkan yaradır ki, təhsilə önəm
verən dövlət tarixdə düzgün yaşamaq
hüququ əldə edir. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası” sürətlə
inkişaf edən həm iqtisadi, həm siyasi, həm də
diplomatik sahələrdə qazanılmış vüsətli
nailiyyətləri ilə dünyaya inteqrasiya olunan dövlətimizin uğurlu nailiyyətidir. Strategiyada
təhsilin vəzifələri və prioritetləri
bütövlükdə ölkənin inkişaf istiqamətinə
uyğun müəyyənləşdirilir: “Ölkə
qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi
həyatın daha da modernləşdirilməsi və
qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi
inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin
yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə,
ilk növbədə qabaqcıl texnologiyaların və idarəetmə
üsullarını, elmi nailiyyətlər əsasında
yaradılan innovasiyaların ölkəni sosial-iqtisadi həyatına
uğurlu tətbiqi ilə bağlıdır. Bunun
üçün prioritet istiqamət ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiyasının sürətləndirilməsi ilə
yanaşı, ölkədə insan kapitalının inkişafı , şəxsi bilik və
bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı
iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və
ölkənin beynəlxalq rəqabətdən daha effektli
faydalanması prosesində ən mühüm şərtlərdən
olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini
təşkil edir”.
Strategiya belə bir konseptual əsasdan qaynaqlanır. Burada üç amil ciddi
surətdə nəzərə alınıb: birincisi, hələ
ilk dəfə prezident seçiləndə İlham Əliyev
demişdi: “Mən hər bir azərbaycanlının prezidenti
olacağam”, ikincisi, cənab prezident belə bir məqsəd
müəyyənləşdirib: “Maddi kapitalı insan
kapitalına çevirmək”, nəhayət
üçüncüsü: qloballaşma epoxasının – bu
labüd dünyəvi prosesin tələbinə uyğun olaraq
ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiyasını sürətləndirilməsi. Bu sonuncu prioritet istiqamət olub innovativ
texnologiyaları vaxtında dəqiq və səmərəli tərtbiq
üçün şəxsin bilik və
bacarıqlarını təkmilləşdirməyə qadir təhsil
sistemi yaratmağı zərurətə çevirir.
Ölkədə belə təhsil sistemi
üçün sosial-iqtisadi bazanın yaradılması
strategiyada əsaslı şəkildə ortaya qoyulur.
Dünya səviyyəsində iqtisadi rəqabət aparan
dünya siyasətinə təsir imkanlarına malik Azərbaycanın
bunun strateji təminatını verən – təhsili dünya səviyyəsinə
qaldıra bilən yeni sistemə ciddi ehtiyacı gündəmdə
dayanır.
Strategiyada
bu başlıca məqsədi hədəfə alan
beş düzgün istiqamət nəzərdə tutulur:
1.
Bütün təhsil pillələri üzrə
kurikulumların təmin olunması;
2. Təhsil
sahəsində insan resurslarının müasirləşdirilməsi;
3. Təhsildə
nəticələrə görə cavabdeh mükəmməl
idarəetmə mexanizmlərinin yaradılması;
4. Tarixin
və zamanın tələbinə uyğun
uzunömürlü təhsili təmsil edən təhsil
infrastrukturlarının yaradılması;
5. Ölkə
iqtisadiyyatına uyğun dünya standartları ilə eyni səviyyədə
təhsili maliyyələşdirmə modelini – Təhsilin
İnkişafı Fondunun yaradlılması.
Bu istiqamətlər qloballaşan – sərhədsiz
münasibətlər dünyasında Azərbaycanın
dünya iqtisadi prosesləri ilə inteqrasiyasının təminatına
imkan verən təhsil sistemini yaratmağa qabildir. Strategiyada
bütün bunlar təhsilin məzmunu kimi nəzərdə
tutulur.
Dünya səviyyəsində təhsil sisteminin
yaradılması təhsil sahəsində beynəlxalq təcrübə
və meylləri nəzərdə tutur.
Təhsilin sosial-iqtisadi rolu, daha doğrusu səmərəliliyi
ölkənin intellektual potensialını təmin edən
peşəkar kadrların hazırlanması ilə
bağlıdır. Burada yeni və daha münasib
ixtisasların tətbiqini zərurətə çevirir.
Təhsilin keyfiyyəti innovativ vasitələrin,
yeni texnologiyaların zamanında tətbiqi ilə
yanaşı çevik dəyişə bilən ixtisaslara nail
olmağı da nəzərdə tutur.
Strategiyada
dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə
əsaslanıb ölkədə təhsilin bir il artırılması –
12 illik təhsilə keçid Ümumi Daxili Məhsulun 3-6
faiz artırılmasına təminat verən amil kimi təqdir
olunur. Burada təhsilalanların müxtəlif
sosial fəaliyyətə təşviq olunması və bu sahədə
innovasiyalara əsaslanan kurikulumların rolu xüsusilə qeyd
olunur. Təhsilin keyfiyyətini, xüsusilə
kurikulumların məzmununu zənginləşdirən innovativ
texnoloji və tədris vasitələri ilə bərabər
yenə də müəllim təhsildə başlıca
fiqurdur. Bizim fikrimizcə indi müəllim
təkcə təhsilverən deyil, həm də təhsili idarə
edən başlıca simadır. Strategiyada belə
deyilir: “Müəllim amili təhsil alanın öyrətməsi
və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində
həlledici rol oynayır. Təhsilalanın
savadlı və səriştəli şəxs kimi
formalaşmasına müəllimin təsiri müəllimin
akademik bacarığından, tədris təcrübəsində
və peşəkarlıq səviyyəsindən xeyli
asılıdır”. Biz belə hesab edirik
ki, heç bir innovativ texnologiya, heç bir texniki vasitə
müəllimlə şagird, müəllimlə tələbə
arasında canlı ünsiyyəti əvəz edə bilməz.
Qarşlıqlı psixoloji anlaşılma
xüsusilə humanitar elmlər sahəsində, bədii –
yaradıcılıq təhsilində müvəffəqiyyətin
rəhnidir. Ən mükəmməl
kompyuter belə müəllimin şagirdə və tələbəyə
canlı psixi-emosional təsirini əvəz etməkdə
acizdir. Müəllimin gözünün
şüası, sözünün duası, təbəssümü
bütün texnologiyalardan güclüdür. Strategiyada təhsilin idarə olunmasına xüsusi
önəm verilir. İstər orta məktəbdə,
istərsə də ali məktəbdə mükəmməl təhsil
almış, Şərq və Avropa milli-mənəvi dəyərlərini
dərindən mənimsəmiş, müstəqil maarifçilik
görüşlərinə malik, mənəvi-əxlaqi cəhətdən
təmiz, nəfsinə qalib gəlməyi bacaran vətənpərvər
şəxsiyyət və ziyalı dayanmalıdır.
Strategiyanın “Təhsil sisteminin başlıca vəzifələri”
bölümündə belə bir müddəa var: “ – məsuliyyətini dərk edən, demokratiya
prinsiplərinə və xalqının milli ənənələrinə,
insan hüquq və azaqlıqlarına hörmət edən, azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət
yetişdirmək”. Belə vətəndaş
yetişdirən təhsil müəssisəsinin professor-müəllim
heyəti bu xüsusiyyətlərə malik olmalıdır,
çünki hər bir təhsil müəssisəsi millətin
və dövlətin intellektual sərvətidir.
Qloballaşma dövrünün tarixi-fəlsəfi tələblərinə
cavab verən yeni təhsil strategiyası intellektual təfəkkürə
dayaqlanan fəal, vicdanlı, professional təhsil
işçisi tələb edir.
Strategiyada
deyilir: “Ölkədə təhsilin müasir tələblərə
cavab verən normativ hüquqi bazası
yaradılmışdır”. Bu bazaya uyğun kadr
islahatlarının aparılması ciddi surətdə ləngiyir.
Strategiyada iki ciddi məsələ də diqqəti cəlb
edir: 1) “Ali və ümumi təhsil üzrə dərsliklərin
elmi və metodiki baxımdan təkmilləşdirilməsinə
ehtiyac vardır”. 2) “Ali təhsil müəssisələri məzunlarının
tərkibi iqtisadiyyatın tələbatları ilə tam
uzlaşmır”.
Təqdim
olunan sənəddə Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasının əsas
məqsədi belə formulə olunur: “Strategiyanın məqsədi
ölkədə səriştəli təhsil verənlərə,
ən yeni texnoligiyalara əsaslanan infrastruktura malik, keyfiyyət
nəticələri və əhatəliliyinə görə
dünya ölkələri sırasında qabaqcıl mövqe
tutan təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı
və dünyanın aparıcı təhsil sistemlərinin
standartlarına uyğun olmalıdır.
Strategiyanın
reallaşdırılması təhsilin məzmununun, kadr
hazırlığının, təhsili idarəetmə
sisteminin və təhsil
ifrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və
Azərbaycanın inkişaf kompaniyasına uyğun yenidən
qurulmasına imkan verərək, ölkədə biliklərə
əsaslanan iqtisadiyyatın bərqərar olmasını,
informasiya cəmiyyətinin təşəkkülünü və
ölkənin davamlı inkişafını təmin edəcəkdir”.
Göründüyü kimi strategiyanın məqsədi konseptual xarakter daşıyır və kordinal istiqamətlərə, məqsədyönlü prioritetlərə malikdir. Lakin burada strateji istiqamətlər müəyyənləşərkən qeyri-müəyyən, anlaşılmaz müddəalar da vardır. Məsələn, “strateji istiqamətlər”in 1-ci maddəsində nəyin nəzərdə tutulduğu anlaşılmır: “Səriştəyə əsaslanan şəxsiyyətyönlü (?) təhsil məzmununun (?) yaradılması”.
Strategiyanın “strateji hədəflər və tədbirlər” sistemi əsasən məqsədyönlüdür. Əlbəttə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tətbiq mexanizmi tarixin tələbi ilə dəyişilə və təkmilləşə bilər. O qanundur, fəqət donuq bir eham deyil. Azərbaycan Respublikası iqtisadi, siyasi dövlətçilik sahəsində elə yüksək hədlərə çata bilər, elə beynəlxalq nüfuza malik ola bilər ki, dövlətçiliyimizin təməl daşı olan təhsil strategiya və taktikası da dəyişə, təkmilləşə və inkişaf edə bilər. Bu labüd bir tarixi prosesdir. İndiki halda “Strategiya” tarixin gedişatını, Azərbaycanın dövlətçilik və milli- mental maraqlarını kifayət qədər əhatəli fəlsəfi-pedoqoji baxımdan aydın nəzərə alan konseptual təlimdir.
Strategiyanın tətbiqi zamanı təhsilin sosial-iqtisadi səmərəsini artıra biləcək bir neçə məsələni də təklif etmək olar.
1. Təhsilverənlə təhsilalan arasındakı münasibətlərin daha da təkmilləşdirilməsi bu sahədə innovativ texnologiyalar, mövcud metod təminatının təkcə əmək haqqı şəklində yox, müxtəlif maraqdoğurucu vasitələrlə təkmilləşdirmək;
2. Bədii təhsili dünya standartları səviyyəsinə qaldırmaq üçün onun yerli və beynəlxalq yaradıcılıq təşkilatları ilə əlaqələrini möhkəmləndirmək, teatr, musiqi, kino sənəti, rəssamlıq sahəsində birgə bədii yaradıcılıq mərkəzləri (emalatxanaları) yaratmaq, sərgi və tamaşa mübadilələri aparmaq.
Beləliklə qarşıda duran əsas qayə, strateji hədəf “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın güzəştsiz icrasını reallaşdırmaqdır.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2014.- 18 yanvar.- S.20.