"Bu dünyanin Aydın hadisəsi"
Neçə vaxtdan bəri həsrətlə gözləsəm
də, heç cür yağmaq istəməyən qar,
Aydının doğum gününün sübh
çağı yağdı. Narın zərrəciklərlə
çilənib, ətrafın bozluğunu – torpağın,
yolların, damların üstünü ağappaq, narın
tül örtüyünə bürüdü...
Aydının
həyatı həmişə nədənsə mənə, nə
vaxtsa oxuyub təsirləndiyim və bu günəcən də
xatırladıqca kövrəldiyim bədii əsəri, bir
çox məqamlarıyla 19-cu əsrin inqilabçı ruhlu
maarifçilərinin – Dobrolyubovun, Çernışevskinin,
Belinskinin mübarizələr, qələbələr və məğlubiyyətlər
dolu, əfsanəvi həyat hekayətini xatırladır.
Doğulduğu
sıldırımlı Kiş kəndi, ana bətni tək
ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi
sərt qanunlu, amansız şəhər həyatı,
enişli – yoxuşlu ədəbiyyat və elm mücadilələri,
maddi sıxıntılar və ehtiyaclar dolu, yuxusuz gecələrlə
yazıb-yaratdığı dəyərli əsərləri,
ölkənin ağır müstəqillik dönəmində
qalxana çevirdiyi parlaq alim zəkası, barışmaz vətəndaş
mövqeyi, pak, insanpərvər qəlbi, iztirablar və qəzalar
dolu, keşməkeşli həyatı, faciəvi
ölümü, basdırıldığı qədim, kimsəsiz
Kiş qəbiristanlığı...
Aydının kədərli həyat hekayətini sona
çatdıran müəmmalar dolu, sirli ölümü də,
sanki, bədii əsər sonluğudu. Lev Tolstoyun məşhur “Sevostopol
hekayələri” indən birinin axırını –
döyüş zamanı yaxınlıqda partlayan qumbaradan həyatını
itirmiş əsgər yoldaşının, hərəsi bir tərəfə
uçan qopuq əzalarına baxdıqca, öz
ölümündən xəbərsiz beyninin son, ani
çaxıntısıyla: “nə yaxşı, mən ölmədim”
düşünən Kozeltsovun həyat finalını
xatırladır. Fərq bircə bundadı ki, burda,
yaxınlıqda partlayan qumbaradan ölən də, bu
ölümü öz gözləriylə müşahidə
edib, öz ölümündən xəbərsiz, həyat
eşqi ilə ölən də, Aydın
özüdü...
lll
Adətən, dünyasını dəyişmiş
böyük şəxsiyyətlər ölkəsinin,
xalqının, millətinin gələcəyi
üçün miras qoyub getdiyi əsərləri və əməlləri
ilə xatırlanır. Azərbaycanın ictimai-siyasi, elm və ədəbiyyat
tarixinə öz məxsusi imzasını atmış
Aydın Məmmədov da, beləcə xatırlanır.
“Görkəmli türkoloq-alim”, “ictimai xadim”,
“müstəqil Azərbaycanın xalq deputatı” və sair və
ilaxır.
Lakin bir qədər
aramlı olub, bütün bu titulların arxasında gizlənən
əsil Aydının – uşaq
qəlbli Aydının keçdiyi həyat yoluna nəzər
salsaq, onun bu dünyaya, həm də, daha ali və çətin
bir işdən ötrü – sanki qırx yeddi illik
ömrünü Ölümlə həyat arasında əlbəyaxa
çarpışmalarda yaşamaqdan, bu qəzalar və
iztirablar dolu, ölüm-dirim savaşlarında
mövcudluğun ən gizli sirrini – sirli Ölüm Həqiqətini
anlamaqdan ötrü gəldiyini, bütün ömrünü
əsərlərinin, çıxışlarının alt
qatında közərən ağrılar və iztirablar dolu
qorxunc, yad həqiqət tapıntılarının vahiməsində
yaşadığını anlayarıq...
lll
Həqiqi ölümünəcən Aydın, həyatını
bir dəfə də, heç bir qəzaya uğramadan,
itirmişdi.
Bu, onun, sinədolusu həyat eşqi, qaynar alim
şövqü ilə yazıb-yaratdığı illərdə
– 42 yaşlı Aydını, saf, incə qəlblini
amansız kobudluqla zədələmiş müdhiş həyat
qəzalarında baş vermişdi...
Aydın,
özündən, qələmindən, müqəddəs
tutiya kimi, inanıb tapındığı elm yolundan sapıb,
bir müddət heç bir qaydaların işləmədiyi, ədəbiyyat,
elm havasından uzaq məchulluqlarda – onu, hansısa, ayrı
növ ölümlərdən xilas edən ayrı ərazilərdə
yoxa çıxmışdısa da, bir müddətdən
sonra oralardan, dərin dəryaların dibindən təkan
almış kimi, sıçrayıb, ayağa
qalxmışdı. Bu dəfə geriyə,
çallaşıb ağarmış saçlarla, içi
peşmanlıq və iztirab dolu gözlərlə
qayıtmışdı... Nəfəsini dərib,
qüvvəsini toplayıb, yenidən yaşamağa, elmə, ədəbiyyata
susamış ac həvəslə yazıb-yaratmağa
başlamışdı. 1988-ci ildən, 1991-ci ilin aprel qəzasınacan
uzanan bu natamam üç ilin ərzində
neçə-neçə dəyərli əsərlər
yazıb, tərcümələr etməyə, müstəqil
Azərbaycanın ilk xalq deputatı seçilib, ölkənin
siyasi liderlərindən birinə çevrilməyə, ilk
ölkə əhəmiyyətli tərcümə qurumunun –
milli ədəbiyyatımızı dünyaya
çıxaracaq Respublika Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzinin təməlini
qoymağa müvəffəq olmuşdusa da, bu xoş məramlı
günlərin ömrü uzun çəkməmişdi.
Aydını, taleyinə yazılmış növbəti qəzalar
təqib etməyə başlamışdı...
lll
1991-ci
ilin mart ayında (Şuşadan Bakıya uçduğu zaman)
uğradığı vertolyot qəzasından sonra
Aydının həyatı bir ayrı cür sevməyə
başladığı, bu vaxta qədər yaşayıb,
yazıb-yaratdıqlarının, yaşaya və yaza biləcəklərinin
ən cüzi və maraqsız hissəsi olduğunu
anladığı, onun həmin o məşum qəzadan sonra Mərkəzə
qəribə ruh yüksəkliyi ilə, yeni ideyalar və
planlarla gəlməsindən, başına gələnlərdən,
keçirdiyi hiss-həyəcandan, ayrı bir adamla baş
vermiş macəralardan danışan tək, həvəslə
danışmasından bilinirdi. Danışdıqca, qəribə,
yeniyetmə şövqüylə allanan yanaqları, gözlərinin
dərinliyində fəvvarələr vuran gizli həyat atəşfəşanlığı
onun, Ölümü hiss etdiyindən, Ölümlə
çarpışmada Ona qalib gəldiyinə əminliyindən,
bu əminliyin, onun həyat eşqini gücləndirdiyindən
xəbər verirdisə də, axşama yaxın hər
şey dəyişirdi. Günəş Qüruba endikcə,
halı çönür, gözlərinin dərinliyindəki
atəşfəşanlıqlar yoxa çıxır, yerində
əvvəlki, tanış
çıxılmazlıqlar vahiməsi işarmağa
başlayırdı... Günəşin batmağı,
havanın qaralmağı, sanki otağın ha tərəfindənsə,
yaxınlaşmaqda, baş verməkdə olan,
qarşısıalınmaz nəyinsə – taleyinə
yazılmış üçüncü, ən keçilməz
qəzanın labüdlüyünü sızdırmağa
başlayır, Aydın kürəyinə sancılan zəhərli
oxdan yaralanmış kimi susub dayanır, gözlərinin qəmi
üzünə yayıla-yayıla:
– Bu dəfə
ölmədim. Amma bilirəm, ölməyimə az qalıb... – deyib, ayağa qalxır,
kor-peşman addımlarla otağını tərk edirdi...
Ölümün,
1991-ci ilin fevralından başlayaraq, Mərkəzin həndəvərində,
Aydının ətrafında dolanmağa
başladığını, onu addımbaaddım izləyə-izləyə,
ardınca qara matəm kəlağayısı tək
süründüyünü, arada bir çirmələnib,
üstünə şığıyıb, zərbə
almış kimi, geriyə çəkilsə də, ondan əl
çəkmədiyini, o dövrlər, elə bil, biz də,
necəsə, hiss edirdik. Aydınla bağlı
hər sözdən, hər xəbərdən diksinir, işdə
olduğu saatlar onu nədənsə qoruyurmuş kimi,
otağına yığışır, nə baş verdiyini,
yaxınlaşmaqda və baş verməkdə olanın nə
olduğunu ayırd eləməyə
çalışırdıqsa da, o, heç nə demirdi.
Bircə burda, Mərkəzdə dinclik, rahatlıq
tapdığını deyib, deyiləsi, dilə gətiriləsi
mümkün olmayan qalan nələrinsə üstünü
ört-basdır edən tək uzun-uzadı pauzalarla susurdu.
Sonra peşman-peşman gülümsəyə-gülümsəyə:
– Həyat,
şirinmiş... – deyir, sanki canındakı
narahatlığı gizlətməyə
çalışırdı.
O
dövrlər, Ölümlə əlbəyaxa
çarpışmada olan Aydını nələrdənsə,
hansı təhlükələrdənsə, xilas etdiyimizi
düşünsək də, sadəlövh qəlbimizlə,
ayrı-ayrılıqda və birlikdə nələrəsə
qadir olduğumuzu, özümüzü keçilməz qala
divarları bilib, Aydını içimizdə gizlədiyimizi
zənn etsək də, gözlənilən həmin o labüd
qəza baş verdi...
Aydın
həlak oldu...
Biz isə, öz qüdrətsizliyimizi, adi insan
miskinliyimizi, Ölüm qarşısında acizliyimizi
anlayıb, susduq. Ölümün, Aydının həyat eşqinə xələl
yetirən Qürub çağı qədər əlçatmaz
və keçilməz olduğunu, bizlərə ev, məişət, yazı-pozu
qayğılarından ibarət, doğma diyar görünən
bu dünyanınsa, sıldırımlı uçurumlar və
təhlükələr dolu, qorxunc sirrlər aləmi
olduğunu dərk eləməyə başladıq...
lll
Aydın
kimi insanlar, həmkarım
Aqil Abbasın Aydın barədə dediyi kimi, “peyğəmbər
olmaq istəyən, lakin ola bilməyən” insanlar Yer
üzünə öz möcüzələri, ərməğanları
və əlamətləri ilə gəlirlər. İnsanlığı nələrdənsə agah
etməkdən, onlara, yeni İNSAN nümunəsi
nümayiş etdirməkdən ötrü gəlirlər.
Aydın da, Azərbaycana bundan ötrü gəlmişdi. Möcüzəvi
fikirləri, adi insan təfəkkürünə
sığışmayan, hansısa, fərqli həqiqətləri
ilə gəlmişdi. Və digər “qalan
peyğəmbərlər” və peyğəmbər olmaq istəyənlər
kimi gəlib, onlar kimi də getdi. Qədim dövrlərin,
həmin kütlə cəhalətinin, ruh maarifsizliyinin, yoxsa,
öhdəsinə düşən gizli, ilahi missiyanın
qurbanı oldu...
Bu gün Aydının, Belinskinin profilini andıran uzun
saçlı, dalğın üzlü barelyefi, onun, bir vaxtlar
böyük həvəslə, özəl yaradıcı
stixiyasıyla qurub yaratdığı Tərcümə Mərkəzinin
giriş hissəsindəki bürünc xatirə lövhəsinə
həkk olunub.
Binanın qarşısından ötənlər
zaman-zaman önünə qərənfillər düzülən,
payız, yaz ayları yağış-çiskinin nəmindən
islanıb qaralan bu barelyefin kimə məxsus olduğundan bəlkə
də xəbərsizdilər. Şəhərin bu
gözdən-nəzərdən uzaq məhəlləsinə,
xırda dükanların, yamaqlı evlərin arasına, uzaq, qədim
qərinələrin dəniz döyüşlərindən
düşmüş qəzalı gəmi duruşuyla
dayanıb duran bu ədəbiyyat ocağının,
Aydının İşığını yaşatmağa
davam edən Müqəddəs Ocağa çevrildiyindən xəbərsizdilər...
Bura gələnlər
isə, tərcümə, nəşr materiallarıyla gəlib,
içəri daxil olanlar, bu ocağın dəhlizlərini,
otaqlarını, ilin bütün fəsilləri bürüyən
sirli havanı – divarların uçuqlarını,
tavanların yağış ləkələrini
anlaşılmaz doğmalığa, rəhm və mərhəmət
dolu, mübhəm məhrəmliyə qərq edən İlahi
axıntını hər zaman hiss edirlər...
Bu,
Aydının işığıdı... Özü ilə
uzaq Kiş sıldırımlarının saf
ucalıqlarından gətirib gəldiyi müqəddəs
Aydın İşığı. Mərkəzi
qanlı-qadalı illərin ölüm-dirim
yoxuşlarından salamat keçirib çıxaran, uzun illərin
bol yağışları, qar-tufanı altında
çökməyə qoymayan, yenilməz, dəfedilməz, zərif
işıq...
Aydının,
yarımçıq qalmış həyat eşqinin
işığı...
Zaman gələcək,
Mərkəz var gücünü toplayıb, Aydının bir
vaxtlar beynəlxalq fikir müstəvisinə çıxarmaq
arzusunda olduğu əsərlərini dünyanın
bütün dillərinə çevirəcək, Yer üzünə
yayacaq... Aydının
İşığında yoğrulan bu əsərlər, onun
yarımçıq qalmış həyat eşqini də, zərrə-zərrə
dünyaya daşıyacaq, insanlığa paylayacaq... Bu
işıq xalqları, millətləri bir-birinə sevdirəcək,
yeni növ xalqlararası, millətlərarası
doğmalıqlar yaradacaq... Yer
üzünü, qarşıda gələn təhlükələrdən
xilas edəcək yeni növ Mərhəmətin təməlini
qoyacaq...
Və mütləq Aydından, onun yarımçıq
qalmış, qəmli həyat hekayətindən
danışacaq.
Afaq Məsud
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.19.