Sevgi kitabında iri bir nida!
PƏRVİNin təqdimatında
"Yüz Gözəl
Sevgi Şeiri"
“O qız yaxındadı...” – deyirdi
İlham.
“Onsuz yaşaya bilmərəm...” – dedi Fərizə.
Bu ən nikbin və ən çarəsiz, ağır
etirafların arası
cəmisi on ay çəkdi. Taleyin, qismətin diqtəsi imiş... Nişanlarından
ölümlərinə kimi!
Çoxdan gözaltı elədiyi Fərizəylə nişanlananda;
hə, anasının
əlindəki o böyük
xonça da, bacısının təkcə
ona görə yox, həm də
rəfiqəsinə görə
atılıb-düşüb sevinməsi də, atasının ciddiləşib
“daha uşaq deyilsən, evlənirsən...”
deməsi də başqa həyatdan, xoşbəxtlikdən soraq
idi.
Tamam fərqli
sonu gözləyirdi İlham.
Başqa arzularla taxdı üzüyü barmağına
Fərizə.
“Ölüm bizi
ayıranadək...”, “Bizi
yalnız ölüm ayıra bilər”, “Ölümdən savayı,
heç nə girə bilməz aramıza”... deyir sevənlər bir-birinə. Bəzən sadəcə,
elə-belə söz
xatirinə, birgə ağlamaq, yaxud məhəbbətini bu yolla daha ifadəli,
daha təsirli demək xatirinə. Amma əsl eşqi,
göy hisslərini yaşayanların dilinə
gəlməz belə sözlər... Çünki
ölümün özü
belə bəzən aciz-aciz baxır bu sevgilərə...
O gecə! İlhamın qapqara xəbəri... Anası yerdəki qan gölməçəsini
də tanımışdı,
şirin gəlmişdi
ona bu qanın
rəngi... Xəstəxanadakı şərf də
çox şey demişdi onlara. Amma son dəqiqəyə, son saniyəyə
kimi itirmirdilər ümidlərini.
Və
Son! Bütün ümidlərin
də öldüyü
son!
Tək bir İlhamın anası deyildi gözüyaşlı... Bu dərd
elinən gəlmişdi...
Amma heç vaxt soyumayacaqdı, qaysaqlanmayacaqdı yaralar... 10 il,
20 il, 24 il sonra da yandıracaqdı
hər kəsi. Güllə səsinə ürpənəcəkdi yaşlılar,
müharibə təhlükəsindən
qorxacaqdı cavanlar...
O günlərə aid kadrlar
belə, o günlərdən
danışan söhbətlər
belə dalayacaqdı ürəklərin başını...
Millət
xoşbəxt deyilsə,
sən də xoşbəxt ola
bilməzsən. Qapının
o tayında aclıqdısa,
evində qarındolusu
yeməyin olsa belə, sən də acsan... Çoxluq ağlayırsa,
qapı-pəncərəni kip bağlayıb gülməyin
şənlik, sevinc gətirməyəcək sənə...
Sülh həm də bunun üçün
lazımdı! Xoşbəxtliyi, lap heç kəsin bilmədiyi, hamıdan mübhəm saxladığın
səadəti tam yaşamağın
üçün. Ona görə
müharibələr, bəlalar,
fəlakətlər ilk öncə
insan hisslərini sirinsidir, korşaldır, məhv edir. Dünən qoynundan yerə qoymadığı,
əzizlədiyi körpəsini
tapdalayıb keçməli
olur gənc ana... O cavan oğlan da dəlicəsinə
sevdiyi qızın üzünə baxmır artıq. Axı qonşuya qapqara
bir kağız gəlibsə, divarın o
tərəfindən hönkürtü
səsləri, ağı
sədaları eşidilirsə,
dil necə dönsün sevgidən danışmağa?!
İlham da öz yeni
mənzilinə çəkilib
cavan xanımı ilə xoşbəxt yaşaya bilməzdi. Özündən
utanardı, gələcəkdə
uşağının üzünə
baxa bilməzdi...
Bəxtiyar Vahabzadə “Şəhidlər”
poemasında yazır:
Dözməyib qatilin kəshakəsinə,
İlham çölə çıxdı güllə
səsinə.
Gördü qırhaqırdı, gördü
vurhavur,
Tanklar adamların üstünə
cumur.
Bağırdı:
– Soldatlar, neyləyirsiniz,
Axı, bunlar ilə
siz də birsiniz.
Axı, bu adamlar silahsızdılar.
Soldatlar daha da coşub
qızdılar.
... Bu sözlər
İlhamın son sözü
oldu,
Ona da bir güllə... o da vuruldu.
O güllə Fərizənin də həyatına, arzularına,
gələcəyə ümidlərinə
son qoymuşdu... Fərizə karıxdırdı ölümü.
Cəmisi 6 aylıq evliliklərinin hər gününü keçirdi
gözləri önündən.
Birinci dəfə imkan vermədilər özünü
yandırmağa. Amma
ikinci kərə, hamını yuxuya verib İlhamın palpaltarına sarıldı,
qoxusunu aldı... Vidalaşdı onlarla, eviylə,
o divarlar arasında keçirdikləri xoş
günləriylə, xatirələri
və xəyalları
ilə, bətnində
döyünən bapbalaca
ürəklə vidalaşdı.
Çəkdi başına
ölüm şərbətini...
“Qapısı bağlandı,
ocağı söndü...”
Bir qəhrəmanlıq
dastanına, eşq nağılına döndülər
o gündən. Şəhidlər Xiyabanında ilk qəbirə
çevrildilər. Şairlərin
yuxusunu qaçırdılar,
sevənlərə nümunə
oldular... Haqlarında əsərlər, poemalar,
povestlər yazıldı...
Toy günləri “Sevgililər günü” elan olundu. Amma bütün bunlar təsəllidirmi?! Doğmalardan, yaxınlardan, valideynlərdən
ötrü təsəlli
deyil. Fərizəni zəif sayanlar
da, ittiham edənlər də, ölümündən sonra
öyüd verənlər,
hətta bu faciəvi taleyinə ağız büzənlər
də tapıldı.
Sevgidən xəbərsiz bəxbəxtlər
“yəqin başqa səbəb varmış”
dedilər. Amma nə
səbəb?! Sevgidən
savayı hansı
hiss, hansı duyğu
gənc xanımı,
hamilə qadını
buna sövq edə bilər ki?!
O anda sarmaşıb məhəbbətinlə
Allahdan sən nəyi
dilədin, qızım?
Sən, axı, ərinə sədaqətinlə
Körpənə xəyanət elədin,
qızım.
Sınayar bəndəni Allah, çətində
Batdın bir günahda
iki günaha.
Xəyanət işlətdin sədaqətində
Körpəyə qıymaqla qıydın
sabaha.
Bəlkə... açılmamış solan o gözlər
Ulu zirvələrə yol açacaqdı.
Bəlkə o gözlərdən doğacaq
səhər,
Zülmət dünyamıza yol
açacaqdı.
Ey mənim yurdumun vəfadar qızı,
Vəfan cəfa oldu...
gör sən neylədin?
Son öz bətnindəki o günahsızı
Hələ doğulmamış şəhid eylədin.
Bəxtiyar Vahabzadənin “Şəhidlər”
poemasından gətirdiyim
parçada ağsaqqal
məsləhəti, müdrik
insan öyüdü duyulur. Amma şeirin əvvəlki misralarında
qoyulan suala cavab axtaranda hər şey məlum olur... Şair “Hansı tərəziylə,
daş ilə ölçək eşqini,
qəsdini bu gözəl qızın?”
– deyir. Yeganə
meyar sevgidi burda... Hətta içində böyüyən
körpədən belə
önəmli olan sevgi... Real sevgisinin,
ərinin dərdi, ağrısı hələ
mücərrəd məfhum
kimi qavranılan övladından daha önəmlidi Fərizə
üçün. Yəqin İlham
da Fərizə də hamiləliyi biləndə gələcək
körpələri haqqında
xəyallar qurublar, ad düşünüblər, kimə
oxşayacağını da
fikirləşiblər. Amma İlhamın ölümü
ilə Fərizəyçün
bu xəyallar ölür, ona görə heç nə fikirləşmədən,
körpəsini belə
gözünə almadan
qıyır canına.
Şeirin
növbəti bəndlərini
Bəxtiyar Vahabzadə
məhz bu anlayışla, düşüncəylə
yazıb:
Həm də çox çətindir danlamaq səni.
Sən həm fədakarsan, həm də günahkar
Bu cür şəhidliyin başqa rəngi var.
Zaman hər hökmündə “hakiməm” – deyib
Belə şəhidliyi amma görməyib.
Bilmirəm, nə deyək bunun adına?
Bütün hüdudları aşan şəhidlik
İkiqat, ya üçqat?
Ərdən qadına,
Anadan balaya düşən
şəhidlik.
Bir anlıq
dərinə gedəndə
adamın içindən
hönkürmək gəlir. Sevginin böyüklüyünə ağlamaq
istəyirsən... Amma
Fərizənin intihardan
öncə anasına
yazdığı bir neçə kəlmə hamımıza ismarışdı
bəlkə: “Ana, məni
ağlama. Heç biriniz ağlamayın.
Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da...”
Düzdü! Onsuz da... ONSUZ...
PƏRVİN
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.21.