“Hasarın o üzü”ndə nələr var...

 

 

 

Bu dünyada çoxlu hasarlar var. Belə baxanda, hara baxırsansa, hasardı. Adamlar günü-gündən evini, ətrafını, duyğularını hasarlayır. Kaş bunların yerinə milli-mənəvi dəyərlərimizi, adət-ənənlərimizi, unikal ailə modelimizi hasarlaya biləydik...

 Hasar demişkən,  ötən ilin son günlərində Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşasının premyerası oldu. Mənə elə gəlir ki, tamaşanın uğuru premyeradan başlayır. Tamaşaçı gəlir və şüuraltı onu narahat edən bir yığın problemə kənardan baxmaq imkanı qazanır. Bu mənada dramaturq Əli Əmirlinin  qələmə aldığı “Hasarın o üzü” pyesi rejissor Bəhram Osmanovun quruluşunda tamaşaçını bir çox suallardan azad edib, bir çox suallarla da baş-başa buraxdı...

Zahiri görüntü və sirr pərdəsinə bürünmüş məna

İlk müsahibim əsərin müəllifi, tanınmış dramaturq Əli Əmirlidir:

– “Hasarın o üzü” ilk baxışda ənənəvi ailə-məişət mövzusunda yazılmış pyesdir. Bir qədər konkret desək, pyes bir ailə daxilində dinə ikili münasibət üzərində qurulub, amma bu mətləb, səviyyəsindən asılı olmayaraq, hər kəsin başa düşə biləcəyi üst qatdır, üzdə olan zahiri görüntüdür. Əslində isə pyes həyatın bizə o qədər də məlum olmayan, bəlkə də heç vaxt məlum olmayacaq mənasını axtarmaq yolunda dörd insanın – əsərin personajlarının gərgin mübarizəsidir. Sirr pərdəsinə bürünmüş o məna isə hasarın o üzündə, görünməyən üzündədir. Pyesdə özünü göstərən daha bir motiv isə birbaşa dinin özü ilə bağlıdır: insan Allahın buyurduğu kimi yaşayıb dini düzgün anlayır, dərk edirsə, din birləşdirici qüvvəyə çevrilir, əksinə olanda isə din təfriqə vasitəsinə çevrilir.

– Pyesin səhnə həlli sizi qane etdimi?

– Mənim hər əsərim yazılanda, hətta ideya halında olanda belə Bəhram Osmanov artıq məsələdən hali olur, bu azdır, o məni yazmağa ruhlandırır və həmişə də yazdığım əsərin səhnədə reallaşmasına məndən çox çalışır. Artıq iyirmi beş ildir, bizim iş birliyimiz davam edir. O mənim bir dramaturq kimi güclü və zəif cəhətlərimi bilir, mən də onu bir rejissor kimi yaxşı tanıyıram. Bu bizə bir-birimizi başa düşməyə, lazım gələndə güzəşt etməyə kömək eləyir. Bir neçə il əvvəl yazılmış “Hasarın o üzü”nü də Bəhramın tamaşaya qoyacağını bilirdim. Bir şey deyim, teatrın direktoru, rejissor və dramaturq bir-birilərini başa düşəndə, düzgün qiymətləndirəndə işin nəticəsi uğurlu olur. Mübariz Həmidov teatr işini gözəl bilən rəhbər kimi dramaturgiyanı da gözəl duyur. “Hasarın o üzü”nün uğurunu o əvvəlcədən görürdü. Odur ki, əsərin qarşısında tərəddüd etmədən yaşıl işıq yandırdı. Əslində o bu layihənin rəhbəri və prodüseri kimi hərəkət elədi. Hətta teatrda çox istedadlı truppanın olmasına baxmayaraq mənim və rejissorun təklifini nəzərə alıb baş rollara Nurəddin Mehdixanlını və Həmidə Ömərovanı dəvət etdi. Nurəddin bəyin böyük istedadı, populyarlığı, teatr təcrübəsi əvvəlcədən uğura imza atmaq deməkdi, kinoaktrisa kimi böyük təcrübəyə malik olan Həmidə xanım isə ilk dəfə böyük teatr səhnəsinə çıxacaqdı. Əslində bu həm aktrisa üçün, həm də teatr üçün böyük risk idi, amma bizim gözləntimiz özünü doğrultdu, tamaşaçıların hərarətli alqışları da göstərdi ki, biz səhv eləməmişik. Həmidə xanım çox mürəkkəb və maraqlı bir rolun öhdəsindən bacarıqla gəldi. Bu iki böyük sənətkar ilk dəfə tərəf-müqabil olsalar da, onların səhnə tandemi çox yapışıqlı və məlahətlidir. Onu da deyim ki, tamaşada teatrın dörd gənc aktrisası da gözəl oyun nümayiş etdirir. Zərif rolunda Şəbnəm Hüseynova və Günel Məmmədova, Çiçək rolunda Asya Atakişiyeva və Səbinə Məmmədova özlərinin yaşlı və təcrübəli həmkarlarından geri qalmırlar. Yeri gəlmişkən, bu gün Gənc Tamaşaçılar Teatrında çox güclü gənc aktyor nəsli var.

Tamaşanın keyfiyyətinə gəldikdə isə, mən bütün tamaşalarıma, o cümlədən “Hasarın o üzü”nə də tamaşaçı gözü ilə baxıram, əgər tamaşaçı bilet alıb teatra gəlirsə, sonra da gördüklərindən təsirlənib aktyorları ayaq üstündə alqışlayırsa, deməli, tamaşa tutub, ox hədəfə dəyib. Bir dramaturq kimi mən tamaşaçılar üçün işləyirəm, mənim üçün onların fikri və istəyi birinci yerdədir.

“Teatrın missiyası cəmiyyətə mesajlar ötürməkdir”

– Mən düşünürəm ki, əsərin qəhrəmanlarının hər birinin içində Allahı tapmaq yolunda bir qovğa var. Bütün hadisələr evin xanımının Allahı tanımasından və qəbul etməsindən sonra başlayır. Əslində, ailədə bir insan Allahı qəbul edib tanıyırsa, gərək əmin-amanlıq olsun. Bəs niyə qovğa əmələ gəlir? Niyə bu evin adət-ənənəsi pozulur? Çünki Allahı dərk etmək, tanımaq o qədər uzun yoldu ki, bu yolu tək keçmək çətindir. Hamılıqla keçəndə pyesdə olan suallar ortalığa çıxmır. Ailədə inamla inamsızlıq qarşılaşır. Ortaya saysız-hesabsız suallar çıxır. Bu, cəmiyyətə mesajdı. Yekunda elmin, tərəqqinin, təbabətin aciz qaldığı xəstəlik qarşısında Qəribin diz çökməsi ölüm qorxusu yox, hasarın o üzünü görməkdir.

– İki tanınmış sənətkar – Həmidə Ömərova və Nurəddin Mehdixanlı ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində qarşılaşdılar. Bu barədə nə deyərdiniz?

– Gənc Tamaşaçılar Teatrında kifayət qədər güclü orta və gənc nəslin nümayəndələri var. Ancaq teatrın direktoru Mübariz Həmidov mənim fikrimlə razı olub bu tamaşaya Nurəddin Mehdixanlını və Həmidə Ömərovanı dəvət etməklə bu heyəti daha gücl

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov:

ü və maraqlı etdi.

Bu tamaşada mənim üçün ən əsas fiqur Qəribdir. Mən Nurəddinlə uzun illər müxtəlif səviyyəli, müxtəlif üslublu tamaşalarda işləmişəm və Nurəddin bu gün Azərbaycan incəsənətində, teatrında sözünü demiş aktyorlardan biridir. Nurəddin Mehdixanlı Qərib rolunun öhdəsindən layiqincə gəldi.

Təbii ki, Nurəddinə bir qədər yaxın olan tərəf-müqabil lazım idi. Humay rolu Həmidə xanıma daha çox yaraşdı. Həmidə xanımın xarici görünüşü, nurlu siması, ibadət edən qadına məxsus plastikası elədir ki, hər bir qadın özünü onda görür. Həm də səhnə üçün stampı olmayan aktrisadır. Eyni zamanda Həmidə xanım kimi bir aktrisanın yanında Nurəddin bəy daha güclü görünür. Səhnədə biri daxilən güclü, biri xaricdən güclü tərəf-müqabil kimi.

– İstərdim ki, tamaşanın finalı və hasarın o üzü barədə fikirlərinizi də oxucularımızla bölüşəsiniz?

– Finalda mən rejissor kimi bir çox sualları tamaşaçıların ixtiyarına buraxıram. Qərib sağalacaq, sağalmayacaq, Zərifin sevgilisi qayıdacaq, qayıtmayacaq. Pyesdə bu suallara cavab verilsə də, biz o səhnələri ixtisar elədik. Tamaşaçı finalda hasarın o üzünə şübhə ilə yanaşan Qəribin sonda şübhələrdən əl çəkib ibadət etdiyini görür. İnsan hasarın o üzünə inansa, sabah onu nə gözləyəcəyini bilsə, bu gün buraxdığı səhvlərə yol verməz. “Hasarın o üzü” tamaşaçıya bu mesajı ötürür.

“Qərib obrazı mənə yaxın obrazdı”

Xalq artisti Nurəddin Mehdixanlı:

– Bəhram Osmanovla uzun illər müxtəlif tamaşalarda bir yerdə çalışmışıq. Bəhram Osmanov sözün bütöv mənasında rejissordur. Onunla işləmək mənə həmişə maraqlı olub və bütün tamaşalarımız uğur qazanıb. Odur ki, dəvəti qəbul elədim. Mövzu aktual bir mövzudur. Bu gün bizim cəmiyyətimizdə din birləşdirici, qovuşdurucu faktordan daha çox bəzən ayırıcı faktora çevrilir. Bu qarşıdurma ailələrimizin içinəcən gəlirsə, daha pis. Azərbaycanda ilk dəfə belə bir mövzunun bu şəkildə səhnəyə gətirilməsi vətənə, millətə xidmətin ən gözəl nümunəsidir.

Qərib obrazı isə, açığı, mənə yaxın obrazdı. O Allahsız deyil, real düşünən və reallığı qəbul edən ailə başçısıdır, həkimdir. Onun ailəsində ikitirəlik yaranıb. Qadını mömün xanım, özü həyatı real görən bir adamdı. Və ailədə bir övlad böyüyür. İlk baxışdan normal görünən ailənin içərisinə tamaşaçı daxil olanda görür, heç də düşündüyü kimi deyil. Qadın gününün çoxunu ibadətdə keçirir, kişi öz sənəti ilə məşğuldur, ortadakı övladdan xəbəri yoxdu. Övlad yol ayrıcında qalır. Bu tamaşaya baxandan sonra tamaşaçı xeyli suallara cavab axtarır. Deməli, tamaşa düz qurulub, deməli, rejissor hədəfi vurub. Nədən? Çünki bir çox suallar var ki, biz ona cavab vermək iqtidarında deyilik. Bu gün o suallar açıqdır. Bu tamaşanın məziyyəti ondan ibarətdir ki, hamının ikilikdə-üçlükdə danışdığı məsələləri bu tamaşa üç yüz, beş üz adama birdən deyir.

Əminəm ki, Gənc Tamaşaçılar Teatrı çox maraqlı bir işə imza atıb. Bir- iki kəlmə də tərəf-müqabillərim barədə demək istəyirəm. Həmidə Ömərova kino aktrisasıdır. Amma mənim üçün tərəf-müqabilimin kino və ya teatrda çalışmasının heç bir fərqi yoxdu. Əslində tərəf-müqabilin gözlərinin içinə baxanda içində işıq görürəmsə, səmimiyyətini hiss edirəmsə, içindəki çırpıntıları duyuramsa, bu mənə bəs eləyir. Həmidə xanımla bir səhnəni bölüşmək mənim üçün doğrudan da çox xoşdur, gənc aktrisalarımızla da o cümlədən.

“Mən Humayda əridim”

Xalq artisti Həmidə Ömərova:

– Əli Əmirlinin bu əsəri mənə təklif ediləndə oxudum və özümü bu obrazda gördüm. Bu qadının düşüncələrinin, fikirlərinin çoxu ilə razıyam. Tamaşa özünün çoxplanlı problemləri ilə diqqət çəkir. Burda gənc qızların evlilikdən əvvəl səhvlərə yol verməsi kimi aktual bir məsələ gündəmə gətirilir. Ailədə imanlı adamla imansız adamın ixtilafları bu gün ən aktual məsələlərdən biridir. İlk baxışdan zərif və bəlkə də zəif görünən qadın əslində xaraktercə kifayət qədər güclüdür. O, inamını, xeyirxahlığını sözdə yox, əməldə sübut edir.

Bir neçə kəlmə də Humay obrazı barədə danışmaq istəyirəm. On ildir namaz qılıram. Mən Humayda əridim. Humay vasitəsi ilə tamaşaçılarıma çatdırmaq istədim ki, ancaq xeyirxah işlərə, xeyirxah əməllərə can atsınlar, mərhəmətli olsunlar, bir-birilərinin, əzizlərinin qədrini bilsinlər, qohumda-qonşuda köməyə ehtiyacı olanlara əl tutsunlar. Humayın timsalında mən bunu göstərməyə çalışdım.

Tərəf-müqabilimdən çox razıyam. Tərəf-müqabil var ki, impuls verir, tərəf-müqabil də var ki, səni dondurur. Şükürlər olsun ki, bu tamaşada bütün tərəf-müqabillərimdən o implusu alıram. Birinci növbədə isə Nurəddin Mehdixanlıdan. Bu səhnədə özümü çox rahat hiss edirəm.

Gənc aktrisa Günel Məmmədova:

  İstərdim obrazım barədə danışım. Zərif  ipə-sapa yatmayan, özbaşına qərarlar qəbul edən, adət-ənənəyə sığmayan  çılğın bir qızdı. Hərdən tamaşaçıların necə qıcıqlandığını belə hiss edirəm. Təəssüf ki, həyatda olduğu kimi, səhnədə də Zərifin də son aqibəti yaxşı olmur.

Bu tamaşada həm də böyük sənətkarlarla bir səhnədə çıxış etmək imkanı qazandıq. Həmidə xanım mənə çox dəyərli məsləhətlər verdi. Ümid edirəm ki, biz başqa tamaşalarda da bir səhnəni bölüşmək imkanı qazanacağıq.

Gənc aktrisa Asya Atakişiyeva:

– Oynadığım Çiçək obrazı uşaq yaşlarından həyatın zərbələrini almış yeniyetmə bir qızdı. Nə keçmişi var, nə gələcəyi. Ağır sınaqlar bir-birini əvəz etsə də, sonda Allah onu mükafatlandırır. Humay xanımla qarşılaşır, qəlbindəki inam  ən ağır xəstəliyə qalib gəlir.

Bütün bunlar  “Hasarın o üzü” barədə fikirlər, mülahizələrdi. “Hasarın o üzü” isə başqa bir aləmdi. Yolunuzu Gənc Tamaşaçılar Teatrından salın.

 

Təranə VAHİD

525-ci qəzet.- 2014.- 18 yanvar.- S.16.