M.Ə.Rəsulzadənin vətənində
yazdığı son vida
məqaləsi
"Birlik lazımdır"
Sovet Rusiyası tərəfindən
Azərbaycanın işğalına
başlanan gün –
1920-ci il aprelin 27-də
Azərbaycan Parlamentinin
təcili fövqəladə
axşam iclasında milli istiqlal hərəkatının lideri
və ideoloqu, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin
yaradılması işinə
başçılıq etmiş
“Müsavat” başqanı
M.Ə.Rəsulzadə hakimiyyətin
kommunistlərə verilməsi
ilə əlaqədar
son sözündə deyirdi:
“Bizim fraksiyamız
təslim olmağın
əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin
tələbinə görə
və cəmaətimizin
arasında daxili müharibə salmamaq üçün və əlavə, bugünki kommunist firqəsinin müstəqilliyimizi müdafiə
edəcəklərini nəzərə
alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam,
bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi
layiqincə müdafiə
etsinlər. Əgər bunlara
əməl olunmazsa ixtiyarımızı geri alaraq həqqimizi özümüzdə saxlayacağıq”.
Aprelin 28-də “Azərbaycan”
qəzetinin sonuncu –
85-ci (443-cü) nömrəsində M.Ə.Rəsulzadənin vətənində
sonuncu məqaləsi işıq üzü görmüşdü. Bu, “Birlik lazımdır” sərlövhəli dövrün
və keçilən
istiqlal hərəkatı
yolunun qısa elmi təhlili və gələcək vəzifələrə həsr
olunmuş məqalədir.
Bu günümüz və gələcəyimiz
üçün də
böyük tarixi dəyərini nəzərə
alaraq onu “525-ci qəzet”in oxucularına təqdim edirəm.
Bulunduğumuz vəziyyətin, keçirdigimiz
dəmlərin ciddiyyət
və məsuliyyəti
hər zamandan daha ziyadə bizi tənbeh etməsi bir tərəfdə, aramızdakı
cərəyanların salim
və əmin bir istiqamətdə durmamaları digər tərəfdə, artıq
həpimiz üçün
bir şüarı, bir vəzifəyi bütün əhəmiyyəti
ilə bərabər təlqin ediyor:
– Birlik lazımdır!
Tarix müşkül
vəziyyətləri, möhlik
dəmləri hər zaman təkrar etmiş və hər təkrarda millətlərə bir təcrübə və təcrübə ilə bərabər də həqiqi bir vəzifəyi də əmr eləmişdir.
Bir millətin
hali-rəşadətdə olduğu bir cəmaətin müqtədir
və vəzifəşünas
bulunduğu o zaman məlum olur ki, o millət mucibi-tənqid dəmlərdə
əql və mühakiməsini itirmədən
müəyyən bir yol ilə səlamət
və istiqbalına təmas edən məsələlərə hakim oluyor.
Macəraçuluğun nəticədə daima müvəffəqiyyətsizlik və
peşimançılıq hüsula gətirdigi bizim bu Rusiya
dövri-inqilabında bizzat
öz həyatımızda
dəxi görüb bildigimiz bir həqiqətdir.
Macəraçuluğa bir siyasət xəyalda, əməldə
nə qədər dadlı olsa, nə dərəcə cazib bulunsa da
həqiqətdə bir
çox acılıqları,
bir çox xəsaratlıqları mucibdir
ki, bir məmləkətin
və bilxassə bizim kibi yeni
və gənc bir dövlətin həyat və istiqbalına ancaq mənfi bir təsir yapar.
Bu gün bizə
bir Şimal təhlükəsi bütün
vüzuhilə vardır. Bu təhlükənin
faidəsini təsəvvür
edənlər, bu təhlükədən istifadə
etməgi düşünənlər
bugünki millətlər
siyasətinin, dövlətlər
ahənginin həqiqi simasına az vaqif olan, gərək
əqldə, gərəksə
məntiq cəhətincə
zəif bulunduqlarındandır
ki, iştə biz bunlara da bütün
səmimiyyət və
ciddiyyətimizlə deyiriz:
birlik lazımdır. Birligimiz bir qüvvət, bir müdafiə sipəri meydana çıxara biləcəgi
halda birliksiz, bərabərsizlik zəifiyyət,
ricətdən başqa
bir nəticə hüsula gətirəməz.
Bütün siyasi firqələr
Müsavat, İttihad və sosialist, Əhrar və hər əqlli-başlı,
siyasətdən, zamandan
xəbərdar şəxslər
şimdi möhkəm
bir qala və hasar kibi
cəmaət və məmləkəti əhatə
etməli bir şüar, bir fikir, bir vəzifə
ilə də hökumətimizə pişrov
olmalıdır.
Bugünki vəziyyət bizim üçün bir müdafiə vəziyyətidir. Bu müdafiə nə qədər intizam və qaidə ilə, nə dərəcə inzibat və intizam ilə olursa, o qədər də hal və istiqlaldan
əmin qala biləriz.
Şimdi hər vətəndaş kəndi bacara biləcəgi vəzifə
ilə müttəhid
bir qüvvət halında hazırlanmalı
və hökumətimizin
bütün əmrlərinə,
bütün qərarlarına
riayət edərək
bir müdafe halında gözükməlidir. Biz əminiz ki, bu birliklə bugünki vəziyyətdən
biz zərərsiz, xəsarətsiz
çıxa bilər
və istiqlal tariximizin bugünki səhifəsini də qurtarıb yolumuzda iləriləriz.
İstiqlal tarixi filhəqiqə bizə bir çox
müzahim və müşkülatı çıxardı. Fəqət hər
bir zamanda biz bu müzahim və müşkülatı
iqtisam etdik. Yenə yüksələn bir bayrağı göz bəbəgi kibi, hifz edilən istiqlalı aslan kibi mühafizə və müdafiə etdik; bizim qüvvətimiz
həqqimizdir. Həqq yoluna
imanımız istiqlalımızda
ən baş bir şüarı olduğu kibi bütün müvəffəqiyyətlərimizin
də bir ələmdarıdır.
Bu cəhətlə şimdi
hər vətəndaş
vəzifə başına
şitab etməli, vəzifəsinə sadiq qalan vətəndaşın
istiqlal və vətənə də müdafe və xadim ola
biləcəgini iman etməlidir.
İman,
iman! İştə bu günün
ən qüvvətli müdafei, ən qüvvətli amili budur.
Əvvəlbaəvvəl məmləkətimiz daxilində
asayiş və intizamı xələldar edəcək ünsürlərə
qarşı vətənini
sevən hər azərbaycanlı təyəqqüz
durmalıdır ki, daxildə kiçik bir intizamsızlığın
xaricdəki əhvala əksi bir təsiri
yapması məmuldur.
“Qalayı daxildən
zəbt edərlər”
deyərlər.
Filhəqiqə qalanın daxili hər zaman hər dürlü hiylə və intriqalara bir zəmin olur.
Qalayı
daxildə haman
mühafizə etməklədir
ki, bugünki vəziyyətimizi lehimizə
çevirə biləriz.
Bizim qalanın
ən çox zərərverici ünsürləri
macəraçular, macəraçuluq
olduğuna görə
bittəbii əvvəl
baəvvəl bunlardan
təhəffüz etməlidir.
Binaənileyh bütün vətəndaşlar
sükun və intizamla bərabər bir şüar ilə də amal olmalıdır ki, o da:
Birlik! Birlik!
“Azərbaycan”, 28 nisan
(aprel) 1920, ¹85
Müzahim – zəhmət verən,
çətinləşdirən
Təyəqqüz – oyanma; məc. gözüaçıqlıq
İqtisam – paylaşma, bölüşmə
Möhlik
– çox təhlükəli
Şitab
– tələsmə
Məmul
– arzu edilən, ümid edilən
Təhəffüz – qorunma
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.11.