Şapkamı geyinən...
(hekayə)
Səhər
tezdən şapkamı əlində gördüm,
sallaya-sallaya o yan-bu yana keçirdi, elə
bil atmağa yer axtarırdı. “Yəqin nəsə
eşidib yenə...axı, maşındaydı bu şapka”.
Mat-məətəl qapının arasında
dayandım. Üz- gözündə də
həmişəki kimi qabarıb üzə
çıxmış gülüş otaqları
dolaşır; bilirəm, yenə tikanlı-tikanlı nəsə
deyəcək.
–Nədi,- deyirəm,-
nolub?!
Şapkamı da barmaqlarının
ucuyla tutub yaxınlaşır:
–Kim geyinibmiş bunu, dünən,
günorta vaxtı, kimin başına qoyub yanında
oturdubsanmış...?
Mən doğrudan da
çaşıb özümü itirən kimi oldum:
–Nə danışırsan, harda?
–Maşında...-dedi, səsini
uzada-uzada.-Başına qoymusan ki, yanında tanıyan
olmasın, həə? Yaxşı, mən
heç, mən gözlərimi yumdum, bəs camaat?! Elə
bilirsən, tanıyan-bilən yoxdu?-
Şapkanı üstümə tullayıb,- var,-dedi,-var! Sənin öz kəndçilərin
çatdırdı. Bilirsən, öz kəndinizin
diliylə də nə dedilər? Dedilər, ay
şapkanı geyinən ölsün!
lll
Üç
gündən sonra əlli il olacaq ki, bir
yerdə yaşayırıq. Bu əlli ilin
içində də çox-çox şeylər dəyişib;
çaylar yatağını, yollar səmtini, ölkələr
sərhəddini-sınırını,
dinini-imanını...Amma O, dəyişməyib,
görünür əslində də heç nə dəyişmir.
Belə çıxır ki, mən
yanılıram, görkəmlə mənanı
qarışdırıram. Görkəm dəyişəndə
məna dəyişirmi bəs?!
Bütün
günü bu haqda düşündüm, fikrimdə aləm
qarışdı bir-birinə, heç nə də
alınmadı. Bu qərara gəldim ki,
gözümün qarşısındakı bu əlli illik yer
üzü kimi onun da görkəmicə dəyişib; yəni,
yalnız saçları ağardı, üzü-gözü
qırışlarla örtüldü, xasiyyəti dəyişmədi.
Tanıdığım gündən qapalı, az
danışan, olanlara-olacaqlara soyuqqanlı, istəyni bildirməyən,
uzaqdan gülməyi, gendən baxmağı bacaran, yəni
heç vaxt özünü unutmayan. Kimin haqlı, kimin
haqsız olduğunu bilsə də haqlı-haqsız axtarmadan
yaşayan, sözə baxan, üzü gülən; ona görə
də tələsik evləndim...amma bilmədim bu əlli il necə keçdi. İndi
başqa heç nə eləyə bilməyəcəyimi
anlayıb yazı yazmaq istəyirəm. Bilmirəm
necə başlayım? Bu dediklərim
başlanğıc ola bilərmi, görəsən...?
Yay tətilindən
qayıtmışam, bütün yayı əmimlə ot biçdiyimdən əmim demiş, lap
cöngəyə oxşayıram, üstəlik boynumdan
çiban çıxıb, boynum da sarıqlıdı...Elə
bu şəkildə onu gözləyirəm.
Vağzalın pilləkənləriylə
enən gördüm, ətrafı yoxmuş kimi heç nəyə
fikir vermədən, heç nə hiss etmədən gəlir,
bir uçmağı əskikdi...
–Bu nədi geyinmisən?- Elə uzaqdan uzağa dedim, qaş-qabaq
içində.-Nədi geyindiyin?
Səsim çatan yerdə
dayanıb üst-başına baxdı. Su
rəngində tül paltardı.
–Təzə tikdirmişəm, elə
bilirdim, xoşuma gələcək...-Yaxınlaşmır,
dayandığı yerdən deyir.
–Altdan geyindiklərin
görünür.-deyirəm, sakitcə, əlimlə də
göstərirəm.
Bayaqkı
gülüşü üzündədi, amma birdən-birə
rəngini dəyişdi, elə bil ağrıyan yeri
varmış.-Neynim indi?!
–Get paltarını dəyiş gəl!
–İki saat sən
burda neynəyəcəksən?
–İki saat mən burda səni
gözləyəcəm.- Ayaqlarımı
dayandığım yerə vura-vura,- heç yerimi də dəyişməyəcəm,-dedim.
Dinməz-söyləməz
qayıtdı, pilləkənin başına çatanda
dönüb gülümsədi, sonra adamların arasında
gözdən itdi...
Düz iki saatdan sonra
qayıtdı, birinci kərə gördüyüm
paltardaydı. Heç nə olmamış kimi sevinə-sevinə
yaxınlaşdı, əl-ələ tutub üzü dənizə
tərəf getdik...
Ailə qurandan sonra demək
olar ki, bayırı unutdu. Nə kənd qaldı
yadında, nə şəhər, nə doğulduğu ev. Qohum-əqrabasını belə
xatırlamadı; gülümsəyə-gülümsəyə,
yumşaq-yumşaq qarnındakı balalarını gəzdirdi:
–Bax, tərpənir,
baax...Eşidirsən? Tıp-tıp... elə bil
içimin tozunu çırpıllar.
Heç vaxt demədi, hara gedirsən, hardan gəlirsən. Arada bir
köksümə sığınıb xeyli eləcə
qalardı. Sonra anladım ki,
qoxulayırmış, iyləyirmiş məni.
–Düzünü
de, görüm, hardan gəlirsən?
–İşdən
gəlirəm, hardan gələcəm, metro, o avtobusdan
düş, bu avtobusa min,arvad, kişi, aləm
qarışıb, ona sürtün, buna sürtün...
Şübhəsi
də üz-gözündə aralanar, evdə yazı adına nə varsa; kitab, dəftər, qəzet
parçası, əlinə nə keçərsə
götürüb gözünü zilləyər, dinib
danışmaz...ya da pianoda nəsə çalar.
Ən
kasıb vaxtlarımızda belə demədi: “evdə bir
şey yoxdu”:
–Eeh,
noolsun, dedi, soğanımız ki, var. Hər şey bişəndə
dadını dəyişir, bişirərəm soğan yeyərik.
Son vaxtlar yuxudan dəli kimi ayılmağa başladı. Mən də oyanıb sakitləşdirirdim:
–Oyan, yuxu
görürsən...
–Yox, mən
səni arvadla gördüm...!
–Dəli
olmusan, nə arvad?
–Yox,
yuxuya oxşamırdı.
–Uşağı
oyatma, ağlını başına yığ, yat.
–Yenə
o arvadı görəcəm, yatmaq istəmirəm...
Səhər heç vaxt yuyunub- daranmamış
salamlaşmazdı. Yalnız əl-üzünü yuyandan sonra:
–Sabahların
xeyir!-deyərdi,-Sabahlarımız xeyir...!
İlk
vaxtlar götürə bilmirdim, sonralar üz-gözünü
qurulaya-qurulaya dünənin, o biri günlərin bütün
olub olacaqlarını-evsizliyimizi, çörəksizliyimizi, yəni
kasıbçılığımızı unudub həmişə
uşaq kimi qayğısız görünən sifətiylə
gülümsəyə-gülümsəyə
salamlaşmağına öyrəşdim...Uşaqlarımız
oldu, onları da öyrətdi:
–Hə,
yuyundunuz, darandınız, indi ataya salam
verin, sabahınız xeyir, deyin...
Sonralar nə
gördü, nə eşitdi, kim nə
dedisə səhər salamına bir söz də əlavə
elədi, “arvadların xeyir”...İlk eşidəndə
doğrudan da pərt oldum:
–Bu nə
sözdü deyirsən, özü də uşaqların
yanında, utanmırsan?!
Üz-gözünün
işarəsiylə “ yaxın dur”, dedi.
Başımı ona sarı əydim, ayaqlarının ucuna
qalxıb qulağıma pıçıldadı:
–Dünən
gətirdiyin uşaq paltarlarını kimnən almısan,
kimdi o, paltar satan, göygöz arvad ?
–Nədi
uydurduğun yenə?-deyə-deyə uşaq aləmi mağazasında
işləyən göygöz qadının elə ovcundanca
yediyim katletləri xatırladım. –Ağlını
yığ başına, demişdim ki, sənə, dostumun
qonşusudu, bir yerdə gedib uşaqlara paltar aldıq.
–Sən
bir şeyi unutmusan, amma yadında saxlamalıydın,-dedi.- Bilməliydin
ki, yerin də qulağı var. Nəinki qulağı,
gözü də var, ona görə də heç nə
gizlin qalmır, hörmətli tələbə
yoldaşım...-Gülümsədi, mətbəxə
keçib əlində çay qayıtdı.- Amma
salamımı necə istəyirəm elə də verəcəm,
istəyirsən götür, istəmirsən götürmə.
Çətin
olsa da salamlaşmağını da zarafata döndərə
bildim... Aradabir, bəlkə də bilərəkdən
“...arvadların xeyir” demirdi. Onda mən də bilərəkdən
hay-küy eləyirdim:
–
“Sabahları” dedin, bəs “arvadları” demədin...
İndi oğlumun maşınında bağa gedirik, o
vaxtlardan da çox keçib, lap çox; nəvəmiz-nəticəmiz...Ağaclarımız
böyüyüb, necə deyərlər, göyə dirək
olub. Bir azdan alaqapının ağzındakı zeytun
ağacı görükəcək. Mən
uşağımı-nəvəmi, nəticəmi
görmüş kimi sevinəcəm...Bu sevincim bəlkə də
ağacın meyvə gətirdiyinə görədi.
Zeytun ağacını, anam demiş, “birinci
qarnıdı”, yəni birinci kərədi meyvə gətirir,
oğlumla bir yerdə əkmişik...Oğlumu da təzə
evləndirmişəm, evləndirən kimi yerişi-duruşu
dəyişdi, hələlik uşaqları olmasa da ata kimi
apara bilir özünü.
Zeytunu əkəndə
yer qazırdı, dikəlib:
–Bunu da sən
ək, sən basdır...- dedi, bağdakı ağacları,
gülləri göstərdi.-Sənin əkdiklərindi
bütün bunnar.-Ağac şitilini qazdığı yerə
qoydu.- Dibini sən basdır, əlin
kökünə dəysin. Nənə də deyirdi, atanın əkdiyi
tez bitir...
–Yaxşı,-deyirəm,- onda suyunu da sən tök.
Beləcə,
üç il qabaq zeytun şitilini düz
girəcəkdən əkdik. İndi birinci meyvəsidi; elə
işdahla gətirib ki, başına dolanmamaq mümkün
deyil...Meyvəsi dəyən vaxtlarda, yəni axıra
yaxın, qaralmağa başlayır, qapqara olur; indi də az qala gözümüzün qabağında
bir-bir, iki-iki qaralmaqdadı...
Maşından çıxıb zeytunun yanına gəlmişəm,
meyvə qarışıq budaqlarını
sığallayıram. Oğlum qapının
açılmasını gözləyir.
Pişik maşının səsinə
çıxıb hasarın üstündən bizə
baxdı...Qapı da elə bu vaxt açıldı.
–Sizin gəlməyinizi
həmişə pişik xəbər eləyir, düz on beş dəqiqə
qabaq...-Yoldaşımdı, qapını açıb
gülümsəyir.-Hanı bəs özü? Bayaqdan
miyoldayıb zəhləmi tökürdü ki, gəlir.
Hanı bəs indi?!
–Odu eey,
hasarın üstündən ataya baxır.
Doğrudan da gözlərini zilləyib mənə
baxırdı, sonra hasardan enib yanıma gəldi.
–Elə
çox istəyir ki, bunu, bu...-yoldaşım
əllərinin ikisini də mənə sarı uzatdı.- Məətəl
qalmışam, heç bunu istəmək olar?-Yan-yörədə
çox adam varmış kimi bərkdən gülüb
boylandı...
–Məni
bütün canlılar çox istəyir. –dedim,-
Elə bilirsən ağac istəmir, ağac da istəyir.-Üzümü
zeytunun meyvələrinə sürtdüm, əllərimi
pişiyə sarı uzatdım.-Gəl, gəəl!
Pişik necə öyrətmişdim eləcə,
atdanıb qollarımın üstünə
çıxdı...Alaqapıya dırmaşmış
sarmaşıq gülləri kimi pişik də dəyişib
buraların olmuşdu.
Onu da bir az var gətirmişəm... Balacaydı,
qucağıma alıb mətbəxə girdim ki,
yoldaşıma göstərim; neçə vaxtdı pişik
istəyir. –Siçan, deyir, az
qalır üstümə dırmaşsın, bir pişik tap gətir...
Nə isə,
dediyim kimi, pişik də qucağımda təzəcə
içəri girmişdim ki, əlimdən küncə
atdanıb ağzında siçan çıxdı...
–Aaa, nə
yamanmış bu, heç deməzsən,-
yoldaşımın əli üzündə qaldı.- Hardan gətirdin?-
Pişiyə sarı əyildi, tez də dikəlib,-duxi vurublar
ki, buna,-dedi,- duxi iyi gəlir bunnan, arvad duxisi, bir
aşağı əyil...-Özü durduğu yerdə quruyub
qalmışdı; bayaq bizi görəndə uşaq kimi
gülümsəyən üzü-gözü birdən-birə
qaralıb qırışlarla örtüldü.
Mən əvvəl heç nə düşünəmmədim,
ağlıma heç nə gəlmədi. Üz-üzə durub
düz gözlərimin içinə baxdı.-
Düzünü de, hansı “quşun” göndərib?! Hansının pişiyidi?
Mən
narahatçılıqla pəncərədən həyətə
baxdım:
–Yaxşı,
uşağa eşitdirmə, ayıbdı!
–Ayıb
bilən oldun indi. Quyruğun basılan kimi
uşaq yadına düşür, hıı? Hansı ləçərin qucağınnan
götürmüsən bunu? Düzünü de, ayıb
bilən...yarı-yaşını ötmüsən ayıb
nolan şeydi bilmirsən.- Pişik
siçanı yeyib arvadın ayağının ucunda
yalanırdı. İstədi təpiklə vursun, amma
ayağını havadaca saxlayıb, –sən də bunun erkək
tayısan-dedi.-Pişiyin biri, pişik...
–Hay-küy
eləmə,- dedim,-yenə,- bağın
qurtaracağında qurdalanan oğlumu göstərdim,-Sənin
bu deyintilərinnən pis olur, eşitməsin.
–Mənim bu deyintilərimnən pis
olmur, sənin elədiklərinnən pis olur.
Düşünüb ayıb eləsən bir az.
–Yaxşı
düşünərəm,-dedim.- Amma sən
belə şeyləri biz tək olanda deyərsən.
–Sən elə tülküsən, mənim
yanımda daha heç vaxt tək olmazsan...Səni mən
yaxşı tanıyıram, heç kəs tanımır, tələbə
yoldaşım, deyə-deyə başıma oyunlar
açırsan.-dedi, kövrəldi, udquna-udquna
üzünü döndərib küncə baxdı.-Sən o
adamsan ki, telefonda qadınla danışırsan, mən də
eşidirəm, bu qulağımnan, amma sən məni
azdırmaq üçün, qardaş, deyirsən, kiminsə
arvadına, necəsən qardaş...İndi də
üstümə hansı abırsızınsa pişiyini gətirmisən.
Həə, şapkamı geynəni
deyir, maşına minən kimi şapkamı
götürüb geyinirdi ki, tanıyan olmasın...Həə,
evə zəng eləyəndə ona “qardaş” deyirdim...
Mən
peşimançılıq içində əlimi uzatdım
ki, könlünü alım.
–Əlini vurma mənə,-dedi,
aralandı.
“...şübhələndi, dedim
ürəyimdə, daha da pis oldu, heç nəyə
inanmayacaq, heç nəyə inandıra bilməyəcəm...”
–Gör bir nə
danışırsan, nə düşünürsən...-dedim,- pişikdi dəə, gələn kimi də
siçan tutdu, daha nə istəyirsən, başqa nə
lazımdı, bizə.
Döndü,
üz-gözünün dərin cizgilərində güclə
sezilən gülüş oynadı:
–Bizə, hıı? Bizə
nə lazımdı?
–Yaxşı, oyun oynama yenə,
ayıbdı...
Çıxmaq istəyirdim ki,
pişiyi yerdən götürüb ağzıma sarı
uzatdı:
–Nə oyun, oyunu sən oynayırsan,
bir iylə...
Pişikdən
doğrudan da ətir iyi gəlirdi.
–Nolsun,-dedim,-duxi
iyidi də. Sənin iyindi bəlkə, səhərdən
əlində oynadırsan.
Həyətə
çıxdım; “şübhələndisə yola verməyəcək”,
bunu da sakitcə öz-özümə dedim...
Doğrudan da pişiyi götürüb
dalımca bayıra tulladı.
–Rədd
elə bunu burdan, hardan gətirmisən ora apar...Bəlkə
cadu eləyib göndəriblər, bəlkə casusdu, indinin
casusları pişikdən olur, dəə...
Gör, heç ağlıma gəlməyib ki, belə
bir şey baş verərmiş. Kimin ağlına gələr
ki, pişikdən arvad duxisinin iyi gəlsin. Həə, o birinin yanına getmişdim tezdən,
quyruq bulaya-bulaya aramızda dolaşırdı,
güzgünün qabağında saçlarını darayanda
da yanındaydı. Çox ola bilər...Güzgünün
yan-yörəsinə cürbəcür ətir
şüşələri düzülüb; hər halda fikir
verməmişəm, götürüb gətirmişəm. Hə, yadımdadı, yağışlı gün
idi, O, pişiyi tumarlaya-tumarlaya qutuya qoyurdu ki, islanmasın.
Hələ bir zarafat da elədi, başını
qaldırıb dedi:
–Birdən-birə
pişik dil aça, danışa, bilirsən arvadıva nələr
deyər?!- İkimiz də xeyli
güldük.-Birinin üstünə də beşini qoyar,
pişikdi axı. Arvadın da elə bilər
gecə-gündüz yanımdasan.
–İt
olsa bəlkə də heç nə deməz...pişikdən
nə desən çıxar,- bunu da mən
əlavə elədim...
Nə isə,
o vaxtdan üç-dörd ay keçib, beləcə
oğlumla arada bir gəlib gedirik, amma anası heç yana getmək istəmir, qış-yaz
bağdadı. Elə üzündən-gözündən
bilinir, bağın ağacları, gülü-çiçəyi
kimi sakitdi, dincdi. Nə deyirsən
gülümsəyir.
O gün
hamımız, oğlanları, qızları
yığışmışıq başına, birdən-birə:
– Neynədiz,-deyir,- Savet hökümətinə? Hanı,-deyir,-Savet
höküməti?!-Əlini mənə sarı uzadır.-Bax,
bu yıxdı o boyda höküməti, yan-yörəsində
özü kimi də beş-on dostu vardı,
yığışıb yıxdılar. İndi
bilirəm, evə-eşiyə də ona görə
yığışmırmış. Bir
müddət gözü-qaşı oynayırdı bunun, bir
yerdə dayana bilmirdi.Hələ bir dəfə də
tutdular...eşitdim ki, KKB-yə aparıblar...O vaxt hələ
evlənməmişdik. Gedib “dəniz
qırağında” gözlədim, gecə yarı buraxdılar.
Yenə də məni tək qoymadı, evimizəcən
ötürdü...həə, elə şeyləri
yaxşıydı, məni tək qoymazdı...İndisinə
baxma, indi yaxşı olan heç nə qalmayb bunda, duxilənmiş
pişik gətirir yanıma.
Uşaqların
da, mənim də gülməkdən uğunub getdiyimizi
görüb nə gəldi danışır:
–Şeirlər yazırdı mənə, misraların
baş hərflərini oxuyanda “ölürəm” olurdu, Leyla
ölürəm...Leyla yox ee, Leyli...-Əlini üzünə
qoyub oyun çıxardır, ürəyi gedir elə bil. Gözlərini
yumub başını stola söykəyir.-Kül mənim təpəmə.
Yazıçı oldu...yazdığı da nədi, “tut
ucunnan göyə çıx...”
Amma mən
bağa tək gələndə belə olmur,
üzü-gözü dəyişir, üzündə-gözündə
peşmançılığa, utancaqlığa, daha
doğrusu, xəcalətə oxşar, anlaşılmaz,baş açammadığım bir rəng
dolaşır, demək olar ki, həmişə də eyni
sözü soruşur:
– Arvadların
nə təhərdi? “Quşlarını” soruşuram...
Mən də
ora-bura işarə eləyə-eləyə yenə,
yanımda uşaqlardan heç kəs olmasa belə:
–Uşaq
eşidər ayıbdı,-deyirəm.-Nə quş, nə
arvadlar? Mənim ən gözəl quşum sənsən.
Bir yerdə uçduğum quş, qanad
yoldaşım. Tələbə yoldaşı yox, qanad
yoldaşı...!
–Belinə
çöpdən dirək,-deyr.-İndi yadına
düşmüşəm, sözünə bax bir, qanad
yoldaşı, pa-ah! Tələbə
yoldaşı getdi, indi də qanad yoldaşı gəldi.
Sözdü səninki də necə istıyirsən...hansı
səmtə istəyirsən döndər.
Bayaqdan pianoda “Cücələrim”i çalır, nəvələr
bir-birinə qarışa-qarışa oynayırlar. Bu gün ad
günüdü. İnandıra bilmirik ki,
yaşını bir il azaltmısan, düz
hesablamırsan. Daha doğrusu, mən qarışmıram,
uşaqlar sağdan-soldan barmaqlarını qatdaya- qatdaya illəri
sayırlar, yenə deyir:
–Yox, adam anadan doğulan kimi bir yaşı olmur ki.
Bir il keçənnən sonra bir il olur.
Uşaqlar yenə gülüşürlər. O dönüb mənə
baxır:
–Hamısı
onun işidi ba-aax, yaşımı artırmaq istəyir,
özü qurub-quraşdırıb, ona görə də
heç nə alınmır.
Mən də
gülürəm, sonra da qalxıb onun anlayacağı
sözləri seçə-seçə şərəfinə
sağlıq deyirəm...Uşaqlar da xahiş eləyirlər
ki, sən də atanın sağlığına söz de:
–Yaxşı,-deyir,
qalxır ayağa.- Amma düşünməyə
vaxtım olmadı,-deyir,- ürəyimə nə gəldi onu
deyəcəm.
Uşaqların
hərəsi bir yandan:
–De, de,
mama de!
–Bığ,-deyir,- səni balaca göstərir, hündür
olsan da balaca, lap balaca... bu boyda...
Mən elə
yerimdən:
–Bığın
boya nə dəxli,-deyirəm.-Doğrudan da bu dediyin
ağzına gələn oldu.-Onu da hiss eləyirəm ki, hirslənirəm,
cığallığım tutur yavaş-yavaş.
–Doğrudu,
bığın boya sən deyən qədər də dəxli
yoxdu, amma içini də balaca göstərir. Nə
bığdı qoymusan, burnuvun altında, bir damcı...-
Barmaqlarını azacıq aralayıb qabağa uzatdı.-Amma
yekə bığ qoysaydın o da boş yerlərini göstərəcəydi...mənasızlığı,
elə şey eləmə.
Üzü-gözü gülümsəyirdi yenə,
qayğısız idi. Mən ürəyimdə, “qoy ürəyini
boşaltsın”, dedim... “Əsas odu ki, uşaqlara
xoşdu, deyib gülürlər, qoy deyib-gülsünlər”.
Aralanıb pəncərədən həyətə
baxıram, əllərimlə əkdiyim ağaclar
böyüyüb nə boyda olub. Heç ağıla gəlmir
ki, bir vaxtlar burda ağac yoxmuş. Sarmaşıqlarla
örtülmüş hasar, evin üstündən də
yuxarıya qaldırılan su çəni, evdəki
çal-çağıra baxıb səs-səsə
vermiş bağ quşları, sonradan gətirdiyim pişiyəcən
hamısı bir-bütöv görünür, bir-birinə
qaynayıb qarışmış şəkildə.
Pişik içindən səs eləyə-eləyə
ayaqlarıma sürtünür, ayaqüstə yatır elə
bil, xorultusu eşidilir...
Uşaqdan böyüyə hamı oynayır. Sonra qızım anasına
sarı gəlir:
–Mama,-deyir,-oynamaqdan
yorulduq, indi“Bayatı-Şiraz”ı çal, sən onu
yaxşı çalırsan.
Başını
tərpədə-tərpədə:
–Yox,-deyir,-“Bayatı-Şiraz”
çalsam ağlayaram, məni güldürən oyun
havalarıdı...
Başına yığışırlar təzədən. Elə bil
hardansa qaça-qaça gəlib, təng-nəfəs olub
birdən-birə, əllərini nəyisə çəngələmiş
kimi qabağa uzadıb, nəsə demək istəyir, bilirəm
məni gözləyir ki, dediyini eşidim. Pəncərənin ağzından onlara sarı
yaxınlaşıram.
–Bilirsiz,-deyir,-ən
çox nədən qorxuram? Qışqırmaqdan
qorxuram.-Ağlayırmı, gülürmü bilinmir, əllərinə
baxa-baxa,- Saçlarım da əllərimdə...
Hələ qız vaxtlarımnan istəyirdim
qışqıram, amma qardaşıma qıymırdım; deyəcəkdilər
bacısı dəlidi. Sora bu
çıxdı ortalığa...buna görə
qışqırmadım.-Dönüb mənə
baxır.-İndi də siz varsınız. İndi də
sizə qıymıram...
Nəvələri
çığırışa-çığırışa
başına dolanırlar:
–Nənə
qışqır, nolar, qışqır...
Uşaqları
bunu da zarafata salırlar...Bir mən bilirəm ki, zarafat-zad
deyil, sadəcə hər şey qarşısı alınmaz hərəkətdədi,
hər şey dayanmadan gedir, üstümüzdən,
altımızdan, yanımızdan-yörəmizdən, ən əsası
da içimizdən keçəndi...Ona görə də
heç kəs heç nəyə çata bilmir, hamı
gecikir, hətta qışqırmağa da gecikənlər
var... Yerindən oynamaqdandı hamısı, yəni heç nə
olduğu kimi deyil, hər şey tamahdan asılı
qalıb...
Su səsinə xəyaldan ayılıram. Su da indi gəldi.
Hovuza elə sevinclə, elə iştahla axıb
tökülür ki, elə bil gəldiyi yerə
qayıdır...
Heç bilmirəm, bu nə fikirdi ağlıma gəldi, tamahın mənim bayaqdan düşündüklərimə dəxli varmı? Var bəlkə də, olmasaydı ağlıma gəlməzdi...
Mənim bu gün niyəsə iş görməyə həvəsim olmadı, indi yığışıb getməliyik. Pişik də yanımdan əl çəkmir, küçük kimi hara gedirəm ora gəlir...Oğlum maşını yuyub təmizləyib.
–Gəl,-deyir,-gəl otur. Sənə görə yumuşam, maşını. Bilirəm, maşın təmiz olanda xoşun gəlir.
Təzəcə maşına minmək istəyirdim ki, yoldaşım qucağında da bir dəstə qızıl gül yaxınlaşdı:
–Mən də ona gül göndərirəm,-dedi.
Mən, “kimə gül göndərirsən?” deməyə macal tapmamış əlavə elədi.
–O, mənə pişik göndərib, mən də ona gül göndərirəm...-Ağlı- qırmızılı gül qomasını üstümə tullayıb güldü. –Deynən, gec olduğuna görə bağışlasın, pişik gələndə gül fəsli deyildi...
Alaqapıdan dinməz-söyləməz çıxdıq...Oğlum altdan-altdan gülümsəyirdi, amma tamam ayrı şeyi dedi.
–Zeytunun elə sadə olduğuna baxma, meyvəsinin dadını almaq çox qəliz məsələdi, acısını verər, dadını verməz...
lll
Şəhərin girəcəyində düşmüşəm. Əlimdə gül olduğuna görə hara gedəcəyimi bilmirəm, gərək elə maşında qoyaydım qalaydı...Gülün belə təsirli olacağını ağlıma gətirməzdim, kimin olduğu bilinmədiyinə görə hər şeyi dəyişib, düşünməyə qoymur məni, heç bilmirəm hara gedim. Oğlumla getmədim, deyəcəklər, nə gülüdü bu? Elə bu gülə görə evə də getmək istəmirəm, kimin olduğu bilinməyən bu gülə görə də anladım ki, ev də ev deyilmiş, elə belə, qaldığım, gecələdiyim yermiş...
Sərin payız axşamıdı, deyirəm, bəlkə Şapkamı geyinənə zəng eləyim, gülü ona verim, hardasa buralarda yaşayır...Adam çoxdu, ətrafdakı gül-çiçək mağazaları aşıb daşır, hər şey gülə-çiçəyə qarışmış kimi görünür. Mən də bu axına qarışıb özümə gəlirəm. Heç vaxt fikir vermədiyim heykəl qızla üz-üzə çıxıram, vədələşmiş kimi gül dəstəsini heykəl qızın qollarının üstünə qoyuram...boynunu qucaqlayıb dönüb yanımdan keçənlərə baxıram:
–Oğlum, zəhmət olmasa, bizim şəklimizi çəkin...
Dekabr 2013
Mövlud Süleymanlı
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.22;31.