DAŞ VƏ TARİX
“Borçalı
abidələri” kitabının müəllifi
tarixçi dostum Kərəm Məmmədova
Kərəm
dostum, kərəm eylə, kərəm qıl,
Bu daşları oxu görüm, sən Allah.
Fikirləri,
duyğuları, hissləri,
Kəlmə-kəlmə toxu görüm, sən Allah.
Dünənimin
düyünlənmiş sözüdür,
Nə danışır, nədən deyir bu daşlar.
Bəlkə,
elə itən yurda ağlayır,
Haray çəkib Vətən deyir bu daşlar.
Böyük
daşın üstündəki yazıda
Hansı əsr, hansı era danışır.
Kiçik
daşın üstündəki nişanda
Hansı fəryad, hansı yara danışır.
Vuruşanda,
qırılanda, qıranda,
Kimlər olub sultanımız, şahımız.
Bəlkə,
elə qırılanda içimiz,
Daşa hopub dumanımız, ahımız.
Bu daş
üstə işarələr nə deyir,
Bu
dünyadan kim narazı, kim razı.
Viran
qalmış viranələr nə deyir,
Hansı dərddən söhbət açır bu
yazı.
Daş
dilində, daş ruhunda yaşayan,
Oxudan kim, oxuyan kim, ozan kim.
Tariximi bu
daşların dilində
Yazdıran
kim, yazılan kim, yazan kim.
Əl
ocağa, nəfəs oda çevrilib,
Yazan kişi necə yazıb bu daşı.
Tarix
üçün axşam, sabah bilməyib,
Gündüz yazıb, gecə yazıb bu daşı.
İşləyənin
işinə bax, işə bax,
Bu cilovdu, bu yəhərdi, bu atdı.
Min illəri
yorub yola salsa da,
Başdan-başa bu bir canlı həyatdı.
Nə
danışır qaya qoçun dilində,
Nə danışır qoç qayanın dilində.
Hansı
sirri, hansı sözü saxlayıb,
Bir oyulan, bir oyanın dilində.
Tarixi var
hər qayanın, hər daşın,
Onlar bilir
çöldə nə var, iç nədir.
Bu
dünyanın tarixinə nəzər sal,
Tarix yoxsa dünya özü heç nədir.
Hansı
günə işarədi bu daşlar,
Qaya nədi, qayadakı qoç nədir?
At belində,
üzəngidə, yəhərdə,
Yurddan yurda, eldən elə köç nədir?
Həsrətdimi, hicrətdimi, qəmdimi?
Çiynimizə aldığımız yük nədir?
Dərd
içində şaxələnən ağacda,
Gövdə nədir, budaq nədir, kök nədir?
Arxivlərdə
işləməkdən yoruldun,
Ürəklərdə
axtar, ara tarixi.
Çıxart
zülmət qaranlıqlar içindən,
Göstər bizə günü qara tarixi.
Bostanları
zaman-zaman daşlanıb,
Ünvanına bəd əməllər tuşlanıb.
Hansı
aydan, hansı gündən başlanıb,
Gözdə nisgil, canda yara tarixi.
Sərhəddi
tap, cığırı tap, izi tap,
Bizi öyrən, bizi axtar, bizi tap.
Həqiqətə
ayna tutan sözü tap,
Boğazından çəkmə dara tarixi.
İz
yoxdursa, olmayanı izləmə,
Heç bir kəsdən tərif, tənqid gözləmə.
Doğrunu
yaz, olanları gizləmə,
Qurban vermə dövlət-vara tarixi.
İrandadı,
Turandadı, Çindədi,
Tanrıdadı,
Allahdadı, dindədi.
Gör nə
çətin, gör nə ağır gündədi,
Bütünləşdir para-para tarixi.
Kərəm
dostum, kərəm eylə, kərəm qıl,
Oxu bir-bir daşa dönən tarixi.
Könlümüzdə
işıq eylə, nur eylə,
Gözümüzdə yasa dönən tarixi.
Gör nə
deyir tarixindən göylərin,
Get
danışdır göy üzündə quşları.
Hansı
dildə söhbət açır, danışır,
Yer üzünün dilsiz yatan daşları.
Qayaların
keçmişini soraqla,
Qayaları kitab kimi varaqla.
Qayaları
daraq ilə daraqla,
Ayılt görək ağılları, huşları.
Daş
dövrünü, mis dövrünü keçmisən,
Acı
vaxtın pis dövrünü keçmisən,
Duman,
çiskin, sis dövrünü keçmisən,
Ayırd elə gədikləri, qaşları.
Tanıt
bizə cığırları, izləri,
Tarix bilir
kim sındırıb dizləri.
Nahaq yerə
kimlər töküb gözləri,
Nahaq yerə kimlər kəsib başları.
Nələr
gəlib Borçalının başına,
Kimlər alıb, kimlər satıb bu yurdu.
Xan olanlar
xanlığına qəsd edib,
Hardan alıb, hara qatıb bu yurdu.
Nələr
gəlib Başkeçidin başına,
Çubuxlunu, Ağlağanı xatırla.
Öz qəddini
düzəldənmir Əyriqaya,
Qaraxaçda çıxan canı xatırla.
Kim toxunub
ürəyinə, qəlbinə,
Nə zamandan bağrı yanıq qalıbdı.
Qibləsini
kim dəyişib yolların,
Sınıq Körpü niyə sınıq
qalıbdı.
Kimlər
yeyib Yağılıcanın yağını,
Kimlər süzüb qaymağını, balını.
Sən
açmasan, mən açmasam sirrini,
Kim biləcək bu torpağın halını.
Dəvəqıran
harda qırıb dəvəni,
Yemliklinin sirlərini aç görək.
Həqiqəti
göstər dövrə, zamana,
Yalanlardan, yarğandan qaç görək.
Göstər
görüm qələminin gücüylə,
Borçalının ayağını,
başını.
Qoy nəsillər
yaxşı bilsin, tanısın,
Bu yerlərin torpağını, daşını.
Ya
oğuzun, ya qıpçağın qəbridi,
Bu məzarın daşına bax, daşına.
Zaman
yazıb, yaman yazıb tarixi,
Qayaların qat-qat olmuş qaşına.
Təbiətdi
üstündəki yorğanı,
Təbiətdi baş altında balıncı.
Əyilməyib
qayaların xəncəri,
Qırılmayıb qayaların qılıncı.
Boş-boşuna
yazılmayıb bu daşlar,
Tarixi var, zamanı var, əsri var.
Başkeçidin
qayalıqlar içində,
Neçə-neçə qalası var, qəsri var.
Neçə-neçə
əlvan xalı toxuyub,
Kirkidləri, həvələri bu yurdun.
Dünənimi
bu günümə çatdırıb,
Ağ qoçları, dəvələri bu yurdun.
Alim dostum,
dərinə get, dərinə,
Yazılmamış varaqdadı Borçalı.
Kimilərə
yaxınlardan yaxındı,
Kimilərə uzaqdadı Borçalı.
Həmi
ruhdu, həmi sağlam bədəndi,
Həm beşikdi, həm də mənə kəfəndi.
Ürəyimin
içindəki Vətəndi,
Kim deyir ki, qıraqdadı Borçalı.
Həradadır,
Sinadadır, Turdadır,
Ən müqəddəs ziyarətim burdadı.
Gözümdəki
işıqdadı, nurdadı,
Əlimdəki çıraqdadı Borçalı.
Yer
üstündə şəhid olan oğulda,
Oxşamada, bayatıda, nağılda.
Ün
eşidən düşüncədə, ağılda,
Səs eşidən qulaqdadı Borçalı.
Duyanlara
bir ağrıdı, əzabdı,
Yazanlara rəngi solmaz kitabdı.
Suallara ən
ağrılı cavabdı,
Soyuqdadı, sazaqdadı Borçalı.
Gah
ağlayar, gah dincələr, kiriyər,
Naləsindən qarlı dağlar əriyər.
Ayaq
açar, iməkləyər, yeriyər,
Körpə kimi qundaqdadı Borçalı.
Təzələr
də “köhnə”lərə vurular,
Uçan evlər təzələnər, qurular.
Qanlı
sular göz yaşıtək durular,
Sulara bax bulaqdadı Borçalı.
Gedən
qışdı, açan güldü, gələn yaz,
Həmi səsdi, həm nəfəsdi, həm avaz.
Susan deyil
sinəsində telli saz,
Nəğmə deyən dodaqdı Borçalı.
Sentyabr 2013
KAŞ O
GÜNLƏR OLAYDI
Dostum,
sirdaşım idi,
Aran, yaylaq yolları.
Qaynar həyatım
idi,
Qaynar bulaq yolları.
Uşaqlığım
od-alov,
Gəncliyim
dəli çaydı,
Kaş o
günlər olaydı!
Qara qaya
köhlənim,
Buludlar atım idi.
Dağlar,
dərələr ruhum,
Sular həyatım idi.
Gecələr
həmsöhbətim,
Sönməz
ulduzdu, Aydı,
Kaş o
günlər olaydı!
Mənlə
havalanardı
Havalanıb uçan quş.
Məndən
söhbət açardı,
Qanadını açan quş.
Bülbüllərin
nəğməsi
Səsimi,
nəfəsimi,
Doğma
ellərə yaydı,
Kaş o
günlər olaydı!
O zaman
saçlarıma
Hələ
dən düşməmişdi,
Sevgi
candan, ürəkdən
Belə
gen düşməmişdi.
Sevincim
üfüqlərə,
Eşqim
Günəşə taydı,
Kaş o
günlər olaydı!
Mənim
gözləmədiyim
Ağrı gəldi, ah gəldi.
Qaşında
qanlı qılınc,
Əlində silah gəldi.
Mən nə
saymaq istədim,
Gör bir
fələk nə saydı,
Kaş o
günlər olaydı!
O günlər
harda qaldı,
O günlərdə
nə vardı.
Doymadığım
təbiət,
Dağ vardı, binə vardı.
Tez-tez
dolub boşalan,
Dolu bir sinə vardı.
Yeraltı
sərvət kimi
Zəngin xəzinə vardı.
İndi
payızdı, dostum,
Nə
bahardı, nə yaydı,
Kaş o
günlər olaydı!
Zaman
üzə güləndə,
Canımıza
can gəlir.
Ömrə,
günə, həyata
Şərəf gəlir, şan gəlir.
Ömür
başa yetdikdə,
Könlümüzdən
ah alır,
Gözümüzdən qan gəlir.
Son saat
yaxınlaşır,
Qorxulu bir
an gəlir.
O günlər
də, bu gün də,
Haqqın verdiyi paydı.
Bu gün
gözəl olsa da,
Kaş o
günlər olaydı!
Kaş o
günlər olaydı!
MƏNƏM,
MƏN
Dağlar,
daşlar, qayalar
qalır
öz duruşunda,
Dərələrdən
sel kimi
axıb
keçən mənəm, mən.
Yer durur
öz yerində,
göy
durur öz göyündə,
Dolu bir
şimşək kimi
çaxıb keçən mənəm, mən.
Mübarizə
apardım
hər
saatın yolunda,
Əslin,
soyun, tarixin,
kökün, zatın yolunda.
Yandım,
öldüm, dirildim
bu həyatın
yolunda,
Qəlbimi
atəşlərə
yaxıb
keçən mənəm, mən.
Hayanda
olur olsun,
insan
oğlu qonaqdı,
Qonaq olmaq
insana
imtahandı, sınaqdı.
Dünya
bizdən ötəri
bəzəkli bir otaqdı,
Onun pəncərəsindən
baxıb
keçən mənəm, mən.
NƏ
GÖZƏLDİR
Əl nə
gözəldir, Allah,
tikir,
ucaldır, qurur,
Təzələri
yaradır,
köhnələri uçurur.
Üz nə
gözəldir, Allah,
onda
Tanrı nuru var,
Cizgilərdə
taleyin
işığı, uğuru var.
Göz nə
gözəldir, Allah,
seçir yaxşı, pisləri,
Seçir
xeyirxahları,
ayırır naqisləri.
Baş nə
gözəldir, Allah,
ağıldan bir tacı var,
Bütün
yaranışların
ona
ehtiyacı var.
Ruh nə
gözəldir, Allah,
dost olur
mələklərə,
Odur
qol-qanad verən
yellərə, küləklərə.
Qəlb nə
gözəldir, Allah,
nuru
paylayır cana,
Bütün
gözəllikləri
Allah verir
insana!
AĞLADIM
Xalq
yazıçısı Mövlud Süleymanlıya
Elə
bil yas düşüb könül evimdə,
Qara bayrağımı taxtım, ağladım.
Baxdım
Yırğançaydan Cücəkəndinə,
Sellər-sular kimi axdım, ağladım.
Sarı
yarpaq kimi düşdüm budaqdan,
Yaxın yurdumuza baxdım uzaqdan.
Bir əsər
qalmayıb Soyuqbulaqdan,
Özüm
öz halıma baxdım, ağladım.
Gördüm
pis dövranı, gördüm pis günü,
Oldum bu dünyanın bədbəxt, miskini.
Yerin
dumanıyam, göyün çiskini,
Dəli şimşək kimi çaxdım,
ağladım.
Göylər
qarğışını başıma səpər,
Elə bil yox olub qətiyyət, təpər.
Ortada məftil
var, arada çəpər,
Bəd oldu zamanım, vaxtım, ağladım.
YIRĞANÇAY
Yırğançay
Başkeçidin
baş
keçidi, bəndidi,
Daş
hasarı, barısı,
daş
yurdu, daş kəndidi.
Hansı yana baxırsan
dağdı, düzdü, dərədi,
Allahın
yaratdığı
ilahi mənzərədi.
Qayaları
kitab tək
varaq-varaq
oxunur,
Əllərini
açırsan
ulduzlara
toxunur.
Yırğançay
Başkeçidin
baş
tərəfdən möhrüdü,
Təbiətin
ovsunu,
gözəlliyin sehridi.
Yeri yelli,
küləkli,
Yurdu
çənli, çisəkli,
Yolu daşlı, kəsəkli.
Əsən
yelə qarşı da,
Coşan
selə qarşı da
Cəsarətli, ürəkli.
Yırğançay,
yurdum mənim,
Yağıların
önündə
basılmaz ordum mənim.
Saxla cəsarətini!
Qoru ləyaqətini!
Bizə ərməğan
eylə
böyük məharətini!
MƏNƏM
Dünyaya
ən böyük şərəfdir insan,
Yerdə də, göydə də o şərəf mənəm.
Dəniz
çağlayanda, dalğa coşanda,
Dənizin
dibində dürr, sədəf mənəm!
Dağın
zirvəsində mənəm qardan ağ,
Düzün sinəsində mənəm yaşıl
tağ.
Duyan
könüllərdə gülən bağça-bağ,
Dil
açan, gül açan tərəf mənəm!
İnsanam,
bəllidi ünvanım, adım,
Həyattək şirindi ləzzətim, dadım.
Halal
mayasına haram qatmayan,
Bütün
xələflərə mərd xələf mənəm!
SƏSİM
Mən Dədə
Qorquddan gələnəm bala,
Nə ölən, nə də ki, itəndi səsim.
Dağların
döşündə qaynar bulaqdı,
Meşədə ağactək bitəndi səsim.
İşıqdı,
Günəşdi, ocaqdı, qordu,
Sevgidi, istəkdi, qüvvətdi, zordu.
Dağın
zirvəsində qartalı yordu,
Bağda bülbül kimi ötəndi səsim.
Su kimi can
verdi ota, yarpağa,
Vətən deyiləndə döndü bayrağa.
Haqqın
dərgahından endi torpağa,
Allahın özünə yetəndi səsim.
Tərtəmiz
havadı, dumduru sudu,
Göyü təmizlədi, torpağı yudu.
Mənim
də olanım, qismətim budu,
Vətəndi,
Vətəndi, Vətəndi səsim.
GEDİRƏM
Doğranmışa
xəncər-bıçaq nə lazım,
Öz içimi özüm oyub gedirəm.
Dərd əlindən
yumaq olmuş anamı,
Kənd evində xəstə qoyub gedirəm.
Ayrılıram
kölgəlikdən, sərindən,
Köks ötürüb, ah çəkirəm dərindən.
Elə
bil ki, şəhər qaçır yerindən,
Dərddən pıxıb, qəmdən doyub gedirəm.
Gözdən
qaçıb, ilim-ilim itərəm,
Səhralarda tikan olub bitərəm.
Dərd
çəkməkdə Nəsimidən betərəm,
Öz dərdimi özüm soyub gedirəm.
Meydanlarda
meydan açar lotular,
Torpaq
yanar, daş inildər, ot ular.
Talan
yurdda bayquş ötər, it ular,
Öz bəxtimə özüm söyüb gedirəm.
Duyan
ürək peşman qalır, pərt qalır,
Canımda bir ağrı qalır, dərd qalır.
Ata
qalır, ana qalır, yurd qalır,
Qəlb uçurub, xətrə dəyib gedirəm.
PEŞMANÇILIQ
Elə
bil ki, o ev bizim deyilmiş,
İldə bir yol evimizə getmədik.
Ah çəkənin
şərik olub dərdinə,
Hay deyənin harayına yetmədik.
Həsrət
qaldı üzəngiyə, yəhərə,
Qaçan qaçdı, asfalt üstə şəhərə.
Canı
verdik dərdə, qəmə, qəhərə,
Bülbül olub bağçamızda ötmədik.
Quruduqca
bir quruca ad olduq,
Yaxınlara, doğmalara yad olduq.
Çeynəndikcə
ağızlarda ot olduq,
Ağac olub bağımızda bitmədik.
NƏ
ŞÜKÜR DEYİM
“Şükür
de, şükür de” deyirlər mənə,
Çatılan qaşıma nə şükür deyim.
Yorğun
ürəyimə, solğun gözümə,
Ağrıyan başıma nə şükür deyim.
Ağrı
başlama var, ağrı kəsmə var,
Canda son mənzilə bir tələsmə var.
Başda
titrəmə var, əldə əsmə var,
Ağrılı yaşıma nə şükür
deyim.
Könül
gah sevincdə, gah da qəmdədir,
Gah kefli, gah kefsiz bir aləmdədir.
Aş
bişib hazırdı, plov dəmdədir,
İştahsız aşıma nə şükür
deyim.
Bulluddu
ağlayan, dumandı çökən,
Vaxtsız ağrılardı qəddimi sökən.
Üzümü
yandıran, gözümü tökən,
Acı göz yaşıma nə şükür deyim.
Buluddan nəm
yağır, göydən yaş yağır,
Yağanlar gah yeyin, gah yavaş yağır.
Göydən
dolu yağır, göydən daş yağır,
Başımın daşına nə şükür
deyim.
MƏNƏ
YAXŞI YOL ARZULA
Enişlər var, yoxuşlar var.
Tufanlar
var, yağışlar var,
Qar-boranlı
baxışlar var,
Qoyma canda
ümid sola,
Mənə yaxşı yol arzula.
İçilməli
bulaqlar var,
Dərilməli budaqlar var.
Yaxınlar
var, uzaqlar var,
Nəzər
yetir sağa-sola,
Mənə yaxşı yol arzula.
Körpülər
var keçmək gərək,
Üfüqlər var uçmaq gərək.
Qəzalar var qaçmaq gərək,
Qəmli gözlər dola-dola,
Mənə yaxşı yol arzula.
Zirvələrin mehinə dön,
Çəmənlərin şehinə dön.
Arzuların şahına dön,
Dön qanada, çevril qola,
Mənə yaxşı yol arzula.
Ucsuz-bucaqsız çöllər var,
Ayaq dəyməmiş yollar var.
Qarşımızda min illər var,
Mən çıxıram uzaq yola,
Mənə yaxşı yol arzula.
Zəlimxan Yaqub
Xalq şairi
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.28-29.