Stenli Kramer- yeni əsrdən nigaran sənətkar

 

Rusiyanın “Don” jurnalında dərc edilmiş “İttiham” povestimi dünya şöhrətli sənətkar, böyük amerikan kinorejissoru Stenli Kramerlə görüşdən, tanışlıqdan sonra yazmışam. Belə bir əsər yazmaq ideyasını da mənə o görüş, o tanışlıq verib. Povestin süjeti real hadisələr üzərində qurulub. Hadisələr ucqar əyalət qəsəbəsində baş verir. Qışı sərt keçən dağətəyi qəsəbədəki klub təpənin yastanında idi. Dikdirə qalxan ensiz yolu qar tutanda axşamlar kinoya gələn olmurdu, üç nəfərdən savayı: avtovağzalda kassir işləyən Abbas kişi, dəmiryolçu Əşrəf və bir də bir orta məktəb şagirdi. Şaxtalı havada, qarda-boranda da onları qış klubuna gətirən kinoya olan sonsuz maraq və sevgiydi... Bir axşam Abbas kişi kinoya gəlmir, səhər xəbər yayılır ki, iyirmi manat kəmi çıxdığına görə onu həbs ediblər. Abbas kişinin məhkəməsi klubda keçir... Məhkəmə bitəndən yarım saat sonra qış klubunun soyuq zalında – ayrı bir məhkəmə prosesi başlayır – “Nürnberq prosesi”. Filmdə beynəlxalq hərbi tribunal müttəhimləri əyalət vağzalının kassiri Abbas kişi kimi qəpik-quruş üstündə yox, İkinci Dünya müharibəsini başlamaqda və törətdikləri dəhşətli cinayətlərə görə ittiham edir...

Ağlıma belə gəlməzdi ki, dövran hərlənib ötəcək, günlərin birində mənə Stenli Kramerlə görüşmək nəsib olacaq və mən ona bir qış axşamı əyalət qəsəbəsinin qızdırılmayan klubunda “Nürnberq prosesi” filminə baxdığımı danışacaq, kino vurğunu olan kassir Abbas kişidən, dəmiryolçu Əşrəfdən söhbət açacağam...

Dünya kinosunun korifeylərindən sayılan Stenli Kramerin ekran əsərləri çoxdur, onların arasında 1961-ci ildə çəkdiyi “Nürnberq prosesi” xüsusi yer tutur. Rejissor antifaşist mövqedən çıxış edərək, bu filmlə insanları ayıq-sayıb olmağa, bugünümüzü, gələcəyimizi faşizm taunundan qorumağa çağırır. Kramer deyir: “Mən həmişə çalışmışam və çalışıram ki, filmlərimdə böyük sosial problemlər qaldırım – irqçilik, atom müharibəsi təhlükəsi, insan azadlığı, millətlərin əxlaqi siması və digər problemləri...” Bu bu nigaranlıq demək olar ki, rejissorun bütün ekran əsərlərində aydın duyulur. Stenli Kramerin bir neçə filmində oynamış, o cümlədən “Nürnberq prosesi”ndə baş hakim Den Heyvud rolunda çəkilmiş və bu rolun öhdəsindən son dərəcə ustalıqla gəlmiş Spenser Tresi onun haqqında demişdir: “Bu insan Amerika kinosunda hamıdan çox görür və bu yolda inadkardır. O, öz məqsədinə çatmaq üçün həmişə müdriklik göstərir. Təəssüf ki, bu, getdikcə az qarşılaşdığımız bir keyfiyyətdir”. Filmdə Spenser Tresi ilə yanaşı, Bert Lankaster, Marlen Ditrix, Maksimilian Şell kimi tanınmış aktyorlar da çəkilmişlər.

Dünya ekranlarına “Son sahildə”, “Nürnberq prosesi”, “Bir zəncirlə buxovlanmışlar”, “Heyvanlara və uşaqlara xeyir-dua ver”, “Sərsəm, sərsəm, sərsəm dünya”, “Domino prinsipi” və neçə-neçə digər maraqlı filmlər bəxş etmiş Stenli Kramer humanist ideyalar carçısı, tərəqqipərvər sənətkar kimi tanınır, sevilirdi. Onun çəkdiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır. Bu filmlər bəşəriyyəti narahat edən mühüm və aktual problemlərə toxunur, insanları düşündürür. İnsanları düşündürmək – ümumilikdə Kramer filmlərinin hamısının məğzində bu məqsəd, bu məram dayanır.

Onunla XV Beynəlxalq Moskva Kinofestivalında görüşdüm. Bir saatadək sürən söhbətdə mən daha çox rejissorun həyat və yaradıcılığına toxunmağa çalışsam da, ümumilikdə dünya kinosunun qayğılarını, problemlərini də unutmurdum. Zahirən soyuqqanlı, qaraqabaq görünsə də, əslində olduqca sadə və mehriban adam idi. Sifətindəki ciddilik heç vaxt dəyişmirdi. Söhbət əsnasında bir dəfə də olsun gülümsəməyən, daim ciddiliyini saxlayan və elə filmlərində də ciddi problemlərə toxunan Stenli Kramerin ilk baxışdan yumor hissindən uzaq olduğu qənaətinə gəlir və az qala inanmaq istəmirsən ki, belə xarakterli bir insan dünya kinosuna “Sərsəm, sərsəm, sərsəm dünya” kimi maraqlı komediya bəxş edib. Belə bir mövzuya müraciət etməsi o vədə Hollivudda da böyük çaşqınlıq yaratmışdı, yəni Kramer hara, komediya hara? Hətta onun haqqında belə bir fikir söyləyirdilər ki, bu qarabaq adam özü gülmürsə, başqalarını necə güldürə bilər? Bu hələ harasıdır, rejissoru köhnəpərəst adlandıranlar da tapılırdı. Kramer belə söz-söhbətlərə məhəl qoymurdu, nə iş gördüyünü, nə yazıb-yaratdığını, nə çəkdiyini yaxşı bilirdi və heç nə onu öz fikrindən döndərə bilməzdi. Əslində, bu film də Stenli Kramerin digər ekran əsərləri kimi həyat hadisələrinə toxunur, müasir Amerikanın problemlərindən danışır, insanların var-dövlət xülyası ardınca boş-boşuna qaçdıqlarını yumor diliylə, canlı boyalarla göstərir. “Sərsəm, sərsəm, sərsəm dünya” filmi insanları güldürür, güldürə-güldürə də düşündürür. Rejissor özü bu haqda deyir: “Mən duyduğum, hiss etdiyim və inandığım hadisələrdən söhbət açıram, istəyirəm ki, dediklərim insanlara maraqlı, həm də faydalı olsun. Bəzən buna nail oluram. Ən başlıcası budur ki, həqiqəti danışasan. Mən bütün psixoloji çətinliklərin yanından keçirəm ki, fikrimi bacardıqca daha aydın şərh edim. Ona görə də bir çox işimi məmnuniyyətlə xatırlayıram. Mən bu günədək etdiklərimdən razıyam...”

Özü haqqında çox danışmağı sevmir. Əslində isə onun keçdiyi ömür və yaradıcılıq yolu o qədər və məhsuldar olub ki, danışmaqla qurtaran deyil. Kinoya, sənətə gəlişi barədə qısaca danışdı. Dedi ki, gəncliyində yazıçı olmaq istəyib, amma tale onun yolunu başqa səmtə yönəldib. 1933-cü ildə universiteti bitirdikdən sonra anası onu çalışdığı “Paramount” kinostudiyasına işə düzəldir. Gənc Stenli bir neçə il burada elektrik ustası, quraşdırıcı, maşinist işləyir. Sonra rejissor assistenti, prodüser kimi fəaliyyət göstərir. Rejissor Mark Robsonun “Mən zənciyəm” filminin prodüseri olur. Bu, Amerika kinosunda irqçilik probleminə toxunan ilk ekran əsəri idi.

İkinci Dünya müharibəsi qurtarandan sonra ordudan tərxis olunan Kramer həyat yolunu müəyyənləşdirərkən hiss edirdi ki, onun yeganə seçimi kinodur. Necə bir çətin və məsuliyyətli addım atdığının fərqindəydi, yaxşı bilirdi ki, sənət dünyasının öz tələbləri, qayda-qanunları var və burda baş çıxarmaq, fərqlənmək elə də asan məsələ deyil. Bütün bununla yanaşı, özündə inam da duyurdu və bu inamın şöləsinə, işığına tapınıb sənət aləminə qədəm qoydu. Şöhrət eşqi çox romantikləri, xəyalpərvərləri Hollivuda dartıb gətirib, amma bu möhtəşəm kino dünyası qapısını hər kəsin üzünə açmır. Hollivud mübarizə, döyüş meydanıdır, burda ancaq güclülər qalib gəlir, burda ancaq istedadlar parlayır, başqa yol yoxdur. Stenli Kramer başa düşürdü ki, gənclik xülyaları, xəyalpərvərliyi ilə Hollivudun qapısını döymək ağılsızlıqdır. Hələlik bilmədiyi bu idi ki, kinoda ilk addımlarını atdığı yol sonradan onu şöhrətə aparacaq, dünyaya tanıdacaq. Hələlik isə o, çətin və keşməkeşli yolun başlanğıcında idi və bu yolda Gənc Krameri gərgin zəhmət, yuxusuz gecələr gözləyirdi. Uzun illər prodüserlik etməli olur. Rejissor kimi ilk fəaliyyəti Nerk Duqlasla birlikdə çəkdiyi “Çempion” filmindən  başlayır. Beləcə, Hollivuda düşən, ancaq çoxları kimi yalnız pul qazanmaq məqsədilə deyil, dərin məzmunlu, gərəkli ekran əsərləri yaratmaq eşqi-həvəsilə yaşayan Stenli Kramer yaradıcılıqda ilk uğurlu addımlarını atır. İlk filmləri ilə də tanınan, tamaşaçıların rəğbətini qazanan Kramerin ekran əsərlərinin gücü onların həyatiliyindədir. Çəkdiyi dərin məzmunlu, problematik filmlər tezliklə dünyanın ən nüfuzlu kinofestivallarına yol tapır.

XIII Moskva Kinofestivalında Stenli Kramerin filmlərinin retrospektiv nümayişi təşkil okunmuşdu. Bu, vicdanlı, realist və humanist ideyalar carçısı kimi tanınan sənətkara, onun yaradıcılığına verilən yüksək qiymət idi. Kramerin filmlərində dünyanın ən məşhur kino ulduzlarından Ketrin Hepbern, Spenser Tresi, Sidney Puatye, Anna  Manyani, Marlon Brando, Marlen Ditrix və neçə-neçə məşhur aktyorlar, aktrisalar çəkiliblər. Onlar Kramerlə işləməyi, onun filmlərində çəkilməyi şərəf sayıblar.

1987-ci ildə Moskvaya növbəti gəlişində Kramer festivala film gətirməmişdi, qonaq kimi dəvət edilmişdi. Dedi ki, bir neçə ildir Hollivuddan uzaqlaşıb, daha doğrusu, ordakı mühit, şərait kənarlaşdırıb onu. Bu, məndən ötrü gözlənilməz yenilik idi, Stenli Krameri kinodan ayrı təsəvvür edə bilmirdim. “Yoxsa, bu onun yaşa dolması ilə bağlıdır?”özlüyümdə düşünürdüm. Belə baxanda, yetmiş dörd yaş sənətkar üçün az ömür deyil. Marağımı gizlədə bilmədim, səbəbini soruşdum. Dedi ki, həmişə ön sırada durduğum halda, birdən-birə özümü Hollivudun axırıncı, necə deyərlər, ikinci dərəcəli rejissorları arasında gördüm. Ona görə də uzaqlaşdım... Bu sözləri qürurla dedi, təəssüflənmədən. Stenli Kramer sənət meydanını yox, pul, şöhrət dünyası Hollivudu tərk etmişdi. Dedi ki, kino haqqında məqalələr yazmaqla məşğuldur, dövrü mətbuatda çıxış edir, televiziya proqramları aparır, universitetdə dərs deyir.

Tamaşaçılar, kino həvəskarları hansı isə yeni bir filmin titrlərində Stenli Kramerin adını bir daha görməyəcəklərmi? Doğrusu, ona belə bir sualla müraciət etmək mənə çətin idi. Qəlbinə toxunacağından, həm də “yox” cavabı alacağımdan ehtiyat edirdim. Müasir kinonu Stenli Kramersiz təsəvvür etmək nə qədər ağır idi. Ancaq öyrəndim ki, sinninin bu çağında da o, bütün bacarığını, qüvvəsini humanist ideyalara, dünya kinematoqrafçıları arasında dostluq və yaradıcılıq əlaqələrinin möhkəmlənməsi işinə sərf etməyə çalışır. Çernobıl hadisəsi haqqında film çəkmək fikrində olduğunu söylədi. Yazıçı Ales Adamoviçin povesti əsasında çəkmək istədiyi film bəşəriyyət üçün aktual bir problemi ekrana gətirəcəkdi.

– Filmdə mən ümumbəşəri bir problemə toxunmaq istəyirəm, – deyə Stenli Kramer söhbətinə davam etdi. – Qoy, insanlar bilsinlər ki, dinc atom bu qədər ziyan vurursa, nüvə silahı necə dəhşətlər törədər? Əlbəttə, filmdə qəhrəmanlıq pafosu da qabarıq veriləcək. Çernobıl qəzasında öz həyatını qurban verərək başqalarını xilas edən şücaətli, mərd insanların obrazı ön planda duracaq.

– “Dinc atom” dediniz. Atomun dinc duracağına kim təminat verə bilər?

– Heç kim... Atomun o bir üzünü biz amerikanlılar göstərdik dünyaya. Hirosima, Naqasaki faciəsinin qara ləkəsi amerikanlıların vicdanındadır. Tarix bu ləkəni heç vaxt silməyəcək, silə də bilməz. Məni dəhşətə gətirən budur ki, insan atom silahının nə demək olduğunu bilə-bilə, inadla ona can atır. Əslində, belə çıxır ki, insan öz faciəsinə, özünün məhvinə tələsir...

Müsahibim danışdıqca, bəzən sifətinin ifadəsi dəyişir, alnının qırışları dərinləşirdi, elə bil dünyada baş verən olayların ağrısına ağrınmaq, insanların törətdikləri bəd əməllərin xəcalətini çəkmək yalnız ona qalmışdı. Gəlimli-gedimli dünyamızı başqa ab-havada, özgə cür görmək istəyirdi – dinclik içində, firavan, şad-şalayın. Yaxşı bilirdi ki, bundan ötrü isə mübarizə aparmaq gərəkdir – yorulmadan-usanmadan. Kramerin dediklərindən bir fikri də tutmaq çətin deyildi: “Binayi-qədimdən dünyanın dinc vədəsi olmayıb, amma bu o demək deyil ki, əllərimiz qoynumuzda kirimişcə durmalıyıq...”

Stenli Krameri həmişə bəşəriyyətin taleyi düşündürüb. O, hələ 1959-cu ildə “Son sahildə” filmilə nüvə müharibəsinə can atanlara qarşı çıxmış, atom silahının bəşəriyyətə gətirəcəyi dəhşətlərdən söhbət açmışdır. Kramerin bu filmi bir xəbərdarlıq kimi səslənmişdir. Film 1960-cı ildə ekranlara çıxdı. “Son sahildə” eyni gündə dünyanın on səkkiz ölkəsinin paytaxtında göstərildi. Əlbəttə, bu, rejissor üçün böyük müvəffəqiyyət idi. Film Kanada yazıçısı Nevil Şyutun romanı əsasında çəkilib və Kramerin bu əsərə müraciəti heç də təsadüfi deyildi. O vaxtlar beynəlxalq vəziyyətin gərginləşməsi mütərəqqi sənətkarları belə bir sual üzərində düşünməyə vadar edirdi: üçüncü dünya müharibəsi başlasa, bəşəriyyətin taleyi necə olacaq? Stenli Kramer öz filmilə məhz bu suala cavab verməyə çalışır. “Son sahildə” dünyamızı, planetimizi qorumağa səsləyən bir çağırışdır. Filmin əvvəlində yazılır: “Bu hadisə hələlik baş verməyib və baş verməyəcək, əgər insanlar birləşsələr.” Bu fikir filmin leytmotivini təşkil edir. Bir ağılsızın düyməni basması nəticəsində Üçüncü dünya müharibəsi başlayır, Avstraliyadan başqa planetin hər yerində həyat məhv olur. Bir neçə aydan sonra radioaktiv toz bu yerlərə də gəlib çıxacaq. Hələlik isə burdakı insanlar baş vermiş fəlakətdən xəbərsizdirlər. Ancaq fərqi yoxdur, insanlıq artıq məhvə düçar olmuşdur. Filmin sonunda kamera iri hərflərlə yazılmış bu sözlərlə bitir: “Hələ vaxt var.” Əslində, bu sözlər təkcə tamaşaçılara deyil, insanlığa, bəşəriyyətə müraciət kimi başa düşülməlidir.

Kramerin yaradıcılığında çox əhəmiyyətli yer tutan əsərlərdən biri də “Heyvanlara və uşaqlara xeyir-dua ver” filmidir. Rejissorun bu filmində tamaşaçı tüfənglərdən açılan atəşlərin şahidi olur, dəhşətə gəlir. Yox, film müharibə mövzusunda çəkilməyib, lüləsindən od püskürən, ətrafı tüstüyə bürüyən silahların hədəfi heyvanlardır, dilsiz-ağızsız heyvanlar. Beş günlük bizon ovu başlayır. Ovçular zavallı heyvanları qəddarcasına qurğuşuna tuturlar. Dilsiz-ağızsız heyvanların yeganə müdafiəçiləri düşərgədə kovboyluq öyrənməyə gələn müxtəlif xarakterli, dünyagörüşlü yeniyetmələrlir. Onlar gecəykən bizonları açıb buraxırlar, azadlığa öyrənməmiş heyvanlar isə heç yerə getmir. Uşaqlardan biri maşınla onları qovmağa çalışır. Qəzəblənmiş ovçular atəşi maşına yönəldirlər və güllə Kottona dəyir. Sabah yenə də bizon ovu başlayacaq. Ancaq uşaqlar da çox şey qazanıblar, onlar indi başqa adamdılar, mübarizdilər, zəifləri müdafiə etməyi bacarırlar. “Heyvanlara və uşaqlara xeyir-dua ver” – bu ad filmdəki mahnıdan götürülüb və film elə bu sözlərlə də sona yetir.

Kramer sosial realizm prinsiplərini üstün tuturdu, novatorçuluğa o qədər də meylli deyildi, ənənəçilikdən uzaqlaşmamağa çalışırdı. Kramerdən ötrü mövzu, ssenari, aktyor oyunu çox önəmliydi. Bir də onun yaradıcılığı üçün xarakterik olan konflikt axtarışı idi ki, rejissor nəinki kinonu, teatrı, ümumiyyətlə yaradıcılığı bunsuz təsəvvür etmirdi. Onu həyati mövzular maraqlandırırdı və bu mövzuları isə axtarmağa gərək yox idi, onlar həyatın özündəydi. Bununla belə, rejissor özünü problem axtaran, problem dalınca qaçan sənətkar saymırdı, deyirdi ki, mən o mövzunu ekrana gətirirəm ki, o mənim ürəyimcədir, məni narahat edir.

Stenli Kramerin yaradıcılığı həmişə yüksək qiymətləndirilib, iki dəfə “Qızıl qlobus” mükafatına layiq görülüb, Amerika kino akademiyasının, Berlin və Moskva kinofestivallarının prizlərini alıb. Onun yaradıcılıq karyerası 40 filmlə səciyyələnir. O, heç vaxt kəmiyyət dalınca qaçmayıb və ərsəyə gətirdiyi filmlərlə çoxlarının dediyindən də çox söz deyib, dünya kinosunun nəhəng qapısını yumruğuyla döymək haqqını qazanıb.

Hollivud ulduzlarının həyatına nəzər yetirəndə, çox qəribəliklərlə rastlaşırıq. Əslində isə bizim qəribə bildiklərimiz, bizə qəridə görünənlər Hollivud üçün adidir. Amerikanın nəhəng kino dünyasının öz mühiti, öz prinsipləri və qayda-qanunları var. Bir şeyin də şahidi oluruq – Hollivud sanki həm də nəhəg Səadət sarayıdır. Hollivud kimlərin nigahına şahidlik etməyib, kimlərə toy çaldırmayıb – hər kəsə də iki-üç dəfə. Dörd-beş dəfə evlənib boşananlar da az deyil. “Ulduzlar” filmlərini dəyişdikcə sevgilərini, sevgililərini də dəyişiblər, hər yeni film çoxlarından ötrü yeni məhəbbət, yeni eşq macərasıdır. Hollivud çox ulduzların taleyini qovuşdurub, qovuşdurduğu kimi, onları tez də ayırıb. Stenli Kramer də istisna deyil. Taledən onun qismətinə üç evlilik nəsib olub. Sonuncu evliliyi 1966-cı ildə aktrisa Karen Şarpla olub.

Stenli Kramer maraqlı müsahibdir. Məni maraqlandıran suallara tələsmədən, təmkinlə cavab verirdi.

– Bu gün “dünya kinosu böhran içindədir” deyirlər. Stenli Kramerin bu haqda fikri necədir?soruşdum.

– Bu fikir Qərbdə dəbdir, – dedi. – Amma mənim fikrimcə, kino heç də böhran keçirmir. Kino yaşayır və yaşayacaq. Böhranı dünyamız keçirir – nüvə silahı qorxusundan səksəkəli dünyamız.

– Birləşmiş Ştatlarda rusların guya sizin ölkənizi zəbt edəcəyindən danışan “Amerika” adlı televiziya filmi göstərilib. Xalq bu filmi necə qarşıladı və bir vətəndaş, həm də sənət adamı kimi sizin fikriniz?

– Mən belə filmlərə məhəl qoymuram. Əhalinin əksəriyyəti bu filmin boş bir iftira olduğunu yaxşı bilir.

– Qərb mətbuatında tez-tez rastlaşdığımız “sənət siyasətdən uzaq olmalıdır” fikrinə Stenli Kramerin münasibəti?

– Mən bu fikirlə razı deyiləm. Sənətkar nə həyati, nə də siyasi hadisələrə biganə qalmamalıdır. O, dünyada baş verən hadisələrin axarında durmalıdır. Bu hadisələr isə daha çox siyasətdən doğur.

– Amerika kinosunun problemləri haqqında nə deyə bilərsiniz?

– Bəlkə də çoxları mənimlə razılaşmaya bilər. Bu gün Amerika Birləşmiş Ştatlarında zorakılıq və qarətdən söhbət açan filmlərin sayı çoxalır. Doğrudur, belə hadisələrlə qarşılaşsaq da, o demək deyil ki, həyat başdan-başa zorakılıq üzərində qurulub. Mənim fikrimcə, kino humanist ideyalara xidmət etməlidir, insanların belə filmlərə daha çox ehtiyacı var.

– Bu fikir sizin yaradıcılığınız üçün xarakterikdir, o cümlədən “Nürnberq prosesi” filmi üçün. Sizin yaradıcılığınızla tanışlığım da bu filmdən başlayıb. Orta məktəbdə oxuyurdum, soyuq bir qış axşamı əyalət qəsəbəsinin qızdırılmayan klubunda baxmışam.

– O soyuq vücudumdan keçdi elə bil...

– Siz Beynəlxalq Moskva Kinofestivalına ilk dəfə deyil ki, gəlirsiniz, bu festivaldan nə gözləyirsiniz?

– Ümumiyyətlə onu deyim ki, hər bir festival dünya kinosuna baxışdır. Festival həm də yaradıcılıq mübadiləsidir, yeni filmlərlə tanışlıq, yeni görüşlər deməkdir. Moskva festivalı bəşəri bir devizlə keçirilir və mənə elə gəlir ki, bu devizin özü hər şeyi deyir. Əlbəttə, kino humanizmə, sülhə, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etməlidir. Moskva festivalı mənim üçün həm də köhnə dostlarımla yeni görüşlər deməkdir. Təəssüf ki, zaman keçdikcə bu görüşlərin sayı azalır. Çoxları həyatdan köçüb. Ancaq mən həmişə onları xatırlayıram. Bəlkə bir vaxtlar kimsə burda Stenli Krameri də yada salacaq...

Həyatda hərəyə bir ömür payı verilir. Stenli Kramer payına düşmüş o ömrü ləyaqətlə, vicdanla və çox da mənalı yaşadı. Ahıl çağlarında sağlamlığını itirən, tez-tez xəstələnən Kramer evinə, ailəsinə qayğı gətirməsin deyə qocalar evinə daşınır. Burada qalmaq ona ucuz başa gəlmir, hər ay doqquz min dollar ödəməli olsa da, başqa çıxış yolu görmür. Memuar yazır və yazısında yalnız çəkdiyi filmlərdən söz açır, insanlara münasibətindən, qayğılarından, xəstəliyindən bir kəlmə də danışmır. Memuar bu sözlərlə bitir: “Mən ahıllar səltənətinə gəlib çatdım. Burda nə işlə məşğul oldum? Əlbəttə, yeni filmə hazırlıq işi gördüm. Amma məni təbrik etməyin, sadəcə, məndən ötrü sevinin...”

O, iki dünya müharibəsinə şahidlik etmiş, bəşəriyyətə atom faciəsini yaşatmış iyirminci əsrdən gileyliydi, nigaranlığını çəkdiyi iyirmi birinci əsrinsə cəmi bir ay, on doqquz gününü yaşadı...

2013-cü il sentyabrın 29-da Hollivud böyük sənətkarın 100 illik yubileyini qeyd elədi.

 

Kamil Əfsəroğlu

 525-ci qəzet.- 2014.- 18 yanvar.- S.24-25.