Təbiət də gələcək qalibləri
himayə edir
(davamı)
Napoleonun parlaq qələbələri artıq arxada
qalmışdı, Rusiya yürüşü ona əlavə
şərəf gətirməkdən çox uzaq idi, əslində
isə onun sərkərdəlik qabiliyyəti barədə
şübhələrin artmasına səbəb olmuşdu. 1812-ci il
fransız-rus müharibəsinin başlıca səbəbi
çarın İngiltərəyə qarşı
blokadanı dəstəkləməkdən imtina etməsi idi,
çünki belə hərəkət Tilzit və Erfrut
müqavilələrinə zidd idi. Açıq
elan edilməsə də, Napoleon siyasətinin əsas məqsədi
Fransa başda olmaqla Avropanı bir geniş dövlətlər
federasiyasında birləşdirmək idi. Üstəlik,
o, hesab edirdi ki, Britaniyanın blokadasının genişləndirilməsi
onun qüdrətinin bir növ nümayişi olacaqdır və
bundan hansısa bir kənarlaşma və buna müqavimət
göstərmək eyni qaydada zəiflik nişanəsi hesab
ediləcəkdir. Çar isə blokadadan
geri çəkilməyində özünün bərabər
qaydada olan səbəblərinə malik idi, çünki onun
bu hərəkəti Rusiyanın iqtisadiyyatına və
kommersiyasına xidmət edirdi. Həm də
o, Polşanın Böyük Hersoquna olan fransız təsirini
zəiflətməyə cəhd edirdi, polyak
hökmdarlarına öz suzerenliyini təklif edirdi, onlar isə
bütün ümidlərini öz ölkələrinin yenidən
birləşməsinə bağlayırdılar. Digər
xarici siyasət məsələlərinin də buna əlavə
olunması nəzərə alındıqda, çar
üçün bunlar heç də az əhəmiyyət
daşımırdı.
Napoleon hansı səbəblərin təsiri altında
olsa da, Rusiya müdaxiləsini öz hiddətinə və qəzəbinə
tabe etməsi, heç də onun kimi müdrik sərkərdənin
və dövlət xadiminin geniş dühasına uyğun gəlmirdi.
Təbiət çox vaxt özünəməxsus olan
hadisələri ilə qızışmış
başları sakitləşdirməyə
çalışır, döyüşü
başlamağın asan, qurtarmağın çətin
olduğunu yada salır, başqalarının
torpaqlarını işğal iştahı ilə yananları
xəbərdar etmək istəyir. Təbiət, məğlubiyyət
anının işartıları hələ üfüqdə
görünməyəndə onun zəhərli qədəhini
içməli olanlara özünün ehtiyatlı olmaq barədəki
siqnallarını verir. Təəssüf
ki, bəzən hətta dahi sərkərdələr belə,
bütün problemlərdən, oyunlardan baş
çıxardıqları halda, təbiətin vəzir
qambitini anlaya bilmirlər və ya bunu ümumiyyətlə
qulaqardına vurmaqla öz faciələrinin qaçılmaz
qaydada baş verməsinə yol açırlar. Hətta Napoleonun sərkərdəlik dühası sərt
rus qışı qarşısında aciz qalmışdı.
Təbiət qaliblərə birbaşa zəfər
bəxş etməsə də, bu nəticə etibarilə
insan ağlının və fərasətinin bəhrəsi
kimi meydana çıxır, ən azı son anda onun
mümkünlüyü üçün hansısa bir şərait
yaradır.
Napoleonun
digər və sonuncu məğlubiyyəti 1815-ci ilin iyunun 18-də
Vaterlooda baş verdi. İyunun
17-si axşamı güclü tufanda taqətdən
düşdükdən sonra Napoleon və Vellinqton
Belçikadakı Brüssel yaxınlığında olan
Vaterloo kəndində qarşılaşdılar. Britaniya ordusu Mon-Sen-Jan təpəsində,
fransızlar isə düzənlikdə mövqe tutmuşdular.
Prussiya generalı Blyuxer öz qüvvələrini
xeyli artırmaqla, mümkün olan qədər tezliklə
Vellinqtona qoşulmalı idi. Napoleon general
Qruşini 30 minlik ordu ilə prussiyalıları izləməyə
göndərmişdi ki, onların ingilislərlə birləşməsinə
imkan verməsin.
İyunun 18-də Neyin başçılıq etdiyi
fransızlar şotland və ingilis qoşunlarına
qarşı hücuma başladı. Günortaya qədər
hücum davam etdi, lakin hər iki tərəfdən
ağır itkilər verilməklə, onlar geri oturtdurdular.
Qruşidən isə heç bir xəbər
yox idi, Vavra doğru irəliləməkdə davam edirdi,
güman edirdi ki, Blyuxerin qoşunları hələ də
şəhərdədir. Lakin günorta ora
gəlib çıxanda heç kəsi tapmadı. Onsuz da, nə olursa-olsun, artıq gec idi.
Napoleon öz qvardiyasını işə saldı, lakin
bunun da köməyi olmadı. Blyuxer Vellinqtonun
gözlədiyindən bir qədər sonra gəlib
çıxdı. Lakin çox vaxtında
gəlmişdi. Fransız ordusu məğlub
oldu. Napoleona qaçmaqdan başqa heç
nə qalmamşdı. Dəmir hersoq – Vellinqton lakonik
qaydada demişdi: “Napoleon mərhəmət çevrilişini
qəbul etdi! İndi təkcə onu tutmaq qalır!”. 22 iyunda isə Naoleon ikinci dəfə
imperator taxt-tacından əl çəkdi.
Yenə də təbiət Napoleonla istehzalı oyununu
oynadı. Tufan və güclü yağış onun işlərini
pozmuşdu, topları atlarla dartmaq xeyli çətinləşmişdi,
süvarilər də yaxşı hərəkət edə
bilmirdilər. Torpaq yağış nəticəsində
palçığa döndüyünə görə,
fransızlar döyüşü 18 iyunda bir saat gec
başlamağa məcbur olmuşdu. Avropanı
öz sərkərdəlik məharəti ilə lərzəyə
salan Napoleon təbiət qarşısında gücsüz
olduğuna bir daha inanmalı idi. Ancaq
görünür, Rusiya yürüşündən o, ibrət
dərsi götürməmişdi.
Vaterloo məğlubiyyəti onun şəxsi faciəsinə
də yol açdı. İkinci dəfə sürgünə, bu
dəfə gözdən, könüldən uzaq Müqəddəs
Yelena adasına yollandı. Burada o, altı il ərzində qüssə və xəstəliklərlə
müşayiət olunan izqoy həyatı yaşamağa məcbur
oldu və 1821-ci ildə orada da öldü. Şatobrian
demişkən, dünyadakı “ən böyük nəfəs”
birdəfəlik susdu.
Sovet
ordusunun alman
qoşunları üzərində qələbəsi
Alman
füreri Hitler də dünya ağalığı
iddiasında olmaqla, Avropanın bir çox ölkələrini
işğal edib, digərləri ilə müttəfiqlik edib,
Britaniyanı və gələcəkdə digər hücuma məruz
qoyacaqlarını diz çökdürmək
üçün əlavə resurslara yiyələnmək məqsədi
ilə SSRİ-yə qarşı “Barbarossa” adlanan hücum
planı hazırladı və geniş müdaxilə 1941-ci
ilin 22 iyununda baş verdi. 3 milyon nəfərlik
ordu 3 min km məsafədəki uzunluqda olan cəbhə boyu ilə
irəliləyirdi. Müharibə, onun
planına görə, “ildırım sürətli” olmalı
idi, ona görə də “blits kriq” adlanırdı. Müharibə bir ay tez başlamalı idi. Lakin digər müharibə teatrlarındakı vəziyyətə
görə oradan orduların çıxarılması ləngidiyindən
hücum bir qədər təxirə salındı. İlk günlər almanlar üçün olduqca
uğurlu, sovet qoşunları üçün isə fəlakətli
oldu. Sovet ordusu ağır itkilər verir,
yüz minlərlə əsgər əsir
götürülürdü. Minlərlə
təyyarə ilk günlərdə uçuş
meydançalarında hava bombardmanı ilə məhv
edilmişdi. Qısa müddət, başqa sözlə, beş ay ərzində SSRİ Avropadakı
öz ərazisinin xeyli hissəsini itirmişdi. Alman
qoşunları Moskvaya yaxınlaşmışdı.
Düşmən
müharibəyə qədər olan dövrdə SSRİ əhalisinin
40 faizinin yaşadığı ərazini tutmuşdu,
çuqunun 70 faizinin, poladın – 60, dəmir yolu
avadanlığının – 40, şəkərin – 85,
taxılın 40 faizinin istehsal edildiyi torpaqlar düşmən
tapdağı altında idi. Hitler tezliklə
Moskvanı işğal etməyi nəzərdə tuturdu.
Lakin Moskva ətrafında gedən
qızğın döyüşlər bu planı
bütünlüklə pozdu. Dekabrın
6-da uzun sürən müdafiə döyüşlərindən
sonra Moskva altında sovet qoşunları hücuma keçdi.
Sentyabrın sonu, oktyabrın əvvəlində
Hitler komandanlığının Moskvanı tutmaq barədəki
başladığı “Tayfun” əməliyyatı məğlubiyyətlə
nəticələndi. Alman natsist ordusunun
Moskva ətrafındakı bu uğursuzluğu İkinci
Dünya müharibəsinin ötən dövrü ərzində
onun ilk böyük məğlubiyyəti idi. Lakin qış hücumunun uğuruna baxmayaraq,
müharibədə SSRİ-nin vəziyyəti ağır
olaraq qalırdı.
Rus qışı da düşmənə qarşı
öz sərtliyini göstərirdi. Oktyabrda yağan yağışlar
yolları keçilməz etmişdi, topların və
texnikanın hərəkəti çətinləşmişdi,
ümumiyyətlə, şaxtadan mürəkkəb alman texnikası
və silahları sıradan çıxırdı. Alman əsgərləri isti qış geyiminə
malik olmadıqlarından soyuqdan, şaxtadan çox əziyyət
çəkirdilər, əslində Napoleon ordusunun aqibətini
təkrar edirdilər. Yaponiyanın
hücum etməməsinə əminlik yarandıqdan sonra Sibir
diviziyaları hesabına Sovet ordusu isə xeyli güclənmişdi.
Erkən səmərəli uğurlardan sonra almanların
hücumu sovet qoşunlarının güclü müqaviməti
ilə, həm də ağır qar yağmasına və
Arktika hərarəti ilə müqayisə edilə bilən
soyuğa, şaxtaya görə dayandırıldı. Çünki
onlar bütünlüklə belə qış şəraitində
vuruşmağa hazırlaşmamışdılar. ABŞ prezdenti F.D.Ruzveltin göstərişi ilə əsas
yun istehsalçıları olan Avstraliyadan və Yeni
Zelandiyadan yun satın alındığından, almanlar
dünya bazarında bu əmtəəni tapa bilmirdilər.
Alman əsgər və zabitlərinin
yüngül, nazik, yay geyimini andıran hərbi forması əslində
onları rus şaxtasının və buzlu küləyinin
qarşısında müdafiəsiz qoymuşdu. Hitler
Napoleonun 130 il əvvəlki acı təcrübəsindən
nəticə çıxarmamışdı, heç öz
generalları ilə onun Rusiya yürüşünü
müzakirə də etməmişdi. Hitler öz kumiri
saydığı “dəmir” kansler Otto fon
Bismarkın Rusiyaya müdaxilənin bataqlıq kimi təhlükəli
olduğu barədəki ciddi xəbərdarlığına da
məhəl qoymamışdı. Tarixi nümunəyə
və dahiyanə məsləhətə əhəmiyyət
verməmək bir qayda olaraq ağır nəticələrə
gətirib çıxarır.
1942-ci ilin sonu və 1943-cü ilin
başlanğıcının qışında, Stalinqrad
döyüşündə də almanlar həm olduqca
ağır iqlimlə və həm də aclıqla üzləşməli
oldular. German Gerinqin aviasiya ilə ordunu ərzaqla təmin edəcəyi
barədəki vədi əsasən boş söz olaraq
qaldı. Belə bir vəziyyətdə
alman əsgərləri çarəsiz hala
salınmışdı. Ona görə də 1943-cü il fevralın 2-də almanlar böyük itki
verməklə Stalinqrad cəbhəsində təslim oldular və
bu Böyük Vətən müharibəsində
dönüş nöqtəsi xarakterini daşıdı. Alman
ordusu Napoleon
ordusunun başına gələn bədbəxtliyi təkrarən
yaşamalı oldu. Əgər almanlar öz iki məğlubiyyətini,
Moskva altındakı və Stalinqraddakı ağır
uğursuzluqlarını sərt rus qışının adına yazırdılarsa, qeyd etdiyimiz kimi, hər
iki döyüşdə bu faktorun mühüm
iştirakını heç də danmaq olmaz, Sovet ordusu
1943-cü ilin iyununda Kursk yaxınlığındakı məşhur
Proxorovka tank döyüşündə qalib gəldikdən
sonra, xırda istisnalar nəzərə alınmasa, daim
hücumda oldu. Sovet qoşunları Berlini tutduqdan sonra 8 may
1945-ci ildə alman komandanlığı Müttəfiqlər
qarşısında qeyd-şərtsiz təslim aktını
imzaladı. Hitlerin dünyaya ağalıq etmək
iddiası, öz ölkəsinin, alman torpaqlarının işğalı
ilə nəticələndi və bu ağır məğlubiyyət
məğrur xalqı xeyli alçaltdı və dörd
onillikdən çox bir müddətdə Almaniya
parçalanmış şəkildə qaldı. Müharibə həm də qısa müddətə
də olsa Almaniyaya aclıq və viranəlik toxumu səpdi.
5.Təbiət
ambitsiyaları
ram edir
Tarix çox sayda belə sadalanan faktlarla doludur. Təbiəti
heç kəs öz qüdrətinə tabe edə bilmir, əksinə,
təbiət ən qüdrətli olanları da sarsılmaz
hökmünə təslim olmağa məcbur edir. Özünə
dünya şöhrəti qazanmaq istəyənlər də bəzən
təbiətin adi bir çətinliyindən sarsılır, hətta
onun girovuna çevrilmək təsadüfündən
qaça bilmirlər. İnsanlar gəlib
gedir, təbiət isə özünün əsasən təslim
olmayan mövcudluğunda qalmaqda, öz qanunları ilə idarə
olunmaqda davam edir. Onun özünüidarə mexanizmindən
isnanlar öyrənsəydilər, heç şübhəsiz,
daha çox şeyə nail ola bilərdilər.
Axı təbiəti dərk etmək çətin
olduğu kimi, ondan öyrənmək də o qədər asan
məsələ deyildir. Təbiət
dünyanın sifətini dəyişdirməyə qadirdir,
bunu çox sayda misallar bütünlüklə təsdiq edir.
(Son)
Telman Orucov
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.15.