Əhməd bəy Daşkəsənli və
Bedros ağa Qaraqaşyan (İ. Qaspralının hekayəsi)
HEKAYƏ – XƏBƏRDARLIQ
Türk
dünyasının böyük fikir adamı İsmayıl bəy
Qaspralının Azərbaycan mövzusunda qələmə
aldığı, “Tərcüman” qəzetinin 1895-ci ildə
çıxan 12 və 19 noyabr tarixli 43 – 44-cü saylarında
çap olunmuş “Əhməd bəy Daşkəsənli və
Bedros ağa Qaraqaşyan” hekayəsini “525-ci qəzet”in oxucularına təqdim
edirəm.
Həcmcə o qədər də böyük olmayan əsər
Cənubi Qafqazın iki qonşu xalqının-azərbaycanlılarla
ermənilərin qarşılıqlı münasibətlərinə
həsr olunmuşdu.
Hekayənin
yazıldığı dövrdə “erməni məsələsi”
onların “milləti-sadiqə” adlandırıldığı
və hər cür ehtirama layiq görüldükləri
Osmanlı imperiyası üçün ciddi baş
ağrısına çevrilməyə başlasa da, bəzi
istisnalar nəzərə alınmasa, Azərbaycan türklərinin
ermənilərlə münasibəti bütövlükdə
sakit məcrada davam edirdi.
Doğrudur, Mixail Arsruni kimi ayrı-ayrı erməni
şovinistləri nifaq toxumu səpməyə
çalışırdılar. Lakin iş hələ qanlı
qarşıdurmalar həddinə çatmamışdı.
Həmişə belə davam edə biləcəkdimi?
Maddi imkanları, təhsilləri, əlaqələri,
milli birliyi yerli azərbaycanlılardan daha üstün olan ermənilər
“gəlmə” statusu ilə barışacaqdılarmı? Bu
üstünlüklərdən yararlanıb hər şeyə
sahib çıxmaq iştahasına düşməyəcəkdilər
ki?
Yadıma
gəlir ki, 1988-ci ildə ermənilərin vətəndaşı
olduqları Azərbaycana xaincəsinə arxadan zərbə
endirmələrindən heyrətlənən
soydaşlarımızın çoxu onların “dünənə
qədər qapımızda nökərçilik etmələrini”
xatırlayır, təəccüb və təəssüflərini
gizlədə bilmirdilər.
“Dünənki nökərlər nədən birdən-birə
belə dəyişmişdilər? Öz xeyirxahlarının
üzünə niyə ağ
olmuşdular? Onları
hansı qüvvə hərəkətə gətirirdi?”
Bu suallar üzərində düşünənlər gərək
tarixin dərslərinə və təcrübəsinə
üz tutaydılar. Bizim laqeydlik və
arxayınçılıq içərisində
özümüzü vəziyyətin ağası
saydığımız illərdə ermənilərin nə
işlə məşğul olduqlarını
araşdırıb öyrənəydilər.
Krımda
yaşayan, ancaq Qafqaz və Azərbaycan reallıqlarını
yaxşı bilən, ən başlıcası isə Krım
yarımadasının timsalında erməni məkrinə və
buqələmunluğuna dərindən bələd olan
İsmayıl bəy Qaspralı bizim 1988-ci ildə cavab
axtardığımız suallara yüz il əvvəl
aydınlıq gətirməyə çalışmışdı.
Burada hekayənin təhlilini vermək niyyətində
deyiləm. Ancaq onun məzmunu kifayət qədər ibrətamizdir.
Hən də tarixi həqiqətləri əks
etdirir. Azərbaycan torpağında əsil-nəcabətli,
köklü bir azərbaycanlı ailəsi tədricən
deqradasiyaya uğrayır. Var-dövlətini,
cəmiyyətdəki nüfuz və etibarını itirir.
Vətənində ikinci dərəcəli adama
çevrilir.
Bu ailənin biri-birinin ardınca əldən verdiyi
mövqeləri isə dünənə qədər onun
qapısında xidmət edən erməni Bedros Qaraqaşyan və
oğulları tutur. Onların
düşünülmüş, məqsədyönlü fəaliyyətinin
lap tezliklə müsəlman cəmiyyətinin uğursuzluq
modelinə çevriləcəyi heç bir şübhə
doğurmur.
Əhməd bəyin təhsilsiz oğlu babasından və
atasından qalan var-dövlətin axırına
çıxmaqla məşğul olur. Cahillik, ətalət,
maarifsizlik nəticəsində o, nəinki
ata-babalarının torpağına sahiblik hüququnu qoruya
bilir, nəinki özünü torpağının oğlu və
vətəndaşı sayır, hətta bu məsələ
ilə yerli-dibli maraqlanmır.
Dünənki xidmətçi Bedrosun oğulları isə
Moskvada universitet bitirib geri dönürlər. Təbii ki,
artıq özlərini vəziyyətin ağası hesab edirlər.
Çünki həm yaxşı təhsil
alıblar, həm də hakim millət olan ruslarla yaxşı əlaqələr
qurublar. Bu isə dünənə qədər
“müsəlmanların” hökmündə olan bir quberniyada
öz qayda-qanunlarını tətbiq etmək, keçmiş
sahiblərlə hesablaşmamaq, onları saya salmamaq
üçün yetərlidir. Hələlik
əski xatirələrə əsaslanıb Əhməd bəyin
ailəsinə mərhəmətli münasibət göstərsələr
də, günlərin birində tamam fərqli dildə
danışacaqları, ortaya fərqli tələblər
qoyacaqları şübhə doğurmamalıdır.
Sxem bu qədər sadə və bəsit idi. Hadisələrin təsvir
olunduğu dövrdə də, XX əsrin 30-cu illərində
də, 70-ci illərində də...
İndi erməni işğalı altında olan
Dağlıq Qarabağda oxşar proseslər getmişdi.
Didaktikanı sevmirəm. Bu hekayənin və
digər belə hekayələrin nəyi isə dəyişəcəyinə
də ümid bəsləmirəm. Çünki
donuzun salavatla darıdan çıxdığı dövrlər
artıq arxada qalmışdır. Bəlkə
də heç zaman olmamışdır. Sadəcə
qəti addım atmağı bacarmayanlar bu yolla özlərinə
təsəlli vermişlər.
Qaspralının hekayəsini isə qəzet
oxucularına sadəcə müdrik insanın öncəgörməsi
kimi təqdim etmək istəyirəm.
Belə
öncəgörmə və xəbərdarlıqlar Azərbaycanda
da az olmamışdı.
Onlardan yalnız birini xatırlatmaq istərdim. 1840-cı ildə
Qafqazın baş hakimi, o zamankı Əlahiddə Qafqaz ordusunun
komandanı baron Rozen Şamaxı şəhərinə gəlmişdi.
Onu qarşılamaq üçün şəhər
əhalisi meydana düzülmüşdü. Bir tərəfdə keşişlərin rəhbərliyi
ilə erməni məktəblərinin şagirdləri, o biri
tərəfdə isə müsəlman bəyləri, ruhanilər
dayanmışdı. Mənzərə həqiqətən
də paradoksal idi.
Bu, Şamaxı qəzasının tanınmış
simalarından olan və bir müddət rus ordusunda xidmət
etmiş kapitan Rəhin bəy Məlikovun (Həsən bəy
Zərdabinin əmisi idi) diqqətindən
yayınmamışdı. Ali qonağı “müsəlman əhali”
adından salamlamaq növbəsi çatanda Rəhim bəy
qabağa çıxaraq demişdi:
–Bu
torpaqlar bizimdir. Biz də ata-babalarımız
kimi öz torpaqlarımızda yaşayacağıq.
Sonra əli
ilə səliqəli geyimli erməni məktəblilərini
göstərib əlavə etmişdi:
–Amma
yalnız bizim də övladlarımız onların
sırasında dayananda öz torpaqlarımızın həqiqi
sahiblərinə çevriləcəyik.
İsmayıl
bəy Qaspralının hekayəsi öz ruhu, məramı
etibarı ilə Həsən bəy Zərdabinin
aşağıdakı sözləri ilə də tam səsləşirdi:
“Bizim ilə zindəganlıq edən millətlər elm təhsil
edirlər. Ona binaən gərək biz də elm
təhsil edək ki, onlara zindəganlıq cəngində qalib
olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa
dövlət və xoşgüzəranlıq onların əlinə
keçəcəkdir və bizlər mürur ilə zindəganlıq
cəngində məğlub olub tələf olacayıq”.
Məncə, əlavə izahata ehtiyac yoxdur.
Oxşar müqayisə İsmayıl bəy
Qaspralının hekayəsi üçün də səciyyəvidir. O, erməniləri tərifləmirdi.
Öz dil və din qardaşlarını
ayıq-sayıq olmağa, zəmanə ilə
ayaqlaşmağa, torpağına, sərvətinə,
ad-sanına sahib çıxmağa
çağırırdı.
Yeri gəlmişkən,
bu tipli müqayisə və çağırışlar XIX əsrin sonlarından etibarən
Azərbaycan ədəbiyyatı və ictimai fikrində də
tez-tez eşidilirdi. Zərdabi ilə bir sırada Cəlil Məmmədquluzadənin
“Molla Nəsrəddin” jurnalında dərc edilmiş “Erməni
və müsəlman qadınları” felyetonunu da xatırlamaq olar.
Mətn
türkiyəli tədqiqatçı, İzmirdəki 19
Mayıs universitetinin professoru, Azərbaycan ədəbiyyatının
bilicisi və dostu Yavuz Akpinarın nəşrə hazırladığı
“İsmayıl Qaspralı. Seçilmiş əsərləri”nin
I cildindən ( səh.445-453)
götürülmüşdür.
İsmayıl
bəy Qaspralı
Əhməd
bəy əsilli-köklü adam idi. Əcdadları xanlıqlar zamanında sərdar və
vəzir məqamlarına yüksəlmişdilər. Şirvan xanlığı Rusiya idarəçiliyi
altına keçəndə atası general-mayor rütbəsi
almışdı. Əhməd bəy
özü isə miralay, yəni polkovnik idi. Amma belə
yüksək rütbəyə ucalsa da, hərb sənətinin
sirlərinə bələdlik bir yana
qalsın, adi kağızları da güc-bəla ilə oxuyub
imza atırdı. Bununla belə təbiətcə xoşxasiyyət
və ürəyə yatan adam idi. Dili şirindi, evinin qapıları və süfrəsi
daim qonaqların üzünə açıqdı. Hədiyyəni, pay-püşü ürəklə,
səxavətlə verirdi. Bir sözlə,
çox əliaçıq, mərd-mərdanə bir bəyzadə
idi. Yaşıdları, özünə bab
adamlarla eyş-işrət məclisləri qurmağı çox
sevirdi. İçkili olanda, üstəlik də bir az qızışanda daha comərd və səxavətli
olurdu. Hər ziyafətdə, hər
toy-düyündə dosta-tanışa, xoşu gələn
adamlara beş-on at, beş-on xalça-kilim hədiyyə edərdi.
Tanış-bilişi çox idi.
Bütün bəylər, tacirlər, ermənilər, vilayətin
rus məmurları, din adamları, şeyxlər, hətta təsadüfən yoldan keçənlər
Əhməd bəyin evindən və süfrəsinin
başından əskik olmazdılar. Ruslara rus
qaydası ilə, müsəlmanlara müsəlmansayağı
ziyafətlər verib hörmətlər edərdi.
Hamının nəzərində “polkovnuk Əhməd bəy”
çox mötəbər adam
sayılırdı. Elm və mərifətdən
(burada maarif mənasında işlənmişdir – V.Q.) dərin
xəbərdarlığı olmasa da, vilayətin hər tərəfindəki
kəndləri, mülkləri sayəsində hörmət və
etibarı böyük idi. Bunu da söyləmək
vacibdir ki, Əhməd bəy ad-san və nüfuzundan heç
vaxt pis işlər üçün istifadə etməzdi.
Amma xəta işləyənə zamin durub dardan qurtarmaq, polisə
aparılanı həbsdən çıxarmaq, yanına
xahişə gələnlərin qabağına
düşüb divanxanalara getmək, kimisə qulluğa
düzəltmək, imkansıza əl tutmaq kimi məsələlərdə
heç vaxt müzayiqə eləməzdi. Eyibsiz
gözəl olmaz – deyiblər. Əhməd bəyin də
ciddi bir qüsuru vardı – bu da özünü çox
böyük adam hesab etməsi idi. Əslini, nəsəbini hamıdan uca bilirdi. Yəqin ki, dediyimiz səbəbdən də həddən
artıq qürur və kibr sahibi kimi davranırdı. Lakin təbii ağlı, tərbiyəsi sayəsində
xasiyyətinin həmin cəhətlərini çox da
büruzə verməyib gizli saxlamağı, məsələni
açıb-ağartmamağı bacarırdı. Yalnız kefləndiyi zaman əsl təbiəti
üzə çıxardı. Əliaçıqlıq
edib beş-beş, on-on at bağışladığı kimi
əyri bir baxışa, xoşuna gəlməyən bir cavaba
görə xəncərə, revolverə əl atmağı
da olurdu. Belə məqamlarda heç kimin
sözünə baxmazdı. Heç kimdən
qorxu-hürküsü olmazdı. Sorğuya,
məhkəməyə çəkilsə də, işin
axırı boşa çıxır, Əhməd bəyin
üzərində bir suç, qəbahət qalmırdı.
Ancaq hər belə vaqiədən sonra kəndlərin,
yaxud mülklərin biri satılırdı. Yerində
qalanlar yetərincə çox olduğundan bu cür şeylər
bəyəfəndi həzrətlərinə o qədər də
təsir etməzdi...
İstənilən
halda, Əhməd bəy hər kəsin nəzərində rəğbət
sahibi olub doğru və nüfuzlu adam
sayılırdı.
Xanımı da özü kimi əsilli-köklü bir
ailənin qızı idi. Bu qadından huriyə
bənzəyən bir qızı, bir də oğlu vardı.
Oğlu Cavad bəy məhəllə
mollasından türkcə və ərəbcə, pristav tərcümanından
isə rusca dərs alırdı. Amma
ürəyi istəyəndə oxuyur, istəməyəndə
isə əlini dəftər-kitaba vurmurdu. Müəllimlər gəlib
çaylarını içib geri qayıdırdılar.
Bəy atası ilə xanım anası heç
vaxt Cavad bəyin sıxışdırıb dərs məsələsində
ona təzyiq göstərmirdilər. Çünki
çox oxumasa da, özünə lazım olan şeyləri
bildiyini zənn edirdilər. Əhməd bəy
yaxşı təhsil alması üçün oğlunu evdən-eşikdən
didərgin salmaq, göz-nəzərdən buraxmaq istəmirdi.
Xanım anası isə fikirləşirdi ki,
müsəlmanca çox oxumaq molla olmaq istəyənlərə,
rusca çox oxumaq isə dövlət qulluğuna və
keşişliyə can atanlara vacibdir.
Xanım üstəlik həm də belə qənaətdə
idi ki, çox oxumaq mal-mülk düşkünü bəylərə,
mülkədarlara lazımdır. Cavad bəy isə iki yüz min
dönüm (0,1 hektara bərabər ərazi
ölçüsüdür. Yəni söhbət
2 000 hektarlıq torpaqdan gedir – V.Q.) mülkə
sahib zəngin əsilzadə olduğundan başının səkkiz-on
nəfərlik nökər-naib dəstəsi ilə kənddən
kəndə at çapıb ov-ovlamaq, quş quşlamaqla məşğul
idi. Bu yolla da camaatın nəzərində cəsur,
qüvvətli bir igid təsiri bağışlayırdı.
Əhməd bəy mal-mülkünə özü
baxmazdı. Nə qədər qoyun sürüsü,
ilxısı, əkini, biçini, var-dövləti, sərvəti
vardı – bilməzdi. Çünki
cümlə hesablar baş kəndxudası Bedros ağanın əlində
idi. Bedros ağa əvvəllər Əhməd
bəyin arabaçısı olmuşdu. Lakin türkcə
və rusca oxuyub-yazmağı bəydən daha yaxşı
bildiyindən, üstəlik də tədbirli adam
olduğundan ağasının diqqət və etimadını
qazanıb baş kəndxuda mövqeyinə yüksəlmişdi,
Əlinin altındakı kiçik kəndxudaların
oğurluq etmələrinə imkan verməyib bəyin gəlirini
artırmış, kəndlərin camaatı ilə xoş
münasibət qurub hamının sevgisini
qazanmışdı. Bunun da nəticəsində Əhməd
bəy hər il maaşından əlavə
Bedros ağaya hədiyyələr verdiyi kimi, kəndlilər də
inək, qoyun, taxıl, yağ, qaymaq bağışlayıb
könlünü xoş edirdilər. Nəticədə Bedros
ağa az müddət ərzində əlində
böyük sərvət cəmləmişdi. Lakin
bunu qətiyyən göstərmirdi. Ayağından
köhnə ayaqqabı, əynindən köhnə çuxa əskik
olmazdı. Hər bayram Əhməd bəy ona yeni paltar və
çuxa hədiyyə etdiyindən bəyin könlünü
xoş etmək üçün yalnız bir neçə gün təzə
libasında gəzib-dolaşırdı.
İlbəil Əhməd bəyin Bedrosa etibarı
artırdı.Özünün bütün işlərini ona
tapşırıb hər məsələdə kəndxudası
ilə məşvərət və məsləhət edərdi. Hətta
böyük – böyük işlərin həlli
üçün öz əvəzinə vəkil edib etibarnamə
ilə məmurların yanına və divanxanalara göndərərdi.
Amma bu hörmət və etibara baxmayaraq Bedros da yerini bilən
adam idi. Əhməd bəyin
hüzurunda bir dəfə də oturduğu
olmamışdı. Əhməd bəy nə
qədər “Otur!” desə də, yenə ayaq üstdə
dayanırdı.
Əhməd bəyin nüfuzu və məsələyə
qarışması sayəsində Bedros məhəllə keşişinin
kürəkəni olmuşdu. Onun əlindən hər iş gələn
qızı ilə evlənmişdi. Evdə
arvadı Məryəm, çöldə isə Bedros ağa hər
cür maddi ehtiyaclarını təmin etməyə, mükəmməl
bir erməni ailəsi meydana gətirməyə
çalışırdılar.
Bedros ağanın arvadı Məryəm ermənicə
çox yaxşı, rusca da bir qədər oxuyub-yazmaq
bacarırdı. Anası Cavad bəyi dərs oxumaq və təhsillə
yorub zəhmətə salmaq istəmədiyi halda, Məryəm
gecə-gündüz iki oğlunun yaxşı təlim-tərbiyə
almalarının fikrini çəkirdi. Çünki bu
zəmanədə elmsiz, təhsilsiz bir yana
çıxmağın, özünə yer eləməyin
mümkünsüzlüyünü yaxşı başa
düşürdü. Təhsillə bir
sırada mal-mülkün və dövlətin də insana
güc-qüvvət verdiyini, mövqe
qazandırdığını yaxşı
anladığından evini də çox hesabla idarə edirdi.
Bedros ağanın dişarıdan qazanıb gətirdiyini Məryəm
ağıl və yığımcıllıqla xərcləyir,
həmişə dal yana bir şey
atmağa çalışırdı.
Əhməd
bəylə tanışlığımızın tarixi bundan
27 il əvvələ təsadüf edir.
İndi vəfat etdiyi on-on bir il olar.
Oğlu Cavad bəyə səksən min dönüm gözəl
torpaq, habelə
çox böyük miqdarda mal-mülk qoyub
getmişdi. Əhməd bəyin vəfatından sonra Bedros
ağa kəndxudalıqdan çıxıb özünə
başqa iş qurmuşdu. Vilayətdə ipək
və pambığı ucuz qiymətə alıb Moskvaya
göndərməklə məşğul olurdu. Tacir
silkinə yazılandan sonra Bedros adına
bir də Qaraqaşyan ləqəbi əlavə edib Bedros
Qaraqaşyan kimi tanınmağa başlamışdı. Bedros Qaraqaşyan üç-beş ildə
etibarlı bir tacirə çevrilmişdi. Bəziləri deyirdilər ki, Əhməd bəyin
mal-dövləti Bedrosun işinə yaradı.
Başqaları isə buna etiraz edib bildirirdilər ki, “Xeyr,
Bedros Moskvada bir-iki yaxşı iş tutdu, əli gətirdi”.
Həmin vaxta qədər Bedrosun Ohanes və
Mkrtıç adlı iki oğlu böyüyüb ərsəyə
gəlmişdi. Məryəmlə atası –
uşaqların keşiş babası onların təlim və
təhsilinə yetərincə qeyrət edirdilər. Bedros ağa da əsla qızırğalanmadan illərlə
topladığı pulları oğlanlarının təhsilinə
xərcləyirdi. Onlar səkkiz il
oxuyub gimnaziyanı bitirdikdən sonra ali məktəbə, yəni
universitetə getdilər. Universiteti də ikmal
edib gözəl təhsilli, ziyalı və məlumatlı
cavanlar kimi yetişdilər.
Bedros hər
şeyin yerini bilən, ağıllı və tədbirli adam olduğundan Əhməd bəyin
duz-çörəyini itirmirdi. Ara-sıra
oğlu Cavad bəyi ziyarət edir, atasının
sağlığındakı gözəl günləri yada
salır, ona dostcasına nəsihət verib düzgün yol
göstərməyə çalışırdı. Məryəm də öz növbəsində bəy
evinin hərəm bölümünə gedib yaşlı və
gənc xanımla görüşür, onlara hörmət və
məhəbbətini izhar edir, şəhərdəki yeni xəbərlərdən
danışırdı.
Mərhum Əhməd bəyin dul xanımı hər dəfə
Məryəmdən uşaqlarının hal-əhvalını
soruşur, harada olduqları ilə maraqlanırdı. Çox vaxt aralarında təxminən
belə söhbət vaqe olurdu:
–Oğlanlar
haradadır? Niyə özünlə
götürüb gətirməyibsən? Gözümüzün
qabağında doğulub böyüyüblər.
–Burada
deyillər, xanım əfəndi. Moskvada
oxuyurlar.
–Amanın
günüdür, ay Məryəm! Bu
oxumağın bir sonu olmayacaqmı? Bu qədər
oxutmaqla yazıq uşaqların gününü qara eləyirsiniz.
–Nə edək,
ay xanım? İndiki zəmanədə
oxumayanın cəmiyyət içində yer tapması çətin
məsələdir. Təki canları
sağ olsun, nə qədər lazımdır oxuyallar.
–Niyə yer
tapa bilmirlər? Sənin Bedrosun çoxmu dərs
oxuyub? Yoxsa adam arasına
çıxa bilməyib? Bəlkə onu da bəyənmirsən?
–Qurbanın
olum, ay xanım. Bedros sizin qapınızda, sizin sayənizdə
adam oldu. Amma indi belə
qapılar yox dərəcəsindədir. Rəhmətlik
Əhməd bəy kimi adamlar hələm-hələm
tapılmır.
Məryəmin sözləri xanımın çox
xoşuna gəlsə də, öz bildiyini deyirdi:
–Elə olmağına elədir. Amma yenə də sənin səbrinə təəccüb edirəm. Aylarla, illərlə uşaqlarının üzünə həsrət qalırsan. Bilmirəm, ürəyin daşdandır, ya nədir? Allaha şükür, mənim Cavadım uşaq deyil. Amma yenə də gedib üç gün bir yerdə qalanda rahatlıq tapa bilmirəm, dünya mənə zindan kəsilir.
–Siz belə tərbiyə görmüsünüz, xanım. Təbii ki, bizlər kimi olmayacaqsınız. Övladlarınızı sevib-oxşamağınız, mərhəmətiniz bizdəkindən ziyadədir.
Məryəm evinə getmək üçün ayağa qalxanda xanım onu saxlayıb “Dayan, tələsmə, – deyirdi. – Qoy uşaqlara beş-on manat cib xərcliyi verim”. Sonra çıxıb əlində on, on beş manatla geri qayıdır, “Moskvaya göndərərsən” – deyə vidalaşırdı.
Cavad bəy mal-mülkünü heç rəhmətlik atası qədər də idarə edə bilmirdi. Amma xərci, məsrəfi atasınınkından əsla az deyildi. Vəfatına qədər Əhməd bəy var-dövlətinin üçdə ikisini tələf etmişdi. Yəni keçmiş sərvətin ancaq üçdən biri Cavad bəyin əlinə gəlib çatmışdı. Onun da kökünə tezliklə daş atmışdı. Odur ki, günü gündən artan borcları ödəmək həlli müşkül məsələyə çevrilmişdi.
Cah-cəlalla toy edib gəlin gətirdiyi xanımı əsil-nəcabətli bəyzadə qızı idi. Amma gəlinin atası və qardaşları da əriyib üçdə biri qalmış mal-mülkü bitirməyə çox həvəsli olduqlarından Cavad bəy yeni qohumlar tərəfdən bir fayda görməmişdi. Üstəlik onlardan nümunə götürən cavan gəlinlə bəy də biri-birinə qoşulub “Gün bu gündür, sabaha Allah kərimdir” – deyib istədikləri kimi yaşayır, özlərinə heç nədən korluq vermirdilər.
Borcun günü-gündən artdığını, gəlirin isə olmadığını Cavad bəy əsla eyninə almırdı. Çünki hələ yetərincə torpağı və mülkü vardı. Yoxsulluğun, fəqirliyin nə olduğu yatsa yuxusuna da girməzdi. Doğrudur, özü gerçək vəziyyətindən hələ də xəbərsiz idi, camaat isə hər şeyi görürdü. El gözü tərəzidir, – deyirlər. Cavad bəyin əlində artıq atasının miras qoyub getdiyi mal-dövlətin beşdə biri də qalmamışdı. Üstəlik atasındakı şirin dil, xoş rəftar, mehribanlıq onda olmadığından günü-gündən xalq arasında hörmətini daha çox itirir və nüfuzdan düşürdü. Amma vəziyyətinin necəliyindən hələ də özünün xəbəri yox idi.
Həqiqətən də, Əhməd bəy rus və firəng tərzində oxumuş, məlumatlı şəxs deyildisə də, ad-san sahibi, nüfuzlu, sanballı adam idi, verdiyi sözün ağası olan mərdanə bir nəsil başçısı idi. Cavad bəy də elm və tərdiyədən atası kimi bibəhrə qaldığı halda başqa məsələlərdə də onun yerişini yeriyə bilməmişdi. Atasının səbat və istiqamətini, ad-şanını ziyadə aşağı düşürmüşdü. Əhməd bəy heç zaman dilinə yalan gətirməyən əsilzadə idi. Verdiyi sözə hər kəs tərəddüdsüz inanırdı. Cavad bəy isə bəzən yalan danışmağa meylli olduğundan camaat arasında o qədər də etibarı qalmamışdı. Əhməd bəy heç zaman adına, şanına yaraşmayan bir işə qol qoymazdı. Cavad bəy isə istər özünün, istərsə də yüksək nəslinin adına layiq olmayan yollara da düşürdü. Əhməd bəy “Şərab haram buyurulub” – deyir və ömründə dilinə içki vurmazdı. Cavad bəy sözdə “Haramdır” – desə də, arxada imkan tapdıqca içərdi. Əhməd bəy yalnız əsil-nəcabəti ilə qürurlanırdı. Cavad bəy isə həm bəyzadəliyinə görə təkəbbürlə gəzib-dolaşır, həm də hər yerdə özünü çox bilikli, məlumatlı adam kimi göstərmək iddiasından geri durmurdu. Əhməd bəy kart oyunun nə olduğunu bilməzdi. Cavad bəy isə bu oyuna alışqan olmuşdu. Aktrisa və oyunçu qızlarla ünsiyyət qurub şampan şərabı içməyi peşəyə çevirmişdi. Dövlətin nizam və qaydalarından beş-on maddəni ala-yarımçıq əzbərləmişdi. Bu səbəbdən də özünü kamil bir hüquqşünas zənn edirdi.
lll
Əhməd bəyin vəfatından on il keçməmiş oğlu Cavad bəy atasından qalma mal-dövlətin hamısını dağıdıb, satıb-sovub axırına çıxdı. Hətta xanlıqlar zamanından qalmış ata-baba mülkü, faytonları, at və arabaları da satıldı. Sonda elə aciz və çarəsiz bir duruma düşdü ki, şəhərin uzaq məhəllələrindən birində kiçik ev kirayə edib anası ilə xanımını ora köçürtdü. Keçmiş nökərlərinin, xidmətçilərinin hərəsi bir yana dağılıb getmişdilər. Yanında yalnız qoca xidmətçi qalmışdı. Biçarə anasına düşdükləri vəziyyət çox ağır gəlirdi. Lakin heç vaxt nəyə görə həyatlarının bu şəkildə dəyişməsinin səbəbləri üzərində fikirləşmir, “Görünür, etdiyimiz günahların cəzasını çəkirik” – deyib səhərdən axşama qədər dua və ibadətlə məşğul olurdu. Evin gənc xanımının günü ağlamaqla keçirdi. Cavad bəy isə ipin ucunu tamam itirdiyindən anası ilə arvadında qalmış sonuncu qızıl və cəvahirləri sataraq həftələrlə sərxoşluq edir, içkidən başı ayılmırdı. Sonda atasının köhnə dostlarından olan şəhər bələdiyyəsinin rəisi xanımların halına acıyaraq Cavad bəyi tərcüman kimi yanında işə götürdü. Maaşı az olsa da, kiçik ailənin dolanmağına kifayət idi. Üstəlik də dövlət qulluğu sayılırdı. Amma Cavad bəy yenə də əvvəlki əməllərindən əl çəkmədi. Nəticədə bələdiyyə rəisi məcbur qalıb onu qulluqdan əzl etdi.
Bu əsnada Əhməd bəy ailəsinin xanımlarını çoxdan görməyib darıxan Məryəm Qaraqaşyan onların görüşünə gəldi. Səsə qoca xidmətçi Əli küçəyə çıxdı. Məryəmin gəldiyi faytona və atlara baxıb bunun müqabilində bir vaxtlar Bedros Qaraqaşyanın qapısında qulluqçuluq etdiyi Əhməd bəyin xanımının bir tikə çörəyə möhtac olduğunu yada salıb ağlamağa başladı. Amma bu paxıllıqdan axıdılan göz yaşları deyildi. Təəssüf və ürək ağrısının doğurduğu göz yaşları idi...
lll
Bu vaqeədən bir neçə gün sonra böyük bir yerdə müfəttiş işləyən Ohanes Qaraqaşyan Cavad bəyi yanına çağırıb bir xeyli nəsihət edəndən və başına ağıl qoyandan sonra öz dəftərxanasına tərcüman vəzifəsinə götürdü. Bedrosun ikinci oğlu da qonşu vilayətdə məhkəmə üzvü idi. Ara-sıra anası Məryəmin vasitəsi ilə Əhməd bəyin yaşlı xanımına paltarlıq qumaşlar göndərirdi. Moskvada təhsil illərində yaşlı xanımın verdiyi on-on beş manatlıq şirincəklik pulları beləcə geri dönürdü. Bedros ağaya gəlincə yüz min rublə sərmayəsi olan böyük bir ticarət şirkətinin sahibi idi. İki oğlunun ikisi də yaxşı vəzifə və nüfuza malik məmur olduqlarından şəhərdə və bütün vilayətdə Bedros ağa kimi etibarlı, sözü keçən nə bir erməni, nə də bir bəy vardı. Əhməd bəyin biçarə xanımı oğluna baxıb göz yaşı tökürdü. Məryəm oğullarına baxıb sevincindən özünə yer tapmırdı.
Krım-tatar
türkcəsindən çevirən Vilayət Quliyev
525-ci qəzet.-
2014.- 18 yanvar.- S.26-27.