Xankəndi radiosunun azərbaycanlı
diktoru:
"Verilişlərimiz
ermənilər üçün arzuolunmaz idi"
Ziyalı insan cəmiyyətin nuru, ziyası, aparıcı qüvvəsidir. Təbii ki,
söhbət əsl ziyalıdan gedir. Bir çox hallarda ali
təhsilli, yaxud elmi fəaliyyətlə məşğul olan insanlar cəmiyyətimizə
ziyalı kimi təqdim edilir. Ancaq həqiqətdə bu heç də belə deyil.
Yunan filosofu Sokratın fikrincə hər bir ziyalı
adlandırılan şəxs
əldə etdiyi biliklərə, fəlsəfi-intellektual
potensialına müvafiq
surətdə davranmırsa,
o zaman həmin şəxs ziyalı adlandırılmamalıdır. Əsl ziyalı öz elmi təfəkkürünü
təsdiq edən, intellektini həyata və cəmiyyətə tətbiq etməyi bacaran, müdrikliyi ilə örnək ola bilən
insanlardır.
Belə ziyalılardan biri də 1938-ci ilin yanvarın 21-də Azərbaycanın
mədəniyyət beşiyi
olan, dünyaya neçə-neçə ziyalılar
bəxş edən Şuşada anadan olmuş Xudiyeva Şura Məhəmməd
qızıdır.
Şura
Xudiyeva orta təhsilini Şuşa
şəhər 1 saylı
orta məktəbdə
alıb. Şuşa Pedaqoji Texnikumunda orta ixtisas təhsilinə
yiyələndikdən sonra
bir il
sinif müəllimi işləyib. Uşaqlıqdan ədəbiyyata sonsuz
həvəsi olduğundan
1966-cı ildə sənədlərini
Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib, qəbul imtahanlarını müvəffəqiyyətlə
verərək Azərbaycan
dili və ədəbiyyat fakültəsinə
qəbul olub. Pedaqoji fəaliyyətini Nizami Gəncəvi adına Xankəndi
şəhər 4 saylı
orta məktəbdə
bir müddət davam etdirdikdən sonra elə həmin şəhərdə
Müəllimlərin Təkmilləşdirmə
İnstitutunda metodist vəzifəsinə təyin
edilib. İctimai fəallığı, təşkilatçılıq qabiliyyəti, bilik və bacarığı nəzərə alınaraq
Şura Xudiyevaya daha yüksək vəzifə həvalə
olunub. O, 1990-cı ilə
qədər Dağlıq
Qarabağ Muxtar Vilayəti Xalq Maarif şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Məlum Qarabağ hadisələrindən
sonra digər soydaşlarımız kimi
Şura xanım da Bakıya köçmək məcburiyyətində
qalıb. 1990-cı ildən o pedaqoji fəaliyyətini Bakının
Nərimanov rayonunun təhsil şöbəsində
metodist vəzifəsində
davam etdirib.
Son dərəcə ziyalı,
sənətinə qəlbən
bağlı olan Şura Xudiyeva işlədiyi illərdə
"Diferensiallaşdırma və fərqləndirmə",
"Mədəniyyət inqilabçılığı
sevmir", "Tərbiyə
də bir silahdır", "Müəllim
şagird münasibətləri",
"Bir daha ifadəli oxu haqqında", "Qeyri-adi
açıq dərs"
və bir çox məqalələrin
müəllifidir.
Şura Xudiyeva 1998-ci ildə "Təhsilin humanistləşdirilməsi
baxımından təlim
tərbiyə prosesinin
diferensiallaşdırılması və fərqləndirilməsi
ili" çərçivəsində
keçirilmiş müsabiqədə
"İlin ən yaxşı metodisti" adı ilə təltif olunub.
İctimai fəallığı ilə
həmişə fərqlənən
Şura xanım müəllimlərin 4-cü və
7-ci qurultaylarının nümayəndəsi
olub.
Ömrünün 50 ildən artıq
hissəsini gələcək
nəsillərin maariflənməsinə
həsr edən, bu yolda saçını
ağardan Şura xanım pedaqoji fəaliyyəti ilə yanaşı həm də 21 il
Dağlıq Qarabağ
Muxtar Vilayəti Teleradio Verilişləri Komitəsinin Azərbaycan verilişləri redaksiyasında
diktor vəzifəsində
çalışıb. Peşəkar nitq mədəniyyəti və qüsursuz fəaliyyətinə görə
1-ci dərəcəli diktor
Şura Xudiyeva dəfələrlə Azərbaycanın
Dövlət Radio və
Televiziya Verilişləri
Komitəsinin yüksək
mükafatlarına layiq
görülüb.
Həmin illəri xatırlayan Şura xanım deyir ki, Dağlıq
Qarabağda, Xankəndində
radioda Azərbaycan dilində verilişlərin
yayımlanması ermənilər
üçün arzuolunmaz
idi.
Bu gün ömrünün müdrik çağını
yaşayan Şura xanımı həyata bağlayan bir arzu var. Doğulub boya-başa çatdığı
Şuşaya dönmək,
ömrünün ən
gözəl illərini
yaşadığı Xankəndinə
qayıtmaq...
ƏFQAN
525-ci qəzet.-
2014.- 22 yanvar.- S.8.