Ruh daşıyıcısı
''Əsarətdə qalan yurdun övladları" silsiləsindən
Taleyimizə yazılan ən
ağır günlərin
birində-Kəlbəcərin işğalından bir-iki
ay keçərdi-20 ildən çox zaman keçib, dəqiq günü yadımda qalmayıb (bu məşəqqətlərə yaddaşmı dözərdi,
yaddaş neyləsin?!.), təxminən iyun ayıydı deyəsən, ali məktəblərdə imtahan
sessiyası gedirdi. N.Tusi adına
Pedaqoji Universitetin Tarix fakültəsində
oxuyan yaxın qohumum yanıma gəlib müəllimlərdən
birinin (o müəllim
həm də fakültənin dekanıydı)
bütün bəşər
övladlarına örnək
olacaq addımını
danışdı. Uşağın
baxışlarındakı heyrət indi də gözlərimin qabağındadır! Kövrək qəlbiylə, sadəlövh
düşüncəsiylə sanki dünyanın möcüzəsindən danışırdı.
Ay Əlövsət, bu gün dekanımız
Rəhim müəllim
məndən imtahan götürərkən kəlbəcərli
olduğumu biləndə
göz yaşlarını
gizlədə bilmədi,
elə tələbələrin
qarşısında. Hamımız da ona qoşulmuşduq.
Heç
imtahan da vermədik, hamının qiymətini yazıb məni otağına dəvət etdi. Göz yaşlarımız onun otağında da qurumadı. Mənə
dedi ki, bu gündən özünü mənim doğma balam bil, nə çətinliyin
olsa, ata kimi mənə deyərsən! Əlini cibinə salanda mən dözmədim, göz yaşlarımı
saxlaya bilmədim, nə illah elədisə,
pulu götürmədim,
heç sağollaşmadan
otaqdan çıxıb
birbaşa sənin yanına gəldim!..Əlbəttə, mən də kövrəlmişdim, tanımadığım
o müəllimin heykəli
qəlbimdə əbədi
yer eləmişdi.
İndi həmin qohumum Türkiyədə yaşayır,
hər dəfə də zəngləşəndə
Rəhim müəllimi
soruşur. Həzin
və qəmli xatirəsini yada salıb sual da verir: Görəsən
indi də elə müəllimlər
qalıbmı? "Qalıb"-deyirəm.
Deyirəm və gözlərimin qabağına
birinci sinifdən ta universiteti bitirən günədək
eynən Rəhim müəllim kimi xeyirxah, alicənab, tələbələrin sevimlisinə
çevrilən müəllimlərim
gəlir: Orta məktəbdə İsgəndər
müəllim, Adıgözəl
müəllim, Fərhad
müəllim, Sabir müəllim, Qəhrəman
müəllim, direktorumuz
İbrahim müəllim...
Ali məktəbdə Mir Cəlal
müəllim, Səfiyar
Musayev, Ağamusa Axundov, Firudin Hüseynov, Əkbər Ağayev, Samət Əlizadə, Tofiq Hüseynov, Fərhad Zeynalov, Şamil Qurbanov, Kamil Vəliyev, Əsmət Məmmədova, A.Qrebenşikov,
T.Jidkova, G.Seleznyov... Sonralar əmək fəaliyyətinə başladığım
illərdə həyat
müəllimlərim Əlfi
Qasımov, Vilayət Rüstəmzadə... Bir şeirdə deyildiyi kimi:
Yaxşı ki, dünyada yaxşılar varmış,
Yoxsa qəhr olardıq yaman əlindən...
Tələbəni yola salandan sonra iş dəftərimə
bu müqəddəs insanın müqəddəs
adını, soyadını
yazdım: "Rəhim
Əliyev". Heç
bilmədim niyə yazdım, nə məqsədlə, nə niyyətlə... Düşünmədən, elə-beləcə. Ağlıma da gəlməzdi ki,haçansa
bu gözəl insanla bağlı nəsə yazacağam. Çünki illər-aylar
bir-birindən ağır
gəlirdi: rayonlarımız
bir-birinin ardınca mənfur düşmənlərimiz
tərəfindən işğal
olunur, soydaşlarımız
qaçqın-köçkün düşür, minbir dərdə mübtəla
olurdular. Gündəlik qayğılar, iş-güc,
qaçqın qəsəbələrinə
səfərlər başımı
elə qatdı ki, Rəhim müəllim yaddan çıxdı. Günahım da yox idi.
Kəlbəcərin işğalının
səkkizinci günündə
kiçik qardaşım
alay komandri, ali hərbi təhsilli Mahir cəbhədə şəhid
oldu, az keçməmiş bacım
oğlu, bacımın
həyat yoldaşı,
el-obanın ləyaqətli
oğulları həlak
oldu, ona görə də xeyirxah, qeyrətli hərəkətiylə hamımıza
örnək olacaq Rəhim müəllimi unutdum. Amma görünür,
fələk də öz saydığını
sayırmış... Bu əhvalatın
üstündən bir
il ötmüşdü.
Pedaqoji universitetin professoru gözəl alim, tarixə öz obyektiv və savadlı yanaşmasıyla seçilən
Yusif Yusifov bir gün yanıma
gəlib "Azərbaycan
tarixi" kitabını
nəşr etmək istəyini ərz eyləyəndə əlyazmanı
oxudum və içimə bir rahatlıq hakim kəsildi.
Azərbaycanın əsl
obyektiv tarixi bu kitabda öz
əksini tapmışdı!
Dev alimimiz,rəhmətlik
Ziya Bünyadovun redaktəsi ilə yazılan bu kitabda tanış imzanın da bir fəslin müəllifi olduğunu görüb sevindim.Bəli,
"Rəhim Əliyev"imzasını
deyirəm. Əlyazmanı bir qırağa
qoyub birinci Rəhim müəllimin tədqiqatını oxudum.
Onda başa düşdüm ki, tələbə qohumum Rəhim müəllimin heykəlini
qəlblərimizdə elə-belə
ucaltmayıb. Dünyada təsadüflərə
inanmamışam, onda
da inanmadım.
Bu cür əsəri
(böyük bir fəsli) o cür böyük qəlb sahibi yaza bilər!
Və Rəhim müəllimin əlyazmasını
oxuduqca sanki hər sətirdən işıq sacılır,
boz-bulanıq dünyamız
İlahi bir nura qərq olurdu... Ağır iqtisadi durumdaydıq.
Respublikada poliqrafiya məhsulları
demək olar ki, yox idi.
Çarəsiz qalmışdım. Sanballı bir kitabı-dünənimizə, lap qədim keçmişimizə
açıq-aşkar nur
saçan bu kitabı nəyin bahasına olursa olsun, çap etməliydik! Amma necə, harada,
hansı vəsaitlə?
Dadıma yenə Ukraynadakı dostlarım yetdi, zəng vurdum, kömək istədim, köməklərini
əsirgəmədilər, az əvvəl
müqəddəs kitabımız
"Quran"ı da
ilk dəfə Azərbaycan
dilində Kiyevdə çap etdirmişdim. Vaxt itirmədən kitabı burada yığdırıb matritsaya
(yumşaq kardona) köçürtdürüb Kiyevə
apardım və böyük tirajla nəfis şəkildə
çap etdirib Azərbaycana gətirdim.Gələn
kimi də birinci Rəhim müəllimi axtarıb tapdım və bir az əvvəlki əlyazmalarını
kitab şəklində
gözəl insana təqdim etdim. Rəhim müəllim uşaq kimi sevinirdi. Çöhrəsindəki nur indi də ətrafımızı
işıqlandırır, desəm,
yanılmaram. Tələbə
qohumumun dediklərini yadıma salanda yenə uşaq kimi ağladı: Ay Əlövsət, biz ata-baba
yurdumuzu çoxdan itirmişik, heç olmasa, gedib Kəlbəcərdən
o yerlərə baxıb
təsəlli ala bilərdik
(Rəhim müəllim
əslən Qərbi Azərbaycandandır). Bu sözləri
mənə sonralar Milli Məclisdə bir yerdə işləyəcəyim gözəl
insan, Rəhim müəllim kimi nur daşıyıcısı
olan Səfiyar Musayev də deyəcəkdi... Bu cür
adamlar doğrudan da nur daşıyıcısıdırlar!
Tarixi sənədlər üzərində
işlədikcə əcdadlarımızın
nurunu çağdaş
dövrə daşıyırlar.
Təbii ki, qəlblərindəki nura
qataraq! O gündən
bu günə qədər Rəhim müəllimlə dostluq edirik. Hər görüşəndə sifətindən
əksilməyən o müqəddəs
İlahi nuru görəndə öz-özümə:"hələ yaşamağa
dəyər"-deyirəm
və Allahıma şükür edirəm ki, məni bu
insanlıq mücəssəməsi,
nur daşıyıcısı
insanla görüşdürüb.
Bu yaxınlarda eşitdim ki, səhhətində bir balaca problem yaranıb.
Səhhət neyləsin,
doğma yurdu düşmən tapdağında,
gecə-gündüz fikir-xəyal,
dərd-əzab!.. Əziz qardaşıma, el
ağsaqqalına ürəyimin
dərinliyindən süzülüb
gələn bu sətirlərlə müraciət
edirəm: möhkəm
olun, Rəhim müəllim! Siz bu xalqa , bu millətə,
Azərbaycan elminə,
ələlxüsus da
bizlərə hələ
çox lazımsız!
Sizin ürəyinizdəki
mərhəmət hissi,
xarakterinizdəki mətinlik,
dözüm, əyilməzlik,
sifətinizdəki nur
tələbələrinizə, aspirantlarınıza əsl
məktəbdir, örnəkdir!
Ləngərli kişilərin
dözümü fil dözümüdür, biz hələ
sizinlə, əziz dostumuz (sizin yaxın qohumunuz), sinəsi qədim folklorımuzla, poeziya çələngiylə doluböyük
alimimiz, bütöv bir mahalın ağsaqqalı Həsən
Mirzəyevlə birlikdə
ən azından işğalına dözməyib
tələbələrinizin qarşısında göz
yaşları tökdüyünüz
Kəlbəcərə gedəcəyik,
İnşallah, oradan da o yana-əsarətdə
qalmış Göyçəmizə.Dərələyəzimizə,
Meğrimizə,Qafanımıza, İrəvanımıza, ümumən
Qarabağımıza və
Zəngəzurumuza gedəcəyik!
Qohum-əqrəbanın qayğısı,
Allahın şəfası
ilə tezliklə ayağa durun, ətrafınızı nura
qərq edin! Vallah,Rəhim müəllim, bu saat zəmanəmizdə çatışmayan çox
şeylərə dözmək
olar, amma nurlu insanların, nur daşıyıcılarının
yoxluğuna dözmək
cəhənnəm əzabından
betərdir! Sizdən ayağa qalxmağı, bu gözəl Nur daşıyıcısı
missiyasını əvvəlki
tək davam etdirməyi qulluğunuzda gecə-gündüz dayanan
ailə üzvləriniz-övladlarınız,
dostlarınız xahiş
edir, indi atasına oğul yox, həm də
ata olan həssas qəlbli, eynən sizin kimi nurlu, cavanlığında
ağsaqqala çevrilmiş
oğlunuz Elçin, sizinlə daim fəxr etdiyini gizlətməyən yaxın
qohumunuz-həm də dostunuz Nizami müəllim və mən-köhnə və sadiq dostunuz, kiçik qardaşınız
Əlövsət rica
edir və sizə bizlərdən də əziz və doğma olan əsarətdə qalan dədə-baba torpaqları tələb edir! Bütün iradənizi səfərbər
edib ayağa qalxın, sizsiz olan məclislərin dadı-tamı da yoxa çıxıb, Rəhim müəllim, gözləyirik ey bəşəriyyətin Nur
daşıyıcısı gözəl insan, sədaqətli dost!
Əlövsət Ağalarov
Azərnəşrin baş redaktoru,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
525-ci qəzet.-
2014.- 22 yanvar.- S.7.