Ananın da borcu var!
Əsgər
gedə bilsin deyə, oğlunun gözlərini əməliyyat
etdirən vətənpərvər qadın - dəyərli
türk şairəsi Hasibə Kayanın 60-cı doğum
gününə!
Ötən
ilin sonlarında, daha dəqiq desəm, 2013-cü il dekabr
ayının 11-də mən və Balkan Aydınları və
Yazarlar Birliyi başqanı Osman Baymak Çanaqqala 18 mart
universitetində keçirilən "Azərbaycandan Kosovaya. Türkiyə dışında çağdaş
türk ədəbiyyatları" konfransına dəvət
almışdıq.
Universitetin
Türk dili və ədəbiyyatı fakültəsi tərəfindən
təşkil olunmuş konfrans, Rektör Yardımcısı
professor Ramazan Gülendamın, professor Məmməd
İsmayılın, universitetin müəllim və tələbələrinin,
eləcə də dəvətli qonaqların iştirakı ilə
Troia Mədəniyyət Mərkəzində keçirildi.
Həmin vaxtlar, Çanaqqalada həm də V Beynəlxalq
Şeir Axşamları və Beynəlxalq kitab yarmarkası təşkil
olunmuşdu.
Yarmarkada, istedadlı şair, yazıçı Mustafa
Berçinin rəhbərlik etdiyi Akademi Şiir Ailəsi tərəfindən
mənim Türkiyədə nəfis şəkildə
çap edilmiş "Dostlarım bana da bahar göndərin"
adlı kitabımın imza günü də
planlaşdırılmışdı. Bütün
bunlarla bərabər, önəmli olanı o idi ki, bir həftə
davam edəcək ezamiyyətim ərzində köhnə əziz
dostlarımla görüşəcək, ədəbi söhbətlər
edəcək və ikinci Bakım dediyim gözəlim
Çanaqqalanın füsunkarlığından bir daha həzz
alacaqdım.
Amma sən
demə qarşıda məni daha gözəl hadisələr
də gözləyirmiş...
Ümumiyyətlə, qarşıma
çıxardığı sədaqətli və
dürüst dostlara görə, hər zaman bəxtimdən
razı qalmışam. Məncə, sağlam əqidəli, sadə
və ziyalı insanlarla əhatə olunmaqdan böyük səadət
yoxdur.
Bu dəfə də tale məni dünyanın müxtəlif
yerlərindən olan çox gözəl insanlara rast gətirəcək
və aramızda illərin dostluğu qədər isti və səmimi
münasibətlər yaranacaqdı. Azərbaycanda çoxsağlı
dostları olan, Bakını və İstanbulu dünyanın ən
gözəl iki şəhəri adlandıran professor Harid Fədai
(Kıbrıs), Türk dilinə ömrünün 40 ilini sərf
etmiş Arslan Bayır (Antaliya), Azərbaycan sevdalısı
aşıq Temel Turabi (Bursa), Türkiyənin
tanınmış şairi İsmayıl Tıkıroğlu
(İzmir), ilk mini kitabın müəllifi və
yaradıcısı Ümit Yaşar İşıkhan, incə
ruhlu iki şairə: Öznur Keçici Demirel, Hasibə Kaya
da və başqaları
Budəfəki söhbətim də elə Hasibə Kaya
haqda olacaq.
Hasibə
Kaya - şair, müəllim, radio aparıcı
Türkiyə Akademi Şeir ailəsinin üzvü.
1954-cü ildə Çanaqqalanın Çan şəhərində
Asmalı deyilən qəsəbədə dünyaya gəlmişdir. Çan şəhərində
orta məktəbi, sonra isə Edirnədə müəllimlik
məktəbini bitirmişdir.
1972-ci ildən
Çanakkalada orta məktəblərdə, ən son
"Kepez Mehmet Akif Ersoy" adına ibtidai
məktəbdə müəllimə işləmişdir. Bunlarla yanaşı, "Radyo Işıl Fm net"
radiosunda aparıcı kimi çalışmışdır.
Əbəbiyyatı və poeziyanı, oxuduğu orta məktəbin
ədəbiyyat müəllimi - şair Erdal Sezginin sayəsində
sevmişdir.
Həyatının mənası və dayağı hesab
etdiyi iki oğlu və iki nəvəsi var.
Çoxsaylı şeirlərin və hekayələrin
müəllifidir.
Hazırda təqaüdçüdür.
İlk görüşümüzdən öz
istiqanlılığı və təbiiliyi ilə məni
valeh edən Hasibə xanım, həm gözəl şeirlər
müəllifi, həm də gözəl nitq ustasıdır. Bənzərsiz
səsi və şeir oxuma qabiliyyətinə görə uzun
illər yerli radioda aparıcı kimi fəailyyət göstərmişdir.
Müəllimliyi isə hər şeydən
üstün bir sənət hesab etmişdir. "Türk balalarına ədəbiyyat sevgisini
aşılamaq - onları kobudluqdan, yalandan və pis hərəkətlərdən
qorumaq deməkdir" - deyən şairə, ömrünü
sevimli işinə həsr etdiyi üçün
özünü indi də çox xoşbəxt sanır.
Bu incə, sərif və gözəl xanımın
daxili aləmi də xarici görünüşü ilə həmahəng
idi. Altmış illik yubileyini qeyd edəcək Hasibə
xanıma 45-dən artıq yaş vermək olmazdı. Gənclərə olan rəğbəti, yeniliyi sevmək
və qavramaq bacarığı, dəbin damarını tutmaq
istedadıyla məni heyrətdə qoyan bu şən və
şaqraq gülüşlü insanın yanında,
özümü ondan daha dolğun və təmkinli hiss edirdim.
Lakin məni
bu xanıma bağlayan və onunla iltifat qurmağıma səbəb
yalnızca ədəbiyyata, şeirə sevgisi deyil, həm də
Vətən eşqilə döyünən böyük ürəyi
idi...
Şeir
axşamlarından birində (Lapseki, Çardaq) mən
çıxış edərkən, Qarabağ uğrunda şəhid
olmuş Vətən övladlarımızı anaraq belə
demişdim: "Kaş bizim də şəhid
oğullarımızın ruhu Çanaqqala şəhidlərinin
ruhu kimi rahat və hüzurlu olaydı. Çanaqqala
şəhidlərinin uğrunda qurban getdikləri torpaqda indi
onların övladları, Türk soyundan olan
bacı-qardaşları gəzib dolaşır. Bizim şəhidlərin qanı hopmuş torpaqlar isə
hələ də namərd düşmən tapdağı
altında əzilməkdədir. Yalnızca
insan qərib olmur, Vətən torpaqları da - düşmən
əlindədirsə - qəriblikdədir demək!"
Bu sözlər Hasibə xanımı kövrəltmişdi. Görüşdən sonra,
məni qucaqlayaraq dedi:"Əzizim, Qarabağ təkcə Azərbaycanın
deyil, Türkiyəninin də ürək yarasıdır. Neçə ki, Azərbaycanın göz yaşı
qurumayıb biz də rahat uyuya bilmərik. Sizin
qəlbiniz sızlayarkən, bizim də qəlbimiz rahatlıq
tapmaz. İnanıram ki,bir gün
mütləq işğal olunmuş torpaqlarınızı
geri alacaqsınız!"
Hasibə xanımın sözləri bir öyüd və
çağırış dəyərində idi. O qürurla
danışır, mən isə onun dediklərini ruhuma çəkirdim:
"Düzdür, analar müqəddəsdir, hamı öz həyata
gəlişinə görə Anaya borcludur. Amma
anaların da borcu var. Analar da oğulları qədər Vətənə
borcludurlar. Böyütdükləri
oğulların Vətəni nə qədər sevməsi, onu
necə qoruması məsuliyyəti Anaların çiynindədir.
Mənim bir oğlumun gözləri çox zəif
idi, eynəklə belə yaxşı görmürdü.
Əsgər getməməsi üçün
kağız verəcəkdilər. Mənsə
bilirsinizmi nə etdim? Maşınımı
satdım, oğlumun gözlərini əməliyyat etdirdim və
ona sağlam olması haqda arayış aldım. "Ya öləcək, ya dönəcək, amma Vətəni
qorumağa gedəcək!" - dedim. Getdi,
Türkiyənin boranlı-sazaqlı bir diyarında əsgərliyini
çəkdi. Oraya Tunceli Hozat deyərlər,
qışda 1-2 m qalınlığında qar yağar,
şaxta qılınc kimi kəsər. Oğlumun
əsgər olduğu müddətdə gecələri
yatmadım, saatlarla Allaha dualar etdim. Amma əsl Türk
qadını kimi bir şeyi düşünürdüm:
"O vətənin əsgəridir!" Şükürlər
olsun ki, sağ-salim qayıtdı..."
Belə qadınları, anaları olan Vətən əlbəttə
basılmaz olacaq. Bu məğrur Türk anası danışdıqca,
düşünürdüm: "Bəs mənimçün Vətən
nədir?
Vətən
- mənim və şeirlərimin canıdır! Onun həsrətidir məni şair edən. Sevdiyim, bacardığım qədər hər kəsə
sevdirməyə və tanıtmağa çalışdığım
həsrət qarışıq sevdamdır o mənim...Vətən,
onu sevən insan üçün, hər zaman gözəldir.
İstər qoynunda yaşa, istərsə də
uzaqda. İstər varlı ol, istər
kasıb. İstər varlı olsun, istər kasıb.Vətən
- Vətəndir!
Bəs Ana kimdir?
Ana o kəsdir ki, kiçik bir insan gətirir dünyaya və
onu saxlamağı öhdəsinə götürür. Buna görə də ana -
Yaradandır!
Heç bir mənfəət güdmədən bu vəzifəsini
yerinə yetirmək üçün səy göstərir. Çəkdiyi
əziyyətlərin qarşılığında heç nə
istəmir. Övladını həmişə
qoruyur və ona xeyir arzulayır. Buna
görə də, ana - Mələkdir.
Analıq qadını gündən-günə ucaldan bir
hissdir. Ananın səhvi nəslin və cəmiyyətin
qüsuruna səbəb olur. Əksinə,
onun öz vəzifəsinə düzgün riayət etməsi
xeyrxah bir cəmiyyətin yaranmasına zəmin yaradır.
O, insan böyüdür, xəstələnərkən
sağaldır, oxudur, ədəb verir, tərbiyələndirir,
əxlaq öyrədir. Buna görə də ana
- Müəllim, Tərbiyəçi, həm də Həkimdir.
Ana olmaq o
qədər məsuliyyətli bir işdir ki! O,
başqalarını tərbiyə etməzdən əvvəl
gərək özünü tərbiyə etsin, özü
xoşbəxt olmasa da, övladını xoşbəxt etməyi
bacarsın! Qadın hamiləlik dövründən
ta uşaq dünyaya gələnədək, süd verdiyi
dövrdən övladın süddən kəsildiyi dövrə
qədər Allah yolunda cihad etmiş hesab olunur. Əgər bu müddətdə ölsə - Şəhiddir
ana.
Bizim
İbad Hüseynovları, Mübariz İbrahimovları, Ramil Səfərovları
doğub böyüdən, südüylə birgə Vətən
eşqi əmizdirən, torpaq sevgili, kişi qeyrətli
Analarımız var. Elə oğulları yalnız
özünü Vətənə borclu bilən analar
dünyaya gətirə bilər və belə anaların oğlu
- igid olar, ər olar!
Ana borcu - Vətən borcu deməkdir. Və biz hamımız Vətənə
borcluyuq, çünki ən böyük Ana - odur!
Bir Türk şairinin, anasının, qadının
misalında beləcə müqəddəs anaları
xatırlayası, düşünəsi oldum. Bu gəzişmələrimin
səbəbkarı isə Hasibə Kaya idi.
...Ondan,
illərin dostu kimi ayrıldıq... Öz əliylə
toxuduğu yun hörgüləri mənə verib "Qoy
bunlar səni qışın soyuğunda isitsin. Baharda görüşmək üzərə!"
- deyərkən boynuma sarılan rəfiqəm
göz yaşlarını gizləyə bilmədi. Mən də kövrəldim. Ayrılıq -
heç zaman öyrəşə bilməyəcəyim bir
şeydir... amma bahara nə qaldı ki..
Sözlərimi Hasibə Kayanın ana dilimizə
uyğunlaşdırdığım şeirlərdən birilə
bitirirəm.
AYRILIQ
O səni
düşünmək ki var,
Səni düşünmək... uzun gecələri,
Qaranlıqlara sarılmaq,
Sən deyə qucaqlamaq kölgələri...
O səni gözləmək ki var,
Sabahlaradək yuxusuz gözləmək,
Ayaq səslərini, qapı qıcırtılarını
Min dəfə dinləyib, min dəfə ölmək...
O səni gizləmək ki var,
Quşlardan, çiçəklərdən belə qısqanmaq,
Sevərək, səni sevərək
Küləkdən, yağışdan bu eşqə sığınıb saxlanmaq...
O sənsiz darıxmaq ki var,
Tellərindən, dodaqlarından ötrü darıxmaq,
Yenə də əl-ələ bərabər olmaq,
Mavi gözlərinə doya-doya baxmaq...
...Və səndən ayrılmaq ki var,
Yenicə tapmışkən itirmək,
Çağırsam da duymaz olduğun zamanlar
Tənha günləri ard-arda ötürmək...
Bax, onlardır məni yaxan, yıxan və solduran.
Sevgi
bitdiyində,
Yalnızca
Ayrılıqla baş-başa qalır insan...
Afaq Şıxlı
525-ci qəzet.-
2014.- 23 yanvar.- S.7.