Televiziyamızın patriarxı
Bu gün məşhur
televiziya nəzəriyyəçisi və
təşkilatçısı, professor Elşad Quliyevin doğum günüdür
Bu xarizmalı insanın
yaradıcılıq və
təşkilatçılıq enerjisi tükənməz idi, aşıb-daşırdı. Kabinetində də belə idi, studiyalarda, çəkiliş pavilyonlarında,
teleşirkətin həyətində
də. Hər kəslə öz
dilində danışar,
zarafatlaşar, hal-əhval
tutardı. Adi tərcüməçilikdən sədrliyə qədər
yol keçən Elşad müəllim heç kəsə yuxarıdan aşağı
baxmazdı, əməkdaşların
hər birini dost, sirdaş gözündə
görərdi. Elşad müəllimi
yaxından tanıyanlar
onu bir qədər
xəyalpərvər, bəzən
maksimalist, bir tərəfdən də qeyri-adi dərəcədə
həssas və televiziyaya vurgun şəxsiyyət kimi səciyyələndirirdilər. "Telefenomen" əsərinin müəllifi
İradə Xanım yazır ki, Elşad müəllimin özünə inanması,
qarşısına qoyduğu
məqsədləri yaxından
duyması, çevikliyi,
gözəl xarakteri, geniş dünyagörüşü,
hazırcavablığı, sənətə sevgisi onu ətrafındakı insanların həsəd obyektinə çevirmişdi.
Məhz elə buna görə
də onun işinə pəl vurmaq istəyənlər,
qazandığı uğurları
gözü götürməyənlər
də olub.
Doğum günündə onun həyat tarixçəsinə
qısa nəzər salmaq yerinə düşərdi. 1941-ci ildə
Cəlilabad şəhərində
anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Moskvada İctimai Elmlər Akademiyasını bitirib.
3 il Lənkəranda
müəllimlik edib. Sonra AzTV-yə işə düzəlib. Tərcüməçi,
televiziya proqramları
direktoru, 1972-ci ildən
isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi
sədrinin birinci müavini, 1983-1990-cı illərdə
Komitə sədri kimi fəaliyyət göstərib. 1990-cı ildən "Bilik" Maarifçilik Cəmiyyətinin
sədri olub. 1992-ci ildə yenidən
qısa müddət AzTV sədri işləyib, 1993-1994-cü illərdə
ilk müstəqil televiziya
kanalının - BMTİ-nin
Baş direktoru olub. Əməkdar İncəsənət Xadimi, tarix elmləri
namizədi Elşad Quliyev Beynəlxalq Ekoenergetika Akademiyasının
elmlər doktoru və professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi
üzvü olub.
Keçirdiyi ağır
xəstəlikdən sonra
2008-ci il mayın 27-də dünyasını
dəyişib.
Televiziyanın kütləvi informasiya vasitələri sistemindəki
rolunun artmasında, mövqeyinin möhkəmlənməsində
Elşad Quliyevin xidmətləri danılmazdır. AzTV-yə rəhbərlik
etdiyi zamanda sovet dönəminin bütün ideoloji buxovlarına, yuxarıların
təzyiqlərinə baxmayaraq,
respublikanın yeganə
televiziyası xalqın
böyük rəğbətini
qazanmışdı. AzTV milli
şüurun və ana dilinin inkişafı,
cəmiyyətdə gedən
ictimai prosesləri, xalqın sosial-iqtisadi və mədəni nailiyyətlərini bütün
dolğunluğu ilə
əks etdirirdi. Bir faktı xatırladaq ki, texniki və
yaradıcılıq parametrlərinə
görə AzTV ötən əsrin 80-ci illərində SSRİ miqyasında
14-cü yerdən 4-cü yerə
çıxmışdı. Bu, adi statistik
göstərici deyildi,
biz Azərbaycandan qat-qat
böyük, inkişaf
etmiş respublikaları
televiziya sarıdan qabaqlamışdıq.
Elşad Quliyevin rəhbərlik etdiyi dövrdə kollektiv bir sıra
bu gün də fəxr ediləsi uğurlara imza atmışdı. Azərbaycan tarixinin
öyrənilməsi ilə
bağlı bədii və sənədli filmlərin, teletamaşaların
çəkilişinə start verilmiş, ictimai-siyasi və sosial xarakterli problemlər, cəmiyyətin mənəvi
saflaşması, sosial
ədalət uğrunda
mübarizənin genişlənməsi
verilişlərin əsas
mövzularına çevrilmişdi.
O, israrla çalşırdı
ki, monoloqdan, nəsihətdən, göstərişdən
geniş diskussiyalara, ictimai müzakirə formalarına keçilsin,
köhnə təbliğat
modellərindən imtina
edilsin, verilişlərdə
müxtəlif mövqe
və baxışlar ortaya qoyulsun, onların qarşılıqlı
təhlili verilsin. Azərbaycanda milli azadlıq
hərəkatı başlayanda
Elşad Quliyev respublikanın o zamankı
birinci katibi Əbdülrəhman Vəzirovun
bütün təzyiqlərinə
və basqılarına
baxmayaraq, Azadlıq meydanında gedən mitinqdən canlı reportaj yayımlatdırdı.
20 Yanvar hadisələrindən
sonra isə Azərbaycan KP MK-nin bütün çabalarına
baxmayaraq, etiraz əlaməti olaraq vəzifəsindən istefa
verdi. Kollektivin onun
bu addımını qəbul etməməsi və sədrliyə yeni namizədi boykot etməsi də Elşad Quliyevi fikrindən daşındıra bilmədi.
Yalniz
1992-ci ilin yazında yenidən kollektivin tələb və istəyi ilə geri döndükdə isə fəaliyyətini televiziyanın xalqdan üzr istəməsindən
başladı. Onun həmin
dönəmdəki fəaliyyəti
AzTV-nin demokratik dəyərlərə sadiqliyinin
nümayişi oldu.
Elşad Quliyev AXC hakimiyyətə gələn
andan doğma televiziyasından təkrarən
və bu dəfə birdəfəlik
ayrıldı...
"AzTV yeganə kanaldır ki, ona ailəliklə baxmaq olur" fikri məhz o illərin yaradıcılıq
ab-havasından, iş
prinsiplərindən və
metodlarından qaynaqlanıb.
Bunu danmaq olmaz. AzTV-nin "Telefilm" Yaradıcılıq Birliyinin
Elşad Quliyevin həyat və yaradıcılığı barədə
çəkdiyi "Ömrün
teleformatı" televiziya
filmində professor Nizami
Cəfərov bu sözləri çox ürəklə deyirdi.
"O, əldə mikrofon
tutmaqdan, o mikrofona deyilən sözü cəmiyyətə çatdırmaqdan
təhlil etməyədək
hər şeyi bilirdi." Tanınmış
kinoşünas Ayaz Salayev isə fikrini bu cür
ifadə etmişdi:
"O, televiziya rəhbərliyinə
həyatın içindən
gəlmişdi. Ona görə
də yaxşı insanın, düz sözün qədrini bilirdi. Elşad müəllim tolerant təbiətli, geniş təfəkkürlü, əsl
peşəkardır. Azərbaycan
teleməkanında öz
işini sevən ikinci belə bir adam
tapılmaz."
Elşad Quliyevin bu gün də, sabah da aktual olan fikirləri Azərbaycan teleməkanında çox qiymətli mülahizələr kimi qəbul olunur. Elşad müəllim deyirdi ki, aylarla bizi özümüzdən "oğurlayan, yalnız metrajı uzatmağa, biznes faktorunu gücləndirməyə və Allah bilir, daha hansı niyyətlərə xidmət edən teleseriallar bəzən əxlaqi-etik çərçivələrə sığmır. Xüsusən gənclərin mənəvi tərbiyəsində arzuolunmaz izlər qoyur. Nəyə fikir verməliyik - seçim, seçim yenə də seçim. Serial müasir televiziyanın atributudur. Lakin mövzu seçimində yanılarıqsa, əslində, uduzmuş olarıq".
Elşad Quliyev çox vətənpərvər, millətsevər, sözün əsl mənasında, Böyük Azərbaycanlı idi. Televiziya və radionun uğurlarına ürəkdən sevinir, uğursuzluqlarına çox kədərlənirdi. Bütün söhbətlərində, görüşlərində ölkə telekanallarında çalışan gənc jurnalistlərə, rejissor və operatorlara, digər peşə sahiblərinə həmişə yaradıcılıq uğurları, peşəkarlıq arzulayırdı. Mənə verdiyi müsahibələrin birində deyirdi: "Bizim vaxtımızda örnək, görüb-götürmək üçün nümunə olmayıb. Hər şeyi özümüz tapırdıq. Amma indi bəhrələnmək üçün olduqca münbit şərait var. Ənənələri yaşatmaq da olduqca prinsipial məsələdir. Unutmamalıyıq ki, yenilik həm də unudulmuş köhnəlikdir. Televiziya jurnalistləri keçmişə hörmət, bu günə ehtiram göstərməklə özlərinin daha parlaq gələcəyini qazanmış olarlar."
Və bu, təkcə televiziya ilə bağlı deyildi. O, ölkəmizin qazandığı hər uğura sevinirdi. Yaxşı xatırlayıram ki, Azərbaycan təmsilçilərinin"Eurovision"da ilk dəfə iştirak etməsinə və uğurlu çıxışına necə sevinmişdi. Sağlamlıq durumunun ağır olmasına baxmayaraq, bəstəkar Gövhər Həsənliyə zəng vuraraq onu təbrik etmişdi. Həmin hadisədən elə bir neçə gün sonra dünyasını dəyisdi...
Yəqin ki, Elşad müəllimin tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atası olduğunu çoxları bilir. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edən Cəmil müəllim Elşad Quliyevin arzu və istəklərinin davamçısı kimi çox işlər görür. Ümumittifaq Kinematoqrafiya İnstitutunun məzunu, görkəmli kinorejissor, professor Naumovun ən istəkli tələbələrindən biri olmuş Cəmil Quliyev Azərbaycan Dövlət Film Fondunun, Mədəniyyət kanalının inkişafında, Kinematoqrafçılar İttifaqının yenidən formalaşmasında böyük xidmətlər göstərmişdir. Bu təvazökar, mədəni və olduqca sadə insanın rejissorluğu, ssenari müəllifliyi və bədii rəhbərliyi ilə araya-ərsəyə gələn filmlər böyük tamaşaçı rəğbəti qazanıb. "Bu da bir naxışdır", "Həsənbəy Zərdabi", "Cansıxıcı əhvalat", "Şirbalanın məhəbbəti", "Bir ömür sədası", "Bayramda yağış" və digər filmləri Azərbaycan kino sənətinin dəyərli nümunələri hesab olunur. Elşad Quliyevi yaxşı tanıyanlar, onun yaradıcılıq irsinə və ruhuna hörmət bəsləyənlər Cəmil müəllimin öz təşkilatçılıq və rəhbərlik fəaliyyətində Quliyevlər ailəsinin hər cür çətinliklərdən və sınaqlardan üzüağ çıxmış prinsiplərinə sadiq qalacağına tam əmindirlər.
Akif CABBARLI
525-ci qəzet.- 2014.- 23 yanvar.- S.5.