Türk dünyası
üçün sistemli ideoloji baxış
Cavanşir Feyziyevin yeni
kitabı haqqında qeydlər
Bilgə
Xaqanın "Ey türk! Titrə, özünə dön, sən
özünə dönəndə böyük olursan!"
deyimi ilə sanki xeyir-dua alan "Türk
dövlətləri birliyi. Qlobal inteqrasiyanın
Avrasiya modeli" kitabı haqqında düşüncələrimi
bölüşmək qərarıma monoqrafiya ilə ilk
tanışlığımdaca gəldm. Təkcə ona
görə yox ki, müəllifi dostumuz, Azərbaycan Mətbuat
Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin
deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev olan nəşri
mütaliə edərkən gözlərimin önündə
hələ gənclik illərimdən böyük həvəs
göstərdiyim türk tarixinin ayrı-ayrı şanlı səhifələri
canlandı. Həm də o səbəbdən ki,
varlığı ilə gerçək tarix yaradan toplumun
üzərindən əsrlər keçdikdən sonra öz
kimliyini, mahiyyətini unudacaq, unutdurulacaq şəklə
salınmasını doğuran vəziyyəti təsəvvürə
gətirdim.
Əvvəllər də bu barədə
düşünmüşdüm. Müəyyən nəticələrə
gəlsəm də, "hər şeyin bir sonu olur" deyərək
türk varlığı ilə bağlı proseslərin bəlli
qanunauyğunluq sistematikasına əsaslandığı
nöqtəsində dayanmışdım. Tarixdə
iz qoymuş xalqlar, onların yaratdıqları nəhəng
imperiyalar olub və əlahəzrət zaman keçdikcə bəşər
cəmiyyəti bu quruluşların sıradan
çıxmasına şahidlik edib. Amma hər
qanunauyğunluqda da məntiqi gedişatın mövcudluğu
prinsipi var. Bəs, bu gedişatı doğuran mətləb nədən
ibarətdir?
Əlbəttə, bir çox səbəbləri
vurğulamaq mümkündür. Zənnimcə, ən
böyük səbəb kitabsızlıq,
ideyasızlıqdır. Həyata
keçirilən hər bir işin ideya bazasının
istisnalılığı məramından asılı
olmayaraq onu məhvə sürükləyir. Qərb cəmiyyətlərində mövcud
reallıq çoxdan dərk edilib. Nəzərə
alaq ki, indiki Avropa Birliyi bir model kimi hazırda quruma üzv olan
dövlətlərin siyasətində uzun müddətli hədəf
halına gəlməzdən öncə düşüncələrdə
təşəkkül tapmış, çeşidli kitablar
vasitəsilə cəmiyyətə yeridilmişdi. Türk birliyi məsələsi isə məhz vahid
konsepsiyasızlıqdan zaman-zaman ideoloji fazaya qədəm qoya
bilməmiş, nəticə etibarilə türklərin toplum
olaraq dünya düzəninə təsiri
aktuallaşmamışdı. Tam əminliklə
söyləyə bilərəm ki, hörmətli Cavanşir
müəllimin müəllifi olduğu "Türk dövlətləri
birliyi. Qlobal inteqrasiyanın Avrasiya
modeli" kitabı ilk növbədə məhz bu təsiri
aktuallaşdıran, ona yeni çalarlar gətirən, cilalayan
düşüncə məhsuludur. Zənnimcə,
müəllif qlobal inteqrasiya şəraitinidə türk
dövlətləri birliyinin Avrasiya modelini müstəqil,
müəyyən mənada alternativ xassəli sistem kimi ortaya
qoymaqla əslində indiyədək gedilməyən yol
üçün zəmin formalaşdırır. Haqqında bəhs etdiyim kitabsızlığı
aradan qaldırmaq istiqamətində müstəsna həlqəni
təşkil edən bu yolun öyrənilməsi eyni zamanda
türklərin tarixən formalaşmış dövlətçilik
ənənələrindəki ədalətlilik prinsipinə
söykənmək, məhz ona tapınmaq üçün
tutarlı bağlantılar yaradır.
Monoqrafiyanın vacib cəhətlərindən biri də
yeni dünya düzənində türk toplumunun vahid orqanizm
halında fəaliyyət göstərməsi zərurətinin
konkret faktlarla isbatlanmasıdır. Məlumdur ki,
zaman-zaman türklərə münasibət birmənalı
olmayıb və eyni tendensiya yaşadığımız
dövr üçün də aktuallığını
saxlamaqdadır. İslami dəyərlərin
praktik fəaliyyət müstəvisində tətbiqinin
uğurlu modelini ortaya qoymuş türklərin simasında
dinimiz bir çox xüsusiyyətləri ilə
özünü göstərən fanatiklik və
ehkamçılıq kimi yanlış yöndəki təqdimatlardan
müəyyən qədər sığortalanıb, nümunəvi
həyat tərzinin normasına çevrilib. Mövcud anlamda ərəb işğalları nəticəsində
yayılmış İslamın Osmanlı fəthləri ilə
görünməmiş şəkildə möhkəmləndiyini
vurğulamaq yerinə düşər. Zaman
keçdikcə Qərb həmin möhkəmlənmənin əsasında
duran prinsiplərə məxsusi fəlsəfi çalarlar gətirərək
onu nəinki ideyalaşdırdı, eyni zamanda həmin ideyaların
nəticəsində üstünlüyə yiyələnməyi
bacardı. Mövcud üstünlükdə
isə türkçülüyə qarşı mübarizə
başlıca xətt idi.
Bəli, türklərin tarixi
saxtalaşdırıldı, türk milli kimliyi məsələsi
şübhə altına alındı və sair xoşagəlməzliklər
yaşandı.
Qərbin ortaya qoyduğu strateji yöntəm
türklərin yaşadıqları bəlli arealı öz
hakimiyyəti altında birləşdirən keçmiş
SSRİ-nin ideoloqları tərəfindən daha da dərinləşdirildi.
Saxta sovet beynəlmiləlçiliyi musiqisinin
notları ilə assimilyasiya prosesləri geniş vüsət
aldı. Aparılmış "məqsədyönlü"
təbliğatın nəticəsiydi ki, türk milli kimliyi və
şüuru şübhə altına alındı.
Bu sayaq mənfi prosesləri özünəməxsus incəliklə
anladan C.Feyziyev tarixin mənfi yaşantılarının təkrarlanmaması
üçün bir növ, mənəvi ummunitet
formalaşdırır. Müəllif türk dövlətçiliyinin
genezisi müstəvisində tarixi-siyasi münasibətlərin
dinamikasına gətirdiyi izahda gələcəyə
işıq salır, bütövlükdə ayrı-ayrı
mütəfəkkirlərin baxışlarında
formalaşmış türk birliyi ideyasındakı təkamülün
labüd trayektoriyasını böyük ustalıqla
cızır. Türk dünyasının
düşüncə sahiblərinə məxsus
baxışların sistemləşdirilməsilə ortaya
çıxarılan bu yanaşmanın özü bir modeldir və
monoqrafiyanın məxsusiliyini vurğulamaq baxımından son
dərəcə mühüm göstəricidir.
Ümumtürk
mədəniyyətini fərqli sivilizasiya nümunəsitək
şaxələndirən, müxtəlif formaların təsnifatını
verən C.Feyziyev türkçülüyün türk və
dünya xalqları üçün həm milli, həm də
ümumbəşəri əhəmiyyətini Mahmud
Kaşğarlının, Bahəddin Ögəlin, Yusif
Akçuranın, Əli bəy Hüseynzadənin, Əhməd
Ağaoğlunun, Ziya Göyalpın və digər
dühaların yaradıcılığına əsaslanaraq
sistemləşdirir, ayrı-ayrı baxışlardan bəhrələnərək
müqayisəli təhlillərilə vahid ideya platforması
yaradır. Monoqrafiyanın məhz bu
üstün cəhəti onu türk xalqları tarixinin, siyasi
düşüncələr məcmusunun, mədəniyyətinin,
məişətinin tədrisi prosesində də müstəsna
mənbəyə çevirir.
Kitabın üçüncü fəsli
"Avrasiyanın inkişaf perspektivləri və türk
dövlətləri" adlanır. Fəslin ilk bölümündəki
"Asiya və Avropa: türklərin
görüşdürdüyü dünyalar"
başlığında türklərin hər iki qitə
arasında oynadığı tarixi rolun incəliklərinə
nəzər salındığı və məhz türk
toplumunun daşıdığı missiyanın ideya
nöqteyi-nəzərdən avrasiyaçılıq kimi dəyərləndirilməli
olduğu vurğulandığı halda, növbəti hissədə
"Rusiya Avrasiyaçılığı" sərlövhəsinin
yer alması maraq doğurur. Başlıq mənə
C.Feyziyevin bir müddət öncə qələmə
aldığı, ölkəmizin əksər kütləvi
informasiya vasitələrində və xəbər
saytlarında dərc edilmiş "Orxan Zeynalov, Rus
Avrasiyaçılığı və Türk birliyi" məqaləsini
xatırlatdı. Həmin yazıdakı
fikirlərin kitabda daha fundamental şəkildə əksini
tapması ilə formalaşdırılan mənzərə onu
deməyə əsas verir ki, rus
avrasiyaçılığı türklərin
görüşdürdüyü dünyaları bir növ, mənimsəməyə
yönəlmiş avantüradır. Mövcud mənimsəmənin
real əsaslarında I Pyotrun ambisiyalarından tutmuş 70 il Azərbaycan xalqının da tərkibində
yaşadığı SSRİ kabusu mərhələsinin
başlaması və bitməsinədək olan az qala hər
bir detal əhəmiyyətlidir. Bu kimi məqamlara
geniş aydınlıq gətirən müəllif Sovetlər
Birliyinin süqutu ilə yeni fazaya qədəm qoymuş rus
avrasiyaçılığının hazrkı Rusiyanın
dövlət ideologiyasında mühüm həlqə
olduğunu əminliklə vurğulayır. C.Feyziyev daha sonra Qərbin Avrasiya siyasətindəki
ideoloji motivləri qabardır, "Qafqaz və Mərkəzi
Asiya geopolitikasında yeni istiqamətlər. Avrasiyanın "Türk konsensusu" sərlövhəsi
ilə ümumiləşdirmə aparır, ən böyük
və coşğun siyasət okenı olaraq dəyərləndirdiyi
Avrasiyanın türk toplumu üçün tarixi
doğmalıq tellərini sadalayır. Həm
Rusiyanın, həm də Qərbin maraqlarının müfəssəl
təhlilini verərək suveren türk dövlətlərinin
birliyinin zəruriliyini bölgədəki geosiyasətdə
varlıq formulu adlandırır. Zənnimcə, istər elmi,
istərsə də məfkurəvi mahiyyət daşıyan
bu yanaşmanın ayrıca xətt kimi təbliği və tədrisi
müstəqilliyinin 23-cü ilinə qədəm qoymuş gənc
Azərbaycan dövlətinin böyük siyasət labirintində
daim ayaqda qala, özünün oyun qaydalarını daha əminliklə
diqtə edə bilməsi anlamında son dərəcə vacib
məqamdır.
"Beynəlxalq siyasət və beynəlxalq hüquqda
birlik yaratmanın əhəmiyyəti". Kitabın belə
adlandırılmış dördüncü fəsli barədə
söz açarkən onu qeyd etmək istərdim ki, son zamanlar
türk dünyasının konsolidasiyası baxımından
bir sıra önəmli proseslərə şahidik. Türk birliyini təcəssüm etdirən müxtəlif
adlı qurumlar yaranıb və onların sayı
artmaqdadır. Yadınızdadırsa, iki il
öncə Bakıda Türkdilli Ölkələrin və
Toplumların Media Birliyi formalaşdı. Qurumun
təsisi 2010-cu ildə Ankarada baş tutmuş Türkdilli
Ölkələrin və Toplumların I Media Forumunda
açıqlanan prinsiplərin 2011-ci ildə
paytaxtımızda gerçəkləşmiş II forumda həyata
keçməsinin əyani nəticəsiydi. Mərkəzi aparatı Ankarada yerləşən təşkilat
hazırda uğurla fəaliyyət göstərməkdədir.
Həm media birliyinin yaradılmasında, həm
də türkdilli toplumların bir-birinə yaxınlaşmasını
nəzərdə tutan digər layihələrin
reallaşmasında qardaş Türkiyənin öncül
rolunu xüsusi vurğulamaq lazımdır. Ancaq real şərait onu göstərir ki, Azərbaycan
olmadan bu öncüllüyün faydalı nəticələrinə
ümid etmək demək olar, mümkünsüzdür.
Söhbəti media müstəvisinə
daşımışkən onu da qeyd edim ki, türkdilli
ölkələrin mediası içərisində dünya
mediasına inteqrasiya baxımdan ən öncül mövqe
Türkiyənin kütləvi informasiya vasitələrinə
məxsusdur. Qardaş ölkənin təcrübəsinin öyrənilməsi
Azərbaycan üçün önəmlidir. Lakin hazırkı qloballaşma dövründə həm
Türkiyə mediasının, həm ictimai, həm də
dövlət qurumlarının əməkdaşlıq
konturlarına, informasiya mənbələrinə ehtiyacı
qaçılmazdır. Nəzərə
alaq ki, dövlətin strateji maraqları baxımından da
önəmli məsələlər mövcuddur. Türkdilli xalqların yaşadıqları areal
kifayət qədər böyükdür və həmin arealda
baş verənlərdən daha operativ şəkildə xəbərdar
olmaq proseslərə təsir imkanları baxımından
müstəsna dividentdir. Qarşılıqlı
əməkdaşlıq isə hər bir türk toplumun qloballaşan
dünyaya inteqrasiyasını heç şübhəsiz,
sürətləndirir. Əslində bütün bunlar
istər-istəməz adət-ənənə, dil, din birliyinə,
məişət yaxınlığına əsaslanan
ortaq maraqları formalaşdırır və möhkəmləndirir.
Konsolidasiyaya maneçilik törədən faktorlardan söz
açarkən qeyd edilməlidir ki, türk xalqları
zaman-zaman bir-birinə zidd ictimai-siyasi formasiyalarda da
yaşamalı olmuşlar. Hazırkı dövrdə
də türk toplumları ayrı-ayrı müstəqil
dövlətlərin tərkibindədirlər. Lakin dəyərlər prinsip etibarilə vahid təbiətə
malikdir. Elə bilirəm ki, C.Feyziyev monoqrafiyasında bu
kimi məqamların incə təhlilini verməklə həmin
dəyərlərin məğzində dayanan ideya
platformasının həyatiliyinin qabardılmasına yönələn
müstəsna iş görüb. O, beynəlxalq arenada
türkdilli ölkələr arasındakı əlaqələrin
sağlam təməllər üzərində qurulması
prinsipini, həmçinin bu ölkələrdə yaşayan
millətlərin anlayış və dialoq, mədəni
yaxınlıq kimi ortaqlıqlara sadiqliyini əsas tutaraq
qarşılıqlı fəaliyyətin aspektlərini müəyyənləşdirib.
Mövcud xüsusda bütöv Azərbaycan
ideyasını vahid türk dünyasının tərkib hissəsi
olaraq önə çəkən müəllif türk
dövlətləri birliyini beynəlxalq siyasətin
avanqardı, beynəlxaq hüququn subyekti kimi vurğulamaqla
dünya dövlətlərinin qlobal və regional miqyaslarda
konsolidasiyasının məcburiyyət deyil, siyasi zərurət
anlayışına söykənməsinin türk toplumu
üçün də keçərliliyinə aydınlıq
gətirib.
Bir qədər əvvəl türk birliyində Türkiyə ilə yanaşı Azərbaycanın da hərəkətverici qüvvə olduğunu diqqətə çatdırdım. Monoqrafiyanın "Sarsılmaz təməllər üzərində" adlı beşinci fəslində buna xüsusi diqqət yetirən C.Feyziyev iki ölkənin vahid fəaliyyət xəttini dünya türkçülüyünün cazibə mərkəzi adlandırıb. Bir qədər də konkretləşdirsəm, o bildirib ki, Türkiyə və Azərbaycan arasındakı doğmalıq əlaqələri türk dünyasını inkişaf etdirən münasibətlərin cazibə mərkəzini təşkil edir. Müəllifin həmin mərkəzin böyük simaları sayılan Ulu Öndər Mustafa Kamal Atatürkün və Ümummilli lider Heydər Əliyevin baxışlarına söykənməsi türk dünyası məkanının gələcək perspektivlərinə izah vermək nöqteyi-nəzərdən müstəsna səciyyə daşımaqdadır. Mustafa Kamal Atatürk "Ey türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərliklə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. ...Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu sənin üçün həm bir haqq, həm də bir borcdur" söyləməklə çağırış etmişdisə, Heydər Əliyevin "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər yaradır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir" deməsi birgə fəaliyyət naminə sanki katalizator rolunu oynamışdı. Bu fikirləri ümumiləşdirən, onları ümumtürk məsələsinin ideya mənbəyi olaraq görən C.Feyziyev qeyd edir ki, türk dünyası vahid konsepsiyanın şərtləri daxilində milli siyasətlə bəşəri amallara xidmət edən siyasətin harmoniyasını tapa və öz iradəsini ortaya qoyan, yeridən nüfuzlu qlobal gücə çevrilə bilər. Zənnimcə, müəllifin Azərbaycan-Türkiyə qardaşlığı timsalında türk dünyasının müttəfiqləşməsinin vacibliyini əsaslandıran düşüncələri labüd konsolidasiya prinsiplərinə hərtərəfli yanaşmanın ifadə olunduğu müstəsna nəzəri-konseptual baxışdır.
Nəhayət, C.Feyziyev "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabının sonuncu - altıncı fəslində qloballaşma şəraitində türk dövlətləri birliyinin strategiyasının nələrdən ibarət ola biləcəyi üzərində dayanaraq əslində digər fəsillərdə cızdığı trayektoriyada bir növ, məntiqi yekun, daha doğrusu konkret hədəflər tapır. Mövcud tapıntıda özünün də vurğuladığı kimi, dünya miqyasında ümumtürk təşkilatlanmasının qlobal və beynəlxalq siyasətin əsas fundamental istiqamətlərində pozitiv tranformasiyalar prosesini həyata keçirən yaradıcı qüvvə kimi meydana gətirdiyi tarixi-siyasi imkanların sadalanması xüsusilə əhəmiyyətlidir. Həmin imkanlar sırasında beynəlxalq təhlükəsizliyin Avropa İttifaqı və NATO ilə yanaşı, Türk Dövlətləri Birliyi dayağının yaradılmasından tutmuş Avrasiyanın qlobal siyasi məkan bütövlüyünü qazanaraq dünyanın ən inkişaf etmiş regionuna çevrilməsinədək vurğuladığı bütün detallar müəllifin ümumən Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış ortaya qoyduğunu təsdiqləyir.
Sonda onu da bildirim ki, dostumuz, fəlsəfə doktoru hörmətli Cavanşir Feyziyevin "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının həyatında müstəsna hadisədir. Tarixin müxtəlif dövrlərində baş vermiş hadisə və proseslərin türkçülük maraqları nöqteyi-nəzərindən uzlaşdırıldığı, mükəmməl yanaşmanın dolğun analitik təhlillərlə əsaslandırıldığı belə bir nəşrin məhz azərbaycanlı müəllif tərəfindən qələmə alınması böyük ölçüdə tamamlayıcı faktordur. Bu o deməkdir ki, qlobal proseslərin mühüm aktoruna çevrilmiş ölkəmiz həmçinin mənsub olduğu türk dünyasında nəzəri-ideoloji baza formalaşdıran mərkəz, fundamental ideyalar qaynağıdır. Cavanşir müəllimin gələcəkdə bu deyimi daha dolğun şəkildə təsdiqləyən dəyərli nümunələrlə bizləri sevindirəcəyinə tam əminəm. Ona bu istiqamətdəki elmi axtarışlarında uğurlar arzulayıram.
Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının
sədri
525-ci qəzet.- 2014.- 23
yanvar.- S.4.