Kitabla yaşanan ömür
Baba Absəməd oğlu Səmədov respublikamızın füsunkar təbiətə malik
dilbər guşələrindən sayılan Masallı
rayonunun Səmidxan kəndində zəhmətkeş bir ailədə dünyaya
göz açıb, boya-başa çatıb. O, Masallı şəhər
3 saylı orta məktəbini bitirdikdən
sonra Gəncə Dövlət Universitetinin
(keçmiş H.Zərdabi
adına KDPİ-nin) Tarix fakultəsinə
daxil olub. 1977-ci ildə ali
təhsilini müvəffəqiyyətlə
başa vuraraq tarix müəllimi ixtisasına yiyələnən
gənc pedaqoq öz doğma kəndlərində işləmək
qərarına gəlib.
Həmin vaxtdan 1982-ci ilədək Səmidxan kənd
orta məktəbində
ixtisası üzrə
müəllim kimi fəaliyyət göstərib.
Həyat
elə gətirib ki, Baba müəllim Bakı şəhərinə
köçməli olub.
İstedadlı pedaqoq
1982-1989-cu illərdə Bakının
Sabunçu rayonundakı
77, 1989- 2005-ci illərdə isə Qaraçuxur qəsəbəsindəki 104 saylı
orta məktəblərində
çalışıb, gənc
nəslin təlim-tərbiyəsi
ilə məşğul
olub.
Baba Səmədov harada
işləməsindən asılı
olmayaraq, həmişə
məsuliyyətlə, tələbkarlıqla
çalışıb, təcrübəsini
bilik və bacarığını başqalarından
əsirgəməyib. Bu səbəbdən də bacarıqlı pedaqoq işlədiyi kollektivlərdə
müəllim və şagirdlərin, eləcə
də yerli sakinlərin dərin hörmət və nüfuzunu qazanıb, sayılıb-seçilib. Ömrünü gənc nəslin təlim-tərbiyəsinə,
övladlarının qayğısına
həsr edən fədakar ziyalı, təəssüf ki, xəstəliyi
ilə əlaqədar
vaxtından qabaq təqaüdə çıxmaq
məcburiyyəti ilə
üzləşib, öz
sevimli peşəsindən
ayrılmalı olub. Lakin bütün çətinliklərə,
məhrumiyyətlərə baxmayaraq, Baba müəllim
özündə iradə
və güc taparaq daim yaşamağa,
çalışmağa, xeyirxah
əməllərlə məşğul
olmağa can atıb.
Bu iradə və
inamla da o, ömrünü uşaqlıq
yaşlarından çox
sevdiyi kitablarla bağlayıb. Özünün
dediyi kimi, ondakı bu həvəsi, məhəbbəti
atası Absəməd
kişi yaradıb. Dünya və Azərbaycan ədəbiyyatı nümunələrindən
ibarət bədii kitabları oxumaqdan zövq alan
bu el ağsaqqalı evə daim müxtəlif
kitablar alıb gətirib. Baba da
böyük maraq hissi, şövq ilə həmin kitabları oxuyub, mütaliyə edib. Bu da onun dünya görüşünün
inkişafında, mənəvi
cəhətdən zənginləşməsində
mühüm rol oynayıb, həyat istiqamətini müəyyənləşdirib.
Ona görə də o, həyatda, təhsildə qazandığı uğurlara
görə
kitablara borclu olduğunu deyir. Təsadüfi deyildir ki,
Baba Səmədov 1961-ci ildən
başlayaraq, bədii
və tarixi kitabları mütaliyə
etməklə bərabər,
onları toplayıb zəngin, gözəl bir şəxsi kitabxana yaratmağa da müvəffəq olub. Onun zəngin kitab kolleksiyaları sırasında dünya və Azərbaycan ədəbiyyatının şedevrləri ilə yanaşı, nadir kitab nümunələri də
yer alıb. Baba müəllim kamillik, mənəvi təmizlik mənbəyi hesab etdiyi kitabları
başqalarına da sevdirməyi bacaran insandır. Gənclərin tərbiyəsində, pis vərdiş və əməllərdən
çəkindirilməsində onların mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayan pedaqoq hər yerdə kitabla əlaqədar geniş təbliğat işi aparır.
Kitab təbliğatı
onun, bir növ, həyat devizinə, fəaliyyət
məramına çevrilib. Təcrübəli pedaqoq çalışır
ki, hər bir kəs bədii
və tarixi kitabları oxusun, onlardan yetərincə bəhrələnə bilsin.
Odur ki, Baba müəllim ona müraciət edənlərdən heç
vaxt kitablarını əsirgəmir. Şəxsi kitabxananın
imkanlarından gənclər
daha çox yararlanırlar. Kitabların oxucularının
sayı gündən-günə
artır.
Onların hər biri
Baba müəllimin xidmətini,
göstərdiyi köməklikləri
yüksək qiymətləndirir,
daimi razılıqlarını
və minnətdarlıqlarını
bildirirlər. Bakı şəhər
sakinləri İsmayıl
Cəfərov, Vaqif Kazımov və Oruc Orucov da
bu kitabxananın daim oxucularındandır.
Onların qənaətinə görə, Baba müəllim
öz fəaliyyəti
ilə bu gün, sözün həqiqi mənasında, alqışalayiq şərəfli
və səmərəli
vətəndaşlıq missiyası
həyata keçirir.
Baba Səmədov təbiəti sevən, onun gözəlliyini dəyərləndirməyi bacaran
bir insan kimi də tanınır.
Onun yaratdığı
bağçada yetişdirilən
müxtəlif növlərdən
olan gül-çiçəklər
görənlərdə fərəh
və rahatlıq hisslər oyadır, hər kəsi təbiətə sonsuz məhəbbət və həvəs bəsləməyə
sövq edir.
Gözəl ailə başçısı
olan B.Səmədov həyat yoldaşı Səkinə xanımla 4 uşaq böyüdüb boya-başa çatdırıb,
ev-eşik sahibi edib. Onların böyk oğlu
Elşən BDU-nu bitirib,
tarix müəllimi kimi atasının yolunu davam etdirir.
Kiçik oğul Tərlan
Neft Akademiyasında təhsil alıb, öz ixtisası üzrə çalışır.
Ailənin qız övladları
Günel və Gültəkin isə tibb bacısıdırlar. Övladların hər biri ləyaqətlə yaşayıb,
çalışır, atalarının
adını uca tutur, onun etimadını
layiqincə doğruldurlar.
Kitab aşiqi, təbiət vurğunu Baba müəllim
övladlarını, nəvələrini
də bu ruhda tərbiyə edib. Onların hamısı kitab
oxumağa böyük
həvəs göstərir,
təbiəti sevirlər.
60 yaşını başa vurmuş Baba Səmədov ömrünün
müdriklik çağlarını
yaşayır, böyük
inam və əzmlə öz xeyirxah əməllərini
bu gün də uğurla davam etdirir. Onun mənalı həyat yolu gənclərimiz üçün əsl örnək hesab oluna bilər.
Sabir Rüstəmoğlu,
pedaqogika üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2014.- 24 yanvar.- S.8.