"Hüquqi dövlət və vətəndaş
cəmiyyəti demokratiya ilə sıx bağlı
anlayışlardır"
Gülzar
İbrahimova: "Qanunun aliliyini tanıyan hüquqi
dövlƏt qurulmuş bir ölkə vətəndaş cəmiyyəti
üçün münbit zəmindir"
Müsahibimiz AMEA İnsan Hüquqları
İnstitutu, Din və İctimai Təhlükəsizlik
şöbəsinin müdiri, siyasi elmlər doktoru
Gülzar İbrahimovadır. Söhbətimizin məğzini vətəndaş
cəmiyyəti və
hüquqi dövlət quruculuğu mövzusu təşkil
edir.
(Əvvəli ötən
sayımızda)
- Vətəndaş
cəmiyyətinin inkişafı dövlətə nə verir?
-Vətəndaş
cəmiyyətinin inkişafı dövlətin inkişafı
deməkdir. Bu iki tərəfin inkişafı isə vətəndaş
cəmiyyətinə dövlət müdaxiləsinin
qarşısını alan siyasi sistemin
inkişafına aparır. Deməli, onların
birgə vəhdət təşkil etməsi istər vətəndaş
cəmiyyətinin, istərsə də hüquqi dövlətin
mövcudluğu üçün mütləqdir.
Vətəndaş cəmiyyəti və hüquqi
dövlətin arasındakı qarşılıqlı
münasibətlərdən danışarkən, onu qeyd etmək
olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə
və əksinə, çevrilməsi prosesi baş verir. Dövlət
strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin
qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti
strukturları - parlament və siyasi partiyalar dövlət
strukturlarına çevrilir.
- Bu zaman
hansısa ziddiyyətlər də yarana bilərmi?
- Real həyatda
vətəndaş cəmiyyəti və dövlətin
qarşılıqlı münasibətlərinin dialektik
baxımdan bir-birinə zidd üç variantı ola bilər: dövlət vətəndaş cəmiyyətini
boğur və bunun nəticəsi kimi totalitar rejim yaranır;
dövlət vətəndaş cəmiyyətinin iradəsini
yerinə yetirir, hüquqi dövlət kimi hüquq çərçivəsində
fəaliyyət göstərir. Bu halda demokratik
rejim meydana çıxır. Vətəndaş cəmiyyəti
ilə dövlət arasında etibarsız bərabərlik
olduqda isə avtoritar rejimlər yaranır .
Vətəndaş cəmiyyətinin əsası mədəni,
müstəqil, tam hüquqlu fərddir və bu cəmiyyətin
keyfiyyəti və məzmunu fərdin mühüm keyfiyyətlərindən
asılıdır. Vətəndaş cəmiyyəti insanların qrup və
fərdi mənafelərini və hüquqlarmı qorumalı
olan müstəqil assosiasiyaların simasında dövlətlə
xüsusi münasibətlərdədir. Bir məsələ
var ki, vətəndaş cəmiyyəti nə qədər
güclü inkişaf edibsə, demokratik rejimlər
üçün əsaslar bir o qədər çoxdur. Əksinə, vətəndaş cəmiyyəti nə
qədər zəif inkişaf edibsə, avtoritar və totalitar
rejimlərin meydana gəlməsi ehtimalı bir o qədər
çoxdur.
Vətəndaş cəmiyyətinin meydana gəlməsi
insan hüquqları və vətəndaş hüquqları
arasında hədd qoyulması ilə bağlıdır. İnsan
hüquqlarını vətəndaş cəmiyyəti, vətəndaş
hüquqlarını isə dövlət təmin edir. Hər iki halda şəxsiyyətin
hüquqlarından söhbət gedir, lakin əgər birinci
halda ayrıca fərd kimi şəxsiyyətin yaşamaq
hüququ nəzərdə tutulursa, ikinci halda onun siyasi
hüquqları nəzərdə tutulur. Beləliklə,
həm iqtisadi, həm də mədəni, mənəvi və
siyasi potensiallarını özü reallaşdırmaq
hüququna malik olan şəxsiyyət istər vətəndaş
cəmiyyətinin, istərsə də hüquqi dövlətin
mövcudluğunun ən vacib şərti kimi
çıxış edir və fərd vətəndaş cəmiyyəti
vasitəsilə bu potensiallarını reallaşdıraraq,
sosial həyatın təkrar istehsalını təmin edir.
- Sizcə,
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi
dövlət quruculuğu hansı səviyyədədir?
- Akademik
Ramiz Mehdiyev "Azərbaycan:
qloballaşma dövrünün tələbləri" və
"Milli məfkurə, dövlətçilik, müstəqillik
yolu ilə" adlı fundamental əsərlərində bu məsələləri
ətraflı təhlil edib. Azərbaycanda vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğunun
özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm
kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri
kimi özünü göstərir. Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğuna nail olmaq siyasi hakimiyyətin bütün dairələri
üçün əsas istiqamət sayılan məqsəddir.
Kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyət göstərməsi, üçüncü
sektorun - qeyri-hökumət təşkilatlarının, birlik
və assosiasiyaların maneəsiz işləməsi, söz,
iradə, fikir, dini etiqad azadlığı müasir Azərbaycanın
ictimai-siyasi inkişafının öncül istiqamətləridir.
Ölkədə müstəqillik əldə olunandan
sonrakı dövrü analiz etdikdə aydın olur ki,
müasir vətəndaş cəmiyyətinin və siyasi
etikanın təşəkkülü birdən-birə
mümkün deyil. Bunun üçün cəmiyyətin mədəni
səviyyəsinin artması və hüquqi dövlətin
möhkəmlənməsi vacibdir. Aydındır ki,
demokratik şəraitdə cəmiyyət üç cür
parçalanır: siyasi, mədəni və iqtisadi. Bu
parçalanma da digər tərəfdən marksistlərin:
"Hər şey iqtisadiyyatdan başlayır" fikrinə əks
bir fikir ortaya qoyur: hər şey siyasətdən, mədəniyyətdən
və bir növ fəalların şüurundan
asılıdır. Odur ki, Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşmasının xarakteri və mahiyyətini
ümumiyyətlə dəqiq təsvir etmək mürəkkəb
işdir. Bu baxımdan Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşması bir necə dialektik ziddiyyətlə
qarşılaşır. Birincisi, öz
mahiyyəti etibarilə öz ənənəsi olan Azərbaycan
cəmiyyəti Qərbi Avropanı "yeni" dəyərləri
və ənənələrini xüsusi tərzdə qəbul
edir. Yəni, uzun müddət totalitar, inzibati-amirlik
sistemində yaşamış cəmiyyətdə bunları
kütləvi şüura "yeridərkən" qərbçi
modernistlərin, anti-modernistlərin və anti-qərbçi
modernistlərin maraqlarının toqquşması baş verir.
Azərbaycan sosiumunda belə toqquşma problemini milli
sosium şüurunun, fəaliyyətinin və funksiyalarının
vesternləşməsi kimi səciyyələndirmək
olardı.
Diqqəti ona da yönəltmək istərdik ki, siyasi
elitada siyasi elmin səhv başa düşülən
hansısa postulatları ilə bağlı olan və
totalitarizm dövrünü yaşamış ölkələrin
bir çoxu üçün səciyyəvi olan bəzi saxta
stereotiplər dərin kök salıb. Onlar konsensusa nail olmaq və
vətəndaş cəmiyyətinin təşəkkülü
yolunda şüurlu surətdə dəfedilməz maneələr yaradır.
Onlardan bəzilərini sadalayaq:hökumət xalqın
qayğısına qalmalı, həyat səviyyəsindən
tutmuş hüquqların tapdalanmasına qədər hər
şey üçün məsuliyyəti boynuna götürməlidir;
əgər həlledici vəzifələrə vicdanlı
adamlar qoyulsa, bütün cəmiyyət korrupsiyanın aradan
qaldırılmasına qoşulsa, korrupsiyanın
kökünü müəyyən dərəcədə kəsmək
olar; iqtisadiyyatda liberal islahatlar və dövlət nəzarətinin
sərtləşdirilməsi bir-birilə tutmur və sair. İqtisadiyyat, siyasət sahələrində və
məhkəmə-hüquq sistemində reallaşdırılan
islahatlar Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğu prosesinin dinamik və daimi amil kimi keçidin
başlıca şərtlərini təşkil edib, ötən
əsrin 90-cı illərinin axırlarında reallığa
çevrilib. Aydın dərk etmək
lazımdır ki, vətəndaş cəmiyyətinin əslində
bütün təsisatları güclü dövlət sayəsində
mövcud olur.
- Bu sahədə
hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda
ölkədə ictimai təşkilatlar güclü şəkildə
siyasiləşib və onların fəaliyyət vektoru problemlərinin
həllinə deyil, kənara yönəldilib (onlar ya dövlətə
işləyir, yaxud da onun əleyhinə fəaliyyət
göstərirlər). Təəssüf ki, milli
siyasi və ictimai təşkilatların çoxu vətəndaşların
rifahına nail olmaq kimi məqsədə çatmağa
çalışmaqda dövlətin real tərəfdaşlarına
çevrilmədilər. Bunun səbəblərindən
biri odur ki, Azərbaycanda özlərini müxalifət hesab edən
siyasətçilərin çoxu özlərini elə
aparırlar ki, sanki dövlətdə öz düşmənlərini
görür və belə hesab edirlər ki, hökumətlə
birgə konstruktiv fəaliyyətdən söhbət belə
gedə bilməz. Lakin buna baxmayaraq, son illərdə
Azərbaycanda yetkin vətəndaş cəmiyyətinin təşəkkülü
üçün şərait yaranıb. Bu şəraitə:
siyasi mədəniyyətin təkmilləşməsi və ya
vətəndaşların xüsusi mülkiyyətə sahib
olmasını; vətəndaş cəmiyyətinin fəaliyyət
göstərməsinin ayrılmaz atributu kimi insan
hüquqlarının müdafiəsi səviyyəsinin
artmasını; ictimai strukturdakı vəziyyətinə
görə qeyri-siyasi və kommersiya fəallığına
daha meyilli olan yeni orta yaranmasını aid etmək olar.
Bundan əlavə:
xeyriyyəçilik, təhsil, yeni texnologiyalar, KİV, mədəniyyət,
"humanitar əməliyyatların" bütün spektri
kimi xüsusi istiqamətlər də var ki, vətəndaş
cəmiyyəti təsisatlarının burada işləməsi
tələb olunur.
Sərhədlərin açılması Qərbə gedən
Azərbaycan vətəndaşlarında Qərb modelinə
istiqamətlənmiş vətəndaş cəmiyyətinin
formalaşdırmanın yolları və modelləri
haqqında ümumi təsəvvür yaradır. Bu yolda Qərbin
səhvlərini nəzərə alaraq, Azərbaycana xas vətəndaş
cəmiyyətinin xeyrinə seçim etmək imkanı meydana
çıxır.
Azərbaycanda siyasi partiyaların vətəndaş cəmiyyətinin
maraqlarını ifadə etmək qabiliyyəti çox şərtidir. Əvvəla, ona görə
ki, vətəndaş cəmiyyətinin maraqları yalnız hələ
indi formalaşmağa başlayır, partiyaların özləri
isə liderlərindən və yaxın tərəfdarlarından
savayı az adamı təmsil edir. İkincisi, müasir partiyalar hakimiyyəti vətəndaş
cəmiyyəti ilə bağlayan formadan daha çox, siyasi
xadim ətrafında həmfikirləri birləşdirən
müştərilərə bənzəyir.
Vətəndaş cəmiyyəti institutlarının təkmilləşməməsi səbəbindən Azərbaycan dövləti cəmiyyət həyatının bütün sahələrinə nüfuz edir. İslahatlar sahəsində təşkiledici mərkəz rolu məhz dövlətin üzərinə düşür. Son vaxtlar dövlətin tənzimləyici funksiyalarının güclənməsi prezident strukturlarının hakimiyyət potensialının artması hesabına baş verməkdədir. Hazırda bunun nəticələrindən biri siyasi sistemin sabitliyinin getdikcə daha da artmasıdır.
- Sizin fikrinizcə, vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolu nədən ibarətdir?
- Belə bir qənaətə gəlmək olar ki, bu gün Azərbaycanda siyasi partiyalar institutu vətəndaş cəmiyyətinin maraqlarını əvvəlki kimi təmsil etməyə tam qadir deyil. Partiyalar əsasən, siyasi hakimiyyət uğrunda müxtəlif elitalar arasındakı mübarizəni institusionallaşdırır. Bunun bir sıra səbəbləri var. Birincisi, vətəndaş cəmiyyətinin maraqları hələ indi-indi formalaşır. İkincisi, əgər partiyalar hətta müxtəlif siyasi maraqları əks etdirirsə belə, hələlik onların sosial bazası yoxdur. Sosial strukturun təşəkkül tapmaması, siyasi istiqamətlərin möhkəm olmaması nəticəsində əhalinin əksəriyyəti konkret partiya obrazını həmin partiyanın adından çıxış edən liderlə eyniləşdirir. Bundan başqa, getdikcə Azərbaycanın siyasi partiyaları arasında əsaslı fərqlər də itməkdədir. Hətta müxalifət partiyalarının proqramları da praktik olaraq bir-birindən heç nə ilə fərqlənmir. Bu proses həmin siyasi prosesin ümumdünya inkişaf təmayüllərini əks etdirir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 24 yanvar.- S.6.