Qədir Rüstəmov haqqında
"Qeybdən gələn səs"...
...SURXAY ƏLİBƏYLİNİN
TƏQDİMATINDA
Bu yaxınlarda publisist
Surxay Əlibəylinin
görkəmli muğam
ifaçısı, Xalq
artisti Qədir Rüstəmova həsr olunan "Qeybdən gələn səs" kitabı işıq üzü görüb.
Toplu bir neçə bölmədən
ibarətdir. İlk hissədə Qədir
Rustəmovun ümummilli
lider Heydər Əliyevlə görüşü,
Prezident İlham Əliyevə ünvanladığı
məktub və rəsmi təbriklər yer alıb.
"Xatirələr" bölümündə
isə görkəmli
sənətkarla bağlı
memuar yazıları öz əksini tapıb. Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami
Sadıqov "Qədir
Rüstəmov Ağdama
bağlı idi" yazısında mərhum sənətkarın səsini
ona Tanrı tərəfindən bəxş
edilmiş töhfə
kimi səciyyələndirib:
"İlahi, bu səsdə, necə yanğı var idi. O elə bil hamının adından oxuyurdu. O elə bil hamının
qəlbinə girib onlara rahatlıq verməyən dərdi, əzabı oradan çıxarmağa çalışırdı.
Qarabağın, Ağdamın işğalı
Qədiri sarsıtdı.
Qəddini çəydi. Harada yaşadısa, özünə yer tapa bilmədi Qədir. Köçəri quş oldu Qədir. Ağdama sarı qanad çalıb uçmaq istədi...". Bu bölümdə həm də xalq artistləri
Arif Babayev, Qəndab Quliyeva, Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov, Bilal Hüseynov, şair Abdal Qəhrəman, Aydın Mehrəliyev, əməkdar incəsənət
xadimi Çingiz Abbasov, əməkdar mədəniyyət işçisi
Rafiq Rüstəmov, Ağdam suvarma sistemləri idarəsinin rəisi Hafiz Əzimzadə,
"Qarabağ bülbülləri"
ansamblının yaradıcısı
və bədii rəhbəri Murad Rzayev və kitabın müəllifi Surxay Əlibəylinin xatirə və düşüncələri toplanıb.
"Məqalələr" bölümündə
isə Aqil Abbas, Bəxtiyar Vahabzadə, Mustafa Çəmənli,
Yelmar Qasımov, İntiqam Mehdizadə, Qəşəm İlqar, Surxay Əlibəyli, Akif Səməd, Firudin Şuşinski, Fəxrəddin Hacıyev,
Kamil Vəli Nərimanoğlu, Raqub Kərimov, Yusif Savalan, Vüsalə Mahirqızı, Sevinc Akifqızı, İmran Bədirxanlı, Əbülfət
Mədətoğlu, Asif
Mərzili, Şərif
Ağayar, Ulduzə Qaraqızı, Ələmdar
Quluzadə, Ceyhun Musaoğlu, Fariz Çobanoğlu və başqalarının müxtəlif
dövrlərdə mətbuatda
çap olunmuş yazıları oxuculara təqdim olunub.
"... Qədir gəlmişdi. İstəyirsiniz inanın, istəyirsiniz dünəndən inanmayın.
Mən Qədirin səsini gördüm.
Qədir oxudu və mən
Qədirin səsini bir daha gördüm. O rəngləri
gördum, o rənglərin
içindən boy verib
görünən Ağdamı
gördüm, Qarağacını
gördüm, Əsgəranı
gördüm, amma Şuşaya çata bilmədi. Namərd Şuşaya çataçatda
səsini kəsdi.
Sanki demək istədi
ki, buracan səni mən gətirdim, kişiliyin var, burdan belə
özün get...".
Bu məqalə də kitabda Qədirlə bağlı
çoxsaylı məqalələr
qələmə almış
Aqil Abbasın yazılarından birindən
götürülüb.
Kamil Vəli Nərimanoğlu
"Qədir əzabı"
adlı maraqlı yazısında vurğulayır:
"Dünyada bir Qədir Rüstəmov əzabı var. Qədir Rüstəmov dərdinin səsə çevrilmiş
varlığı yox olanların, itirilənlərin
əzabı, harayı,
hönkürtüsü. Bu yaxınlarda bəlkə neçə mininci dəfə "Sona bülbüllər"i dinlədim.
Yenə heyrətləndim, yenə
hövlləndim, yenə
sarsıldım. Qədirin səsindəki
tale qaçınılmazlığı məni yenidən böldü, parçaladı
və bu bölünmə, parçalanma
mənə yeni qapılar açdı.
Neçə min il əvvəl dünyada dərd olub. Bu dərdi
"Sona bülbüllər"
bilib. Allah insana sonsuz dərd
verdiyi kimi sonsuz əlac da verib. Füzuli əzabının Füzuli
əlacı var. Qədir
əzabının da əlacı elə Qədir özüdür".
Kitabın tərtibçisi Surxay
Əlibəylinin "Qeybdən
gələn səs"
məqaləsində isə
həm Qədir Rüstəmovla bağlı
xatirələr, həm
də mərhum sənətkarla səmimi müsahibəsi qələmə
alınıb: "Bir
gün gecə Dağlıq Qarabağın
kəndlərindən birində
12-13 yaşlarında uşağı
qoyun otaran gördük: "Balaca kişi, gecənin bu vaxtı pasibanın
varmı?" Dedi var: "Qulağıma Qədirin səsi gəlir". Fikirləşirəm ki, belə bir səsi olan
xalqın uşağı
heç yerdə, heç kəsdən qorxmamalıdır".
Kitabda "Qədir
bədii əsərlərdə"
mövzusu da öz əksini tapıb. Eyniadlı bölmədə
Bəxtiyar Vahabzadə,
Əbülfəz Hüseyni,
Seyran Səxavət, Zakir Fəxri, Hüseyn Kürdoğlu, Teymur Qəhrəmanov, Ruzgar Qurbanova, Mahmud Vəli, Qaçay Köçərli, Rafiq Oday, Nazlı Ağayeva və digərlərinin mərhum
sənətkara həsr
olunmuş hekayə və şeirləri verilib.
Topluda həmçinin
Qədir Rüstəmovun
müxtəlif vaxtlarda
görkəmli sənətkarlarla
fotoşəkilləri də
yer alıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 24 yanvar.- S.7.