O hərfinin fəlsəfəsi və O
(esse)
Lap əvvəlcə heç
kim və
heç nə yox idi. Bircə O var
idi. Nə əli var idi, nə ayağı,
heç danışmağa
dili də yox idi. Nə ism idi, nə də
cism. Ancaq O özü idi, ağ örtüklü
mavi işıq. Yüz milyon illərdən sonra təkliyə dözə bilməyib
(Kun!) deyə qışqırdı.
Bizim indi anladığımız
dildə. "Ol!"
dedi. Əvvəlcə Günəş oldu,
sonra Ay, sonra da ulduzlar. Torpağın qara saçlarını
yumaq üçün
okeanları, dənizləri,
çayları yaratdı.
Yerin nəfəsi çatmadı,
ürəyi partlayıb
vulkanlar yarandı.
Elə o vaxtdan Onun qayğıları artdı, bir əlində gecəni, bir əlində gündüzü saxlamalı
oldu...
Ən çətin
yaranan İnsan oldu. O insanı işıqdan,
nurdan yaratdı. O insana öz kimliyini vermək istəyirdi. Qorxdu. Etibar etmədi insana.
İnsan
ona sədaqətini göstərmək üçün
ən ağır yükün altına girdi. O nun əmanətini
- ruhu alıb sinəsində gizlətdi.
Ürək qana, qəlb
ruha məskən oldu. Yer üzünü İnsana
tapşırdı. İnsan
yer üzündə gələndə O İnsandan
qorxdu, onu ikiyə bölüb kişi və
qadın yaratdı. Kişinin adını Adəm, qadının adını
Həvva qoydu. O onlar üçün cənnət yaratdı. Qadın kişini aldatdı, buğda yeyib cənnətin müqəddəsliyini
pozdular. Adəmlə Həvvanın xəyanətindən
törənənlər yer
üzünə dağılışdılar.
O bu işindən peşiman oldu. İnsanları idarə etməyi
Peyğəmbərlərə - Nuha, Süleymana, İbrahimə, Musaya, İsaya və Məhəmmədə tapşırdı.
Beş səma kitabı göndərdi. Biri itdi.
Dördü bu gün də yer üzündə oxunur, sevilir, qorunur - YAŞAYIR: Zəbur,
Tövrat, İncil,
Quran! O nunla insanlar arasında ən müqəddəs əlaqə
körpüsünü Sonuncu
- haqq peyğəmbərin
vəfatından sonra Şərqdə bərabərsizliyə
dözmədən səhralara
düşüb Xaliqi
axtaran Sufilər yaratdı. Bəşər
sivilizasiyasında mistik
məhəbbət yolu
ilə Xaliqə qovuşmağa can atan sufilər dünyaya gəldi. Sufizm Allahın dünyaya
göndərdiklərinin Allaha
doğru ilk sevgi, işıq yürüşü
idi. O insanlığa
işığı vermişdi.
Çünki O özü büsbütün
işıqdan ibarət
idi. Elə buna görə
də Hürufilər
"İnsan həqdən
qopmuş nur parçasıdır!" dedilər.
Hürufilər öz içlərində
O nu - işığı görən
ilk insanlar idi. O hürufilər "Ənəlhəq"
deyə Allah olmaq istəyəndə birtəhər
dözdü. Fəqət, insan yer üzünün
Allahı - şah olanda dözə bilmədi. Balaca allahları özünün
düşməni elan
etdi. Yer "allah"larının rəzil iddiaları, mənfur nəfsləri O
nu əsəbləşdirdi. Çünki O balacalaşa bilməzdi.
O elə O idi, ona başqa hərf qoşmaq olmazdı.
Ərəb qadını Rəbiyyə əl-Ədəviyyə (717-801) "Mən yoxam, mən O yam" dedi. Rəbiyyə dünyanın qəbul etdiyi ilk sufi qadın - ana idi. O nun məkanı yoxdur - bütün məkanlar və zamanlar O nundur. O nun işığı öncə Peyğəmbərlərə, sonra dahilərə - şairlərə, bəstəkarlara, rəssamlara, görücülərə, alimlərə gəldi. Bu işığı gözlə qəbul edənlər kor oldu, qəlblə qəbul edənlər dahi. O işığı ilk qəbul edən yenə də İşıq oldu. Onların - Allahın və Tanrının nurundan türkün əcdadı yarandı. Mənim fikrimcə "türk" sözünün mənası Tanrı işığı deməkdi.
Mən bu fikirdəyəm ki, türkün səbri, sədaqəti, dözümü, sevgisi O nun xoşuna gəldi. Əminəm O, yaratdıqları içində ilk dəfə məhz türkün üzünə gülümsəyib. Ona görə də türkün sifəti O nun nuru ilə işıqlanıb. Türkü sevən - O nu sevir. Salavat türkün sifətinə yönəlib. O, ən böyükdü - Əkbərdi. O ndan yuxarı heç kim və heç nə yoxdu...
Bir gün bir sufi dərviş uzanıbmış xiyabanda. Ölkənin ikinci adamı - vəzir başının dəstəsi ilə keçirmiş həmin xiyabandan. Bir qədər gedib geri qayıdır, fikirləşir, əcəba bu kimdi ki, məni gördü, heç qımıldanmadı da. Yaxınlaşır sufiyə və soruşur:
- Sən kimsən.
O da soruşur:
- Bəs sən kimsən?
- Mən vəzir.
- Səndən böyüyü kimdir?
- Şah.
- Şahdan böyük
kimdir?
- Allah!
- Bəs Allahdan böyük kimdir?
Vəzir
hirslənib deyir:
- Heç kim!
Dərviş ayağa qalxıb,
xirqəsini düymələyir,
ərkanla vəzirə
əl uzadıb deyir:
- O heç kim
mənəm".
O, Onun böyüklüyünü
ifadə edirdi sufi dərvişin
dilində.
O sabit və sakit
olan hər şeydə ölü, canlı və fəaliyyətdə olan, axan, danışan, əsən, titrəyən,
coşan, ötən və bitən hər şeydə diri və canlıdır.
Bir gün
O nun özü ilə
yer üzü, insanlar və bütün canlılar arasında əlaqəni yaratdığı Süleyman
peyğəmbər başının
dəstəsi ilə gedirmiş özününkü
hesab etdiyi dünyada. Görür ki, çənəsi
yerə dəyən donqar, qos-qoca bir qarı dayanıb
yolun qırağında,
yanında da bir təknə xəmir. Özünü
dünyanın sahibi hesab edən Süleyman peyğəmbər
qarıya yaxınlaşıb
deyir:
- Qarı nənə, mən bu dünyanın
yiyəsi, quş dili bilən Süleyman peyğəmbərəm,
de görüm nə istəyirsən məndən?
Qarı deyir:
- A bala, bu xəmir
təknəsini qaldır
qoy çiynimə, çıxıb gedim, təndirə çörək
yapım.
Süleyman Əleyhissəlam ən
güclü pəhləvanlarından
birinə əmr edir:
- Qaldır təknəni qarı nənənin çiyninə. Pəhləvan təknəyə nə qədər güc versə də qaldıra bilmir, qıçları qırılıb yıxılır
yerə, qarı dişsiz ağzını
açıb gülür.
Bir pəhləvan
belə, iki pəhləvan belə. Axırda Süleyman
atdan düşür.
O həzrəti Cəbrayılı
göndərir ki, peyğəmbərin qıçları
qırılmasın. Süleyman həzrətləri
güc vurur təknəyə, qurşağa
qədər batır torpağa, təknə yerindən qalxmır.
Çənəsi yerə
dəyən donqar qarı dişsiz ağzı ilə gülüb deyir:
- Sənsən bu dünyanın yiyəsi quş dili bilən
Süleyman? Qarı əl atıb
təknəni qoyur çiyninə. Süleymana
təkcə bir söz deyir:
- Təknə bu dünya idi.
Sən demə, qarı da O imiş, hər yerdən yer üzünə enib Peyğəmbərlərə
dərs verirmiş .
Mən həmişə demişəm. O öz kimliyini sübut üçün təbiəti, İnsan kimliyini göstərmək üçün mədəniyyəti yaradıb.
O həm səsdi, həm nəfəsdi. Nəfəs gedib qayıtmasa insan Ad adlanan quru bir səsdi. İnsanın
Ata ilə foto olması arasındakı məsafə çox qısadı...
O nun ağ əbalı
mavi işığından
yaranmış türkün
ana kitabı "Dədə Qorqud"da O
nun haqqında ən yaxşı söz deyilir: "Ucalardan ucasan, kimsə bilməz necəsən?"
O bizim müqəddəs
ruhumuzun məkanına
- Allah əmanəti olan
insan ruhunun sözdə cism və can bulduğu bədii ədəbiyyata müxtəlif surətlədə
qondu: Şeyx Nizaminin zəkasına hikmət kimi, Nəsiminin varlığına
nur kimi, dahi Füzulinin qəlbinə eşq kimi. Füzulidən sonra bədii
ədəbiyyatın müqəddəsliyi
pozuldu. O bədii
ədəbiyyatdan uzaqlaşdı...
Bir də Üzeyir bəyin musiqisində göründü. Şeyx
Sənanın uçuruma
atılmasına rəvac
verdi, İnsanın
içindən İblisi
çıxarmağa Cavidə
kömək etdi, M.Müşfiqin küləkləri
ilə poeziyamızı
seyr etdi... və dünyadan iyrənib göylərə
getdi.
O, zamansız, məkansız, ismsiz, cismsiz ulu qüdrət bir gün öz yerini mənə nişan verdi: mən sevən qəlblərdə gecələyirəm. Ondan sonra qəlbimi ürəyimdən ayırdım, onu hər şeydən əziz və müqəddəs tutdum. Yer üzünün əşyapərəst insanlarının nəfsindən qorudum O gecələyən qəlbimi. Mənim ilahi qonağımı heç kim görməməli idi. Gecələr qəlbimi ziyarət etdim və dedim: "Əşhədü ən lailahə iləllah, əşhədü ən la Muhəmmədən Rəsul illah". İndi hər səhər gözümü açanda onun ağ örtüklü mavi simasını görürəm. Nur əllərini üzümə çəkib səmaya qalxır.
Nizaməddin Şəmsizadə
525-ci qəzet.-
2014.- 24 yanvar.- S.7.