Gözlərindən ürəyi
görünən insan haqqında düşüncələr
Ağayana
görkəmi, kübar münasibəti, təmkinli
danışığı... Mən Rahim müəllimi
çoxdan tanımıram, cəmi bir neçə dəfə
atüstü görüşmüşük. Oturub əməlli-başlı dərdləşməyə,
necə deyərlər, bir-birimizi "kəşf" etməyə
vaxtımız, macalımız olmayıb. Ancaq
bununla belə, qəlbimdə, yaddaşımda qalan əsas
cizgilər məhz bunlardır.
Bir dəfə
Rahim müəllimə yaxın olan adamların birindən
soruşdum:
- Bilmirsən,
Rahim müəllimin nəslində, kökündə bəylik
olmayıb?
-
Düzü, bilmirəm, - dedi, - sonra da əlavə etdi. - Rahim
müəllim özü elə bəydir, də...
Müsahibimdən daha heç nə soruşmadım. Ancaq orası
da var ki, bəylik, əsilzadəlik sonralar qazanılan keyfiyyət
deyil axı. Deməli, kübarlıq, nadirlik, təkrarsızlıq
Rahim müəllimin qanındadır, canındadır, əslindədir,
kökündədir...
lll
Bu yazı nə işlədiyim redaksiyanın
sifarişidir, nə də başqa qəzet və jurnal
redaksiyasından, radio və televiziyadan xahiş etmişlər. Ancaq
yazıram, yaza-yaza da düşünürəm ki, çox yəqin
ki, əvvəl-axır özünün də xəbər
tutacağı bu yazı, bəlkə, heç çap da
olunmadı. Eşitmişdim ki, belə
şeylərdən xoşu gəlmir. Hər halda
çoxdan ürəyimdə qəlb ehtiyacından doğan bu
yazını yazmaya bilməzdim. Axı indi Allah adamı,
nadir adam, yaxşı adam çox azdır
və onların fərqi cəhətlərini, müstəsna
keyfiyyətlərini, çoxlarında görmədiyimiz əxlaqi
və mənəvi ölçüləri görmək, qiymətləndirmək,
bunu başqalarına da nümunə göstərmək, ibrət
dərsi götürmək özü də bu millətə,
xalqa, Vətənə xidmət etmək deməkdir. Unutmaq
olmaz ki, həyatımızı yaşadan, zənginləşdirən,
irəli aparan məhz belə insanlardır...
Rahim
Hüseynov haqqında bildiklərim bunlardır: Salyan şəhərində
doğulub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Bir müddət öz rayonlarında
çalışıb. Sonra Bakıya, Respublika Səhiyyə
Nazirliyinə işə dəvət olunub. Burada
adi əməkdaşdan nazir vəzifəsinə qədər
çətin, şərəfli və mürəkkəb bir
inkişaf yolu keçib. "Mürəkkəb"
sözünü təsadüfən yazmıram. Həqiqətən, Rahim Hüseynovun nazir müavini
və nazir işlədiyi illər Azərbaycan xalqının
ictimai-siyasi tarixinin ən ağır, mürəkkəb və
keşməkeşli dövrlərindən olub. Hazırda "Təfəkkür" Universitetində
birinci prorektor vəzifəsində çalışır.
Professordur. 100-ə yaxın
elmi əsərin və məqalənin müəllifidir.
1990-cı ildə Respublika Ali Sovetinin deputatı
seçilib. Qarabağ müharibəsi veteranı,
xoşbəxt ata və xoşbəxt babadır, vəssalam...
Sizcə, hər hansı insan haqqında geniş yazı
hazırlamaq üçün bunlar kifayətdirmi? Əsla, yox.
Elə isə, bəs onda niyə
görüşüb ətraflı söhbət etməmişik? Bu barədə yuxarıda da
danışmışam, indi bir daha təkrar edirəm: ən
azı ona görə ki, qəti bilirdim, razı olmayacaq. Ona
görə də güc verdim müşahidələrimə,
onunla ayaqüstü görüş və söhbətlərdən
aldığım təəssüratlara, düşüncələrimə,
nə olar-olar...
Rahim
Hüseynov Allaha, taleyə, qismətə inanan insandır. "Allah adamı" ifadəsi burada, məncə,
yerinə düşür. Bu ifadəni, əsasən,
nadir adamlar haqqında işlədirlər. Özü də bunun üçün təkcə
kiməsə yaxşılıq etmək, kiminsə əlindən
tutmaq, arxa olmaq azdır. Gərək Böyük
Yaradanı, Allahı daim başının üstündə
görəsən, yüksək əxlaq yiyəsi, saflıq, səmimilik
nümunəsi olasan.
Əgər
haçansa Rahim müəllimdən müsahibə
götürəsi olsam, mütləq birinci bu sualı verərəm:
-
Yaşınızın, təcrübənizin ən bəhrəli
vaxtında vəzifədən - respublika səhiyyə naziri vəzifəsindən
azad edilmisiniz. Həmin anlarda qəlbinizdən nələr
keçirdi, nə düşünürdünüz?
Əslində
Rahim müəllimin vəzifədən azad edildikdən
sonrakı həyatı bu suala dəqiq cavab verir: ağır
davranış, sakit münasibət, olub-keçənlərə,
baş verənlərə təmkinli baxış, kiçik
bir taym-autdan sonra özünü səfərbər etmək,
toparlamaq qeyrəti... Necə deyərlər, igid odur, atdan
düşə, atlana...
Elə
buradaca yerinə düşər, desəm ki, Rahim Hüseynov
ağır adamdır: sözün mənəvi və fiziki mənasında.
Başqalarını deyə bilmərəm, mən bu
paralelliyin özündə də bir qanunauyğunluq, bir nizam-tərəzi
görürəm...
Hər halda, ötən illər bu həqiqəti bir daha
təsdiq etdi.
Çoxlarından fərqli olaraq yüksək vəzifədən
azad edildikdən sonra Rahim Hüseynovun nə el-oba, ictimaiyyət
içindəki, nə dost-tanış, qohum-qonşu
arasındakı xətir-hörməti əskilmədi, hətta
bir az artdı da. Bu baxımdan o köhnə
bir streotipi də qıra bildi: nə qədər ki, vəzifə
vardı, hörmət də vardı, vəzifə getdi,
hörmət də getdi. Rahim müəllim
çoxlarına sübut edə bildi ki, vəzifə, hətta
nazir vəzifəsi də ona heç bir əlavə hörmət
və nüfuz qazandırmayıb, əksinə onun şəxsiyyəti,
yüksək əxlaqi və mənəvi keyfiyyətləri vəzifəyə
hörmət və nüfuz qazandırıb.
Qarabağ
müharibəsinə aid kitablarımın birində belə
bir epizod var: "Respublika səhiyyə və müdafiə
nazirliklərinin təşəbbüsü ilə Ağdama səyyar
hospital gətirilib. Yaralıların müayinə
və müalicəsinə səhiyyə nazirinin müavini
Rahim Hüseynov nəzarət edir.
- Tibbi
yardım öz yerində, ermənilərin adamlarımıza
qarşı vəhşiliklərini sənədləşdiririk,
- deyə R.Hüseynov bildirir. - Həlak olanların
hamısını müayinədən keçiririk. Bütün bunlar ermənilərin tarixi cinayətlərini
sübut etmək üçün lazım olacaq".
İndi
bu sətirlərin yazıldığı vaxtdan - 1992-ci ilin
may ayından çox keçib və mən təəssüf
edirəm ki, o dövrdə əməlli-başlı söhbət
edə bilməmişik. Düzdür, buna
heç macal da yox idi. Müharibəyə, cəbhəyə,
döyüşə bələd olan adamlar yaxşı bilir
ki, ölümün gözlə qaş arasında olduğu o
ağır, vahiməli anlarda sabaha, hətta bir an
sonraya sağ qalmaq gümanının olmadığı
vaxtlarda belə şeylər yada düşmür. Ancaq hər halda, cəbhə bölgələrindən,
döyüşdən və ölüm-dirim anlarından bəhs
edən yazımda Rahim müəllimin adını oxuyanda bir
müəllif olaraq məmnuniyyət hissi keçirdim.
Bir halda
ki, söhbət Qarabağ müharibəsindən
düşdü, ədalət naminə etiraf etməliyik: hərbi
hospitalların yaradılması və
formalaşdırılması Rahim Hüseynovun adı və fəaliyyəti
ilə bilavasitə bağlıdır.
İndi
bu sətirləri yazarkən bir faktı da xatırlayıram:
Rahim müəllim nazir müavini və nazir vəzifəsində
çalışdığı illərdə Qarabağ
bölgəsində, cəbhə xəttində 487 gün
ezamiyyətdə olmuşdur. Bu hələ rəsmi
sənədlərdə əksini tapan müddətdir. Qeyd olunmayan günlərin sayı, bəlkə, daha
çoxdur. Daha bir maraqlı fakt: Rahim Hüseynov 95 saat
Qarabağ səmasında uçuşda olmuşdur. İndi ola bilər ki, bu fakt və bu rəqəmlər
çoxlarında heç bir emosional duyğu yaratmasın. Bəli, ağlınız dinc vaxtlarda "TU-154"
təyyarəsi ilə sakit və rahat reyslərə getməsin.
Cəbhə xəttinə, mühasirədə olan kəndlərə,
döyüş bölgəsinə hər uçuş
ölümlə üz-üzə dayanmaq idi! Həmin
illərdə vurulan təyyarə və
vertolyotlarımızı xatırlamaq kifayətdir. Deməli, uçuşdan əvvəl bu dünya ilə
vidalaşmaq, necə deyərlər, kəlmeyi-şəhadətini
oxumaq lazım idi. Ancaq heç bir
ölüm və vahimə xofu onu bu qorxulu səfərlərdən
saxlaya bilmirdi.
Burada məsələnin başqa tərəfi, necə
deyərlər, dağın o biri üzü də var axı. O illərdə vəzifə
sahibi olanların çoxu sərhəd kəndlərinə, cəbhə
xəttinə, döyüş zonasına getmək əvəzinə,
arxa rayonların qonaq evlərində daldalanmağı daha
üstün tuturdular. Rahim Hüseynovun yolu isə
bilavasitə cəbhə xəttinə, mühasirə vəziyyətində
olan kəndlərə idi.
"Allah adamı" ifadəsini tez-tez işlədirik. Bu, əlbəttə,
təsadüfi deyil. Onun həyatının müharibə
dövrü bu baxımdan çox ibrətamizdir: dəfələrlə
ölümlə üz-üzə dayanıb, uçduğu
vertolyot gülləyə tutulub, mindiyi maşına atəş
açılıb, mühasirəyə düşüb... Ancaq Allahın nəzərləri həmişə
onun üstündə olub, Böyük Yaradan onu amanında
saxlayıb, namərd gülləsindən qoruyub. Bu yerdə
yadıma Rahim müəllimin müsahibələrindən biri
düşür: "...Səhər iş yerimdən mərhum
daxili işlər naziri Məhəmməd Əsədovla
danışdım. O, bir qrup dövlət xadiminin bu gün
Qarabağa yola düşəcəyini bildirdi, xahiş etdi ki,
dövlət katibi Tofiq İsmayılovla danış, məsləhət
bilsə, yenidən onlarla birgə Ağdama, Qarabağın
digər yaşayış məntəqələrinə gedim.
Allahın varlığına, bəxtə, qismətə
o zaman mən bir daha inandım. Tofiq müəllimin
köməkçisindən çox hörmətli akademikin məni
soruşmadığını öyrəndikdə o "istəyirsiniz,
sizi yoldaş İsmayılovla calaşdırım, - dedi. Mən razı olmadım. Bilirdim ki,
yolüstü onsuz da işi başından aşır,
lazım bilsə, yəqin ki, özü məni axtarar... Təxminən 10-12 radələrdə yenidən
telefon nömrələrini yığmağa başladım.
Sanki, ilahi bir qüvvə əllərimdən
tutdu və ...nömrələri axıradək yığmadan
dəstəyi yerinə qoydum.
Beləcə, onlarla birlikdə Ağdama getmədim. Bakıda
yarımçıq qalmış işlərimi sona yetirməyə
başladım. Vertolyotun
partladılması barədə xəbəri eşidəndə
isə bütün bədənim gizildədi. Gözlərim önünə xətrini dünyalar
qədər istədiyim Tofiq İsmayılov, Məhəmməd
Əsədov, Vaqif Cəfərov, İsmət Qayıbov... gəldi.
...Azərbaycanın
qaymaqlarını xilas etmək iqtidarında deyildim. Əlacım bir şeyə çatmadığından
kabinetdə oturub hönkür-hönkür ağladım.
Sonra isə qoşuldum onların cənazələrinin
Ağdamdan Bakıya gətirilməsinə, məhkəmə-tibbi
ekspertizasına və nəhayət, dəfn mərasimində
iştiraka".
Fikirləşdim ki, bəlkə, Rahim müəllimin o
illərə aid qeydləri, ya gündəliyi var? Ancaq təəssüf
ki, o indi yalnız yaddaşına arxalanır. Heç bir qeydi, ya gündəliyi yoxdur.
Rus ədəbiyyatşünaslığında
belə bir fikir var: böyük rus yazıçısı
M.Şoloxov özünün məşhur "Sakit Don"
romanını bir generalın gündəliyi əsasında
yazıb. Əlbəttə, burada M.Şoloxovun böyük
istedadı, yazıçı müşahidələri, zəngin
obrazlar, süjet xətti və kompozisiya yaratmaq
ustalığı və s. öz həlledici sözünü
deyib. Yoxsa, belə bir dünya şöhrətli
əsər yarana bilməzdi. Ancaq orası
da həqiqətdir ki, M.Şoloxovu tərpədən, hərəkətə
gətirən bir qüvvə - generalın gündəliyi də
olub axı. Maraqlı, ibrətamiz və
nümunə götürüləsi epizoddur, elə deyilmi?!
Elə
buradaca yadıma başqa bir epizod düşür: 1992-ci ildə
korpus komandiri olan generalla görüşdük. Qızğın döyüşlər gedirdi. Qəzet üçün növbəti reportaj
hazırlayırdım. Fotoqraf da mənimlə
idi və təbii ki, şəkli çəkmək istəyirdi.
Ancaq o qəti etiraz etdi, hətta əsəbiləşdi.
-
Döyüş meydanı çəkiliş
meydançası deyil, - dedi.
İllər keçdi, atəşkəs elan edildi. Generalı
Respublika Müdafiə Nazirliyinə məsul vəzifəyə
dəyişdirdilər. Sonrakı
görüşmələrimizin birində generaldan çapa
hazırlanan müharibəyə aid növbəti kitabım
üçün şəkillər istədim. Təəssüflə başını buladı.
-
Heç nə qalmayıb, - dedi.
Görəsən, digər bir çox vacib məsələlər
kimi bunu da, yəni hər şeyi vaxtında-vədəsində
sənədləşdirməyi, tarixə çevirməyi nə
vaxt, necə, harda öyrənməliyik? Burada söhbət
Rahim müəllimdən düşdü, ancaq orasını
da etiraf edək ki, bu giley-güzarda hamının payı var.
Daha çox da biz qələm sahiblərinin.
lll
El arasında
belə bir məşhur deyim var: Qabaqlar yaxşı kişilər,
bir də yaxşı atlar olub. Həmin
yaxşı kişilər o yaxşı atları minib gediblər.
Bu məntiqlə, əlbəttə, mübahisə
etmək olar. Bəlkə, yaxşı
kişilər və yaxşı atlar keçmişlərə
nisbətən azalıb. Bax bu, həqiqətdir
və bu məntiqlə hökmən razılaşmaq lazım
gəlir.
Görünür, elə buna görədir ki, belə
nadir adamlara hamı xüsusi hörmət və ehtiramla
yanaşır, xətrini əziz tutur, onları həyatın,
bədxah insanların hər cür namərd
hücumlarından qorumağa, hifz etməyə
çalışırlar. Qətiyyətlə
demək olar ki, Rahim Hüseynov məhz belə nadir şəxsiyyətlərdəndir.
Bir
müşahidəm də var: Bu insandan küsən, inciyən,
narazı qalan görməmişəm, eşitməmişəm.
Hətta onun tərəfindən müxtəlif
səbəblər üzündən cəza alsalar belə.
Bu, əslində, ilk baxışda qəribə,
anlaşılmaz bir duyğudur. Çünki
hamı, hətta nöqsanı olan da özünü həmişə
haqlı sayır, cəzadan yayınmağa
çalışır. Ancaq Rahim müəllim
kimə nə irad tutursa, dərhal razılaşır, qəbul
edir. Burada, bəlkə, çox səbəblər
axtarmaq olar. Mən birini deyəcəyəm: Rahim müəllimdə
qərəz, hayıf almaq ehtirası, mərdi qova-qova namərd
etmək cəhdi yoxdur və adamlar da bunu çox gözəl
bilir.
Rahim
müəllimin həyatına, keçdiyi yola, bugünkü
fəaliyyətinə yaxından bələd olanlar
yaxşı bilir: Elə bil ki, bu insan dünyaya yalnız
yaxşılıq etmək, kömək durmaq, arxa-dayaq olmaq
üçün gəlib.
Rahim müəllim kinli adam deyil və heç kimə də qibtə ilə baxmır, həsədlə yanaşmır. Böyük Yaradan ona əsl insana xas olan bütün daxili və xarici gözəllikləri səxavətlə bəxş edib. Ancaq burada qəribə bir paradoks da var: Bütün ömrü boyu ona həsədlə baxıblar, qibtə ediblər. Düzdür, Rahim müəllim həyat yollarında bunun çox ağrısını-acısını dadıb, enişli-yoxuşlu, dönümlü-döngəli gədiklərdə çox zərbələr alıb. Ancaq hər dəfə də bunları tale, qisməti və alın yazısı ilə bağlayıb, Məmməd Araz demişkən, sel boğan dərələrdən böyük qürur və ləyaqətlə çıxıb, öz haqq yolundan dönməyib.
lll
...Rahim müəllimin gözlərinə baxıram. Baxıram demək azdır. Mən həm də bu gözlərdən onun ürəyini görürəm. Bu da bir müstəsnalıq, bir nadirlik, bir xoşbəxtlikdir: onun gözlərinə diqqətlə baxıb ürəyini görmək, oxumaq mümkündür. Ona görə ki, bulanıq deyil, yerə-göyə baxmır, adamdan qaçmır, bulaq suyu kimi dupdurudur. Üstəgəl, ürəyin nə düşündüyünü, gözün nə gördüyünü bizə çatdıran dil...
Bəli, Rahim Hüseynov o kəslərdəndir ki, onun gözü də, ürəyi də, dili də eyni söz deyir. Məncə, dünyada əsl insan üçün bundan böyük xoşbəxtlik ola bilməz...
Ziyəddin SULTANOV,
Respublikanın əməkdar
jurnalisti
525-ci qəzet.-
2014.- 24 yanvar.- S.4.