AĞAC

 

Ağac sevdasına dərindən inandığım möhtərəm Hüseyn Bağırov

cənablarına.

 

Torpağa bəndin var; Göydə adasan!

Dadlı pıçıltısan; səssən-sədasan!

Təpədən-dırnağa sirri-Xudasan!

Şəfqət var arxanda, önündə sənin!

 

O sərin kölgəndə baş daldalanar;

Torpaq daldalanar, daş daldalanar;

İstidən-soyuqdan quş daldalanar –

Məxmər libasında, donunda sənin.

 

Bərəkət başında, su ayağında;

Yaşıl tamaşasan könül bağında!

Axşam şəfəq batar şah budağında;

Günəş doğar alnında sənin!

 

Duruşun cəlallı; boy-buxun hündür!

Ölçmək istədilər: yetmədi kəndir...

Ən uca zirvəndir, Cənnət kölgəndir

Sultanın da sənin, xanın da sənin!

 

Üstünə quş gəlsin, namərd gəlməsin!

Dərdin onsuz da çox, ta dərd gəlməsin!

Axna üzərinə kəm baxan kəsin! –

Nə qədər taqət var canında sənin!!!

 

Çətrin şah sarayı; gövdən mübarək!

Sən ərşə sultansan; sən Göyə dirək!

İnsana, havaya, torpağa gərək!

Məlhəmdi saatın, anın da sənin!

 

Səninlə bir olmaq ayrı fürsətdir!

Sənə möhtac qalmaq bir əsarətdir!

Ayrı kaşanədir, ayrı busatdır:

Axşamın, səhərin, Danın da sənin!

 

Başında nə acı yellər əsibdir!

Kəsilsin o əl ki: səni kəsibdir!!!

Kötüyündə zoğ var: Allah nəsibdir! –

Ümid var o yaşıl qanında sənin!

Yüz il bəsləmişdi səni bu ölkə;

Məhşərdi başına gələn mərəkə...

Üstünə cumanda baltalı kölgə,

Keşikçin olaydım yanında sənin!

 

Ağaca dadanmış çox quduz can var;

Ağac boğazlayır indi canavar!

Ağac o nakəsdən çətin can sovar;

Düşmənin yarpağın sanında sənin...

 

Sən ki od-alovsan; qayən müqəddəs!

Sən gözdə işıqsan; ürəkdə həvəs!

Səni gözbəbəyi bilməli hər kəs!

Arxanda durmalı qanun da SƏNİN!!!

Gəncə,

May, 2013.

 

DİLİMİN UCUNDAKI

SÖZ

 

(Yetmiş dörd yaşıma)

 

Keçid tapammadım  sözdən əmələ,

Əlacım quruca bir sözə qaldı.

Bir fərli çoban da tuta bilmədim;

Quzum canavarla göz-gözə qaldı.

 

Dolandım dərdimlə mən addım-addım,

Dərdimlə oyandım, dərdimlə yatdım.

Dəniz geri durdu; damlada batdım;

Başıma gəlməmiş nə qəza qaldı.

 

Gözümdən mürgümü qovdum bir vədə,

Gördüm: yerli-dibli yoxam dövrədə.

Umdum: sərvim qopub göydə dövr edə;

Qopmadı, gərəksiz bir nizə qaldı.

Məramlar nizamla düzülsə sapa,

Sıradan qopmazsan – qiyamət qopa!

Çoxları cəhd etdi: Bisütun çapa;

Hər fərddən ədalı bir poza qaldı.

 

Əllərim uzalı; dağlar damənsiz,

Necə ötsün bülbül gülsüz-çəmənsiz?!

Bir boy alçalmazmı o dağlar mənsiz?!

Dikəlmək hərdəmli bir dizə qaldı.

 

Qarşıda fələklə mənim qırğınım:

Ya qismət, şahlana ilham yorğunum!

Getdi Şəhriyarım, Səməd Vurğunum;

Şairlik mənimtək acizə qaldı.

 

Heç nədən xof etməz Aslan Məmmədim!

Dağların çiynində kök atıb bitdim.

Başımı götürüb dünyadan getdim,

Dilimin ucunda vəcizə qaldı.

Sumqayıt,

23.12.2013.

 

BAŞBARMAĞIN

NAĞILI

 

Böyük türk şairi Əhməd Haşimin

nəsrlə yazmış olduğu “Başbarmaq”

yazısına nəzm ilə nəzirə

 

Başbarmaq əmrində dörd barmaq durar:

Beşi bir olanda hər şeyə yarar.

Başsız o dörd qardaş acizdən-aciz;

Beş qardaş birləşib saraylar qurar!

Başbarmaq olmasa, gedişat olmaz:

Başbarmaq kənara çəkilsin bir az,

Görək nə bacarır dörd barmaq onda:

Yumruq boyda daşı dördü qaldırmaz...

Başbarmaq dördünün canı-cəsədi!

Birliyin sirrini tək mənimsədi.

Başbarmaq olmadan iş meydanında,

Dörd barmaq mat qaldı... Ancaq əsnədi.

Başbarmaqla varam, onunla şadam,

Onun əsəridi səsim və sədam!

Ölüm Allah əmri... Kim ölməyəcək?!

Təki Başbarmaqsız olmasın adam!..

Başbarmaq yaradıb nişanələri;

Gözəllər zülfündə o şanələri;

Sərt qaya başında yaradıb bilsən;

Təbrizdə, Bakıda kaşanələri.

Başbarmaq hər evə, hər kəndə gərək!

Başbarmağı sevsin hər bəndə gərək!

Hər kəs Başbarmağın qədrin bilməsə,

Olsun Haqq önündə şərməndə gərək!

  Bakı,

  16.01.2014.

 

GÖZLƏ

Heç nə gözləməyən ölümü gözlər;

Gözlə, canım, gözlə; bir zadı gözlə!

Haqqın göndərdiyi qüdrətə söykən:

Zəliylə dostluq qur: imdadı gözlə!

Sən ömrü yarıt ki, ömür yarıda!

Ömür tərk etməyə səni yarıda!

Boşuna yağmır ki, qar zirvələrə:

Şahdağın başında çalmadı, gözlə!..

Bir gül bitirincə nə zillət çəkdin;

Güldən gülab çəkdi, min şükür, cəhdin!!!

Bir toxum əkməklə bir ümid əkdin;

Bəhrəsi tez oldu-olmadı, gözlə!

Nə özündən iyrən; nə yaddan iyrən;

Çaxmağı bir daşa çaxmağı öyrən!

Alınan çınqıda odun, bünövrən!

Həm ocağı gözlə, həm odu gözlə!

Əsərsiz ötüşməz bir qovğa, qada...

Göygöllə nurlandı Kəpəz ziyada!..

Heç nəyə ötəri baxma dünyada,

Qarşı gələn yazdan min dadı gözlə.

Sumqayıt,

16.01.1014.

DAĞ  SAXTALIQ

GÖTÜRMƏZ

 

     Küllük təpə olsa, təpə dağ olmaz;

     Yel əsəndə alçaqlara endirər.

            

Abbas Tufarqanlı.

 

Adəmdən bu yana, Allah şahiddir:

Heç kimsə görməyib bir dağı saxta!

Ağıl bu müşkülü sığdıra bilməz:

Şahdağ saxta ola, Tur dağı saxta...

 

Hansı dağ xilqətən saxta doğdu ki?!

Söykəksiz, dayaqsız necə dağdı ki?!

Hansı silsilədən hansı tağdı ki:

Zirvə saxta ola, qucağı saxta?!

 

Saxta ət görmüşük, saxta yumurta;

Saxta dağ qursunlar... Aqil yemir ta!..

Saxta mayalarla gəlmir xəmir ta!

Faş olub saxta, bayağı saxta...

 

Saxta, meydan sular, nədamət doğar,

Yox olsa, qarışqan min afət doğar!

Bu qədər saxtadan qiyamət doğar,

Həm batı saxtadır, həm doğu saxta...

 

Saxta dağ kökündən Allaha asi;

Bu da Don-Kixotluq, sözün qısası;

Saxta hər əzası, hər toxuması:

Başı, beyni, qaşı-qabağı saxta.

 

Dağın azı yerdə, çoxu səmada;

Qalıb yaddaşında min dürlü səda;

Dağ çərxə yüksəlib Turi-Sinada!

Olmaz daş-kəsəyi, torpağı saxta!

 

Piramida deyil, dağ robot deyil!

Bu saxta ayrı xətt, həmin xətt deyil!

Dünya əzəldisə, ta ədəb deyil!

Bu dağın havası, ocağı saxta!..

Bakı

11.01.2013.

MÜŞFİQİ DÜŞÜNDÜKCƏ

 

              (Yanvarın 6-sı nakam

                şairimizin doğum günüdür).

 

Şairə ilhamdan maya gərəkdi;

                Anasız çocuğa dayə gərəkdi.

                “— Şairəm” — söyləyir

yerindən duran,

Adamın üzündə həya gərəkdi!

lll

     Dünən bir şairin keçdim yanından,

     İldə bir söz çıxmaz xəsis canından.

     Eşqi, ehtirası olmayan... yetər!

Çıxsın birdəfəlik söz meydanından!!!

Mikayıl Müşfiq.

 

Bir yol oyanmağa özündə güc tap;

Deyərlər: nə vaxtdan yatandır Müşfiq.

Bir yol utandırdın, ağıllanmadıq,

Gəl, bizi təzədən utandır, Müşfiq.

 

Yumurtadan çıxan: “Şair mən!” – deyir;

Üç-beş damcısına bir ümman deyir;

Ötməz ilhamına dəiyrman deyir;

Bilmir şerimizə sultandır Müşfiq!

 

Haqq çatıb, nahaqqı boğacaq yenə!

İlahidən yanar od-ocaq yenə!

Ay kimi, Gün kimi doğacaq yenə:

Ay kimi, Gün kimi batandır Müşfiq!

 

Döyüşkən ruhunda sonsuz vəlvələ;

Boşalmaz dənizdən yaş gilə-gilə!

Ürəklər oduna qızınır hələ –

Biryolluq gur tonqal çatandır Müşfiq.

 

Sənin faciəni unutmaz bəşər!

Qətlini andıqca dağ-daş çimçəşər.

Sayadlı yurdun ki büstünə qənşər;

Xızı bir əbədi butandır, Müşfiq!

Sumqayıt,

28.12.2013.

OVQAT HƏNİRTİLƏRİ

 

Bu Vətən uğrunda nə çağrış ola,

Boğazımız qıldan nazikdir elə.

Hönkürmək istəyən kövrək dağların

Kaha dodaqları büzükdür elə...

 

Hər fərd oxşarıyla, hər nəsnə cüt-cüt;

Min yola yön verər tək bircə keçid.

Bu dünyadan qeyri bir dünya mövcud;

Dünyamız, bax, ona üzlükdür elə.

 

Necə nizam qurub o Ali dərgah!

Yer Göylə həmahəng; Ay, Günlə həmrah!

Mükəmməl yaradıb dünyanı Allah!

Nöqsan bildiyimiz bizlikdir elə.

 

Dirəklər laxlayır ümid damında;

Davranmır iqlimlər öz məramında.

Qaçırtdıq dadını hər bir tamın da;

Kimdən hal soruşsan, üznükdür elə.

 

Dünya bir atasa, hər övlad – varis!

Bu haqqa çatmağa varmı mübariz?!

Hər kəs barmağına taxmağa həris:

Dünya bir həlqəsiz üzükdür elə.

 

Belə ovqat olmaz, Allahu-Əkbər!

Deyinib üzülmə, Məmməd, nə xəbər?!

Söz sözü gətirər, söz sözü çəkər:

Cavab vermədinsə, söz yükdür elə.

25.12.2013,

Sumqayıt.

ƏHLƏT DAŞI

I. SON NƏFƏSƏ DOĞRU

Ölmək! O böyük körpüdən hər kəs

                                         keçəcəkdir:

O elə şərbət ki, ondan bütün aləm

                                           içəcəkdir!

Cəfər Cabbarlı.

 

Rəhmətlik Mürşid Bəxşəli oğlu Qarabağın karlı kişilərindən biri idi. Cavanlığında yerə-göyə sığışmayan bu adam ixtiyarlığında belə yumruğunu vursa, qaya parçalanardı.

Nə yazıq ki, ömrün axırlarında ağır taxtalı davransa da amansız xəstəliyin cəngindən can qurtara bilmədi. Özü istəməsə də, inadkar SON NƏFƏSi dünyayla uzun qovğa elədi: Mürşid kişidən üzülüb, kənara çəkilmək istəmirdi.

...Mürşid kişinin daha bu dünyalıq işi qalmamışdı. O dünyanın adamları ilə danışırdı. Qəribədir ki, gözü önündəki doğmalarının çoxusu huşundan çıxmışdı.

“Dədə, dədə, ay dədə” – deyə yalvardığı atası Bəxşəlini; “nənə, nənə” deyə inilti ilə çağırdığı anasını çox canlılıqla, az qala hər nəfəs aldıqca bağrına basırmışcasına sonsuz yalvarışlarla çağırır, onu öz yanlarına aparmağa razı salmağa heydən düşürdü.

“Dədə, ay dədə, daha dözmürəm, gəlin, aparın məni... Bəsdir, ay dədə, iyrəndim bu dünyadan... Çəkin, aparın məni yanınıza... Yerinizi dar eləmərəm, vallah!..

“Nənə, ay nənə, sən yalvar dədəmə... Səni eşidər, bilirəm...”

“Dədə, ay dədə... Burda kəndi topa tutur ermənilər... Tez aparın ki, yanınıza sağ-salamat çatım... Nə olar, dədə...”

...Bu iniltilər, bu bəşəri fəryadlar olmasaydı, bəlkə də bu yazını qələmə almazdım.

Amma... Deməmək olmur... Son nəfəsi artıq aydınca duyulanda çox zəif xırıltı ilə “Dədə, görürəm... Sizin qəbrinizi də güllələyirlər... qoymayın, dədə... qoymayın... Siz karlı kişilərdiniz, axı, dədə...”

    II. GEDƏNLƏR ALLAHA

DAHA YAXIN OLUR

 

      

             Ey Füzuli, qıldı fələk

                           qədimiz xəm; yəni:

             Vaxtdır keçməyə dünya

                          qapısından, əyilək...

   Füzuli.

 

    Ey Füzuli, fələk qəddimizi əyri etdi, yəni: dünya qapısından keçmək vaxtı çatmışdır; əyilmək zamanıdır ki (başımız o qapı çərçivəsinin yuxarısına dəyməsin).

   

Qovğadır dünyanın hər yeri, əfsus!

Sıxdı səni çərxin çənbəri, əfsus!

Son nəfəs gəlməmiş dərd-bəla gəldi,

Bu dünyada çəkdin məhşəri, əfsus!

Gördün min əzabı, minbir təşvişi;

Nə zillət çəkmədin, ay Mürşid kişi!

Ömürdən, taledən o küskün ruhun

Qınasın dövranı, zalım gərdişi.

Tez-tez qəbr evində diksinər ruhun,

Yəqin ki, perikər orda da yuxun...

Çağır Yaradanı, ay Mürşid kişi,

Hər halda, Allaha sən bizdən yaxın...

III. ÖLMÜŞLƏRİN DİLİNDƏN

    HƏLƏ ÖLMƏMİŞLƏRƏ

    

               Altında yatarkən də

                          bizimdir yerin üstü!

Midhət Cəmal Kuntay.

“Düşmən nişan alır kəndi; qəbri də;

Vəhşətlə çoxalır gündə cəbri də.

Ölən təkrar ölür öz məzarında,

Daşmır Yaradanın dərya səbri də.

Dünya sakit baxır pəncərəsindən,

Nə ahdan sarsılır, nə top səsindən.

Getdikcə azıxır qəhmərli cəllad

Şeytan əməlindən, vəsvəsəsindən...

Bizim bir üzümüz, dünya çoxüzlü,

Od tutub yanırıq biz dirigözlü:

Gah kənd güllələnir, gah məzarıstan;

Qarabağ qan qusur dərəli-düzlü.

Adəm yaşındayıq, ondan da yaşlı,

Burdan hara qaçaq biz başıdaşlı?!

Pənah aparmağa bir yer qalmadı;

Dünyaya dönüş yox!.. Dünya savaşlı...

Bir dəfə ölməyə nə var ki, atam:

Keçinər biryolluq, qurtular adam!

Torpağın üstünə  dinclik ver, Allah:

Torpağın altında rahatca yatam.

Qurtuluş gətirmir ölüm, azar da;

Gör nə zillət çəkir ölü məzarda?!

Hardan peyda oldu bu goreşənlər?!

Ürkür əməlindən mərdümazar da.

Bu, nə müharibə; bu, nə insanlıq?!

Qəbir güllələmək ancaq nadanlıq!..

Kimin toyuğuna “kiş” deyib axı:

Burda biz ölmüşlər, ya qəbirstanlıq?!”.

 

IV. SONLUQ YERİNƏ

 

Allahın işi çox!.. Bəndədən artıq;

Daha siz yalvarın; biz çox yalvardıq...

“Fələyi yandırdıq ahımız ilə”

Yalvara-yalvara, gör, hara vardıq?!.

 

Adəmdən bir surət qəbrində hər kəs!..

Adam ki Adəmdən yan keçə bilməz!

Adəmin qəbrini topa tutursa,

Erməni, Adəmdən törəməyib bəs?!.

 

Füzuli rayonu,

Əhmədbəyli kəndi,

26.12.2013.

BƏDİİ SÖZÜN NİZAMI

ƏDƏBİ HOQQABAZLIQ

  

Dünya bir nizam içində bərqərar olub. Yerlə göy sabit bir müvazinət uyuşumunda. Bu müvazinət, bu əbədi nizam zərrəcə pozulsa, nə boyda fəlakətlər baş verər. Axan ulduzlar, meteoritlər, orbitindən aralanmış müxtəlif fəza cisimləri bir çox hallarda bəşərin başı üstündə fırlanan tərs dəyirman daşına dönür.

Müxtəlif yönlərdə insan fəaliyyətinin uyuşumsuzluğu nəticəsində baş verən ekoloji sarsıntılar da dünya nizamına əsassız müdaxiləmizdən qaynaqlanmırmı?!

Yaşamaqda olduğumuz indiki dadsız-duzsuz ömrümüzün əvvəllərində bəh-bəhlə duyub-seyr etdiyimiz    o əsrarəngiz mövsimi gözəlliklər; Yer üzündə Cənnəti gerçəkləşdirən o Loğman havalar; axşamları, səhərləri dadlandıran o İlahi nəsimlər özbaşınamı qeybə çəkildi, görəsən?! İndi az qala hər gün bəşər oğlunu yaşamaqdan küskünləşdirən ölüm vahiməli xəbərdarlıqlı hava proqnozları yaradıcı qüdrət qarşısında yersiz əməllərimizin lap yerində cəzası deyilmi?!

lll

Bədii sözün, ümumiyyətlə, ədəbi dil normalarının kobudcasına pozulması halları da xoşagəlməz mərhələlərə və təlx ovqatlara gətirib çıxardır, şübhəsiz!

Bu yöndə ədəbi dildə hoqqabazlıq istər poeziyada olsun, istər nəsr dilində baş aparıb, ipə-sapa yatmadıqda ədəbi dil normalarında hərki-hərkinəlik dərəbəyliyi xortlayıb üzə çıxır.

Uzun zaman ərzində püxtələşmiş ədəbi dilimiz var. Qüdrətli qələm sahibi bu məruf qaydaların içində bişib, yetkinləşib, mükəmməl ədəbi şəxsiyyət olduğunu sübuta yetirə bilir. Qayda-qanunları bilərəkdən, hətta inadkar davakarlıqla ayaqlayıb keçmək, hoqqabazlığına haqq qazandırmağa mücadilə səviyyəsində çılğınlıq göstərmək yolunu tutmaq indiyə qədər hələ heç bir qələm sahibinə haqq qazandırmayıb və qazandıra bilməz də! Bu yerdə bir-iki kəlmənin yazılışında buraxılan səhvə görə ulu Füzulinin yazı yazan katibə tarixi bədduasını neçə yüzildən sonra yenə dilə gətirməkdə, elə bilirəm, çox fayda var:

 

Qələm olsun əli ol katibi-bədtəhririn

Ki fəsadi-rəqəmi şurumuzu şor eylər.

Gah bir hərf qüsuriylə qılar-“nadir”i nar;

Gah bir nöqtə qüsuriylə gözü kur eylər.

 

O tərsə yazan katib əli qurusun ki: bir işarəti yerinə yanlış qoyunca “şur” (yəni: şənlik, düyün, ziyafət) kəlməmizi “şor” (yəni: duzlu, qurutlu, şamata) eləyər. Gahdan bir hərfi düşürüb, “nadir” (yəni: az tapılan) kəlməmizi “nar”a (yəni: oda, atəşə) çevirər.

Bəzən də bir nöqtəni unutduğundan “göz”ümüzü “kor” eylər.

Qeyd: “Əli qələm olsun (əli qurusun) ifadəsi quranda 111-ci surə olan “Təbbət  surəsinin ilk ayəsində keçər:

“Təbbət yeda  Ebi Ləhəbi və təbbi”  (Əbu-Ləhəbin iki əli qurusun! Qurudu da!) Bədduanın səbəbi, Əbu Ləhəbin əziyyət vermək məqsədi ilə Həzrəti-Peyqəmbərin yoluna gizlicə dikən qoymasıdır.

Füzuli tarixi bədduasını eyni zamanda ərəbcə, farca və türkçə qələmə almışdır.

(Bədduaya aydın ayna tutan dördlük haqqında açıqlama məqsədi ilə  Türkiyədən internetdə yerləşdirilmiş materialdan bolluca yararlanmışam. Müəllifinin qələminə bərəkət!)

Sözün təhrifinə qarşı Füzulinin bu dordlüyünün ərəbcəsinə baxıldığında Qurandaki ifadənin mənaca eynisi görünür: “Təbbət yeda  (əli qurusun!) Burada Əbu Ləhəbin yerinə  katib kəlməsi işlədilmişdir. Deməli, bu ədəbi qarşılaşdırma vasitəsi ilə Əbu Ləhəb ilə katib arasında bənzərlik qurulmuşdur.

Vay o katibin halına və bəxtəvər o katibin başına!

Zavvalı katib! Füzulinin bədduasını qazandığı üçün!

Bəxtəvər katib! Füzuli kimi bir poeziya dühasının mübarək kəlamına girə bildiyi üçün!

“Bir yandan bağlayan, bir yandan açar” — deyib dədələr.

Müxtəsəri, dahilərin qələminə düşmək müşkül dərddir!

Edən bular, əlbəttə!

Etmə, etməsinlər!

“Göz” kəlməsini “kor” olaraq yazan katibə Füzulinin bu bədduası ədəbiyyat tariximizdə ən ünlü örnəkdir.

Sözləri qüsurlu yazmağa qarşı şairin qızğın mücadiləsidir!

Bu bircə qitənin izahı üçün Füzulişünaslar indiyə qədər xeyli açıqlamalar yazmışlar. Bunların əksəriyyətində məqsəd ədəbi dil normalarını göz bəbəyi kimi gözləmək vacibliyi durur.

Tarixin yaddaşında qalan bu bəddua yazdırdı mənə aşağıdakı bir növ mücadilə şeirini, möhtərəm oxucularımız.

 

DİLDƏ HOQQA AYRI;

AXTARIŞ AYRI...

“Hoqqabazam!” deyib, israr eləmə;

Ziyandan yarı dön, heç ar eləmə.

Özün də hayıfsan, yazın da hayıf:

Özünü, yazını, gəl, xar eləmə!

Pozulmuş qaydayla yazılsa əsər,

Ədvasız bir aş ki: iştahlar küsər.

Nizamsız yazıdan boylanan obraz

Ya gicbəsər çıxar, ya da dəngəsər.

 

Dirəksiz bir dam tik, tir qoy eləcə;

Tək divar dözərmi o boyda gücə?!

“İki dəfə iki” — beş olmaz kimi,

Şərtlər düz gəlməsə, olmaz nəticə!

 

Sonluqlar başlıqdan heç əvvəl olmaz!

Zorla uydurarsan, mükəmməl olmaz!

Hər şeyin öz yeri, sərəncamı var:

Daşla dişəməsən, taxta, vəl olmaz!

 

Çəmsiz yoğur görüm xəmri hələ,

Balata gərəkdi, xas xəmir gələ!

Unu, urvanı bil təhnədən əvvəl,

Hayıfsan, özünü salma əngələ.

 

Xəmiri oxlovsuz yaya bilməzsən,

Kəsərsiz yuxanı qıya bilməzsən!

Pencərsiz qazan as: dur dovğa bişir:

Süfrəyə fərli şey qoya bilməzsən!

 

Yenə söyləyimmi bənzər misalı?

“Üstəgəldə”n doğar sözün əmsalı!

Fəhm ilə, məntiqlə mətləbi söylə!

Tutarsız, dəlilsiz qaldırma qalı!

   lll 

Hər gələn özüylə bir dil gətirsə,

İnsan bir-biriynən dil tapa bilməz!

Dildə birlik tapan dünyanı tapar;

Olmasa, qonşuya yol tapa bilməz!

 

Bir dildə mələşər qoyun-quzular.

Bir “mə” bir başqadır; iki “mə” başqa.

Bir dillə vüsala çatar arzular;

Bülbül cəh-cəhiylə rənk qatar eşqə!

 

İnsan nədən pozsun dildə qaydanı?!

Heç nəyə sığışmır bu hoqqabazlıq!

Haramlıq götürməz sözün meydanı!

Bu, nə dərəbəylik; bu, nə pərdazlıq?!

 

Minillər boyunca kök atır bir dil;

Milyon-milyon səsdən səda var sözdə!

Özündən barınıb, özgədən deyil,

Dahilər dipdiri türk dilimizdə.

lll

Dildə hoqqa ayrı; axtarış ayrı,

Mükəmməl yazmağa bir yarış ayrı.

Qaydanı gözləmək bir ayrı şeydi;

Bir cəng ayrı şeydi, bir barış ayrı.

 

Kim bizi qarğımış söz-savda azaq?!

Hoqqaya düşməsə, sözün üzü !

Nizamlı qaydada bir uyuşum var:

Qaydalı qurğuya kim qurar duzax?!

 

Hoqqabaz dediyin gözbağlayıcı:

Birgöz qırpımında fırladar puçu:

Bir saxta qələmə  məruz qalmaqda

Dilin nə günhı, sözün nə suçu?!

lll

Hoqqabaz gözündə göy şaqqa-şaqqa;

Nizama üz tutsan, çatarsan haqqa!

Zərrəbinlə baxsan, tapa bilməzsən

Fizulidə hoqqa, Vurğunda hoqqa!

 

Qaydayla şahlanmış ”Qılınc və Qələm”!

“Dəli Kür”lə axıb Xəzərə gələm!

Necə əncam çəkib nizam sahibi:

Bir çəki-düzənlə yaşayır aləm!

 

Yoldan çıxmaq ilə çıxmazsan yola!

İstər ömür boyu çalış-çabala...

Üst-üstə kərpiç qoy: saray yaparsan!

Kərpiç çəkə-çəkə... yıxarsan qala.

lll

Səhər həsrətiylə işıqlanar Dan!

Bir axşam yol gəlir, zülməti artan.

Ucaldan, alçaldan iki amil var:

Ucaldan rəhmandır; alçaldan: şeytan.

Şeytan çox çevikdir şimşəkdən belə;

Ruh çeynər, yorulmaz gövşəkdən belə.

Bütün məxluqata düşmən kəsilər:

Əl çəkməz dəvədən, köşəkdən belə.

 

Rəhman güldən məsum; şeytanlar sırtıq;

Yaman, beşbetərin yaxşıdan artıq.

Şeytan əməliylə yüz illər boyu

Min-min  abadanı yıxıb qurtardıq.

 

İblislər  heç nədən şər yaratmada;

Şeytanın nəfinə nisbət artmada.

Hər yanan çırağı söndürsün deyə:

Arxamızca şeytan qan qaraltmada.

 

Şeytan dara çəkir günü-gündüzü;

Məhşər əlaməti; ya məhşər özü?!

Üzündə rəqs edir içinin xıltı:

Qanıqlaşıb şeytan son vaxtlar,düzü.

 

Qaydalar-qanunlar hoqqadan şil-küt;

Dəyişir insanlıq, boğulur mühit.

Söz təsir gücünü itirir, demək:

Nə nəsihət verən, nə alan öyüd...

lll

Öləzəyir yaman işığın, insan!

Məhəmməd nurunu, nə olar, ansan?!

Abır yox, həya yox, hissiyat da yox:

Bir ibrət gözüylə aynaya baxsan!..

 

Könüllər Allahın güzərgahıdır:

İçində nur varsa, aləmə göstər!

Nizamla ucalan qələm, dahidir:

Köksüz bir ot göstər, bir maya göstər!

 

Hünər çevrəsində ən örnək hünər:

Zərrəcə toxumdan dağ boyda çinar!

Günəş, məhvərində dönüb-döyünər;

Bir damla içində aləm çırpınar!

 

Nizamlı gedişdən nələr törəməz!

Bir nöqtə döndükcə min-min işarət!

Cazibə nizami bu kürreyi-ərz!

Pürqərar  içində dünyaya heyrət.

 

“Yeddi arxa dönən” silsiləsi də

Çəkili-düzənli bir nizam seyri!

Xisləti, qovğası, qanı, irsi də

Yüz illəri aşan bir ömür nəhri.

lll

Dil xalqın ömürlük dəyər sərvəti!

Onu yaradan xalq, yaşadan da xalq!

Xalqın urvatıdır dilin siqləti!

Oyunbaz, hoqqabaz...Ondan min iraq!

 

Xəzinələr getdi... Qalan dilimiz?

Onu da qeyb etsək, nəyimiz qalar?!

Əlçatmaz  budaqda bir ətək ceviz;

Bir də ki, hoqqabaz sırtıq qarğalar...

 

Zəndi-zəhləm gedir hoqqalı işdən;

İnad qatırlar da birər hoqqaçı!

Bir anda tük çəkər çərxdən, gərdişdən;

Əlində iş görür hoqqabaz qayçı...

Sumqayıt

Fevral 2013

 

Məmməd Aslan

 525-ci qəzet.- 2014.- 25 yanvar.- S.26-27.