Krımda 20 gün
Biz – AMEA
Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə
Əlizadə və ŞREM-in əməkdaşı, professor
Ədalət Tahirzadə ötən ilin 26 avqustundan 16
sentyabrınadək Ukraynada – Krımda olduq. Məqsədimiz bu
əski Türk yurdunda qədim qan qardaşlarımızın
yaratdığı mədəniyyətlə tanış
olmaq və onların bugünkü varislərinin durumunu öz
gözlərimizlə görmək idi.
Tarixdən bəllidir ki, bizim 2700 yaşlı Şəkimizin
özülünü qoyanlar əski saklar (iskitlər/skiflər)
olub. Krım
da, əsasən, sakların məskəni olub və orada da
Saki şəhəri var. “Şəki” də, “Saki” də
öz adlarında sakları yaşadır.
Bunlardan başqa, Şəkinin Krımla, özəlliklə
onun əski baş şəhəri Bağçasaray və
Ağməscidlə (Simferopolla) mədəni-ticarət əlaqələri
olub. Bizi Krıma çəkib aparan daha çox bu amillər
idi.
Səfər
əsnasında Krımın Ağməscid (Simferopol),
Bağçasaray, Yalta, Livadiya, Saki, Gözləv (Yevpatoriya),
Aluşta və b. şəhərlərində olduq, bu yerlərdə
Türklərin yüzillər boyunca yaratdığı tarixi
abidərlə tanış olduq, yerli əhali ilə
görüşüb söhbətlər etdik. “Yerli əhali”
dedikdə, əlbəttə, hamıdan öncə, özlərini
“Krım tatarları” adlandıran, ancaq böyük mütəfəkkir
İsmayıl bəy Qaspıaralının (1851-1914) “Krım
Türkləri” dediyi qan qohumlarımız nəzərdə
tutulur. Qədim çağlarda bu torpaqda ən
müxtəlif etnoslar bir-birini əvəzləsə də
orta əsrlərdə buranın şəksiz ağası həmin
Türklər olub, bütün Krım Bağçasaraydan –
möhtəşəm Krım xanlarının sarayından
idarə edilib. Krım xanlarının
hakimiyyəti yüzillər boyunca davam edib. Onlar Osmanlı dövləti, Azərbaycan, Rusiya və
Avropa ilə geniş əlaqə saxlayıblar. Bu gün Azərbaycanda mövcud olan “Gəray”
adı, “Gəraybəyli” soyadı, heç şübhəsiz,
Krımdakı Gəray xanlarının adı ilə
bağlıdır.
Qızıl Orda dövləti parçalandıqdan sonra
XV yüzildən müstəqil xanlıq kimi tarix səhnəsinə
çıxan Krım xanlığı XVI yüzildən
Bağçasarayı özünə paytaxt edib. XVIII yüzildə
buradakı xan sarayı öz gözəlliyi ilə hətta
İstanbul və Bağdadın bəzi dəbdəbəli
sarayları ilə yarışa girib. Ancaq
1736-cı ildə rus ordusu Bağçasarayı tutduqdan sonra
Krımda Türk-müsəlman mədəniyyəti zəifləməyə,
burada ciddi demoqrafik dəyişiklik getməyə
başlanıb. II dünya savaşında
Stalinin əmri ilə Krım Türklərdən, demək
olar ki, tamamilə təmizlənib. Bu yerli
xalq Orta Asiyaya və Sibirə sürgün edilib. 1980-ci illərin sonu – 1990-cı illərin başlanğıcından
Krım Türkləri yavaş-yavaş ana yurdlarına
dönməyə başlayıblar. Ötənilki
səfərimizdə biz yuxarıda sadaladığımız
şəhərlərdə artıq onların ata-baba
ocaqlarını tüstüləndirməyə
başladıqlarını gördük. Bu
gün onların Krımın paytaxtı Simferopolda Mustafa
Kırımoğlunun başçılıq etdiyi
Kırım Tatar Milli Məclisi var.
BAĞÇASARAYDA
Bu şəhərdə iki dəfə olduq. Hər şeydən öncə,
Türk dünyasının böyük oğlu İsmayıl
bəy Qaspıralının ev muzeyini
görmək istəyirdik. Şəhərə
ilk gəlişimizdə bu muzey bağlı oldu, biz də
yaxınlıqdakı Xan sarayına getdik.
Bu başdan qeyd edək ki, vaxtilə olduqca geniş ərazini
tutan və möhtəşəm tikililəri ilə
Asiyanı və Avropanı heyrətdə qoyan sarayı rus
ordusu 1736-cı ildə yandırıb. Onun cənnətə
bənzər bağlarındakı ağaclar da şəhərin
əhalisi ilə bərabər qırılaraq məhv edilib.
10-15 il öncə TİKA-nın yardımı ilə burada
Türkiyədən gələn mütəxəssislərin
apardığı ciddi bərpa işlərindən sonra həm
Xan sarayının bütün kompleksi, həm də ümumən
Bağçasaray ərazisindəki bir çox abidələr
ilkin görkəminə qaytarılıb və onlar indi həvəskar
turistləri cəlb etməkdədir. Ancaq
çox təəssüf ki, Bağçasaray şəhəri
Krımın turizm xəritəsinə salınmayıb.
Bağçasaray sanki Allahın əli ilə
yaradılmış iki möcüzəli təbii qala
divarlarının arasında yerləşir. Bu təbii qalalar,
demək olar ki, başdan-başa sal daşlardan ibarət
alçaq, ancaq uzun dağlardır. Krımın
ağaları olan Türklər bu keçilməz iki
dağın arasını özləri üçün idarə
mərkəzi seçiblər və buradan bütün
Krıma hökm ediblər.
Xan sarayı hətta indiki durumunda da gözəlliyi ilə
insanı valeh edir. Möhtəşəm darvazadan içəri
girən kimi solda qədim Xan məscidi və bədii muzey,
sağda isə xanların
yaşayıb-çalışdığı imarətlər,
hərəmxana, qarşıda isə gözəl
bağça diqqəti çəkir.
Xan sarayı əski şəhərin mərkəzində,
Çürüksu çayının vadisində yerləşir. Bu sarayın və
paytaxtın özülünü Menqli Gəray xan (1467-1515)
qoyub.
Müharibələr zamanı saray otaqlarının istər
divarlarındakı, istərsə də tavan və döşəmələrindəki,
qapı və pəncərələrindəki naxışların
çoxu məhv olub getsə də yerdə qalan və bərpa
edilən hissələr gözəlliyi ilə göz
oxşayır.
1820-ci ildə
bu sarayda olmuş rus şairi Puşkin buradakı Səlsəbilin
(“Göz yaşı fəvvarəsi”nin)
gözəlliyinə heyran olaraq özünün məşhur
“Bağçasaray fontanı” poemasını yazıb. Qeyd edək
ki, ağ mərmərdən
hazırlanmış bu fəvvarə Krım Gəray xanın
sevimli arvadı Dilarə Bikəçin xatirəsinə
ucaltdığı bir məhəbbət abidəsidir.
4 hektardan artıq olan saray həyətində vaxtılə
xan qoşunları paradlar keçirib.
Həyətin sol tərəfində Xan məzarlığına
keçid var. Burada Krım xanlarının ailə üzvləri
dəfn edilib.
Doğrudur, xanların bəziləri
Bağçasarayda Salacıq dərəsində, Əskiyurtda
və başqa yerlərdə dəfn edilsələr də Xan
məzarlığındakı qəbirlər böyük bir
kompleksdir və Bursadakı sultan qəbiristanlığını
xatırladır. Bu məzarlıqda 106 qəbir
var. Onların böyük əksəriyyətinin
üstündə mərmərdən sinə daşları (sənduqələr)
və başdaşları ucaldılıb. Həm sinə daşlarında, həm də
başdaşlarında oyma üsulu ulə ərəb dilində
gözəl xətlə qısa tərcümeyi-hallar
yazılıb və mənalı naxışlar çəkilib.
Biz bunların əksərinin fotolarını
çəkdik. Burada əbədi uyuyan şərəfli
insanlardan – Krımın gerçək ağalarından bəzilərinin
adlarını xatırladaq: Mahmud Gəray sultan, Dövlət Gəray sultan,
Əzəmət Gəray sultan, Menqli Gəray sultan, Bahadır
Gəray sultan, Arslan Gəray xan, Krım Gəray xan, Adil Gəray
Sultan, Məhəmməd Gəray xan, Toxtamış Gəray
sultan, II Menqli Gəray xan və b. Açığını
deyək ki, Azərbaycanın heç bir yerində (Şəkidən
başqa) xan ailəsi üzvlərinin bu qədər çox
və günümüzədək qayğı ilə qorunub
saxlanılmış məzarlığı yoxdur.
Biz Salacıq dərəsində də olduq. Orada qardaş Türkiyə
ustalarının əli ilə yenidən həyata
qaytarılmış ilk Krım xanlarının məqbərəsini,
Zincirli mədrəsəni, Krım və ümumən
dünya Türklərinin ən böyük şəxsiyyətlərindən
olan İsmayıl bəy Qaspıralının və
krımlıların böyük oğullarından Mustafa Edige
Kırımelin məzarlarını ziyarət etdik.
Yeri gəlmişkən, Sankt-Peterburqdan gəlmiş
köhnə dostlarımız Məhəmməd və onun
yoldaşı Almira Tahircanovlar da bu səfərdə bizimlə
idi. Oxuculara
bildirək ki, professor Məhəmməd
Tahircanovun ana babası vaxtilə Məhəmmədəmin Rəsulzadəni
Peterburqdan Finlandiyaya qaçırmış məşhur tatar
ilahiyyatçısı Musa Bigiyevdir. Almira
xanım isə Peterburqdakı müsəlmanların həyatını
öyrənir. Onun Azərbaycanla da
bağlı dəyərli araşdırmaları nəşr
edilib. Almira xanım yenicə çapdan
çıxmış “Müsəlmanlar Peterburqun həyatında
və mədəniyyətində (XVIII-XIX əsrlər)”
adlı dəyərli kitabını bizə
bağışladı. Burada Mirzə Cəfər
Topçubaşov, Mirzə Kazım bəy, Hüseyn xan
Naxçıvanski haqqında da geniş söz
açılıb.
Bağçasaraya
ikinci gəlişimizdə İsmayıl bəy
Qaspıralının ev muzeyində olduq. Bu zaman Türkiyənin TRT kanalından da çəkilişə
televiziya əməkdaşları gəlmişdilər,
Tahircanovlar da burada idi. Maraqlı bir durum yarandı
– biz muzey əməkdaşlarıyla ana dilimizdə
danışır və bir-birimizi çox gözəl
anlayırdıq, ancaq Türkiyədən gələn
kameramanlar bizim danışığımızda bir çox
sözləri başa düşmədiklərinə görə
onlara tərcümə etməli olduq; başqa sözlə,
Krım Türkləri bizim türkcəni daha yaxşı
başa düşürlər.
Bəlli olduğu kimi, İ.b.Qaspıralı maddi
baxımdan çox zəngin olub. Onun geniş
torpaqları və bir neçə mülkü varmış.
İndi muzeyin yerləşdiyi bina onun öz vəsaitiylə
tikdirib məktəbə çevirdiyi binadır. Ancaq lap
yaxın zamanlaradək burada bir neçə qeyri-müsəlman
ailə yaşayıb və onların buradan
çıxarılması heç də asan olmayıb. Muzeyin müdiri Yaqub Abbas bəy olduqca diribaş və
vətənpərvər adamdır. O, binanı necə
boşaltmasının və muzeyə çevirməsinin
tarixçəsini danışdıqca özünü də,
bizi də gülmək tuturdu...
Yaqub bəyin otağında İ.b.Qaspıralının
“Tərcüman” qəzeti dövründən qalmış əski
çap maşını yerləşir, onun da üstündə
çoxlu şriftlər və “Tərcüman” qəzetinin
ayrı-ayrı nüsxələri qalaqlanıb. Oxuculara
xatırladaq ki, sonralar Azərbaycan Cümhuriyyətinin Baş
naziri olmuş tələbə Nəsib bəy Yusifbəyli
(1881-1920) İ.b.Qaspıralının qızı Şəfiqə
xanımla (1886-1975) ailə qurub, bir müddət
Bağçasarayda yaşayıb və “Tərcüman” qəzetində
əməkdaşlıq edib. Yaqub bəy, muzeyin əməkdaşları
Elmira və Selvina xanımlar da muzey haqqında bizə,
Türkiyədən və Peterburqdan gələn qonaqlara
geniş bilgi verdilər, muzey otaqları ilə tanış
etdilər. Burada İsmayıl bəyin özünə məxsus
bir çox ev əşyaları qorunub
saxlanır. Otaqların bərpası Türkiyəli
bərpaçıların əlindən çıxıb.
Yaqub Abbas bəy Azərbaycanı ürəkdən sevən
insandır.
O, Azərbaycan muzeyləri və özəlliklə Elmlər
Akademiyası ilə əlaqələrin genişləndirilməsini
çox arzulayır. Özümüzdən bunu deyə bilərik
ki, maddi imkanları zəif olduğuna və yardıma ehtiyac
duyduqlarından, Azərbaycan tərəfinin Qaspıralı ilə
bağlı ölkəmizdə keçirilən bütün
tədbirlərə bu ev muzeyinin əməkdaşlarını
dəvət etməsi və həmin muzeyin inkişafına əməli
yardım göstərməsi əsl qardaşlıq nümunəsi
olar.
Bağçasaray bu gün yenidən Krım Türklərinin
ata yurduna çevrilməkdədir. Burada hətta yeni tikilən
restoranlar da əski xan saraylarına bənzədilir. Şəhər gündən-günə xarabalardan təmizlənir,
abadlaşır və “özünə dönür”. Bu şəhərdən ürək dolusu sevinclə
və qürurla ayrıldıq.
SAKİDƏ
Bağçasaray Ağməsciddən günbatanda yerləşirsə
Saki bu şəhərin gündoğanında, ondan təxminən
50 km aralıdadır. Qara dənizin sahilində yerləşir.
Təxminən Şəki boyda şəhərdir.
Adını, dediyimiz kimi, qədim saklardan
götürüb. Bura da əski Türk
yurdudur.
Öncə Sakinin tarix muzeyinə yollandıq. Direktor işdə
olmadığından, bizi onun müavini Xalidə xanım qəbul
etdi. O, Krım Türküdür. Bizi muzeylə tanış etdi. Öncə saklar
dövrünü əks etdirən zalı gəzib antik
çağla bağlı bir çox eksponatla tanış
olduq.
Xalidə xanımın təşəbbüsü ilə
burada Krım Türklərinin mədəniyyətinə aid
ayrıca otaq yaradılıb. Bu otağı görəndə
adamın ürəyi açılır. Türklərin
məişəti, adət və ənənələri ilə
bağlı çoxlu eksponatlardan başqa, ikinci dünya
müharibəsində iştirak etmiş Krım Türklərinə
aid guşə də çox maraqlıdır. Xalidə xanım (eləcə də Krımda
söhbətləşdiyimiz bütün Türklər) 2 dəfə
Sovet İttifaqı Qəhrəmanı olan qırıcı-təyyarəçi
Ametxan Sultandan (1920-1971) böyük iftixarla
danışırlar. Sinəsində 2 “Qızıl
ulduz”, 3 Lenin ordeni, 2 “Qırmızı Əmək bayrağı”
ordeni və başqa bir çox təltifləri olan ikiqat Sovet
İttifaqı Qəhrəmanı müharibədən
dönüncə ana yurdundan bütün
soydaşlarının sürgün edildiyini görüb və
özünə də burada yaşamaq “məsləhət
görülməyib”. 1956-cı ildə o,
Krım Türklərinə bəraət verilməsi
üçün SSRİ-nin yüksək hakimiyyət
orqanlarına məktub yazıb.
Muzeylə tanışlığımız bitən ərəfədə
direktor Marina Vladimirovna Zadorojnaya da gəldi. Onunla da
söhbətimiz çox maraqlı və işgüzar
alındı. Dedikcə səmimi bir insan
olan Marina xanım Şəki ilə əməkdaşlığa
böyük həvəs göstərdi və birgə əməkdaşlıq
protokolu imzalamağa məmnuniyyətlə hazır olduğunu
bildirdi.
Saki şəhəri ilə bağlı bir neçə
maraqlı məqamı burada qeyd etmək istərdik. Birincisi, bu şəhərdə
dünya şöhrətli iki sanatori var. Onlardan biri – Burdenko adına sanatori sümük və onurğa xəstəlikləri
üzrə dünyada ən qabaqcıl müalicə
ocaqlarından sayılır. Buna görədir
ki, şəhərin küçələri oraya müalicə
üçün əlil arabasında gedib-gələn xəstələrlə
doludur. Azərbaycandan və başqa yerlərdən bir
çox ailələr müalicədən ötrü dalbadal
5-10 il gəldikdən sonra axırda burada
tam məskunlaşmağı qərara alıblar.
İkincisi, burada Azərbaycandan gəlmiş 20-yə
yaxın ailə artıq birdəfəlik yaşayır. Onlardan birinin nümayəndəsi
olan qarabağlı Faiq Hüseynovla təsadüfən ona məxsus
“Manqal” kafesində tanış olduq. O və
qardaşı bu şəhərdə 3 böyük kafe
işlədirlər. Maddi durumları əladır.
Dəyib-dolaşan da yoxdur. Faiq bəy bizi
Bakı nömrəsini dəyişmədiyi “Mersedes”ində
(şəhər içində bu maçını, şəhərdən
qıraqda Ukrayna nömrəli Cipini sürür) Sakinin məscidinə
apardı və həm məscidlə, həm də Türklərin
dərsxanasıyla tanış etdi.
Üçüncüsü, burada başqa millətlərin
də müsəlmanlığı qəbul etdiyini
gördük.
Məsələn, maşınına əyləşdiyimiz rus
taksi sürücü adının Əli olduğunu,
özünün və bütün ailə üzvlərinin
islamı qəbul etdiyini dedikdə öncə inanmadıq,
ancaq o, rus ləhcəsi ilə “Fatihə” və “İxlas” surələrini
söylədikdə heyrətimizi gizlədə bilmədik. Şəhərdə bundan sonra yalnız onun taksisində
gəzdik.
Sakidən bir neçə kilometr aralıda Krımın
bənzərsiz Kara-töbe (“Qara təpə”; eradan öncə
IV əsr – b.e.I əsri) yunan-sak şəhərciyi yerləşir. Burada arxeoloji
qazıntılar nəticəsində əski şəhərin
qalıqları üzə çıxarılıb və
qazıntı rayonunda gözəl bir tarix muzeyi
yaradılıb. Kara-töbənin elə
özü və adı bu torpaqların Türklərə məxsusluğunu
göstərir.
GÖZLƏVDƏ
(YEVPATORİYADA)
Bu şəhər Qara dənizin lap kənarında yerləşir. Yol boyu
kilometrlərcə uzanan çox gözəl və təmiz
çimərliyi var. Yayın istisində bu çimərliyə
gəlmiş avtomobillər muncuq kimi sıralanıb.
Bu şəhərdə bizi cəlb edən iki
başlıca ocaq oldu. Onlardan biri XV-XVII yüzillərə aid
tarix-memarlıq abidəsi olan Dərviş təkyəsidir.
Doğrudur, bura etnoqrafiya muzeyinə
çevrilib, ancaq həyətindəki XVII yüzilə aid
Cümə camesi xaraba vəziyyətindədir. Buna baxmayaraq, vaxtilə dərvişlərin təkyəsi
olmuş bina bərpa edilib. İndiyədək
filmlərdə gördüyümüz təkyəni ilk dəfə
öz gözlərimizlə görürdük.
Gözləvdə
tanış olduğumuz ikinci abidə
buradakı Xan camesidir. 1555-ci ildə Krım xanı Dövlət
Gəray xanın tikdirdiyi bu came
bütün Krımda ən hörmətli müsəlman dini
tikilisi sayılır. Bunun başlıca səbəbi
ondadır ki, Krım xanları Osmanlı sultanından
xanlıq fərmanı aldıqdan sonra Krıma dönərkən
ilk dəfə bu camedə xan elan ediliblər və yalnız
bundan sonra Bağçasaraya gedərək xanlıq ediblər.
Son illərdə Türkiyə memarları bu cameni də
gözəl bərpa edərək ona ikinci həyat veriblər. Çox təəssüf
ki, burada came haqqında yazılmış
heç bir ədəbiyyat tapa bilmədik, halbuki, indiyədək
getdiyimiz hər yerdə çürbəcür kitablar, bukletlər,
açıqlar satılıb. Görünür,
cameni idarə edənlər təbliğat işini önəminə
diqqət yetirməyən insanlardır.
LİVADİYADA
Livadiya qəsəbəsi Yaltadan 7-8 km günbatanda yerləşən eyniadlı sanatori şəhərciyi ilə məşhurdur. Buranın ən mühüm özəlliyi odur ki, çar ailəsi həmişə yayda buraya gələrək Rusiyanı buradan idarə edib. Çarın Livadiyadakı sarayı Peterburqdakı Qış sarayı qədər önəmli olub.
Stalin, Ruzvelt və Çörçill müharibənin taleyini həll edən Yalta konfransını 1945-ci ilin 4-11 fevralında Qara dənizin lap sahilində yerləşən bu olduqca səfalı sanatori ərazisindəki həmin Livadiya sarayında keçiriblər. Almanları çaşdırmaq üçün görüşün Yaltada keçiriləcəyi elan edilib, ancaq çox gizli şəkildə Yaltadan aralıdakı Livadiyada gerçəkləşib. Tarix ədəbiyyatında “Yalta konfransı” adlandırılan toplantı əslində Livadiya konfransıdır.
Krıma gələn bütün turistlər ilk növbədə Livadiya sarayını görmək istəyirlər. Muzeyə çevrilmiş binanın ilk mərtəbəsi Krım konfransına həsr edilib. 3 dövlət başçısının əyləşdiyi stullar, arxasında oturduğu stollar, zalların quruluşu həmin dövrdə olduğu kimidir. Yuxarı mərtəbələrdə isə çar ailəsinin həyatı əks olunub. Çarın özünün, həyat yoldaşının və uşaqlarının hər birinin ayrıca otaqları var və hər otaqda da öz dövründə olan orijinal mebellər, qab-qacaq, rəsmlər, kitablar... qorunub saxlanır.
Bu saray təxminən 11 müalicə korpusu olan məşhur “Livadiya” ürək sanatorisinin ərazisində yerləşir. Sanatorinin özü ilə maraqlandıqda, geniş reklamına baxmayaraq, burada xəstələrə qulluq səviyyəsinin hətta sovet dövrü səviyyəsindən də aşağı olduğunu öyrəndik. Sanatoridə nəinki müasir tibbi avadanlıqlardan əsər-əlamət yoxdur, hətta adicə İnternet şəbəkəsi belə qurulmayıb – İnternetə girmək üçün şəhərə getmək lazım gəlir...
Ancaq, öz aramızdır, buranın o qədər bol yaşıllığı və təmiz havası var ki, insan az qala həkimsiz də müalicə oluna bilər. Çox yüksəklikdə yerləşən sanatoridən çimərliyə enmək üçün ayrı-ayrılıqda 2 lift işləyir...
SON SÖZ
Krımda olduğumuz bu 20 gündə gəzdiyimiz və gördüyümüz yerlər, söhbətləşdiyimiz insanlar bu qədim torpağın da Türklərin ana yurdu olduğuna bizi bir daha inandırdı. Əski babalarımız olan sakların yaratdığı mədəniyyətlə tanış olmaq çox xoş idi. Biz Krımda sanki doğma Şəkimizi gördük.
Burada yazılanlar yazmaq istədiklərimizin heç onda biri də deyil. Çox arzu edərdik ki, Milli Elmlər Akademiyamızın müxtəlif institutlarının əməkdaşları da buraya tez-tez baş çəksinlər.
8 yanvar 2014-cü il.
Prof. Zəkəriyyə ƏLİZADƏ
Prof. Ədalət TAHİRZADƏ
525-ci qəzet.-
2014.- 25 yanvar.- S.24-25