Köhnə tanışlar: Aydın Məmmədov-( 70 )- 4
AYDIN HAQQINDA
FRAQMENTLƏR
SƏHİFƏNİN
QONAQLARI YAZIRLAR
İllər
öncəsi trafik qəzasında faciəli vaxtsız
dünyasını dəyişən görkəmli
türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi
binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş
başlayır demək.Bura Tərcümə Mərkəzidir
və həm də burada XƏZƏR jurnalı da
hazırlanır.İş öz ahəngi ilə davam
edir,ötənlər yada düşür və
yavaş-yavaş xatirələr qımıldanır. Hərə öz bildiyindən danışır.
Bu danışıqlar zamanı həqiqətən rəhmətlik
Aydın müəllim hər dəfə xatırlanır və
onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev
adında. Onun da yavaş-yavaş
qırışığı açılır və
Aydın müəllimlə işlədiyi günləri açıb çözələyir.
Mən hər dəfə ona deyirəm ki :
kişi bunları qızmaqara elə, ardını mən
düzüb qoşaram.Bax neçə illərdi bu beləcə
davam edir.Amma ay danışır ha Aydından.
Danışmağa nə var ki... Danışmağa hamı pərgardır.Di
gəl yaz e...Keç
kompüterin arxasına yaz ey...
Şakir
Yaqubov
AYDIN
MƏMMƏDOVLA SON GÖRÜŞ
(Yaddaşımın
küncündən...)
...90-cı
il dekabrın 4-ü, ya 5-iydi. “Kommunist”dəki
iş otağımda oturub işləyirdim. Tutqun,
sərin havalı bir gündü. Mənsə,
adətim üzrə, balaca otağın qapısını yenə
aralı qoyub işləyirdim.
Ayaq səsindən
qarşımdakı kağız-kuğuzdan nəzərlərimi
ayırıb qapıya tərəf boylananda həmin dövrdə
respublikada az qala Əbülfəz Elçibəy qədər,
rəsmi dairələrdə isə ondan da çox populyar olan
filoloq-tənqidçi Aydın Məmmədovu gördüm.
Aramızda 6-7 il yaş fərqi vardı, amma təxminən on
beş ildi ki, çayxana tanışı idik: professor Kamil Vəlinin,
yazmaqdan daha çox şəbədə qoşmağa meyilli
olan və xeyli əvvəl “Ulduz” jurnalında çap etdirdiyi
“Çarpaz bucaqlar” hekayəsi ilə tanınan Vidadi Məmmədovun
(Vidoşun), “eMVeDe” Oqtayın (Məmmədovun), can bir qəlbdə
olduğum qələm dostum Pərviz Əliyev-Elsevərin, məşhur
“Roma” – Ramizin, Gənc Tamaşaçılar Teatrının
artistləri Niyazi və Vahidin tez-tez, şairlər Ramiz
Rövşənin və Vaqif Bayatlının isə təsadüfdən-təsadüfə
yığışdığı Filarmoniya
bağındakı çayxanadan.
Ən son
görüşümüz 90-cı il yanvarın... gərək
ki, 25-i axşamı “Kommunist” nəşriyyatının mətbəəsində
olmuşdu – məşhur qazax yazıçısı Oljas
Süleymenovla qəzet sexinə, təkcə “Kommunist”in
növbəti nömrəsinin hazırlandığı sexə
gəlmişdi: oradakı işçilərə, mətbəə
fəhlələrinə ürək-dirək, öyüd-nəsihət
vermək üçün. O mənada ki, “bu qan yerdə
qalan deyil”, “işləmək lazımdır, qəzeti buraxmaq,
bu faciəni tarix üçün əbədiləşdirmək
lazımdır”...
Aydın
elə həmin “Qara yanvar” hadisələri ilə bağlı
MK-da keçirilmiş hansısa yığıncaqdakı
ağıllı, təmkinli, dərin məzmunlu, qeyri-standart
nitqi ilə məşhurlaşmışdı, eləcə
onun “filoloji təfəkkür” ifadəsi nəyə desən
dəyərdi...
İndi
isə 90-cı il başa çatmaqda idi, sentyabrın 30-da Ali
Sovetə seçkilər bizim kim olduğumuzu bir daha
özümüzə sübut eləmişdi, məsələn,
əvvəlki 45 il ərzində sovet hökumətinə də
boyun əyməyən ALİM-QƏHRƏMAN Ziya Bünyadovu həmin
seçkilərin birinci turundaca (ikinci tur oktyabrın 14-də
keçirilmişdi – Ş.Y.) uduzdurmaqla. “Ölərik,
Qarabağı vermərik” deyə-deyə Qarabağa Xalq
Yardımı Komitəsinin sədr müavini həmin Aydın
Məmmədovu da “qapı dalında” qoymuşduq. Mən
o dövrdə bilavasitə reportyorluqla məşğul olmasam
da, redaksiyanın “ştab”ına – katibliyə
rəhbərlik elədiyim üçün respublikada gedən
proseslərə dair məlumatlardan, necə deyərlər,
kimin əlinin kimin cibindən çıxmasından yetərincə
xəbərdar idim.
...Aydını
otağa dəvət elədim, rəsmi hal-əhval tutduq və
gəlişinin səbəbini soruşdum, əli ilə
yuxarı mərtəbəyə işarə edərək:
– Vaqifin
yanına gəlmişdim, – dedi.
Heç
yadımda deyil ki, səbəb nəydi: saat təxminən 11
olardı, adi, qeylü-qalsız iş günü idi, amma
redaksiyada son dərəcə az adam
vardı, Vaqif, yəni Bəhmənli Vaqif beşinci mərtəbədə
otururdu, mən isə üçüncüdə – bu qədər
məsafədə məskən salmağa Aydın özünə
bab olan bir otaq-adam tapa bilməmişdi.
– Vaqiflə...
xeyirdimi, – çəkinə-çəkinə soruşdum.
Onacan həmişə odlu-odlu, əl-qolunu ölçə-ölçə
danışan gördüyüm Aydın çox sönük
tərzdə, hətta mən deyərdim ki, ümidsizcəsinə:
–
Özüynən sözləşmişdik, məndən
yazasıydı, – dedi.
Mən
anladım: bir sıra dairələr üzrə Ali Sovetdə
boş qalan deputat yerlərinə dekabrın 16-da təkrar
seçkilər keçiriləcəkdi, Aydın da
sentyabrın 30-da keçmədiyi dairənin əvəzinə
yeni dairədən – Nərimanov rayonundakı 37 nömrəli
Cıdır seçki dairəsindən namizədliyini irəli
sürmüşdü və o düşüncədəydi ki,
əgər “Kommunist” qəzetində onun haqqında yazı
verilmiş olsa, yəqin ki, bu, onun namizədliyinin ən
yüksək səviyyədə dəstəkləndiyinin
göstəricisi olacaq və xalq deputatı (o vaxtkı
seçkilərdə parlament üzvlərinin rəsmi statusu
belə idi – Ş.Y.) seçilməsinə ağıllı-başlı
yardım edəcək. Həmin an mən bu məqama
sidq-ürəkdən şübhə eləsəm də,
bunun əksini düşünənlər xeyli çoxuydu və
görünür, elə Aydın da onlardan biriydi.
Mən
düşündüyümü dilimə gətirdim:
– Sənə
nə yazı?! Nəyin varsa, göz
qabağındadır, daha səni də seçməyib bəs
kimi seçəcəklər?
Aydın
hər halda mənim də bu redaksiyada həlledici söz sahiblərindən
biri olduğumu və sanki bu sözlərlə Vaqifin
yazısına mane olacağımı zənn edərək
ümidsizcəsinə:
– Baxma da,
yazı da bir dəstəkdir, hər halda xeyri olmamış
olmaz, – dedi.
Necə deyərlər, daha uzatmağın yeri deyildi, həm
də bir daha təkrar edirəm ki, Aydının həmin
andakı çarəsizlik əhval-ruhiyyəsi məndən
mövzunu qapatmağı tələb edirdi. Ona görə də qətiyyətlə
dedim:
– Sən
arxayın ol, Vaqif gələn kimi ona çatdıraram,
tapşıraram ki, işi sürətləndirsin. Tərtibatına
isə bacarığımız dairəsində “maya
qoyarıq”...
Görünür, həqiqətən də mənim
otağımda oturmağın mənasızlığını
başa düşərək xudahafizləşib getdi.
...Vaqif Bəhmənlinin deputatlığa namizəd
Aydın Məmmədov barədə o yazını
yazıb-yazmadığını xatırlamıram. Amma Aydın dekabrın 16-da
xalq deputatı adını qazandı...
1991-ci il fevralın 5-də Ali Sovetin birinci
sessiyası açıldı. Aydın ilk gündən məntiqli
çıxışlarıyla yenə önə
çıxdı, parlamentin millətlərarası münasibətlər
üzrə daimi komissiyasının sədri seçildi və...
Deputatlığı cəmi iki ay yarım çəkdi
– aprelin 19-da elm və siyasət üzrə həmkarı Dilarə
xanım Əliyeva ilə ata yurdu Şəkiyə gedərkən
avtomobil qəzasında həlak oldu.
Mən isə
canlı Aydın Məmmədovun simasında sonuncu dəfə
gördüyüm o məhzunluğu, o ümidsizliyi, o
yazıqlığı 22 ildir ki, unuda bilmirəm...
AZƏR
ABDULLA
ESSEDƏN
SƏTİRLƏR
...Dissertasiya
işimi rus dilinə çevirməyi Aydın boynuna
götürəndə başqa tərcüməçilərlə
müqayisədə ödəyəcəyim əmək
haqqının daha sərfəli olmasından başqa mənim
dissertasiya işimdə qüsur sayılmış bədii
üslubumun onun tərcüməsində bir cümlə, bir
ifadə, bir sözün belə dəyişdirilib, yaxud əlavə
edilib elmi üslubda səslənəcəyini güman etdiyimdən
içimdə gizli bir arxayınlıq, sevinc duyurdum. Ancaq dissertasiyamı tərcümə edib mənə
verəcəyi ayı, günü – dəqiq vaxtı dəfələrlə
təyin edib, vaxt bitəndə isə birinci dəfə
sözləşirmiş kimi, son dərəcə arxayın
soyuqqanlıqla yeni bir müddət təyin edirdi.
Müdafiəmin vaxtına lap az
qaldığından mən əsəbiləşib onunla
mübahisəyə girir, sözləşir, üz-göz
olurdum.
“Əgər bu dəfə də aldatsa, onunla
dalaşıb dissertasiyamı geri alacağam” –
düşünürdüm.
Akademiyanın beşinci mərtəbəsində uzaqdan mənə sarı gəldiyini görəndə, bu dəfə onun üzünə gülümsəmədim, Ədəbiyyat İnstitutu direktorunun kabeninin önündə ayaq saxlayıb məni gözləyirdi. Ona çatanda soyuqqanlı əlini mənə uzatdı, sonra qoluma girdi: – Qurtarmışam, bir az qalıb – başıyla direktorun kabinetinə – Əziz müəllim çağırıb, bir dəqiqəyə girib çıxıram. Gedək bir yerdə qurtarım verim.
Onun iş otağında masanın üstündə yazılarımın və onun vərəqin yarısınacan elədiyi tərcümə işini yazıb davam etməyə başlayanda bir az toxtadım. Ancaq vərəqi yenicə yazıb doldurmuşdu, qapı açıldı. Moskvadan qonaqların gəldiyi, yenidən direktorun yanına çağrıldığı bildiriləndə o, narazılıqla başını bulayıb sakitcə:
– Görürsən də – dedi. Ayağa qalxıb qapıdan çıxanda: – Otur gəlirəm, darıxma, çətini başlayıncadı, iki günə qurtaracam, – söylədi.
Bundan sonra Aydın hər dəfə bir-birinə bənzəməyən, orijinal səbəblər söyləyib, bir neçə dəyə yenidən vaxt təyin etsə də, məni həyəcan və narahatçılıqdan qurtara bilmədi. Hər dəfə onun yanından əliboş qayıdanda əsəbiləşir, qanım qaralır “gələn dəfə yalançı çıxsa” ona ağır sözlər söyləmək və onunla dalaşmaq, lap yumruq davasına çıxıb münasibətlərimizə son qoymaq ağlıma gəlsə də, onunla qarşılaşanda bunları bacarmırdım. Bəlkə səbəbi bir vaxt Yazıçılar Birliyinin “Natəvan” klubunda kürsüyə qalxıb bir nəfəsə söylədiyi dərin məzmunlu, parlaq bir çıxışının, ədəbi jurnallarda oxuduğum bənzərsiz tənqidi, nəzəri, analitik yazılarının, bəlkə inanıb hörmət bəslədiyim alimlərin onun barəsində söylədikləri “qeyri-adi təfəkkürü var” fikirlərinin, bəlkə birgə yarışdığı dostları, həmkarlarını on üç il irəli – qabağa buraxandan sonra gəlib onlara çatması, onları ötməsi, onları çox-çox arxada qoymasının xofu idi məni basan?..
Yox, yox, bunlar deyildi, sonralar, çox sonralar ağlıma gəldi ki, dilimin bağlanmasının əsas səbəbi, yamyaşıl, işıqlı may günü ilanlar qabığından çıxan təkin adamlar isti qış paltarlarını yenicə soyunub quş kimi yüngülləşdiyi, uçmaq istədiyi bir vaxt Sabir bağının yanındakı küçədə qabağımıza çıxıb ruhu bədəndən oynadan gözəllər barəsində şirin-şirin, bir az da yanğı və həsrətlə danışa-danışa Nizami muzeyinə sarı sallanarkən, bəlkə məni özünə doğma, məhrəm bilib ürək qızdırdığından, inanıb etibar etdiyindən, onun dediklərini heç vaxt, heç kimə söyləməcəyimə əmin olduğundan (tanışlar, dostlar deyəsən həm də bu xüsusiyyətimə görə mənə hörmət edir) içindəki azadlıqdan, demokratik hisslərinin hüdudsuzluğundan, son dərəcə müasir-avropasayağı olmasındandı, özünü məndən və yaşadığımız yüzillikdən min il qoca – qosqocaman sandığındandır ki, ata-anaya, bacı-qardaşa, dost-sirdaşa belə deyilməsi mümkün olmayan bir intim sirrini asanlıqla, çox asanlıqla, sanki onun həyatına dəxli olmayan bir xəbəri – “sabah havanın yağacağını” sakitcə mənə söylədi. Bu vaxtacan heç yerdə, heç kimə demədiyim və indən belə də heç yerdə, heç kimə deyə bilməyəcəyim həmin sirkin qeyri-adiliyindən çox, onun bu gizli əhvalatı, bu sirri dostu və doğması olmayan mənə inanıb etibar etməsi idi. Məncə bu intuisiya, bu fəhm və qeyri-adi bu cəsarət Aydın fenomeninin bənzərsiz çalarlarından, komponentlərindən biri idi. Əslində Aydın Məmmədov barəsində yazmaq istədiklərim bunların heç biri deyildi...
26 oktyabr, 2001-ci il
Tofiq ABDİN
525-ci qəzet.-
2014.- 25 yanvar.- S.23.